Məhkəmə qərarları › İş №2(125)-301/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-301/2023

09.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-301/2023 09.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X4 İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı cinayət nəticəsində vurulmuş maddi zərərin əvəzi qismində 20.000 ABŞ dolları məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 192 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, göstərdi ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 03 dekabr 2019-cu il tarixli, 1(044)- 150/2019 saylı hökmü ilə Cavabdeh dələduzluq və aldatma yolu ilə ona məxsus 20.000 ABŞ dolları pul vəsaitini ələ keçirməkdə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cavabdeh ona məxsus pul vəsaitini hazırki tarixədək qaytarmamışdır. Hazırda Cavabdeh həbsdən azad edilmişdir və Gəncə şəhərində yaşayır. Sonda İddiaçı cinayət nəticəsində vurulmuş maddi zərərin əvəzi qismində 20.000 ABŞ dolları məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, bildirdi ki, o heç vaxt İddiaçı 20.000 ABŞ dolları məbləğində pul vəsaiti almamışdır. İddiaçı yalnış izahat verir və ona böhtan atır. Buna görə də iddia təmin edilə bilməz. Sonda Cavabdeh iddianın rədd edilməsi barədə qətnamə çıxarılmaısını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 03 dekabr 2019-cu il tarixli, 1(044)-150/2019 saylı hökmünün surətindən görünür ki, Cavabdeh Gəncə şəhər sakini İddiaçı məxsus Gəncə şəhəri, Atatürk prospekti, 239 ünvanında yerləşən ticarət obyektini 20.000 ABŞ dolları pul müqabilində sonuncunun adına dövlət reyestr xidmətindən çıxarış alaraq, rəsmiləşdirmək adı ilə yalan vədlər verib inandırmaqla etibarından sui-istifadə etmə və aldatma yolu ilə 2015-ci ilin noyabr ayında günü istintaqa dəqiq məlum olmayan tarixdə həmin ticarət obyektində vahid niyyətlə 3.153 manat 60 qəpik məbləğində 3.000 ABŞ dolları pulunu, 2015-ci ilin noyabr ayında günü istintaqa dəqiq məlum olmayan tarixdə yaşadığı ünvan 2 ünvanının qarşısında 17.870 manat 40 qəpik məbləğində 17.000 ABŞ dolları pulunu, ümumilikdə vahid niyyətlə 20.000 ABŞ dolları məbləğində 21.024 manat, xeli miqdarda pulunu ələ keçirərək dələduzluq etmişdir. Bu əməlinə görə Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 03 dekabr 2019-cu il tarixli, 1(044)-150/2019 saylı hökmü ilə Abdıyev X1 Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməklə təqsirli bilinib 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 181.2.3-cü maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə, itirilmiş gəlirin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 65.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə baxılarkən məhkəmə üçün hadisənin və təqsirləndirilən şəxsin ona aidiyyəti olub-olmaması hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsiri, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1097-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1104.1-ci maddəsinə əsasən on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanlar zərər vurulmasına gətirib çıxarmış mülki hüquq pozuntusu üçün ümumi əsaslarla müstəqil surətdə məsuliyyət daşıyırlar. Habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1 və 439.2-ci maddələrinə görə isə pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, o manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılmalıdır. Mülki işin məhkəmə tədqiqi zamanı müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh İddiaçı məxsus Gəncə şəhəri, Atatürk prospekti 239 ünvanında yerləşən ticarət obyektini 20.000 ABŞ dolları məbləğində pul müqabilində sonuncunun adına dövlət reyestr xidmətindən çıxarış alaraq rəsmiləşdirməka adı ilə yalan vədlər verib inandırmaqla etibarından sui-istifadə etmə və aldatma yolu ilə 2015-ci il noyabr ayında həmin ticarət obyektində vahid niyyətlə 3.000 ABŞ dolları pulunu, 2015-ci il noyabr ayında yaşadığı ünvan 4 ünvanının qarşısında 17.000 ABŞ, ümumilikdə vahid niyyətlə 20.000 ABŞ dolları məbləğində pulunu ələ keçirərək dələduzluq etmişdir. Qeyd olunan xüsusat Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 03 dekabr 2019-cu il tarixli, 1(044)-150/2019 saylı hökmü ilə öz təsdiqini tapdığına görə iddiaçı qeyd olunan xüsusatları sübut etmək vəzifəsindən azaddır. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh 20.000 ABŞ dolları məbləğində pul vəsaiti, ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan manatı ilə alınıb İddiaçı verilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tam təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 192 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. Cavabdeh cinayət nəticəsində vurulmuş maddi zərərin əvəzi qismində 20.000 (iyirmi min) ABŞ dolları məbləğində pul vəsaiti, ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan manatı ilə və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 192 (bir yüz doxsan iki) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar