Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-306/2025 15.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə qiyabi icraat qaydasında Gəncə Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 690 (altı yüz doxsan) manat borcun və 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 720 (yeddi yüz iyirmi) manat pulun alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, Gəncə şəhəri, Gəncə Qalası ticarət mərkəzində qadın paltarları satmaqla məşğuldur. Tanışı olan və müştərisi olan Cavabdeh ondan 31 avqust 2023-cü il tarixdə 382 (üç yüz səksən iki) manat, 03 sentyabr 2023-cü il tarixdə isə 308 (üç yüz səkkiz) manat dəyərində bir neçə qadın paltarları nisyə götürdü və borcunu hissə-hissə ödəyəcəyini bildirdi. O, cavabdehə inanmış, paltarı nisyə verməsinin səbəbkarı da onun bacısı X1 olub, belə ki, Sevil onun müştərisi olub, şəhərdə uşaq bağçalarının birində direktor vəzifəsində işlədiyinə görə etibar etmişdir. Bacısı Sevinci də ona Sevil tanış etmişdir ki, “Narahat olma, nə istəsə ver, ödəyəcək” – ona görə də 690 manatlıq paltarları ona nisyə vermişdir. Sonralar cavabdehə dəfələrlə zəng etsə də, ona olan borcundan boyun qaçırmışdır. O, dəfələrlə cavabdehin bacısı ilə, anası ilə əlaqə saxlasa da, evlərinə gedib borcunu istəsə də, hər dəfəsində ona pulu ödəməyi söz verib, amma ödənişi etməmişdir. Cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək, borcunu tezliklə ödəyəcəyi barədə yalan vədlər vermişdir, bununla bağlı onunla yazışmaları var ki, iş materiallarına əlavə edəcəkdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, o, Gəncə şəhərində yerləşən “Gəncə Qalası” Ticarət Mərkəzində geyim mağazası işlədir. Həmin geyim paltarlarını Bakı şəhərindən nisyə alıb gətirir. Cavabdeh onun bacısı olan digər müştərisi Sevil Salahova vasitəsi ilə tanımışdır. Cavabdeh ilə aralarında şifahi formada bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh ondan 31 avqust 2023-cü il tarixdə 382 manat, 03 sentyabr 2023-cü il tarixdə isə 308 manat olmaqla, cəmi 690 manat dəyərində bir neçə qadın geyimi almışdır. Cavabdeh ərinin Rusiya Federasiyasında olduğunu və əri gələn zaman aldığı mallarının dəyərini qaytaracağını bildirsə də, ona olan borcunu bu günə qədər ödəməmişdir. Cavabdehlə əlaqə saxladıqda ya müxtəlif bəhanələr gətirmiş, ya da onun zənglərinə cavab verməmişdir. Odur ki, mülki işə qiyabi icraat qaydasında baxıb iddianın təmin edilməsi barədə qiyabi qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclaslarında heç bir üzrlü səbəb göstərmədən iştirak etməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. İddiaçı məhkəmə iclasında ərizə verərək, Cavabdeh məhkəmə iclasına gəlməyi üçün iddia ərizəsi üzrə mülki işə qiyabi icraat qaydasında baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən məhkəmə iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyinə görə, iddiaçı isə buna etiraz etmədiyi üçün işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında 30 iyul 2024-cü il tarixli, ******* nömrəli arayışdan görünür ki, xx.xx.1958-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin 15 iyun 2024-cü il tarixli, 3-13-57-1/2-H-11559/11/24 nömrəli məktubunda Gəncə şəhəri, H.Əliyev prospekti, bina 74, mənzil 8-də yaşayan İddiaçı Gəncə şəhəri 1-ci PŞ-nə daxil olmuş ərizəsinin araşdırıldığı və araşdırma zamanı göstərdiyi xüsusatlar mülki münasibətlər zəminində baş verdiyindən məhkəmə orqanlarına müraciət etməsinin məqsədə müvafiq olduğu bildirilmişdir. İddiaçı tərəfindən Gəncə şəhəri 1-ci Polis Şöbəsinə ünvanlanmış ərizəsində “2023cü ilin iyun ayında işlədiyim Gəncə şəhəri “Qala” ticarət mərkəzində məndən qadın paltarları satın alan Salahova Sevil və bacısı Sevinc mənə olan 740 manat pul borcunu bu günədək ödəməmiş və ödəmək də istəmir. Həmin şəxslərdən borcunun alınmasına köməklik göstərilməsini” xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, İddiaçı qadın geyimlərinin alqısatqısı ilə məşğul olur. İddiaçı Cavabdeh 690 manat dəyərində qadın geyimlərini cavabdeh ilə arasında şifahi formada bağlanmış nisyə alqı-satqı müqaviləsi əsasında satmışdır. Lakin, cavabdeh iddiaçıdan aldığı malların dəyərini iddiaçıya ödəməmiş və nəticədə 690 manat məbləğində borcu qalmışdır. Bununla da iddiaçı əlverişsiz vəziyyətə düşmüşdür. Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının maddəsinin «Ədalətli və X2 Haqqında Konvensiyanın 6-cı məhkəmə araşdırması hüququ» 1-ci hissəsində qeyd olunur ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 567-ci maddəsində göstərilmişdir ki, alqı–satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətə həyata keçirməlidir. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə–hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İşin müəyyən olunmuş hallarına görə tərəflər arasında öhdəlik hüquq münasibətlərinin yaranmasına əsas olmuş nisyə alqı-satqı müqaviləsinə əsasən satıcı malı alıcının mülkiyyətinə verməyi, alıcı isə malı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Hazırkı mübahisə üzrə iddiaçı geyim əşyalarını cavabdehə vermiş, lakin cavabdeh nisyə qaydada aldığı geyim əşyalarının dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürsələr də, öhdəliyinə əməl etməmişdir. Belə olan halda cavabdehin öhdəliyi pul məbləği ilə məhdudlaşır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən “Mahmudov Rusiyaya qarşı” iş üzrə qəbul etdiyi xx.xx.2007-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, nəzərə alınmalıdır ki, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qeyd edilən prosessual hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında təsbit olunmuş hüquqi mövqenin mövcud tələbin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, iddiaçının dəlilləri, onun izahatı və təqdim etdiyi sübutları iddia tələbinin qiyabi qətnamə ilə təmin edilməsi üçün yetərlidir. Buna görə də göstərilən sübutların tədqiqi ilə kifayətlənərək, həmin sübutlar nəzərə alınmaqla iddianın təmin edilməsinə dair qiyabi qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş olduğu 30 (otuz) manat dövlət rüsumundan ibarətdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, eyni zamanda iddiaçının xahişi nəzərə alınmaqla, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh 690 (altı yüz doxsan) manat pul və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla, ümumilikdə 720 (yeddi yüz iyirmi) manat alınaraq İddiaçı verilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Gəncə Şəhər Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra, 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-306/2025
Gəncə Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(125)-306/2025
15.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver