Məhkəmə qərarları › İş №2(125)-323/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-323/2025

14.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-323/2025 14.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Cavabdeh və onun nümayəndəsi (vəkili) X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələblərinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən evə dair xx.xx.2022-ci tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqavıləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, ünvan 2 ünvanda yerləşən mülk onun mülkiyyətində olub. Həmin mülk onun verdiyi etibarnamə əsasında oğlu X9 tərəfindən 23 noyabr 2022-ci ildə Cavabdeh satılmışdır. Belə ki, onun oğlu Qurbanov Elvin Cavabdeh xx.xx.2022-ci ildə xx.xx.2022-ci ildə qaytramaq şərti ilə 13.000 manat borc pul almışdı. Borcun təminatı kimi evin girov qoyulması tələb edildiyindən “evi alqı-satqı” etmək barədə razılıq əldə edilmişdir. Yəni oğlu Qurbanov Elvin 4 ay müddətində götürdüyü 13.000 manat pulu Cavabdeh qaytara bilmədi. O da oğlunu hədələdi ki, polisə verəcək, onu həbs etdirəcək və s. Cavabdeh tələb etdi ki, evi onun adına alqı-satqı etsinlər. Nə zaman pulu qaytarsa onda da evi geri qaytaracaq. Bu səbəbdən də 2 il vaxt keçməsinə baxmayaraq onlar həmin evdə yaşayırlar və cavabdeh bu vaxtadək onları evdən çıxarılmalarına dair iddia qaldırmamışdı. Ancaq oğlu cavabdehə olan borcunu ödəyə bilməyib. Alqı-satqı müqaviləsindən də görünür ki, evin alqı-satqı qiyməti müqavilədə 15.000 manat olaraq göstərilmişdir ki, bu da evin həqiqi dəyəri deyildir. Gəncə şəhərində 15.000 manata 2022-ci ildə və bu tarixdən əvvəl də, sonra da ev almaq mümkün deyildir. Ev 0.4 sot torpaq sahəsində yerləşmək ilə 5 otaqdan ibarətdir. Real bazar qiyməti 45-50.000 manatdır. Onu da başa düşür ki, Cavabdeh oğluna verdiyi 13.000 manat pul ödənilməlidir. Ancaq bu əsas vermir ki, cavabdeh mülki hüquqlarından sui-istifadə etməklə onun 45-50.000 manat dəyərində olan evini 13.000 manata görə cavabdehin mülkiyyətinə keçsin. Onun və ailə üzvlərinin başqa yaşayış yeri yoxdur, yaşlı adamdır. O, bu formal alqı-satqıya cavabdehin oğlunu hədələməsi səbəbindən narahatlıq keçirib, buna görə evin alqı-satqısına ağır vəziyyətə görə razı olub və cavabdeh də bilir ki, oğlu onun 13.000 manat pulunu qaytaracaq. Məhkəmə iclasında cavabdeh və onun təmsilçisi hər biri ayrı-ayrılıqda iddiaya etiraz edərək, təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən cavabdeh tərəfi dinləyərək, mülki iş materiallarını tədqiq edib, sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan “Daşınmaz əmlakın alqı-satqısı” barədə xx.xx.2022-ci il tarixli ******* nömrəli müqavilənin surətindən görünür ki, İddiaçı 15000 manata ünvan 3 ünvanında yerləşən 1 nömrəli mənzili Cavabdeh satmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, borc verən Cavabdeh borc alan X4 13000 manat pul borc vermiş, borc alan krediti xx.xx.2022-ci il tarixinədək qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)- 4206/2023 nömrəli qərarından görünür ki, X3, X5, X2, X10, X11, X12, X7, X8, X9 və İddiaçı Gəncə şəhər, X22 küçəsi, ev 194, mənzil 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Gəncə Şəhər Baş Polis idarəsinin üzərinə qoyulması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022ci il tarixli qərarında əks olunmuş hüquqi mövqeyə görə, “yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; - gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; - yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur.” Məhkəmə iddiaya münasibətdə qeyd edir ki, iddiaçı cavabdehlə aralarında sözügedən evə dair bağlanmış müqavilənin yalan əqd olduğuna əsaslanaraq həmin razılaşmanın etibarsız hesab olunması tələbini irəli sürmüşdür. Cavabdeh əsas tələbini əsaslandırmaq üçün cavabdehə olan borcunun təminatı qismində mübahisəli evin alqısatqısına dair müqavilə bağladıqlarını və evin mülkiyyət hüququnun cavabdehə keçməsinə dair razılaşma nəzərdə tutmadıqlarını bildirmişdir. Beləliklə, iddiaçının mövqeyinə əsasən, mübahisələndirilən əqd öhdəliyin icrasına təminat qismində daşınmaz əmlakın yüklü edilməsi məqsədilə bağlanmışdır. Lakin bu hal alqı-satqı müqaviləsinin yalan əqd hesab edilə bilməsinə əsas vermir. Qeyd edilən hal tərəflərin əslində mübahisəli evin ipoteka ilə yüklü edilməsi üçün hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən alqı-satqıya dair hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərmir. Belə ki, tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etməsi, bunun üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaq və görüntü yaratmaq niyəti, bununla yanaşı, tərəflərin hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradılması arzu olunan üçüncü şəxslər müəyyən olunmur. Halbuki, qeyd edilən Qərarda əks olunmuş hüquqi mövqeyə əsasən, yalan əqd sadalanan həmin əsas tərkib əlamətlərinə malik olmalıdır. Bununla yanaşı, həmin Qərarda əks olunmuş hüquqi mövqeyə əsasən, müqavilə tərəflərindən yalnız iddiaçıda yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil, belə ki, cavabdeh məhkəməyə icraatı zamanı aralarındakı razılaşmanın yalan əqd olmasını inkar etmişdir. Bundan başqa, qanunvericilik borc müqaviləsinin təminatı kimi evin ipoteka ilə yüklü edilməsi qaydalarını müəyyən edir. İş materialları əsasında yaşayış sahəsinin satılması ərəfəsində iddiaçının özünə məxsus mübahisəli əmlakı borc müqaviləsi üzrə ipoteka ilə yüklü etməsinə mane ola biləcək hər hansı halın mövcud olduğu müəyyən edilmir. Bu baxımdan alqı-satqı müqaviləsinin məhz borc müqaviləsi üzrə təminat məqsədilə imzalandığı barədə iddiaçının mötəbər sübutlarla təsdiq olunmayan dəlilləri əsassızdır. Digər tərəfdən, iddiaçı, həmçinin əmlakın alqı-satqı müqaviləsində nəzərdə tutulmuş dəyərinin aşağı olması ilə tələbini əsaslandırmışdır. Lakin nəzərə almaq lazımdır ki, qiymət müqavilənin əvəzli ya əvəzsiz olmasını göstətən mühüm şərtdir və həmin məbləğin aşağı və ya yuxarı olması əqdin etibarlılığına təsir edən hal kimi qanunvericilikdə nəzərdə tutulmamışdır. Belə ki, Mülki Məcəllənin 6-cı maddəsinə əsasən, mülki hüquq subyektlərinin bərabərliyi, mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı vəmülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması mülki qanunvericiliyin əsas prinsiplərindədir. Bununla yanaşı, hazırkı iş üzrə tərəflər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə etmiş, onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və sərbəst olaraq qanunvericiliyə zidd olmayan müqavilə şərtləri qoymuşlar. Bundan başqa, həmin mülki hüquqların qanunla məhdudlaşdırıla bilməsi üçün dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri hallar müəyyən edilmir. Bundan başqa, iddiaçı tələbini borc müqaviləsi ilə əsaslandırır. Məhkəmə həmçinin qeyd edir ki, alqı-satqı müqaviləsinin tərəfləri arasında həmçinin borc münasibətlərinin mövcudluğu əqdin etibarsızlığı üçün əsas və sübut deyil. Məhkəmə mülki işin tədqiq edilmiş faktiki hallarına hüquq normalarını tətbiq etməklə hesab edir ki, sübuta yetirilmədiyi üçün iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia təmin edilmədiyi üçün həmin ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T Dİ : İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar