Məhkəmə qərarları › İş №2(125)-3026/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3026/2024

05.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3026/2024 05.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X11 İsa oğlunun sədrliyi, X7 Eldar oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh nümayəndəsi, vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmədə baxaraq, məhkəmə bu qətnaməni qəbul etdi; İşin halları; Mülki işin materiallarında olan, doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Cavabdeh ilə X3 birgə nikahından 06 noyabr 2008-ci il tarixdə doğulmuş X8 adında yetkinlik yaşına çatmayan bir uşaqları vardır. İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2(125)-1530/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin olunmuş, X5 və Cavabdeh arasında 03 fevral 2005-ci il tarixdə Daşkəsən rayon qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 03 nömrə ilə qeyd edilmiş nikahın pozulması, 01 yanvar 2005-ci ildə anadan olmuş X6 və 06 noyabr 2008-ci ildə anadan olmuş X4 anaları X3 yanında qalmalarının müəyyən edilməsi, 01 yanvar 2005-ci ildə anadan olmuş X6 və 06 noyabr 2008-ci ildə anadan olmuş X2 üçün Cavabdeh X3 xeyrinə hər ay hər uşağa görə 180 (bir yüz səksən) manat, cəmi 360 (üç yüz almış) manat sabit pul məbləğində alimentin tutulması, alimentin tutulması qət edilmişdir. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X3 nikahları xx.xx.2022-ci il tarixdə ləğv edilmişdir. Nikah ləğv olunandan sonra qadına Əliyeva soyadı verilmişdir. Məhkəmədə işə baxılarkən “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlarla müəyyən edilmişdir ki, Cavabdeh 1248,68 manat məbləğində pensiya alır. İddia tələbi barədə məlumatlar; İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə Şəhər Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2(125)- 1530/2022 nömrəli qətnaməsi ilə Cavabdeh 06 noyabr 2008-ci il tarixdə anadan olmuş X1 üçün tutulan 180 manat alimentin məbləğinin artırılaraq hər ay 235 manat məbləğində müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2005-ci il tarixdə Daşkəsən rayon qeydiyyat şöbəsində nikah bağlanmış, rəsmi olaraq ailə qurmuşlar. Birgə evlilikdən xx.xx.2008-ci il təvəllüdlü X8 adlı uşaqları anadan olmuşdur. Cavabdehlə ailə münasibətləri pozulduğundan faktiki olaraq ayrılmışlar. Birgə nikahdan olan uşaqları onun himayəsində qalmışdır. Uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün Gəncə Şəhər Məhkəməsi 28 09.2022-ci il tarixli, 2(125)-1530/2022 saylı qətnaməsi ilə cavabdehdən hər bir uşaq üçün ayda 180 manat sabit pul məbləğində aliment pulunun tutulub ona verilməsi müəyyən olunmuşdur. Hazırda 180 manat miqdarda aliment pulu uşağın saxlanılması üçün yetərli deyil. Uşağın saxlanmasında çətinlik çəkir. Birgə nikahlarından doğulmuş uşağa o, tək baxır. Cavabdeh uşağın saxlanmasında ona əlavə heç bir köməklik etmir. Uşağa tək baxmağa imkanı yoxdur. Cavabdehin də uşağına baxmaq borcudur. Cavabdeh kifayət qədər gəlirə malikdir. Onun uşağın saxlanması üçün kifayət qədər maddi imkanı vardır. Bundan əlavə uşaq böyümüş və xərci çox artmışdır. Məktəb və hazırlıq xərcləri alimentin miqdarından dəfələrlə artıqdır. Bundan əlavə qanunun tələbindən də bilindiyi kimi uşaqlar üçün yaşayış minimumu 2022-ci ildən bəri xeyli artıb. Ona görə də iddaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Tərəflərin izahatları; Məhkəmədə İddiaçı iddia ərizəsində qeyd edilən xüsusatlara uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh nümayəndəsi, vəkili Vəkil iştirak etmiş və izahatında bildirmişdir ki, cavabdeh iddia tələbini qəbul etmir. Belə ki, o, heç bir yerdə işləmir, yeganə dolanışıq mənbəyi pensiyasıdır. Hazırda pnevmoskleroz xəstəliyindən əziyyət çəkir və müalicəsini aldığı pensiya məbləği ilə aparır. Həmçinin, Cavabdeh yenidən ailə qurmuş və yeni nikahdan bir övladı anadan olmuşdur. Onun maddi imkanı çox aşağı səviyyədədir və çətinliklə dolanır. Alimentin artırılmasına səbəb olan maddi imkanında artım olmamışdır və maddi imkanında heç bir dəyişiklik olmadığı halda alimentin artırılması tələbi əsassızdır. Cavabdeh uşağının saxlanılmasında və təhsil almasında maddi köməklik göstərir və burada qəbzlər də mövcuddur. Odur ki, cavabdehin maddi vəziyyətinin nəzərə alınmasını və iddia tələbinin rədd olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin iş üzrə mövqeyi və tətbiq edilən hüquq. Məhkəmə, iddiaçını və cavabdehin nümayəndəsi, Vəkil dinləyib, iş materiallarını tam, hərtərəfli araşdıraraq, hesab edir ki, iddia tələbi təmin edilməli, qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlayaraq 06 noyabr 2008-ci ildə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Gəncə Şəhər Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2(125)- 1530/2022 nömrəli qətnaməsi ilə hər ay bir uşaq üçün müəyyən edilmiş 180 manat sabit pul məbləğində alimentin məbləği artırılaraq hər ay bir uşağa görə 235 manat sabit pul məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü hissəsində qeyd olunmuşdur ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. - 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, habelə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. - 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yetkinlik yaşına çatmayan uşağın mənafeyini, alimentin tutulduğu 2022-ci il tarixdən bu günə qədər uşaqlar üçün yaşayış minimumunun artdığını, həm də sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən müəyyən edilərkən tərəflərin maddi və ailə vəziyyətinin nəzərə alınmalı olduğu barədə Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələblərini, cavabdehin 1248,68 manat məbləğində pensiya aldığını nəzərə alaraq hesab edir ki, yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün hər ay sabit pul məbləğində tutulan alimentin məbləği artırılaraq, 235 manat məbləğində müəyyən edilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 8- 2\2016 saylı Qərarının 8-ci maddəsinin 12-ci bəndində göstərilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır. Bundan başqa iş materiallarından müəyyən olunur ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına 50 manat xərc ödənilmişdir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 8.1.1-ci maddəsinə əsasən, iddianin qiyməti 1000 manatadək olduqda Dövlət rüsumunun məbləği 30 manat müəyyən edilir. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar Dövlət rüsumunun ödənilməsindən azaddırlar. Azərbaycan Respublikasının MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 113.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır. Hazırki işdə aliment alınması haqqındakı iddianın qiyməti (235-180)=55 manat x 12 ay)=660 manat məbləğini təşkil edir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 8.1.1-ci maddəsinin tələblərinə əsasən, hazırki işdə ödənilməli olan dövlət rüsumu 30 manat məbləğini təşkil edir. Azərbaycan Respublikasının MPM-nin 124.1-ci maddəsinin tələblərinə görə, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Baxılan işdə iddiaçı alimentin alınması tələbi hissədə dövlət rüsumunu ödəməkdən azad edildiyindən, ödənilməli olan 30 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikasının MPM-nin 124.1-ci maddəsinə əsasən Cavabdeh alınıb dövlət büdcəsinə ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Belə olan halda, mediasiya xərcinin iddiaçı tərəfindən ödənildiyini və cavabdehin üzrsüz səbəbdən ilkin mediasiya sessiyasında iştirak etmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 50 manat xərc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2(125)-1530/2022 nömrəli qətnaməsinə əsasən müəyyən olunmuş alimentin məbləği dəyişdirilsin. Cavabdeh ilə İddiaçı birgə nikahından 06 noyabr 2008-ci il tarixdə doğulmuş X8 adında yetkinlik yaşına çatmayan bir uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin və həmin məbləğdə alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. İlkin mediasiya sessiyasına ödənilmiş 50 (əlli) manat xərc Cavabdeh tutulub, İddiaçı verilsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq Dövlət büdcəsinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar