Məhkəmə qərarları › İş №2(125)-3042/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3042/2024

12.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3042/2024 12.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 İsa oğlunun sədrliyi, Həsənov Ariz Arif oğlunun katibliyi ilə, İddiaçı və onun vəkili X1, Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 (sonuncu prosesə gəlməmişdir) və onların nümayəndələri olan vəkillər Vəkil (sonuncu prosesə gəlməmişdir) və Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmədə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən, onlara borc olaraq verdiyi 17000 manat və 19903 ABŞ dolları məbləğində pulun müştərək qaydada tutulub ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2013-cü ildə onun Almaniyaya getmək üçün vizası var idi. O, Almaniyaya gedib oradan maşın gətirmək istəmişdir. Bu zaman onun Gəncə şəhərində ''Maksi Marketdə” işləyən kürəkəni ona demişdir ki, o Rauf adlı şəxsi tanıyır. O, Almaniyadan maşın gətirib satır. Həmçinin Almaniyadan gələn zaman gətirdiyi malları satılmaq üçün "Maksi Marketə" verir. Kürəkəni Raufa deyib ki, qaynatasının, yəni onun vizası var. Almaniyadan maşın gətirmək istəyir. Bundan sonra Cavabdeh3 kürəkəninə deyib ki, onunla yoldaşlı gedib gələr. O, Cavabdeh3la Almaniyaya gedib gəlmişdir. Almaniyadan gələndən sonra Rauf ondan borc pul istəmişdir. O da Raufa 4000 manat borc pul vermişdir. Bir müddət keçəndən sonra o ona aldığı borcdan 1500 ABŞ dolları qaytarmışdır. Cavabdeh Rauf ondan yenə borc istəmiş və demişdir ki, narahat olmasın elə bil pulun bankdadır. Nə qədər pul çox olsa bir o qədər maşın çox gətirib onun borcunu tez qaytarar. Bu yolla cavabdeh ondan ayrı-ayrı vaxtlarda borc olaraq pul almışdır. Borc artanda Rauf ona demişdir ki, şərik işləsinlər və hər ikisi qazansınlar. Onlar şərik işləməyə başladıqdan sonra maşının pullarını o verir, maşını gətirib satırdılar. Onlar bir müddət belə işlədikdən sonra Rauf ona digər cavabdehlərin də onlarla şərik işləmək istədiklərini bildirmiş, o isə buna etiraz etməmişdir. Rauf onlara da pul verməsini, onun pulunu qazancdan qaytaracaqlarını demiş, o, isə Raufun atası Əliyə və qardaşı Raminə də borc pul vermişdir. Onlar bir müddət işləmişlər. O, Əli ilə Raminə də borc pul verdiyi üçün onların da ona borcu yaranmışdır. O, Raufdan, Əlidən və Ramindən verdiyi pulu tələb etdikdə onlar demişlər ki, onlar bir ailənin üzvüdürlər. Ondan aldıqları borcla bağlı birlikdə cavabdehlik daşıyır. Onun pulunu az-az qaytaracaqlar. Cavabdehlər ona demişlər ki, onun pulunu heç kim yeyə bilməz. Bu şəxslərin ümumilikdə ona olan borcu 17000 manat və 19.903 ABŞ dolları məbləğindədir. Cavabdehlərlə aralarında olan hesablaşma cədvəlində borcu cavabdehlər etiraf etmiş imzaları ilə bu borcu təsdiq etmişlər. Cavabdehlərlə aralarında telefon danışıqları olmuş, cavabdehlər ona borclarının olmasını etiraf etmişlər. Qeyd etmişdir ki, cavabdehlər təxminən bir neçə ay bundan qabaq ona 1000 manat qaytarmışlar. Ona görə də iddia qaldırıb cavabdehlərdən müştərək qaydada 17000 manat və 19.903 ABŞ dolları məbləğində pulun tutulub ona ödənilməsini məhkəmədən xahiş etmək məcburiyyətində qalmışdır. İddianın təmin edilməsini xahiş edir. Cavabdehlər və onların nümayəndəsi olan Vəkil iddiaya yazılı etiraz etiraz edərək, bildirmişlər ki, cavabdehlər iddiaçıdan aldıqları borcu qaytarmışlar. Hal-hazırda cavabdehlərin iddiaçıya borcları yoxdur. Həmçinin, irəli sürülən iddiaya iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsini xahiş etmişlər. Məhkəmədə İddiaçı iştirak etmiş, iddia ərizəsində qeyd etdiyi xüsusatlara uyğun izahat vermiş, həmçinin izahatında qeyd etmişdir ki, cavabdehlərdən iddia etdiyi borcun 17000 manat hissəsi Cavabdeh2 borcu, 19903 ABŞ dollarının isə Cavabdeh3 borcudur. Cavabdeh2 ilə Cavabdeh1 birlikdə şərik işlədiklərindən pulu onunla bərabər həm də Cavabdeh1 tələb edir. Cavabdeh2 ilə 2024-cü ilin fevral mart aylarında telefon danışıqları olmuş, həmin cavabdeh ona borclarının olmasını etiraf etmiş və borclarını qaytaracaqlarını bildirmişdir. Cavabdehlər hər üçü bir birinə zamin durduğu üçün mövcud borcun müştərək qaydada cavabdehlərin hər üçündən tələb edir. Sonda iddiaçı irəli sürdüyü iddianın tam təmin edilməsini xahiş etmişdir. Məhkəmədə İddiaçı vəkili X2 iştirak etmiş, iddiaçının irəli sürdüyü iddianın qanuni əsaslı olduğunu, irəli sürülən tələbə iddia müddətinin tətbiq edilməli olmadığını bildirib, sonda iddianın tam təmin edilməsini xahiş etmişdir. Məhkəmədə Cavabdeh3 iştirak etmiş, ona qarşı irəli sürülən iddiaya etiraz edərək bildirmişdir ki, o, iddiaçı ilə 2011-ci ildən iş görmək üçün borc almış və həmin şəxs ilə birlikdə işləmişlər. Aralarında olan borc isə 2011-ci illərdə olmuşdur. İddiaçının məhkəməyə təqdim etdiyi əlyazma sənədində olan imza onun imzasıdır. Təxminən 2013cü illərdə birlikdə Almanyaya maşın gətirmək üçün getmişlər. Lakin, iddiaçının qeydləri özündə həqiqəti əks etdirmir. Adi hesablamadan da müəyyən edilir ki, iddiaçıya halhazırda heç bir borcu yoxdur. Həmçinin, irəli sürülən iddiaya iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsini xahiş edir. Məhkəmədə Cavabdeh1 iştirak etmiş, ona qarşı irəli sürülən iddiaya etiraz edərək bildirmişdir ki, o, iddiaçı ilə illər bundan əvvəl şərik işləmişlər. Almaniyadan maşın gətirib satmışlar. İddiaçıdan heç zaman borc almamışdır. İddiaçıya heç bir borcu yoxdur. Həmçinin,irəli sürülən iddiaya iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsini xahiş edir. Məhkəmənin əvvəlki iclaslarında Cavabdeh2 iştirak etmiş, bildirmişdir ki, onlar iddiaçı ilə birlikdə şərik işləmişlər və əvvəllər iddiaçıya borcu olsa da, borcunu tam ödəmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi əlyazma sənədindəki imza ona aid deyildir. Sonuncu dəfə az bir müddət bundan əvvəl iddiaçıya 1000 manat pul ödəmişdir. Daha sonra cavabdeh izahatında həmin məbləğdə pulu təxminən 2016-cı ildə ödədiyini qeyd etmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi səs yazılarında danışan şəxslərin səslərindən heç biri ona aid deyil. Məhkəmənin sonuncu iclasına Cavabdeh2 gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və iş üzrə yekun qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında cavabdehlərin nümayəndəsi, Vəkil iştirak etmiş, iddiaya etiraz edərək bildirmişdir ki, cavabdehlər iddiaçıdan aldıqları borcu qaytarmışlar. Hal-hazırda cavabdehlərin iddiaçıya borcları yoxdur. Həmçinin, irəli sürülən iddiaya iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsini xahiş edir. Məhkəmənin sonuncu iclasına vəkili Vəkil gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və iş üzrə yekun qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmənin sonuncu iclasında cavabdehlərin nümayəndəsi, vəkil Nümayəndə iştirak etmiş, iddiaya etiraz edərək bildirmişdir ki, cavabdehlər iddiaçıdan aldıqları borcu qaytarmışlar və hal-hazırda cavabdehlərin iddiaçıya borcları yoxdur. Bundan əlavə, cavabdehlər irəli sürülən iddiaya iddia müddətinin tətbiq edilməsi barədə ərizə verdiklərinin nəzərə alınmasını və iddianın rədd edilməsini xahiş edir. Məhkəmədə iddiaçının vəsatətinə əsasən dindirilmiş Şahid ifadəsində tərəflər arasında olan borcun son haqq-hesabının 7 il bundan əvvəl onun evində olduğunu və Cavabdeh2 borcu tam ödəyəcəklərini bildirdiyini göstərmişdir. Məhkəmə, məhkəmədə iştirak edən tərəflərin və vəkillərin izahatlarını və şahid ifadəsini dinləyib, mülki işin materiallarını tədqiq edərək hesab edir ki, irəli sürülən iddia tələbi qismən-17000 manat məbləğində borcun qaytarılmasının cavabdehlərdən Cavabdeh2 aid olan hissədə əsaslı olduğundan, ona aid hissədə təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Doğrudur ki, MPM-in 76.2-ci maddəsi tərəflərin izahatlarını işdə sübut növləri kimi nəzərdə tutur. Məhkəmə bununla yanaşı qeyd edir ki, tərəflər işin nəticəsində maraqlı olduqlarından, MPM-in 106.1-ci maddəsinin tələblərinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İddiaçının məhkəməyə təqdim etdiyi və məhkəmədə tədqiq olunmuş əlyazma sənədində qeyd edilmişdir ki, Əli kişinin ümumi borcu 49728 manat məbləğindədir. Həmin əlyazma qəbzində “Hsənov” yazısı qeyd edilmiş və qarşısında imza edilmişdir. İddiaçı məhkəmədə izahat verərəkən həmin imzanın Cavabdeh2 tərəfindən icra edildiyini və sonradan həmin borcdan bir qisminin ödənildiyini, Cavabdeh2 sonuncu dəfə özünun həmin borcundan 2024-cü ilin fevral ayında 1000 manat ödədiyini bildirmişdir. Məhkəmənin əvvəlki iclaslarında Cavabdeh2 iştirak etmiş, bildirmişdir ki, iddiaçının məhkəməyə təqdim etdiyi əlyazma sənədindəki imza ona aid deyildir. Bundan başqa,sonuncu dəfə təxminən 2016-cı ildə iddiaçıya 1000 manat pul ödəmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi səs yazılarında danışan şəxslərin səslərindən heç biri ona aid deyildir. İş üçün əhəmiyyət kəsb etdiyindən məhkəmənin iş üzrə xx.xx.2024-cü il tarixli qərardadları ilə məhkəmə-fonoskopik və məhkəmə xətşünaslıq ekspertizaları təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, ekspertlərin qarşısında müvafiq olaraq aşağıdakı suallar qoyulmuşdur; - Mülki işin materiallarına əlavə edilmiş diskdə olan səs yazılarında danışan şəxslərdən birinin səsi Cavabdeh2 məxsusdurmu? - Mülki işin materiallarına əlavə edilmiş, Əli kişinin ümumi borcu əlyazmasının alt sətirindəki “Həsənov” yazısı və həmin yazının qarşısında olan imza Cavabdeh2 məxsusdurmu? Məhkəmənin həmin qəradadına əsasən, məhkəmə xətşünaslıq ekspertizası keçirilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməyə daxil olan və iş materiallarına əlavə olunan 4/1234 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, mülki işin 43-cü vərəqində olan borc qəbzində “həsənov” yazısı və “həsənov” yazısının qarşısındaki imza- Cavabdeh2 tərəfindən icra olunmuşdur. Həmin rəydə həmçinin qeyd edilmişdir ki, Cavabdeh2 səs və nitq nümunələri ekspertizaya təqdim edilmədiyindən məhkəməfonoskopik ekspertizası üzrə tədqiqat aparılmamışdır. Məhkəmə iddiaçının izahatını, onun məhkəməyə təqdim etdiyi sözügedən əlyazmanı və həmin əlyazma ilə bağlı ekspert rəyini birlikdə məcmu halında qiymətləndirib, belə qənaətə gəlir ki, cavabdehlərdən Cavabdeh2 iddiaçıya 17000 manat məbləğində borcunun olması işin faktiki halı kimi təsdiq olunur. Bununla belə cavabdehlər, o cümlədən Cavabdeh2 onlara qarşı irəli sürülən iddia tələbinə iddia müddətinin tətbiq edilməsini və irəli sürülən iddianın həmin əsasla rədd edilməsin xahiş etmişlər. Məhkəmə hesab edir ki, Cavabdeh2 iddiaçıya borclu olduğu həmin 17000 manat məbləğində borca münasibətdə iddia müddəti tətbiq edilə biməz. Məhkəmə gəldiyi bu qənaətlərini onunla əsaslandırır ki, iddiaçının məhkəməyə təqdim etdiyi səs yazılarında danışan şəxslər arasında olan səs yazılarından müəyyən olunur ki, 2024-cü ildə bir tərəf digər tərəfə öz borcundan 1000 manat məbləğində qaytarmış və qalan borcun da qaytarılacağini vəd edir. İddiaçı həmin səs yazılarının onunla Cavabdeh2 arasında aparıldığını və Cavabdeh2 ona borcdan 1000 manat qaytardığını və qalan borcunu da qaytaracağını vəd etdiyini bildirir. Cavabdeh2 əvvəlki iclasda bunu inkar etməsə də, sonrakı iclasda inkar etdiyindən və son dəfə iddiaçıya təxminən 2016-cı ildə pul verdiyini bildirdiyindən, cavabdehin sonuncu dəfə iddiaçıya borcundan hansı tarixdə ödəniş etdiyinin dəqiq müəyyən edilməsinin işin düzgün həlli üçün əhəmiyyət kəsb etdiyindən, məhkəmənin iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə-fonoskopik ekspertizası təyin edilmiş və artıq yuxarıda qeyd edildiyi kimi, Cavabdeh2 səs və nitq nümunələri ekspertizaya təqdim edilmədiyindən məhkəmə-fonoskopik ekspertizası üzrə tədqiqat aparılmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 97.5-ci maddəsinə əsasən, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Məhkəmə, qeyd edilən prosessual qanun normasının tələblərinə əsaslanmaqla, belə qənaətə gəlir ki, iddiaçının məhkəməyə təqdim etdiyi səs yazısı barədə iddiaçının məhkəməyə bildirdikləri mötəbər sübut növü kimi qiymətləndirilməlidir. Beləliklə, cavabdehin etiraz etməsinə baxmayaraq, iddiaçının məhkəməyə təqdim etdiyi sübutlarla işin faktiki halı kimi müəyyən olunur ki, Cavabdeh2 sonuncu dəfə məhz 2024-cü ildə iddiaçıya olan borcundan 1000 manat qaytarmış və qalan borcunu da qaytaracağını vəd etmişdir. Bu halda isə, iddiaçının iddia etdiyi və cavabdehlərdən Cavabdeh2 borclu olduğu 17000 manat məbləğində borc barəsində iddia müddəti tətbiq edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 372-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.1-ci maddəsinə əsasən, ümumi iddia müddəti on il təşkil edir. 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3-cü maddəsinə əsasən, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 374.1-ci maddəsinə əsasən, əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir 374.2-ci maddəsinə əsasən, iddia müddətləri axımının dayandırılması və kəsilməsi əsasları bu Məcəllə ilə müəyyənləşdirilir. 375.1-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 380.1-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2-ci maddəsinə əsasən, fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Beləliklə, məhkəmə Mülki Məcəllənin yuxarıda qeyd edilən normalarına əsaslanmaqla hesab edir ki, cavabdehlərdən Cavabdeh2 borclu olduğu 17000 manat məbləğində borc barəsində iddia müddəti tətbiq edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona olan borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 742.1-ci maddəsinə əsasən, borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Göründüyü kimi, iddiaçının iddia etdiyi 17000 manat məbləğində borcun cavabdehlərdən Cavabdeh2 alınıb, iddiaçıya qaytarılması üçün qanuni əsaslar mövcuddur, ona görə də iddia Cavabdeh2 17000 manat məbləğində pulun alınaraq iddiaçıya verilməsi tələbi hissədə əsaslı sayılaraq təmin olunmalıdır. Məhkəmə hesab edir ki, iddia qalan məbləğdə pul tələbi hissədə və digər cavabdehlərə aid olan hissədə təmin edilməməlidir. Belə ki, iddiaçının Cavabdeh3 ilə arasında hansısa yazılı borc müqaviləsinin bağlanması təsdiq olunmur, buna baxmayaraq, cavabdehlərdən Cavabdeh3 iddiaçı ilə aralarında borc münasibətlərinin olmasını etiraf edir və borcunu qaytardığını bildirir. Məhkəmə hesab edir ki, cavabdehlərdən Cavabdeh3 iddiaçıya hansısa məbləğdə borcunun olması təsdiq olunsa belə, iddia Cavabdeh3 aid olan hissədə təmin oluna bilməz. Belə ki, hər üç cavabdeh və onların nümayəndəsi olan Vəkil iddiaya yazılı etiraz etiraz edərək, irəli sürülən iddiaya iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsini xahiş etmişlər. İşin araşdırılması zamanı Cavabdeh3 iddiaçıya olan borclarını son üç il ərzində etiraf edən hərəkətlər etməsi də müəyyən olunmamışdır. Borcun isə ən geci 2016-2017-ci illərədək yaranmış olduğu müəyyən edilir. Belə ki, iddiaçı iddia ərizəsində borcun 2013-cü ildən yarandığını göstərmiş və sonuncu dəfə cavabdehlərə hansı tarixdə borc verdiyini qeyd edməmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi və cavabdehlərdən Cavabdeh3 da etiraf etdiyi əlyazma sənənin üzərində də əlyazmanın 2011-ci ildə yazıldığı qeyd olunmuşdir. Bundan başqa, iddiaçının vəsatətinə əsasən dindirilmiş Şahid da borcun 7 il bundan əvvəl mövcud olduğunu bildirmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərdən Cavabdeh3 qarşı borcun qaytarılması tələbini qanunla müəyyən edilməş 3 illik müddəti ötürməklə irəli sürmüşdür və cavabdeh də ona qarşı irəli sürülən tələbə iddia müddətinin tətbiqi barədə ərizə verdiyindən, Cavabdeh3 aid olan hissədə iddia tələbinə müddət tətbiq edilməli və ona aid olan hissədə iddia rədd edilməlidir. Cavabdeh3 digər Cavabdeh2 borcuna görə də, iddiaçı qarşısında məsuliyyət daşımır. Belə ki, Cavabdeh2 borcuna görə iddiaçı ilə Cavabdeh3 arasında yazılı zaminlik müqaviləsinin bağlanması müəyyən olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Məcəlləsinin 471-ci maddəsinə əsasən, zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Məhkəmə hesab edir ki, iddia Cavabdeh1 aid olan hissədə də rədd edilməlidir. Belə ki, həm iddiaçının özünün, həm də həmin cavabdehin də məhkəməyə bildirdiklərindən müəyyən edilir ki, Cavabdeh1 özünün iddiaçıya borcu yoxdur. İddiaçı isə izahatında qeyd etmişdir ki, Cavabdeh1 digər cavabdehlərin borcuna zamin durduğu üçün borcun qaytarılmasını ondan da tələb edir. Baxılan işdə isə digər cavabdehin borcuna görə iddiaçı ilə Cavabdeh1 arasında yazılı zaminlik müqaviləsinin bağlanması müəyyən olunmur. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin zaminlıkdən bəhs edən yuxarıda qeyd edilən normalarının tələblərinə əsaslanmaqla, hesab edir ki, iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü tələb də əsaslı sayıla bilməz. Ona görə də məhkəmə bu qənatdədir ki, iddia tələbi Cavabdeh1 aid olan hissədə də əsassız olduğundan təmin edilməməlidir. Bundan başqa, iş materiallarından müəyyən edilir ki, iddiaçı hazırki iddianı qaldırmaq üçün 243 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə göstərir ki, iddiaçı cavabdehlərdən ümumilikdə 50835 manat məbləğində (19903 ABŞ dolları məzənnə ilə manatla hesablandıqda) pul tələb etmiş, iddia Cavabdeh2 aid olan 17000 manat məbləğində pul tələbi hissədə haqlı sayılmışdır. iddia tələbi qismən-Cavabdeh2 aid olan hissədə də hissədə təmin edildiyindən, məhkəmə belə qərara gəlir ki, ödənilmiş tələblərin məbləğinə mütənasib olan dövlət rüsumunun əvəzi kimi 82 manat məbləğində pul Cavabdeh2 alınıb, iddiaçıya verilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 357 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 17000 (on yeddi min) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 82 (səksən iki) manat məbləğində pul alınıb, iddiaçı İddiaçı verilsin. İddia tələbi qalan hissəslərdə əsassız olduğundan təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar