Məhkəmə qərarları › İş №2(125)-3187/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3187/2024

31.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3187/2024 31.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 İsa oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi ilə, İddiaçı Yelo Bank Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdehlər Cavabdeh1 və Namazova (Məhərrəmova) Raifə İltifat qızının iştirakları ilə, İddiaçı Yelo Bank Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Namazova(Məhərrəmova) Raifə İltifat qızına qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmədə baxaraq, müəyyən etdi: İddiaçı Yelo Bank Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Namazova(Məhərrəmova) Raifə İltifat qızına qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Namazova (Məhərrəmova) Raifə İltifat qızından müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 19 iyun 2023-cü il tarixli kredit müqaviləsi üzrə 9964.69 manat əsas borc, 489.09 manat faiz borcu və 41.07 manat cərimə olmaqla, ümumilikdə 10494.85 manat borcun və 121.48 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh1 19 iyun 2023-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 15.9 faizlə 36 ay müddətinə 11000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Namazova (Məhərrəmova) Raifə İltifat qızı ilə 19 iyun 2023-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 13 mart 2024-cü il tarixədək Cavabdeh1 banka 19 iyun 2023-cü il tarixli kredit müqaviləsi üzrə 9964.69 manat əsas borc, 489.09 manat faiz borcu və 164.29 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 10618.07 manat borcu vardır. Cavabdeh1 19 iyun 2023-cü il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 164.29 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25 %-i miqdarında olmaqla, yəni 41.07 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Odur ki, qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul edərək ifadəsində göstərmişdir ki, həqiqətən 19 iyun 2023-cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC-dən 15.9 faizlə 36 ay müddətinə 11000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Namazova(Məhərrəmova) Raifə İltifat qızı ilə 19 iyun 2023-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin maddi imkanı olmadığından borcu ödəyə bilməmişdir. Məhkəmə iclasında cavabdeh Namazova(Məhərrəmova) Raifə İltifat qızı iddianı qəbul edərək ifadəsində göstərmişdir ki, Cavabdeh1 19 iyun 2023-cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC-dən 15.9 faizlə 36 ay müddətinə 11000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq onunla 19 iyun 2023-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin maddi imkanı olmadığından borcu ödəyə bilməmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 19 iyun 2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, iddiaçı Bank cavabdehə illik 15.9 faizlə 36 ay müddətinə 11000 manat kredit verməyi, cavabdeh isə həmin kredit və faiz borcunu müqavilədə nəzərdə tutulmuş şərtlər daxilində ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan İddiaçı ASC ilə cavabdeh Namazova(Məhərrəmova) Raifə İltifat qızı arasında bağlanmış 19 iyun 2023-cü il tarixli Z/10345/23 saylı zaminlik müqaviləsindən görünür ki, sonuncu bankla Cavabdeh1 arasında eyni tarixdə bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə birgə məsuliyyət daşıyır. İşdə olan xx.xx.2020-ci il tarixli, 10-Z1-1-0-2049-23 saylı kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixdən xx.xx.2026-cı il tarixə kimi ayda 386.18 manat, sonuncu ay isə 386.40 manat banka ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan məxaric orderindən görünür ki, 19 iyun 2023-cü il tarixdə Cavabdeh1 bankdan 11000 manat məbləğində pulu aldığını imzasıyla təsdiq etmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehlər Cavabdeh1 və Namazova(Məhərrəmova) Raifə İltifat qızına xəbərdarlıq edilərək kredit müqaviləsi üzrə borcu xatırladılmış və ödənilməsi tələb olunmuşdur. İşdə olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən 121.48 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, iş materialları ilə müəyyən edilmişdir ki, Cavabdeh1 19 iyun 2023-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 15.9 faizlə 36 ay müddətinə 11000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Namazova(Məhərrəmova) Raifə İltifat qızı ilə 19 iyun 2023-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırır. xx.xx.2024-cü il tarixədək Cavabdeh1 banka 19 iyun 2023-cü il tarixli kredit müqaviləsi üzrə 9964.69 manat əsas borc, 489.09 manat faiz borcu və 41.07 manat cərimə borcu olmaqla, ümumilikdə 10494.85 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırır. Buna görə də iddiaçı Bank hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının kredit borcunun qaytarılması ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 412-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh1 hərəkətləri öhdəliyi lazımınca icra edilməməsi və müqaviləni əhəmiyyətli dərəcədə pozması kimi qiymətləndirilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçının digər cavabdeh, yəni zamin Namazova(Məhərrəmova) Raifə İltifat qızına münasibətdə də tələbi qanuni və əsaslıdır. Belə ki, Azərbayan Respublikasının Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Yuxarıda da qeyd olunduğu kimi cavabdeh zaminlik müqaviləsini imzalamaqla kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarından göründüyü kimi cavabdehlər kredit və zaminlik müqavilələri üzrə üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirmədiklərindən onların iddiaçı Banka borcu yaranmışdır. Beləliklə, məhkəmənin iş üzrə gəldiyi yekun nəticə ondan ibarətdir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh1 və Namazova (Məhərrəmova) Raifə İltifat qızından müştərək qaydada 19 iyun 2023-cü il tarixli kredit müqaviləsi üzrə 9964.69 manat əsas borc, 489.09 manat faiz borcu və 41.07 manat cərimə borcu olmaqla, ümumilikdə 10494.85 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 121.48 manat alınaraqYelo Bank ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırlamı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Yelo Bank ASC ilə cavabdehlər Cavabdeh1 və Namazova (Məhərrəmova) Raifə İltifat qızı arasında bağlanmış 19 iyun 2023-cü il tarixli kredit müqaviləsi üzrə 9964.69 manat məbləğində əsas borc, 489.09 manat məbləğində faiz borcu və 41.07 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 10494.85 (on min dörd yüz doxsan dörd) manat 85 qəpik məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 121.48 (bir yüz iyirmi bir) manat 48 qəpik məbləğində pul cavabdehlər Cavabdeh1 və Namazova (Məhərrəmova) Raifə İltifat qızından müştərək qaydada alınıb, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar