Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3068/2024 25.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılması tələbi» barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Nuriyeva X1 Elxan Elmar oğluna qarşı Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(043)-1137/2018 nömrəli qətnaməsi ilə uşağın saxlanması üçün tutulması müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, xx.xx.2008-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 250 manat sabit pul məbləğində alimentin və ödənilmiş mediasiya xərcinin əvəzi qismində 50 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, o və Cavabdeh nikahlarını 2004-cü il tarixdə qeydə aldırmışlar. Onların birgə nikahlarından xx.xx.2008-ci il tarixdə X3 adlı 1 uşaqları anadan olmuşdur. O və cavabdeh arasında olan ailə münasibətləri pozulduğundan Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(043)-214/2012 nömrəli qətnaməsinə əsasən onunla Cavabdeh arasında olan nikah pozulmuş, onların birgə nikahlarından xx.xx.2008-ci il tarixdə anadan olmuş X2 onun yanında qalması müəyyən edilmiş və həmin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 50 manat sabit pul məbləğində alimentin xeyirinə tutulması qət edilmişdir. Bundan sonra 2018-ci il tarixdə o, alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(043)-1137/2018 nömrəli qətnaməsi ilə iddiası qismən təmin edilmiş, birgə nikahlarından doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 110 manat sabit pul məbləğində alimentin Cavabdeh onun xeyrinə tutulması qət edilmişdir. Lakin hazırda həmin məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği uşağın saxlanmasına kifayət etmir. Belə ki, uşağın yaşı artdıqca tələbatları da artmışdır. Cavabdeh isə aliment ödənişlərindən başqa, ona hər hansı maddi köməklik göstərmir. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada bildiriş göndərilmiş, lakin həmin bildirişin ona rəsmən təqdim olunması barədə məlumat olmadığından məhkəmə cavabdehin sonuncu yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanını məlumatlandırmaqla MPM-in 147-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(043)-1137/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(043)-214/2012 nömrəli qətnaməsi ilə xx.xx.2008-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 50 manat məbləğində müəyyən edilmiş alimentin miqdarı artırılaraq, 110 manat məbləğində müəyyən edilmişdir. xx.xx.2008-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 110 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Bundan başqa, həmin Məcəllənin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşaqların Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2024-cü ildə yaşayış minimumu haqqında» 05 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanununa görə 2024-cü il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. «Azərbaycan Respublikasında 2018-ci ildə yaşayış minimumu haqqında» 01 dekabr 2017-ci il tarixli Azərbaycan Respublikası Qanununa görə 2017-ci ildə ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 154 manat məbləğində müəyyən edilmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.3-cü bəndinə görə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Məhkəmə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(043)- 1137/2018 nömrəli qətnaməsindən keçən dövr ərzində ölkə üzrə yaşayış minimumundakı artım məbləğini əsas gətirərək hesab edir ki, yaşayış minimumunun artması iddiaçının maddi vəziyyətindəki dəyişiklik kimi qiymətləndirilməlidir. Belə ki, qətnamə ilə müəyyən edilmiş aliment məbləği dəyişmədiyi halda malların və xidmətlərin qiymətinin qalxması həmin aliment məbləği ilə uşağın maddi təminatının əvvəlki səviyyəsinin saxlanmasının mümkün olmadığını göstərir. Digər tərəfdən mülki işin məhkəmə iclasında müəyyən olunmuş hallarından görünür ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(043)-1137/2018 nömrəli qətnaməsi ilə tərəflərin birgə nikahından doğulmuş bir uşağın saxlanılması üçün Cavabdeh alınıb İddiaçı verilməsi qət edilmiş alimentin məbləği 2018-ci ildə ölkə üzrə uşaqlar üçün yaşayış minimumu olan 154 manat məbləğində pul vəsaitinin 71,43 faizi həddində, yəni 110 manat olmuş, 2024-cü ildə ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu hazırki tarixədək ötən müddət ərzində 81 manat məbləğində artaraq, 2024-cü ildə 235 manat müəyyən edilmişdir və 235 manat məbləğində pul vəsaitinin 71,43 faiz hissəsi 168 manat təşkil edir. Məhkəmə tərəflərin maddi vəziyyətini, tərəflərin birgə nikahlarından doğulmuş uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması zərurətini, həmin uşaqların mənafeyini və aliment qət edildikdən sonra ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun artmasını nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin olunmalı, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(043)- 1137/2018 nömrəli ilə tutulması qət edilmiş alimentin miqdarı dəyişdirilərək, cavabdehdən iddiaçının xeyrinə yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün hər ay 180 manat sabit pul məbləğində aliment tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanunun 36.5-ci maddəsinə görə «Mediasiya prosesinin tətbiqi barədə müqavilə»də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya «mediasiya prosesinin tətbiqi barədə müqavilə»nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Bununla əlaqədar məhkəmə hesab edir ki, ödənilmiş mediasiya xərcinin əvəzi qismində 50 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(043)-1137/2018 nömrəli qətnaməsi ilə uşağın saxlanması üçün tutulması qət edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh 27 yanvar 2008-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh ödənilmiş mediasiya xərcinin əvəzi qismində 50 (əlli) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-3068/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3068/2024
25.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver