Məhkəmə qərarları › İş №2(125)-3183/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3183/2024

03.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3183/2024 03.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X12 Şakir oğlunun sədrliyi, X6 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bu iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşlarına çatmayan xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X4 üçün cavabdehdən hər biri üçün 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğinin cavabdehdən tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-321/2014-cü il tarixli qətnaməsi ilə 07 avqust 2008-ci il tarixdə anadan olmuş X3 və 07 may 2010-cu il tarixdə anadan olmuş X2 atasının Cavabdeh olması müəyyən edilmişdir. Həmin vaxtdan başlayaraq, cavabdeh övladları X7 və X1 üçün heç bir maddi kömək göstərməmişdir. Buna görə də o, aliment tələbinə dair iddia ərizələri ilə müxtəlif vaxtlarda məhkəməyə müraciət etmişdir. Gəncə Şəhər Məhkəməsinin sonuncu 09 iyun 2023-cü il tarixli, iş 2(125)-3509/2023 saylı qətnaməsi ilə 07 avqust 2008-ci il tarixdə anadan olmuş X3 və 07 may 2010-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər birinə 180 (bir yüz səksən) manat olmaqla cəmi 360 (üç yüz altmış)) manat aliment məbləğinin tutularaq ona verilməsi qət edilmişdir. Cavabdeh alimenti qərəzli olaraq ödəmir və övladlarının əlavə xərcləri ilə ümumiyyətlə maraqlanmır. Uşaqların bütün qayğılarını və ehtiyaclarını tamamilə o, çəkir. Böyüdükcə uşaqlarda atalarına qarşı ehtiyac və tələbat artsa da, cavabdeh onlara qarşı heç bir diqqət və qayğı göstərmir. Uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Hal-hazırda övladlarının müvafiq olaraq 15 və 13 yaşları vardır. Gəncə Şəhər Məhkəməsi tərəfindən çıxarılmış qətnamələr üzrə cavabdehin ödənilməmiş 20000 iyirmi min) manatdan artıq aliment borcu vardır. Uşaqlar orta məktəbdə təhsil alırlar və məşğələlərə gedirlər ona görə də məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2024-cü ildə hər uşaq üçün 235 (iki yüz otuz beş) manat müəyyən edilmişdir. Buna görə də görə o, “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, əlavə olaraq bildirdi ki, artıq 13 ilə yaxın müddətdir ki, uşaqlarını təkbaşına böyüdür. Gəncə Şəhər Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, 2(125)- 3509/2023 saylı qətnaməsi ilə Cəsur və Əziz adlı uşaqların yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 180 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində aliment müəyyən edilsə də, cavabdeh aliment borcunu ödəməkdən yayınır. Bununla yanaşı, 2024-cü il üçün uşaqlara görə müəyyən edilmiş yaşayış minimumuna münasibətdə Gəncə Şəhər Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, 2(125)- 3509/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği çox aşağıdır. Uşaqların tələbatları, ehtiyacları günü-gündən artır və uşaqların ehtiyaclarının qarşılanmasında çətinlik çəkir. Həmçinin, uşaqları ilə birlikdə kirayədə qalır. Aliment məbləğinin artırılmasına zərurət vardır. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsaslanmaqla, işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, məhkəmə tərəfindən bildiriş cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına göndərilmiş və həmin orqan tərəfindən məhkəmə bildirişinin üzərində müvafiq qeydlər olunmaqla bildirişin kötüyü məhkəməyə qaytarılmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 07 avqust 2008-ci il tarixdə doğulmuşdur. Atası: X5, anası: İddiaçıdır. AZ-İİ seriyalı, 393949 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 07 may 2010-cu il tarixdə doğulmuşdur. Atası: X5, anası: İddiaçıdır. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-321/2014 nömrəli, 24 fevral 2014-cü il tarixli qətnaməsindən görünür ki, 07 avqust 2008-ci il tarixdə anadan olmuş X3 və 07 may 2010-cu il tarixdə anadan olmuş X2 atasının Cavabdeh olmasının müəyyən edilməsi və 07 avqust 2008-ci il tarixdə anadan olmuş X3 və 07 may 2010-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün, 19 dekabr 2013-cü il tarixdən başlayaraq, hər ay Cavabdeh sabit pul məbləğində bir uşaq üçün 93 (doxsan üç) manat olmaqla, iki uşaq üçün ümumilikdə 186 (bir yüz səksən altı) manat miqdarında aliment tutularaq, İddiaçı verilməsi qət edilmişdir. Gəncə Şəhər Məhkəməsinin 2(125)-3509/2023 nömrəli, 09 iyun 2023-cü il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, tərəflərin birgə nikahlarından xx.xx.2008-ci ildə anadan olmuş X3 və xx.xx.2010-cu ildə anadan olmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(044)-1958/2020 nömrəli qətnaməsi əsasında tutulan alimentin məbləği artırılaraq, hər ay hər uşaq üçün 180 (bir yüz səksən) manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində müəyyən edilməsi və X3 müalicəsi üçün çəkilən əlavə xərcə görə 3645 (üç min altı yüz qırx beş) manat pul qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq, Cavabdeh alınaraq, İddiaçı xeyrinə ödənilməsi və iş üzrə ödənilməmiş 66,45 manat dövlət rüsumu Cavabdeh alınaraq, dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə 04 mart 2024-cü il tarixli, MŞS/1-000069 nömrəli arayışdan görünür ki, Cavabdeh İddiaçı tərəfindən təsvir edildiyi kimi “alimentin artırılması, aliment borcunun ödənilməsi” tələbinə dair 04 mart 2024-cü il tarixdə, saat 10:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmədiyini təsdiq etmək üçün verilir. Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə əvvəlcədən məlumat verilsə də ilkin mediasiya sessiyasında iştirak üçün gəlməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat mediasiyaya dair xərci ödəmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, hesab edir ki, uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün sabit pul məbləğində müəyyən edilən alimentin miqdarının artırılması hissəsində iddia qismən təmin edilməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş sübutların bilavasitə tədqiqi zamanı aydın oldu ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-3509/2023 nömrəli, 09 iyun 2023-cü il tarixli qətnaməsinə əsasən tərəflərin birgə nikahlarından xx.xx.2008-ci ildə anadan olmuş X3 və xx.xx.2010-cu ildə anadan olmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(044)-1958/2020 nömrəli qətnaməsi əsasında tutulan alimentin məbləği artırılaraq, hər ay hər uşaq üçün 180 (bir yüz səksən) manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində müəyyən edilməsi və X3 müalicəsi üçün çəkilən əlavə xərcə görə 3645 (üç min altı yüz qırx beş) manat pul qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq, Cavabdeh alınaraq, İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Lakin, həmin vaxtdan uşaqlar böyüdüyü və onların bir sıra xərcləri artdığı üçün qət edilmiş hər ay hər uşaq üçün 180 (bir yüz səksən) manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment uşaqların saxlanılmaları üçün yetərli olmadığından, cavabdeh uşaqların saxlanmaları üçün iddiaçıya əlavə maddi yardım göstərmədiyindən, İddiaçı “alimentin artırılması, aliment borcunun ödənilməsi” tələbinə dair mediasiya şurasına müraciət etmişdir. Cavabdeh mediasiya sessiyasında iştirak etmədiyindən, tərəflər arasında razılıq əldə olunmamış, o səbəbdən də iddiaçı “alimentin artırılması” tələbinə dair iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı cavabdehin gəlirlərinin artması barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Cavabdeh isə məhkəmə iclasında iştirak etmədiyindən onun iddiaya münasibətini öyrənmək mümkün olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun: 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə görə isə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinin tələbinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən olunmuşdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 №-li Qərarının 8.14-cü bəndində məhkəmələrin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanması qeyd edilmişdir. Məhkəmə hesab edir ki, alimentin artırılması tələbi iddiaçının müəyyən etdiyi məbləğdə deyil, qismən təmin edilməlidir. Belə ki, iddiaçının cavabdehdən tələb etdiyi alimentdən 1 ildən çox vaxt keçməsi və uşaqlar böyüdükcə onların tələbatları və saxlanma xərclərinin nisbətən artması, hazırda uşaqların azyaşlı olmalarını, tərəflərin ailə və maddi vəziyyəti nəzərə alınmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı cavabdehin gəlirləri barədə sübut təqdim edə bilməmişdir. Hazırki iş üzrə alimentin məbləği artırılan zaman əvvəlki qətnamə üzrə təyin olunan alimentin məbləği ilə yeni müəyyən olunacaq alimentin məbləği arasında tənasüblük gözlənilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar bir-birini tamamlamaqla iddiaçının tələbinin qismən əsaslı olmasına dəlalət edir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericiliyin normalarını, məhkəmə iclası zamanı müəyyən olunmuş halları, uşaqların maddi tələbat səviyyəsini, tərəflərin maddi və ailə vəziyyətini, tərəflərin gəlirləri barədə sübutların təqdim edilməməsini və habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu səviyyəsini və uşaqları saxlamaq vəzifəsinin hər iki valideynə aid olduğunu nəzərə alaraq, tərəflərin birgə ailə münasibətindən doğulmuş uşaqların təminatının mümkün qədər maksimal saxlanması üçün iddia tələbi qismən təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə tərəflərin birgə nikahından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün Cavabdeh İddiaçı xeyrinə Gəncə Şəhər Məhkəməsinin 2(125)- 3509/2023 nömrəli, 09 iyun 2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş, hər ay hər uşaq üçün 180 (bir yüz səksən) manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh hər ay hər uşaq üçün 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə verilməlidir. İddia tələbi üzrə miqdarı dəyişdirilmiş (artırılmış) alimentin tutulması, qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. İddia tələbi digər hissədə təmin edilməməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilir. Həmin qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinin tələbinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, İddiaçı olduğundan dövlət rüsumunun ödənilməsindən azad edildiyi üçün ona hər ay cavabdeh tərəfindən ödənilməli olan alimentin artırılmış hissəsi 40 manat olmaqla, həmin məbləğin bir il ərzində məcmusu 480 manat təşkil etdiyindən, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 2(125)-3509/2023 nömrəli, 09 iyun 2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin miqdarı artırılsın və xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə verilsin. Artırılmış hissədə alimentin tutulması, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar