Məhkəmə qərarları › İş №2(125)-3243/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3243/2024

31.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3243/2024 31.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X8 İsa oğlunun sədrliyi, X3 Eldar oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmədə baxaraq, məhkəmə bu qətnaməni qəbul etdi; İşin halları; Mülki işin materiallarında olan, doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Cavabdeh ilə İddiaçı birgə nikahından 10 yanvar 2015-ci il tarixdə doğulmuş X6 adında yetkinlik yaşına çatmayan bir uşaqları vardır. İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, 2(125)-1582/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin olunmuş, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsində 243 nömrə ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahlarından xx.xx.2015-ci ildə anadan olmuş X4 anası İddiaçı yanında saxlanılması və onun yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. İddia tələbi barədə məlumatlar; İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə Şəhər Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, 2(125)- 1582/2022 nömrəli qətnaməsi ilə Cavabdeh xx.xx.2015-ci il tarixdə anadan olmuş X1 üçün tutulan 170 manat alimentin məbləğinin artırılaraq hər ay 250 manat məbləğində müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə Gəncə şəhər Kəpəz rayonu Qeydiyyat şöbəsində nikah qeydə alınmış, xasiyyətlərinin tutuşmaması səbəbindən cavabdehlə bir yerdə yaşamaqları mümkün olmamışdır. Gəncə Şəhər Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, 2(125)-1582/2022 nömrəli qətnaməsi ilə nikahları pozulmuş, birgə nikahlarından xx.xx.2015-ci ildə anadan olmuş X4 iddiaçının yanında saxlanılması və X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Lakin həmin aliment məbləği cavabdehin aylıq gəlirinə nisbətdə azdır. Belə ki, X7 həm idmana, həm repetitor yanına getdiyi üçün onun xərcləri çoxalmışdır. Ona görə də iddaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Tərəflərin izahatları; Məhkəmədə İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim etmiş, bundan sonra iddia ərizəsində qeyd edilən xüsusatlara uyğun izahat verərək, Gəncə Şəhər Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, 2(125)-1582/2022 nömrəli qətnaməsi ilə Cavabdeh xx.xx.2015-ci il tarixdə anadan olmuş X1 üçün tutulan 170 manat alimentin məbləğinin artırılaraq hər ay 200 manat məbləğində müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh iştirak etmiş və izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir, hazırda o, Bakı şəhərində yaşayır və X2 Bakı Regional Qazın Satışı Departamentinin qazın balansı, satışı və müştəri xidmətləri şöbəsində qaz təsərrüfatının nəzarətçisi işləyir. Aylıq əmək haqqı isə 685 manatdır. Odur ki, maddi vəziyyətinin nəzərə alınmasını və iddia tələbinin rədd olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin iş üzrə mövqeyi və tətbiq edilən hüquq. Məhkəmə, iddiaçını və cavabdehi dinləyib, iş materiallarını tam, hərtərəfli araşdıraraq, hesab edir ki, iddia tələbi təmin edilməli, qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlayaraq xx.xx.2015-ci ildə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Gəncə Şəhər Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, 2(125)- 1582/2022 nömrəli qətnaməsi ilə hər ay bir uşaq üçün müəyyən edilmiş 170 manat sabit pul məbləğində alimentin məbləği artırılaraq hər ay bir uşağa görə 200 manat məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü hissəsində qeyd olunmuşdur ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. - 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, habelə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. - 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yetkinlik yaşına çatmayan uşağın mənafeyini, alimentin tutulduğu 2022-ci il tarixdən bu günə qədər uşaqlar üçün yaşayış minimumunun artdığını, həm də sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən müəyyən edilərkən tərəflərin maddi və ailə vəziyyətinin nəzərə alınmalı olduğu barədə Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün hər ay sabit pul məbləğində tutulan alimentin məbləği artırılaraq, 200 manat məbləğində müəyyən edilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 8- 2\2016 saylı Qərarının 8-ci maddəsinin 12-ci bəndində göstərilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır. Bundan başqa iş materiallarından müəyyən olunur ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına 50 manat xərc ödənilmişdir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 8.1.1-ci maddəsinə əsasən, iddianin qiyməti 1000 manatadək olduqda Dövlət rüsumunun məbləği 30 manat müəyyən edilir. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar Dövlət rüsumunun ödənilməsindən azaddırlar. Azərbaycan Respublikasının MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 113.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır. Hazırki işdə aliment alınması haqqındakı iddianın qiyməti (200-170)=30 manat x 12 ay)=360 manat məbləğini təşkil edir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 8.1.1-ci maddəsinin tələblərinə əsasən, hazırki işdə ödənilməli olan dövlət rüsumu 30 manat məbləğini təşkil edir. Azərbaycan Respublikasının MPM-nin 124.1-ci maddəsinin tələblərinə görə, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Baxılan işdə iddiaçı alimentin alınması tələbi hissədə dövlət rüsumunu ödəməkdən azad edildiyindən, ödənilməli olan 30 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikasının MPM-nin 124.1-ci maddəsinə əsasən Cavabdeh alınıb dövlət büdcəsinə ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Belə olan halda, mediasiya xərcinin iddiaçı tərəfindən ödənildiyini və cavabdehin üzrsüz səbəbdən ilkin mediasiya sessiyasında iştirak etmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 50 manat xərc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 357, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, 2(125)-1582/2022 nömrəli qətnaməsinə əsasən müəyyən olunmuş alimentin məbləği dəyişdirilsin. Cavabdeh ilə İddiaçı birgə nikahından xx.xx.2015-ci il tarixdə doğulmuş X7 adında yetkinlik yaşına çatmayan bir uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin və həmin məbləğdə alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. İlkin mediasiya sessiyasına ödənilmiş 50 (əlli) manat xərc Cavabdeh tutulub, İddiaçı verilsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq Dövlət büdcəsinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar