Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-3212/2022 29.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 İddiaçı cavabdehlər Cavabdeh1 və 1 saylı Gəncə Regional “Asan Xidmət” mərkəzində notariat ofisinə qarşı «mirasın qəbul edilməsi, miras əmlakdan payların müəyyən edilməsi və miras əmlakın mülkiyyət hüququ əsasında ona verilməsi» tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və 1 saylı Gəncə Regional “Asan Xidmət” mərkəzinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda yerləşən, mərhum anası X2 adına olan və ondan miras qalan mülkün onun tərəfindən qanun üzrə vərəsə kimi qəbul edilməsi, paylarının müəyyən edilməsi və müəyyən edilmiş paylara mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edir ki, məsələnin məhkəməyə qədər həlli qaydasına riayət edilmədiyindən ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1 və 1243.2-ci maddələrinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Vərəsəlik hüquq münasibətlərini tənzimləyən qanunvericilik aktlarına əsasən vərəsəlik işinin açılması, mirasın qəbulu və ondan imtinanın rəsmiləşdirilməsi, habelə vərəsəlik şəhadətnaməsinin verilməsi mirasın açıldığı yer üzrə notariat orqanının səlahiyyətinə aiddir. Məhkəmələr mirasın qəbulu müddətinin uzadılması, mirasın faktiki qəbulu zamanı bu faktın notarius tərəfindən müəyyən edilə bilmədiyi halda mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, eləcə də vərəsələr arasında mirasın bölüşdürülməsi ilə bağlı razılıq əldə olunmadıqda mirasın bölüşdürülməsinə dair mübahisələrə baxırlar. İddiaçı miras əmlaka vərəsəlik hüququnun tanınması barədə iddia irəli sürərək mirasın qəbul edilməsi üçün ilkin olaraq notariat kontoruna müraciət etdiyini, lakin notariat kontorunun onun mirası qəbul etməsini rəsmiləşdirməsindən imtina etməsi barədə rəsmi cavab vermədiyini və bu səbəbdən də hər hansı sənədi məhkəməyə təqdim edə bilmədiyini bildirmişdir. Eyni zamanda iddiaçının təqdim etdiyi sənədlərdən də məlum olur ki, iddiaçının ərizəsinə əsasən notarius mirasqoyanın adına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun qeydiyyatının aparılması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmiş, sonuncu isə əmlaka müayinə baxışına şərait yaradılmadığı və fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşdiyi üçün ərizənin icrasının mümkün olmadığını bildirmişdir. Göründüyü kimi iddiaçı mirasın qəbul edilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş məhkəmədən kənar qaydaya tam riayət etməmiş, mirasın qəbulu və bölüşdürülməsi ilə bağlı notariusla və digər vərəsə ilə mübahisə olmasına və qeyd edilən əsaslarla vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina olunmasına dair sübutlar təqdim etmədən mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlaka payların müəyyən edilməsi barədə iddia ərizəsi ilə müraciət etmişdir. Halbuki, mirasın qəbulunun və miras əmlakın bölüşdürülməsinin notarius tərəfindən müəyyən edilməməsinin səbəbi miras qalmış daşınmaz əmlak üzərində mirasqoyanın mülkiyyət hüququnun qeydə alınmasından imtina edilməsi olmuşdur. Belə olan halda iddiaçı daşınmaz əmlakın üzərində mirasqoyanın mülkiyyət hüququnun qeydə alınmasına mane olan halları aradan qaldırdıqdan sonra notarius tərəfindən vərəsəlik şəhadətnaməsi verilməsindən imtina edilərsə mirasın qəbulunun məhkəmə qaydasında rəsmiləşdirilməsi üçün iddia qaldırmağa haqlıdır. Hazırkı halda isə mirasın qəbulunun rəsmiləşdirilməsinin qanunvericiliklə müəyyən edilmiş ilkin qaydası olan notarial rəsmiləşdirmə prosedurası ilə bağlı yekun nəticə əldə olunmadan məhkəməyə müraciət edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsinin geri qaytarılması göstərilən nöqsan aradan qaldırıldıqdan sonra məhkəməyə təkrar iddia ərizəsi ilə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: İddiaçı cavabdehlər Cavabdeh1 və 1 saylı Gəncə Regional “Asan Xidmət” mərkəzində notariat ofisinə qarşı «mirasın qəbul edilməsi, miras əmlakdan payların müəyyən edilməsi və miras əmlakın mülkiyyət hüququ əsasında ona verilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 1* (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tural Qocayev
Məhkəmə qərarları › İş №2(125)-3212/2022
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-3212/2022
29.11.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver