Məhkəmə qərarları › İş №2(125)-314/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-314/2023

28.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-314/2023 28.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X8 Tahir oğlunun sədrliyi, Abuzərova Nərmin Allahverdi qızının katibliyi, iddiaçı X1 etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı X4 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən evinə dəymiş zərərə görə 1500 (bir min beş yüz) manat pulun ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 mənzil 43-də y ünvan 1 ünvanında yerləşən 43 nömrəli mənzildə yaşayan Cavabdeh su çənini onun mülkiyyətində olan 44 nömrəli mənzilin üst hissəsində yerləşdirmişdir. xx.xx.2022-ci il tarixdə binaya su verilən vaxt təxminən bir neçə saat su çəndən daşaraq onun mənzilinin tavanını, mənzilin divar kağızlarını, döşəməni, dəhlizdə yerləşən taxta şkafın içərisində olan əşyaları və evdə olan digər əşyaları yararsız hala salmışdır. Bu barədə Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinə şikayətlə müraciət etmiş və MKTİB-nin əməkdaşları tərəfindən mənzilə baxış keçirilərək akt tərtib olunmuşdur. Ümumilikdə mənzilə 1500 manat ziyan dəymişdir. Məhkəmə iclasında iddiaçı X1 etibarnamə üzrə nümayəndəsi X5 iddia ərizəsinin məzmununu uyğun çıxış edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2006-cı il tarixdə qeydə alınmış 23045 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Gəncə şəhəri, F.Əmirov küçəsi ev 4, mənzil 44 xüsusi mülkiyyət hüququ üzrə X2 məxsusdur. Gəncə şəhər İcra Hakimiyyəti MKTİB-nin 8 nömrəli xidmət sahəsinin xx.xx.2022-ci il tarixli aktından görünür ki, Gəncə şəhəri, F.Əmirov küçəsi, 4 nömrəli bina 4 mərtəbəlidir. Həmin binanın 4-cü mərtəbəsində olan 43 nömrəli mənzilin su çəni binanın dam örtüyündə yerləşir. Həmin su çənindən su daşaraq X2 məxsus olan 44 nömrəli mənzildə tavanı, divar kağızlarını, döşəməni, taxta şkafın qapılarını və evdə olan bir çox əşyaları yararsız vəziyyətə salmışdır.Mənzil ciddi zərər görmüş və təmirə ehtiyacı vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/7695 nömrəli rəyindən görünür ki, Gəncə şəhəri, Fikrət Əmirov küçəsində yerləşən 4 saylı binanın 44 saylı mənzilində su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 1396,0 manat məbləğində müəyyən olunmuşdur. İşin müəyyən olunmuş hallarından görünür ki, həqiqətən cavabdeh tərəfindən suyun axıdılması nəticəsində iddiaçının mənzilinə maddi ziyan vurulmuşdur və həmin ziyanın məbləği ekspert rəyi ilə 1396,0 manat məbləğində qiymətləndirilmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, işdə olan sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara hüquq normaları baxımından qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 1097-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM)14.2ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.; MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; MPM-in 217.3 -cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Yuxarıda qeyd olunan qanunvericilikdən göründüyü kimi əsas insan hüquqlarından biri olan mülkiyyət hüququ qanunla müəyyən olunmuş qaydada mülkiyyətçinin qorunan hüququdur. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh mülki hüquq pozuntusu törətməsi məhkəmə iclasında tam sübuta yetirildiyindən və vurduğu zərərin əvəzini ödəməyə borclu olduğundan iddia qismən təmin olunmalı, vurulmuş zərərin əvəzi 1396,0 (bir min üç yüz doxsan altı ) manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat cavabdehə aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutub məhkəmə, qət etdi: İddia qismən təmin olunsun. Cavabdeh vurulmuş zərərə görə 1396,0 (bir min üç yüz doxsan altı ) manat alınaraq iddiaçı X2 verilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Cavabdeh tutularaq Büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP(XİİS) hesabı, Dövlət xəzinadarlığı agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** hesaba ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar