Məhkəmə qərarları › İş №2(125)-3018/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3018/2022

21.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3018/2022 21.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi ilə, «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı 06 sentyabr 2019-cu il tarixli, 1052rstKPZ/19 nömrəli güzəştli kredit və bank hesabı müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 8.501 manat 28 qəpik, 05 oktyabr 2022-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 169 manat 12 qəpik, cəmi 8.670 manat 40 qəpik və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 107 manat 11 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyəti Cavabdeh qarşı 06 sentyabr 2019-cu il tarixli, 1052rstKPZ/19 nömrəli güzəştli kredit və bank hesabı müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 8.501 manat 28 qəpik, 05 oktyabr 2022-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 169 manat 12 qəpik, cəmi 8.670 manat 40 qəpik və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 107 manat 11 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyəti iddia ərizəsində göstərmişdir ki, «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh arasında 06 sentyabr 2019-cu il tarixdə bağlanmış 1052rstKPZ/19 saylı güzəştli kredit və bank hesabı müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh 60 ay müddətinə illik 1% ödəmək şərtilə 8.679 manat 05 qəpik məbləğində kredit verilmişdir. Cavabdeh isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyətinə qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə iddiaçı Bank «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq restrukzasiya olunan kredit borcunun həmin müqavilənin 1.2-ci bəndində göstərilən qalıq məbləğini, 1.3-cü bənddə göstərilən müddətdə və faizlə Cavabdeh mülkiyyətinə verməyi, həmçinin ona bank hesabları açmağı və Cavabdeh isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyətinə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin Cavabdeh müqavilə şərtini pozaraq, dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə 05 oktyabr 2022-ci il tarixə Cavabdeh «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyətinə 8.501 manat 28 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 169 manat 12 qəpik məbləğində borcu yaranmışdır. Sonda T.İ.Piriyeva iddianın təmin olunması barədə qətrnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. 21 dekabr 2022-ci il tarixdə «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuş ərizəsində iddiaçının nümayəndəsi T.İ.Piriyeva mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Lakin Cavabdeh mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı məhkəməyə təqdim etdiyi 07 dekabr 2022-ci il tarixli ərizəsində iddianı tam həcmdə etiraf etdiyini və 06 sentyabr 2019-cu il tarixli, 1052rstKPZ/19 nömrəli güzəştli kredit və bank hesabı müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 8.501 manat 28 qəpik, 05 oktyabr 2022-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 169 manat 12 qəpik, cəmi 8.670 manat 40 qəpik məbləğində pul vəsaitinin ondan alınaraq iddiaçıya verilməsinə razı olduğunu, həmçinin iddianın etiraf edilməsinin hüquqi nəticələrinin ona məlum olduğunu bildirdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 06 sentyabr 2019-cu il tarixli, 1052rstKPZ/19 saylı güzəştli kredit və bank hesabı müqaviləsinin surətindən görünür ki, güzəştli kredit və bank hesabı müqaviləsinin təyinatı 15 aprel 2014-cü il tarixli, 1407tkKPZ/14 saylı kredit müqaviləsi və 03 oktyabr 2014-cü il tarixli, 9438nkKPZ/14 saylı kredit üzrə restruktuzasiya olunan kredit borcunun 8.679 manat 05 qəpik qalıq məbləğinin ödənilməsidir. İş materiallarında olan «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyətinin 05 oktyabr 2022-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdehla «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyəti arasında bağlanmış 06 sentyabr 2019-cu il tarixli güzəştli kredit və bank hesabı müqaviləsinə əsasən Cavabdeh borcu əsas borc qismində 8.501 manat 28 qəpik, 05 oktyabr 2022-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 169 manat 12 qəpik, cəmi 8.670 manat 40 qəpik məbləğində təşkil edir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyəti ilə bağladığı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə kredit müqaviləsinin şərtlərinə uyğun olaraq iddiaçıya əsas borc qismində 8.501 manat 28 qəpik, 05 oktyabr 2022-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 169 manat 12 qəpik məbləğində borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə, qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, Cavabdeh iddianı etiraf etməsi, qanunauyğun olmaqla, hər hansı bir şəxsin hüquqlarını, qanunla qorunan mənafeyini pozmur və buna görə Cavabdehin iddianın etirafı qəbul olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən iddianın etiraf olunması təsdiq edilməli, Cavabdeh 06 sentyabr 2019-cu il tarixli, 1052rstKPZ/19 nömrəli güzəştli kredit və bank hesabı müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə ödənilməmiş əsas borcun əvəzi qismində 8.501 manat 28 qəpik, 05 oktyabr 2022-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 169 manat 12 qəpik, cəmi 8.670 manat 40 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia tam təmin edildiyinə görə məhkəməyə ərizə verilərkən dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 107 manat 11 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Cavabdeh tərəfindən iddianın etiraf olunması təsdiq edilsin. «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyətinin xeyrinə 06 sentyabr 2019-cu il tarixli, 1052rstKPZ/19 saylı güzəştli kredit və bank hesabı müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 8.501 (səkkiz min beş yüz bir) manat 28 (iyirmi səkkiz) qəpik, 05 oktyabr 2022-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 169 (bir yüz altmış doqquz) manat 12 (on iki) qəpik və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 107 (bir yüz yeddi) manat 11 (on bir) qəpik, cəmi 8.777 (səkkiz min yeddi yüz yetmiş yeddi) manat 51 (əlli bir) qəpik məbləğində pul vəsaiti tutulsun. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar