Məhkəmə qərarları › İş №2(125)-301/2024

Gəncə Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(125)-301/2024

06.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-301/2024 06.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 Şakir oğlunun sədrliyi, X3 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərər” tələbinə dair iddia ərizəsi üzrə mülki işə qiyabi icraat qaydasında Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianı təmin edib, cavabdehdən ona 2495 manat məbləğində pulun ödənilməsini və ekspertin rəyi əsasında ortaya çıxan zərərin miqdarı olacaq pulun miqdarının da ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsi onunla əsaslandırmışdır ki, 2022-ci ilin avqust ayında tanışı olan Qalib adlı şəxslə söhbət edən zaman, söhbət əsnasında ona dülgər lazım olduğunu bildirmişdir. Qalib də yaxşı bir dülgər tanıdığını və evini də ona düzəltdirdiyini bildirmiş və Cavabdeh ona məsləhət görmüşdür. Mübahisəli ev Əbül-Üla Gəncəvi küçəsində yerləşən “Maxi Market” olan yerin arxa tərəfində yerləşir. Vüsal ilə gedərək evə baxmış və söhbətləşmişdir. Cavabdehlə görüləcək işin 1 kv.m-ni 7 manata işləyəcəyinə razılaşmışlar. Podratçı şərtə görə evin mansart hissəsini düzəldib təhvil verməli idi. Cavabdeh ilk öncə işə başlamış ilk günlər danışdıqları işləri işləyib özünə qarşı etibar güvən yaratmışdır. Lakin, işini tam şəkildə başa vurmamış, müxtəlif bəhanələr gətirməyə və köhnə işlədiyi yerdən pul ala bilmədiyini əsas gətirərək ondan pul istəməyə başlamışdır. Onun yazığı gəlmiş və pul vermişdir. Cavabdeh gah toya gedəcəyini deyərək 140 manat pul almış, sonra yanında işlətdiyi fəhlənin gündəliyini vermək üçün 100 manat, qızının qüsurlu olduğunu, həkimə aparacağını qeyd edərək 100 manat, yenə yanında işlədiyi fəhləyə pul verəcəyəni deyərək 200 manat pul almışdır. Hər dəfə də işi gözəl görəcəyini bildirmiş və ayrı-ayrı vaxtlarda yemək almaq üçün 50, 50, 30, 20,70, 40,45 manat olmaqla cəmi əlavə 305 manat pul almışdır. Sonra arada yarımçıq işi olduğunu, onu tamamlayıb gələcəyəni bildirərək 10 gün müddətinə gəlməmişdir. Cavabdeh yenə iki gün işlədikdən sonra atasından ona miras olaraq maşın qaldığını, maşının sənədlərinin qaydasında olmadığı üçün yol polislərin tutub cərimə meydançasına apardıqlarını bildirərək, sənədləri düzəltmək üçün ondan əlavə 600 manat pul almışdır. O, evə baxış keçirtməyə gedərkən, məhlədə artıq su çəni olduğunu və satmaq istədiyini bildirdiyi üçün cavabdehlə su çənini 170 manata satmağa razılaşmışlar və pulunu verəcəyi əmək haqqından çıxmaq barədə razılığa gəldikdən sonra cavabdeh su çənini aparmışdır. Dekabr ayında isə cavabdeh su tökülüb qızının əlini yandırdığını bildirərək ondan əlavə 500 manat pul almışdır. Bundan sonra cavabdeh bir müddət işə gəlməmişdir. Razılaşmışlar ki, həyətdə naves düzəldəcəklər, həmin işi də, cavabdeh görər, artıq verilmiş pulu da, həmin hesabdan çıxarlar. Beş-yeddi gündən sonra cavabdeh ona zəng edərək işlədiyi yerə getməyini xahiş etmişdir. Evə gələndə cavabdeh qüsurlu qızından sonra uşağı olmadığını və 9 ildən sonra yoldaşının hamilə olduğunu bildirərək yenidən ondan 380 manat pul almışdır. Sonra isə müxtəlif bəhanələr gətirərək işə gəlməmişdir. Məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etməli olmuşdur. Ümumilikdə cavabdehə 2495 manat pul vermişdir. Cavabdeh ona mal-material aldıraraq öhdəsinə düşən öhdəliyi layiqincə yerinə yetirməmiş və nəticədə evinin içərisində aparılan işlər yararsız vəziyyətə düşərək ona külli miqdarda ziyan vurmuşdur. Odur ki, cavabdehdən 2495 manat məbləğində pulun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, iddia tələbini müdafiə edərək, əlavə olaraq bildirdi ki, Cavabdehla tanışlığı Qalib adlı şəxsə görə olmuşdur. Belə ki, Qalib adlı tanışına ona dülgər lazım olduğunu demiş və Qalib onu Cavabdeh ilə tanış etmişdir. Beləliklə, cavabdehlə onun evində təmir işləri görülməsi ilə bağlı razılaşmışlar. O, təmir üçün lazımlı olan materialları alaraq cavabdehə vermiş və cavabdehin görəcəyi işlərin 1 kvadratını 7 manatdan danışmışlar. Cavabdeh görüləsi işlər üçün dəfələrlə ondan avans almış, hissə-hissə pul istəmişdir. Cavabdehə ümumilikdə 2495 manat pul vermiş, lakin, cavabdeh bunun müqabilində hər hansı bir təmir işi görməmiş və onu aldatmışdır. Bundan sonra dəfələrlə cavabdehlə əlaqə saxlasa da, ona məxsus nömrələrə zəng etsə də, cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək, işi görməkdən boyun qaçırtmışdır. Odur ki, iddia tələbinin təmin edilməsini və mülki işə qiyabi icraat qaydasında baxıb iddianın təmin edilməsi barədə qiyabi qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasında heç bir üzrlü səbəb göstərmədən iştirak etməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. İddiaçı məhkəmə iclasında ərizə verərək, Cavabdeh məhkəmə iclasına gəlmədiyi üçün iddia ərizəsi üzrə mülki işə qiyabi icraat qaydasında baxılmasını məhkəmədən xahiş etmişdir. Həmçinin məhkəmə Mülki-Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyinə görə, iddiaçı isə buna etiraz etmədiyi üçün işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinin 13 sentyabr 2023-cü il tarixli, 3-13-57-4/2-Ə-78xx/xx/2023 nömrəli məktubunda ünvan 1 ünvanında yaşayan İddiaçı bildirilmişdir ki, araşdırma zamanı tələbinin məhkəmə orqanlarının səlahiyyətində olması müəyyənləşmiş və buna görə də aidiyyatı üzrə mülki xarakterli tələbinin yerinə yetirilməsi üçün rayon (şəhər) məhkəmələrinə müraciət etməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti Başçısının 994 nömrəli, 30 iyul 2016-cı il tarixli sərəncamının surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Əbül-Üla Gəncəvi küçəsində yerləşən 400.0 kvadratmetr torpaq sahəsində X1 tərəfindən fərdi yaşayış evinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilməsi və vətəndaş N.Abdullayevə yaşayış evinin layihəsinin memarlıq-planlaşdırma bölməsini Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi ilə razılaşdırmasının tapşırılması qərara alınmışdır. Gəncə Şəhər Məhkəməsinin 2(125)-6805/2023 nömrəli, 27 noyabr 2023-cü il tarixli qərardadından görünür ki, iş üzrə kompleks məhkəmə mühəndis-texniki və məhkəməəmtəəşünaslıq ekspertizasının təyin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 iyul 2024-cü il tarixli, 3-16-16/2-10/169 nömrəli məhkəmə mühəndis-texniki ekspertizasının rəyindən görünür ki, Gəncə şəhəri, Əbül-Üla Gəncəvi küçəsində yerləşən fərdi yaşayış evində təmir işlərinin aparıldığı müəyyən edilir. Gəncə şəhəri, Əbül-Üla Gəncəvi küçəsində yerləşən fərdi yaşayış evində görülmüş təmir işləri qüsurlu və tam başa çatmamış vəziyyətdə olduğu və həmin işlərin tam başa çatdırılması üçün aparılmalı işlərin təqribi dəyəri bazar qiymətlərinə uyğun olaraq 2523.0 manat məbləğində müəyyən olunur. Aparılmış tədqiqatın dəyəri 100 (bir yüz) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. İşin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki hallarından görünür ki, tərəflər arasında şifahi formada evin təmiri ilə bağlı podrat müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən cavabdeh iddiaçının sifarişi əsasında evi təmir edib ona təhvil verməli, iddiaçı isə evin təmirinin əvəzində haqq ödəməli idi. İddiaçı 2495 manat məbləği cavabdehə avans kimi vermiş, lakin, cavabdeh, müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini lazımi qaydada icra etməmiş, belə ki, iddiaçıya qüsurlu, keyfiyyətsiz, tam başa çatmamış və yararsız iş görmüş və də iddiaçıdan avans kimi aldığı pulu ona qaytarmamışdır. Məhkəmə, həmçinin, qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 iyul 2024-cü il tarixli, 3-16-16/2-10/169 nömrəli məhkəmə mühəndis-texniki ekspertizasının rəyində də Gəncə şəhəri, Əbül-Üla Gəncəvi küçəsində yerləşən fərdi yaşayış evində təmir işlərinin aparıldığı, həmin evdə görülmüş təmir işlərinin qüsurlu və tam başa çatmamış vəziyyətdə olduğu qeyd edilmişdir. Odur ki, Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarına əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçı məmulatın qüsuru nəticəsində müqavilənin icrasından imtina edərək cavabdehə avans kimi verdiyi 2495 manat pulu ondan tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3–cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 iyul 2024-cü il tarixli, 3-16-16/2-10/169 nömrəli məhkəmə mühəndis-texniki ekspertizasının rəyində Gəncə şəhəri, Əbül-Üla Gəncəvi küçəsində yerləşən fərdi yaşayış evində görülmüş təmir işlərin tam başa çatdırılması üçün aparılmalı işlərin təqribi dəyərinin bazar qiymətlərinə uyğun olaraq 2523.0 manat məbləğində müəyyən olunduğu qeyd edilsə də, məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3–cü maddəsinə əsasən iddia tələbindən kənara çıxmır. Belə ki, iddiaçı cavabdehdən 2495 manat məbləğində pul tələb etdiyinə görə məhkəmə, iddianın iddiaçının cavabdehdən tələb etdiyi 2495 manat həddində təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, iddiaçının dəlilləri, onun izahatı və təqdim etdiyi sübutları iddia tələbinin qiyabi qətnamə ilə təmin edilməsi üçün yetərlidir. Buna görə də göstərilən sübutların tədqiqi ilə kifayətlənərək, həmin sübutlar nəzərə alınmaqla iddianın təmin edilməsinə dair qiyabi qətnamə qəbul edilməlidir. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 2495 (iki min dörd yüz doxsan beş) manat pul alınaraq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, məhkəmədə iddia qaldırmaq məqsədi ilə ödənilmiş 46 (qırx altı) manat dövlət rüsumu da cavabdehdən tutularaq, iddiaçıya verilməlidir. Məhkəmə, həmçinin, qeyd edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə keçirilmiş məhkəmə mühəndis-texniki ekspertizası ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat Cavabdeh tutularaq, X2 Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZO********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34 CTRE********************) köçürülməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh 2495 (iki min dörd yüz doxsan beş) manat və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 46 (qırx altı) manat dövlət rüsumu olmaqla, cəmi 2541 (iki min beş yüz qırx bir) manat alınaraq, İddiaçı ödənilsin. Məhkəmə ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat Cavabdeh tutularaq, X2 Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZO********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34 CTRE********************) köçürülsün. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Gəncə Şəhər Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra, 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar