Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-328/2025 16.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının, onun nümayəndəsi və vəkili Vəkil1, cavabdehin, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona borclu olduğu 15500 manat, hüquqi yardım üçün vəkilə ödədiyi 325 manat və dövlət rüsumu kimi ödədiyi 135 manat pul vəsaitinin alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi – iddianın həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən 15000 (on beş min) manat, hüquqi yardım üçün vəkilə ödədiyi 325 (üç yüz iyirmi beş) manat və dövlət rüsumu üçün ödədiyi 135 (yüz otuz beş) manat pul vəsaitinin alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş, göstərmişdir ki, cavabdehin ona borclu olduğu 15500 manat pul vəsaitindən 500 manatı, ayda 100 manat olmaqla cavabdehin qaynanası tərəfindən verilmişdir. Ona görə iddiasına azaltma verərək cavabdehdən 15500 manat yox, 15000 manat borclu olduğu pulu tələb edir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun qonşusudur və uzun müddətdir ki, bir-birlərini tanıyırlar. Bir neçə il öncə onlar bir yerdə işləmişlər. Qonşu olduqları və bir yerdə işlədiklərindən münasibətləri daha da yaxşılaşmışdır. Onlar çox yaxın rəfiqə olmuşlar. Hətta onlar bacı qədər bir-birlərinə yaxın olmuşlar. Bir neçə il öncə cavabdeh müəyyən problemləri olduğu üçün ondan köməklik göstərərək borc pul verməyini xahiş etmişdir. O, özündə pul olmadığından və onlar həddən artıq yaxın olduqlarından cavabdehə pul tapmaq üçün bir neçə şəxsə müraciət etmişdir. Beləliklə, bir neçə şəxsə müraciət etdikdən sonra, iş yoldaşı Şahid1 birinci dəfə 9100 (doqquz min yüz) manat, ikinci dəfə 2400 (iki min dörd yüz) manat pul alaraq həmin pulları elə Şahid1 yanında cavabdehə vermişdir. Daha sonra, qonşusu Şahid2 4000 (dörd min) manat alaraq həmin məbləği də Şahid2 evinin qarşısında Şahid2 yanında cavabdehə vermişdir. Həmin vaxt cavabdeh əri Elsəvər Allahverdiyev və uşaqları ilə birgə gəlmişdir. Beləliklə, o cavabdehə ümumilikdə borca 15500 manat pul vermişdir. Cavabdeh ona borc verdiyi pulları qısa vaxt ərzində qaytaracağına söz versə də, hazırki günə kimi qaytarmamışdır. O, cavabdehdən pulunu hər dəfə istəyəndə cavabdeh ona yaxın vaxta qaytaracağına söz versə də, lakin verdiyi sözə əməl etmir. O cavabdehə borc verdiyi pulunu geri ala bilmədiyi üçün məcbur olub hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Həmin pulun cavabdehə onun borc verməsini pulu aldığı şəxslər təsdiq edə bilərlər. Həmin şəxsləri - Şahid2 və Şahid1 məhkəmə iclasında şahid qismində dəvət edəcək. Cavabdehin nümayəndəsi və vəkili məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, iddia tələbini əsassız olduğundan qəbul etmirlər. Belə ki, iddiaçı öz iddiasında bir neçə il bundan öncə cavabdehə pul lazım olduğu üçün Vəfa və Tahirə adlı şəxslərdən 15500 (on beş min beş yüz) manat məbləğində pul alıb cavabdehə borca pul verdiyini və cavabdehin qısa müddətə qaytaracağını söz versə də, bu günə kimi borcun qaytarılmadığını iddia edir. İşin əsli ondadır ki, cavabdeh 21 yanvar 2019-cu il tarixdə qonşusu və iş yoldaşı olan iddiaçıya müraciət edərək ona pul lazım olduğunu bildirmişdir. İddiaçı cavabdehə pul verə biləcəyini qeyd etmiş, lakin faizə (sələmə) verə biləcəyini bildirmişdir. İddiaçı iddia ərizəsində cavabdehə borc verdiyini şahidlər Şahid2 və Şahid1 təsdiq edə bilərlər kimi qeyd etmişdir. Cavabdeh Vəfa və Tahirə adlı şəxsləri ümumiyyətlə görməmiş və onların yanında iddiaçıdan ümumiyyətlə pul qəbul etməmiş, nə də ki, həmin şəxslər həmin anın şahidi ümumiyyətlə olmamışlar. Ona görə də Şahid2 və Şahid1 ifadəsi mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, Şahid2 və Şahid1 iddiaçıya hansı məbləğdə pul vermələrindən cavabdehin xəbəri olmamışdır. Onlar, iş üzrə maraqlı şəxsdirlər, həm də onların ifadəsi digər sübut növləri ilə öz təsdiqini tapa bilməz. Bundan başqa, iddiaçı iddia ərizəsində həmin pulu bir neçə il öncə verdiyini iddia edir, lakin hansı tarixdə verdiyini dəqiqləşdirməmişdir. Bu barədə sübut etmə yükü iddiaçının üzərinə düşür. Sübutetmə vəzifəsi iddiaçının üzərinə düşsə də, iddiaçı bu hissələrdə iddia tələbinin əsasını sübuta yetirə bilmir, yalnız formal şahidlərə söykənərək tələbini təsdiq edən hər hansı mötəbər sübuta istinad etməmişdir. Qanunvericilinin müvafiq normalarının tələbindən göründüyü kimi, qanunla müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır və borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa, yazılı formada bağlanmalıdır. Göründüyü kimi, iddiaçı qanunvericiliyin tələbini pozmuş və şifahi qaydada verdiyi məbləği iddia edir. Halbuki, cavabdeh iddiaçıdan ümumiyyətlə həmin məbləği qəbul etməmişdir. Hazırki halda isə tərəflər arasında pulun borc verilməsi barədə, predmetinin məbləği 3000 manatdan çox olan borc müqaviləsi bağlansa da, həmin müqavilə qanunla müəyyən olunmuş qaydada yazılı formada bağlanmamışdır. Buna görə də tərəflər arasında bağlanmış predmetinin məbləği 3000 manatdan çox olan həmin borc müqaviləsi etibarsızdır. İddia tələbi əsassızdır. İddia ərizəsində göstərilənlər həqiqətə uyğun deyil və öz təsdiqini tapmır. Ona görə də etirazda hesab edilir ki, göstərilən xüsusatlar nəzərə alınıb iddia tələbi təmin edilməməlidir. Cavabdehin nümayəndəsi və vəkili məhkəməyə həmçinin iddia müddətinin tətbiqi barədə ərizə ünvanlayaraq mübahisəyə iddia müddətinin tətbiq olunmasını və iddiaçının iddia tələbinin təmin edilməməsini xahiş etmiş, qeyd etmişdir ki, tərəflər arasında mübahisə 2019-cu il tarixdə yaranmışdır. İddiaçı iddia ərizəsində həmin pulu bir neçə il öncə verdiyini iddia edir, lakin hansı tarixdə verdiyini dəqiqləşdirməmişdir. Bu barədə sübut etmə yükü iddiaçının üzərinə düşür. İddiaçı tərəfindən iddia ərizəsi qaldırarkən qanunla müəyyən olunmuş iddia müddətini ötürülmüşdür. İddia müddəti mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. Məhkəmə iclaslarında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, tanışlarından 2022-ci ilin qış aylarında – yəni noyabr ayında 9100 manat və 2400 manat, dekabr ayında isə 4000 manat olmaqla, cəmi 15500 manat məbləğində pul vəsaitini alaraq cavabdehə vermişdir. Belə ki, Şahid1 birinci dəfə 9100 manat, ikinci dəfə 2400 manat pul alaraq bağçada, iş yerində cavabdehə vermişdir. Daha sonra, qonşusu Şahid2 4000 manat alaraq həmin məbləği də iddiaçı özünəməxsus evdə cavabdehə vermişdir. Cavabdehin onda heç bir kartı olmamışdır. Cavabdeh sözügedən hadisənin 2019-cu ildə baş verdiyini deyir, lakin cavabdeh ilə həmin vaxt bağçada iş yoldaşı olmuş, aralarında isə “lotereya” ilə bağlı münasibətlər olmuşdur. Cavabdeh həmin ərəfələrdə də dəfələrlə ondan borca pul götürsə də, həmin məbləğ cəmi 200-260 manat olmuş, onu isə bir ay ərzində geri qaytarmışdır. Cavabdeh hazırkı borc məbləğini 2022-ci ilin noyabr ayında işə düzələcəyini bildirib götürdükdən sonra 3 aya ödəyəcəyini, Rusiyadan qardaşının gəlib borcunu bağlayacağını bildirmişdir. Cavabdehə 2 il ərzində dəfələrlə borcunun ödənilməsi ilə bağlı həm telefon vasitəsilə müraciət etməsinə, həm də cavabdehin evinə getməklə borcunu tələb etməsinə baxmayaraq, gah cavabdeh, gah da cavabdehin anası borcun ödənilməsinə dair yalan vədlər vermişdir. Hətta bu müddət ərzində cavabdeh dəfələrlə özünəməxsus telefon nömrələrini dəyişdirmişdir. 2022-ci ildən bəri cavabdehdən verdiyi borc vəsaitini ala bilmədiyi üçün dəfələrlə mənəvi stress, əzab çəkmişdir. Cavabdehə pulu verəndən bir müddət sonra özünə “Chevrolet Cruze” markalı avtomobil almış, “whatsapp” sosial şəbəkə platformasında avtomobilinin şəklini paylaşaraq altına “axır ki, arzuma çatdım” yazmışdır. Borc götürdükləri tanışları ondan pulunu tələb elədiyinə görə qayınanası və qayınatasının pensiya kartlarını tanışlarına vermişdir. Bundan sonra qayınanası cavabdehin qayınanasının yanına getmiş, cavabdehin qayınanası gəlininin, yəni cavabdehin kiməsə borclu olduğunu bildiyini, lakin onun məhz iddiaçının özü olduğunu bilmədiyini, sözügedən borcun oğlunun borcu olduğunu, bu məsələni yoluna qoyacağını demişdir. Bu söhbətdən sonra cavabdehin qayınanası 15500 manat borcdan hər ay 100 manat olmaqla, fasilələrlə cəmi 500 manat məbləğində pul vəsaitini nağd şəkildə onun qayınanasına vermişdir. Cavabdehin qayınanası tərəfindən hazırkı borc məbləği üzrə son ödəniş keçən ilin iyun-iyul aylarında olmuşdur. Cavabdeh ona 1050 manat ödəniş etməyib. Cavabdeh 15500 manat borcundan 1 il sonra, 2023-cü ilin noyabr, dekabr, aprel, iyun və sonuncu dəfə iyul ayında hər ay 100 manat olmaqla, cəmi 500 manat qaytarmışdır. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, tərəflərin tanışlıq münasibətləri olmuşdur. İddiaçının bildirməsinə görə, tərəflərin münasibəti daha dərinləşmiş, yaxın rəfiqəyə çevrilmişlər. Münasibətləri o dərəcədə yaxın olmuşdur ki, bir-birlərinə tam qaydada etibar etmişlər. İddiaçının deməsinə görə cavabdeh ondan müxtəlif problemləri olduğu üçün pul istəmiş, hətta adına kredit götürərək ona verməsini də xahiş etmişdir. Lakin bu mümkün olmadığına və aralarında yaxın dostluq münasibətləri olduğuna görə iddiaçı dəqiq tarixini xatırlamasa da, 2 il bundan öncə iddia ərizəsində qeyd etdikləri tanışlarından ayrılıqda 9100, 2400 və 4000 manat olmaqla, cəmi 15500 manat məbləğində pul vəsaitini alaraq cavabdehə vermişdir. Lakin cavabdeh ödənişləri vaxtında qaytaracağına dair verdiyi vədi yerinə yetirməyərək borc verilən pul məbləğini tamamilə qaytarmamışdır. Cavabdehin həyat yoldaşının da sözügedən məsələdən xəbəri olmuşdur. Həmçinin məhkəməyə təqdim etdikləri diskdə həm cavabdeh, həm də cavabdehin həyat yoldaşı “pul götürmüşük”, “qaytaracağıq” kimi etirafedici məzmunlu səs yazıları var. Cavabdehin qayınanası 15500 manat borc məbləğində pul vəsaitindən hər ay 100 manat olmaqla, fasilələrlə cəmi 500 manat məbləğində pul vəsaitini ödəmişdir. İddiaçı cavabdehlə qonşuluq və yaxın rəfiqə münasibətinə görə razı olmuşdur ki, cavabdeh pulu hissə-hissə ödəyə bilsin. Cavabdehin qayınanası tərəfindən sonuncu 100 manat ödəniş keçən ilin iyul ayında olmuşdur. İddiaçının deməsinə görə cavabdehin onda heç bir kartı olmamışdır. Həmçinin cavabdeh məhkəmənin birinci hazırlıq iclasında qismən etiraf etmişdir ki, iddiaçıdan müəyyən məbləğdə pul vəsaitini borca almışdır. Tərəflər arasında hər hansı sələm münasibətindən söz gedə bilməz. Məhkəmə iclaslarında iştirak edən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, iddiaçının qeyd etdikləri ilə tamamilə razı deyil. Ümumiyyətlə iddiaçı ilə iki qonşunun gəlinləridir, aralarında hər hansı dostluq münasibəti olmamışdır. Aralarındakı iş yoldaşı kimi münasibət mövcud idi. Sözügedən hadisə, yəni ona pulun verilməsi 2019-cu ildə baş vermişdir. 2019-cu ildə yanvar ayının 25-də ailə problemləri, həmçinin uşağının xəstəliyi ilə əlaqədar iddiaçıdan hissə-hissə, yəni ayda ***- **** manat olmaqla, 7000 manat civarında pul almışdır. Borcun qarşılığında ayda 1050 manat olmaqla, 10 ay iddiaçıya sələm vermişdir. Bu barədə özünəməxsus dəftərində də qeydiyyat aparmışdır. Hər ay 1050 manat nağd şəkildə pulu bəzən özü, bəzən qızı, bəzən də həyat yoldaşı və qayınanası aparıb iddiaçıya vermişdir. Hətta bəzən iddiaçının oğlu Elcan da gəlib həmin 1050 manatı onların evindən götürmüşdür. İddiaçı qonşusu Sədaqət xanımdan 100 manata 15 manat olmaqla, sələm alıb ona vermişdir. Onun əlil uşağının pensiya kartı, özünün və həyat yoldaşının əmək haqqı kartı onda olmuşdur. Həmçinin o, uşaqların ingilis və rus dili üzrə fərdi hazırlıqları ilə məşğul olmuş, ondan əldə etdiyi gəliri də iddiaçıya sələm vermişdir. 2020-ci ildə pandemiya vaxtı fərdi hazırlıqlara icazə verilmədiyi üçün gəlir əldə edə bilməmişdir. Buna görə də iddiaçıdan xahiş etmişdir ki, onu qonşusu Sədaqətin yanına aparsın. O iddiaçıdan uşaq xəstə olduğundan sələmi dayandırmağı, təkcə pul vəsaitini verməyini xahiş etsə də, iddiaçı bunun mümkün olmadığını bildirmişdi. Bundan başqa o, Sədaqətlə iddiaçının yanına qızıl komplekt dəsti, əlil uşağının pensiya kartı, özünün və həyat yoldaşının əmək haqqı kartını girov qoymuşdur. Belə ki, bir-iki ay o, sələmi verə bilməmiş, buna görə də iddiaçı ona Sədaqətdə olan komplekt qızıl dəstinin batdığını bildirmişdir. İddiaçının iddia ərizəsində qeyd etdiyi Tahirə adlı şəxs iddiaçının əmisinin həyat yoldaşıdır. İddiaçı Tahirə adlı şəxsi də götürərək onun evinə gəlmiş, bu zaman o pulu olmadığından 2 ədəd qazan dəstini çıxarıb onlara vermişdir. Pulu verə bilmədiyindən iddiaçı ona bildirmişdir ki, Sədaqət iddiaçıdan pulunu tələb edir. Buna görə də iddiaçı ona təklif etmişdir ki, “onun bağçada işləyən Könül adlı iş yoldaşının kənddə yaşayan xalasının qonşusu var, o 10 manatlıq sələm verir, gəl ondan pulu alaq, borcu bağlayaq, Sədaqətdən canı qurtarsın”. Həmçinin iddiaçı ona bildirmişdir ki, bunun ona da xeyri olacaq, hər ay 1050 manat əvəzinə 700 manat sələm verər. Nə Könül adlı şəxsi, nə də Sədaqət adlı şəxsi görməmişdir, həmin şəxslərin adını iddiaçıdan eşitmişdir. Bunlar hamısı iddiaçının qurduğu oyun olmuşdur. Təkcə Könüllə telefon əlaqəsi olmuşdur ki, Könül pulu versin, ona hər ay 700 manat ödəyəcək. Ona maraqlıdır ki, 2019-cu ildən bəri iddiaçıya heç bir ödəniş etməmişdirsə, niyə həmin vaxt yox, 5 il keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Həmin borcdan xəstə qayınanası ayda 100 manat olmaqla, cəmi 500 manat pul vermişdir. Həmçinin bu ilin avqust ayında balaca qızı qulağından əməliyyat olunmuş, əməliyyata 7000 manat xərci çıxmışdır. İddiaçı avqust ayında zəng edib yenə borcunu tələb edəndə iddiaçıdan uşağı yenicə əməliyyat etdirdiyini, onu bir-iki ay yola verməsini xahiş etmiş, qalan 1500 manat borcunu da qaytaracağını bildirmişdir. 2019-cu ildən 2020-ci ilə qədər 10 ay hər ay 1050 manat olmaqla, iddiaçıya sələm vermiş, 2020-ci ildə pandemiya düşən vaxt sələm ödənişlərini dayandırmış, bu zaman iddiaçıda olan kartlarını da banka gedərək bağlatmış, ***-**** manat olmaqla, hissə-hissə əsas borcu olan 7000 manatdan 5500 manat ödəniş etmişdir. Hazırda iddiaçıya olan 7000 manat borcundan 5500 manatını ödəmiş, cəmi 1500 manat borcu qalmışdır. Həmçinin, iddiaçı onun guya işə düzəlmək üçün sözügedən pulu borca götürməsini bildirsə də, bu yalandır, o 2011-ci ildən bəri dövlət işində işləyir. Ümumiyyətlə məhkəmə iclasında şahidlərin ifadələrində bildirdikləri - “uşağının əməliyyatına pul lazım idi” ifadəsi tamamilə yalandır, o borca pul istəyərkən uşağının əməliyyat olunması üçün istəməmişdir. Məhkəmə iclasında ifadə verən şahid Vəfa adlı xanımın dedikləri tamamilə yalandır, Vəfa xanımı bağçada müəllimə kimi tanımış, həmçinin onun qızlarının hazırlıq müəllimi olmuşdur. Bundan başqa nə Rusiyada qardaşı, nə də tanışı var. İddiaçı qeyd edir ki, guya anası ona zəng edib, borcu ödəyəcəyini öhdəsinə götürmüşdür. Bu yalandır, belə ki, onun anası şəhərdə tanınmış həkimlərdən biridir, həmçinin anasının heç vaxt iddiaçı ilə nə telefon danışığı, nə də tanışlığı olmamışdır. Həmçinin məhkəmə iclasında ifadə verən şahid Tahirə adlı xanımın dedikləri də tamamilə yalandır, belə ki, Tahirə adlı xanım deyir ki, onu heç vaxt görməmiş, iddiaçının vasitəsilə onu tanımışdır. 17 ildir ki, müəllimə işləyir, onu həmin küçədə olan qonşular hamısı, həmçinin Tahirənin özü də yaxşı tanıyır. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi və vəkili izahatında bildirdi ki, iddia tələbini əsassız olduğundan qəbul etmir. Məhkəməyə təqdim edilmiş səs yazılarında iddiaçı tərəfindən cavabdehə nə vaxt və nə qədər pul vəsaitinin verildiyi görünmür. Belə ki, şahid ifadələrindən başqa iddiaçı tərəfindən məhkəməyə iddia tələbini təsdiq edəcək hər hansı mötəbər sübut əlavə edilməmişdir. Cavabdeh özü məhkəmənin əvvəlki hazırlıq iclasında iddiaçıdan 7000 manat məbləğində borca pul götürdüyünü etiraf etmişdir. Odur ki, Konstitusiya Məhkəməsinin müvafiq qərarına əsasən qeyd olunan hal öhdəlikdən azad etməsə də, iddia müddəti keçdiyi üçün iddia tələbi təmin edilməməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, iddiaçı ilə həm iş yoldaşı, həm də yaxın rəfiqədir. Cavabdehlə isə əvvəllər iş yoldaşı olmuşlar. İddiaçı ona cavabdehin vəziyyətinin yaxşı olmadığını, uşağının əməliyyat olunacağını, həmçinin işə düzələcəyini, buna görə pul lazım olduğunu bildirmişdir. İddiaçı həmçinin demişdir ki, cavabdehin Rusiya Federasiyasındakı qardaşı 3 ay müddətinə borcunu qaytaracaq. Məhz buna görə köməklik etmək üçün iddiaçıya iş yerində birinci dəfə 2022ci ilin noyabr ayının əvvəlində 9100 manat, ikinci dəfə isə 2022-ci ilin noyabr ayının sonlarında 2400 manat borc vermişdir. İddiaçı həmin pulu elə onun yanında cavabdehə vermişdir. Bundan sonra iddiaçıya müraciət etsə də, o cavabdehin telefon zənglərinə cavab vermədiyini bildirmişdir. Məcbur olub, özü cavabdehə zəng etmiş, telefonu cavabdehin uşaqları açdığı üçün heç nə deyə bilməmişdir. İddiaçının dediyinə görə cavabdeh ona olan borcundan cəmi 500 manat qaytarmışdır. İddiaçı ilə cavabdeh arasında olan əvvəlki borc münasibətlərindən məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, iddiaçının həyat yoldaşının əmisinin həyat yoldaşıdır. Cavabdehi isə əvvəllər tanımamış, sonradan iddiaçının vasitəsilə tanımışdır. İddiaçı ona cavabdehin uşağının xəstə olduğunu, əməliyyat olunacağını, buna görə pul lazım olduğunu bildirmişdir. İddiaçı həmçinin demişdir ki, cavabdehin qardaşı 3 ay müddətinə pul göndərib, borcunu qaytaracaq. Cavabdehə kömək məqsədilə iddiaçıya 2022-ci ilin dekabr ayında 4000 manat borc vermişdir. Pulu gətirib iddiaçının evində ona vermiş, sonra öz evinə gedib iddiaçının evinə təzədən qayıdanda cavabdehi və ərini iddiaçının evində görmüşdür. İddiaçı çöldə olan tut ağacının altında 4000 manat pulu onun yanında cavabdehə vermişdir. Bundan sonra cavabdeh telefon nömrələrini dəyişmiş, ona zəng çatmamışdır. Həmçinin digər şahid Vəfanı da əvvəllər işlədiyi bağçadan tanıyır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, cavabdeh onun gəlinidir. Belə ki, 2019-cu ildə gəlini iddiaçıdan 7000 manat məbləğində pulu sələmə götürmüşdür. Gəlini 7000 manatdan xeyli ödənişlər etdikdən sonra 2000 manatı qalmışdı. 2020-ci ilin yay aylarında gəlini ödəməkdə çətinlik çəkdiyi üçün hər ay pensiyasından 100 manat verməklə, qalan borcdan cəmi 500 manat ödəniş etmişdir. Bundan sonra onkoloji əməliyyat olunduğu, həmçinin müharibə başladığı üçün qalan 1500 manat borc ödənilmədi. Həmçinin aralarında sələmlə əlaqədar mübahisələr yarandı, iddiaçı ondan 1500 manatı yox, sələmlə birlikdə daha çox məbləği tələb etdi. Məhkəmə iddiaçının, onun nümayəndəsi və vəkilinin, cavabdehin və onun nümayəndəsi və vəkilinin izahatlarını, şahid ifadələrini dinləyib, mülki işin materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göstərilən müddəalarda öhdəliyin yaranması əsasları və ümumi şəkildə dairəsi müəyyən edilmişdir. Adı çəkilən müddəaların məzmunundan göründüyü kimi, öhdəliyin yaranması üçün ilk növbədə onun iştirakçıları (tərəfləri) arasında hüquq münasibətləri yaranmalı və bu münasibətlər qanunla müəyyən edilmiş qeyd edilən əsaslara söykənməlidir. Yaranma formasına görə öhdəliklər müqavilədən əmələ gələn, müqavilədən kənar öhdəliklər (deliktlər) və qanundan irəli gələn öhdəliklərə (əsassız varlanma) bölünür. Öhdəliklərin ən geniş yayılmış forması isə müqavilə öhdəlikləridir. Qanun müəyyən edir ki, müqavilədən əmələ gələn öhdəliklərin yaranması üçün tərəflər arasında müqavilə bağlanmalıdır. İddiaçı tanışlarından 2022-ci ilin qış aylarında – yəni noyabr ayında 9100 manat və 2400 manat, dekabr ayında isə 4000 manat olmaqla, cəmi 15500 manat məbləğində pul vəsaitini alaraq cavabdehə borc verdiyini iddia edir. Məhkəmə qeyd edir ki, yuxarıda şərh edilənlərə əsasən, bu halda öhdəliyin yaranması üçün tərəflər arasında borc müqaviləsinin bağlanması şərtdir. Tərəflər arasında iddia edilən hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olmuş Mülki Məcəllənin 739.1-ci maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Qeyd edilən müddəanın mənasından aydın olur ki, borc verən tərəfindən pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməsi borc müqaviləsinin əsas şərtlərindəndir. Borc müqaviləsi mahiyyətcə konsensual müqavilə olsa da, qeyd edilən şərt bu müqavilənin qüvvəyə minməsinə də birbaşa təsir göstərir. Digər bir tərəfdən, borc müqaviləsinin daha bir xüsusiyyəti tərəflərin öhdəliyinin yaranma anı ilə bağlıdır. Qeyd edilən müddəadan göründüyü kimi, borc alanın öhdəliyi (borcu geri qaytarmaq) borc predmetinin onun mülkiyyətinə verildiyi andan sonra yaranır. Həmçinin, Məcəllənin 740.2-ci maddəsində qanunvericilik borc müqaviləsinin forması ilə bağlı imperativ qayda da müəyyən etmişdir ki, məbləği üç manatdan çox olan müqavilə yalnız yazılı olduqda, bağlanmış sayılır. Bundan başqa, məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM) sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. MPM-in 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. MPM-in 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məcəllənin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutetmə vəzifəsinin bölgüsü baxımından borc müqaviləsi üzrə öhdəliyin yaranmasını sübuta yetirmək vəzifəsi iddiaçının, öhdəliyin icra edilməsini və ya öhdəliyə digər əsasla xitam verilməsini sübuta yetirmək vəzifəsi isə cavabdehin üzərinə düşür. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında iddiaçının tələb etdiyi dövrdə - 2022-ci ilin qış aylarında, yəni noyabr, dekabr aylarında ümumiyyətlə borc münasibətləri yaranmamış, iddiaçı həmin tarixlərdə cavabdehə hər hansı pul vəsaiti verməmiş və cavabdehin də iddiaçı qarşısında məhz həmin tarixlərdə verildiyi iddia edilən borcu qaytarmaq kimi bir öhdəliyi yaranmamışdır. İddiaçı qeyd edilən tarixlərdə 15500 manat məbləğində pulun verilməsinə dair cavabdehlə şifahi və ya yazılı formada müqavilə bağlanması barədə məhkəməyə əsaslı sübutlar təqdim edə bilməmişdir. İddiaçı öz iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübut qismində özü ilə cavabdeh və cavabdehin həyat yoldaşı olan Elsevər Allahverdiyev arasında olan, həmçinin Şahid2 ilə cavabdehin həyat yoldaşı olan Elsevər Allahverdiyev arasında olan telefon danışıqlarını əks etdirən 1 ədəd “CD” disk təqdim etmişdir. Disk məhkəmə iclasında tədqiq edilmişdir. Həmin diskdə olan 2024-cü ilin aprel ayına təsadüf edən səsyazmalarda iddiaçı və Şahid2 borcunu tələb etmiş, cavabdehin həyat yoldaşı isə konkret borc məbləği göstərməyərək borcu ödəyəcəyini bildirmiş, ona vaxt verilməsini xahiş etmişdir. Həmçinin həmin diskdə olan iddiaçı, cavabdeh və cavabdehin həyat yoldaşı olan Elsevər Allahverdiyev arasında olan danışıqlara dair səsyazmada cavabdeh uşaqlarına hazırlıq pulu tapıb verə bilmədiyini, bütün qab-qacaqlarının sələmə görə satıldığını, iddiaçıya olan borcunu qəbul etdiyini, həyat yoldaşı Elsevərin anası ilə birlikdə borcunu ödəməli olduğunu bildirmişdir. Diskdə olan iddiaçı ilə cavabdeh arasındakı 2024cü ilin iyul ayında baş verən danışıqlarda iddiaçı cavabdehdən borcunu tələb etmiş, cavabdeh isə imkanının olmadığını, uşağının yenicə əməliyyatdan çıxdığını, qayınanasının pensiyasından ayda 100 manat olmaqla, cəmi 500 manat ödəyəcəyinə imkanının olduğunu bildirmişdir. Göründüyü kimi, iddiaçının iş materiallarına əlavə etdiyi səs yazısında iddiaçının cavabdehə məhz 2022-ci ilin qış aylarında – yəni noyabr ayında 9100 manat və 2400 manat, dekabr ayında isə 4000 manat olmaqla, cəmi 15500 manat məbləğində pul vəsaitini borc verməsini təsdiq edəcək etiraflar öz əksini tapmamışdır. Səs yazısında cavabdehin iddiaçıya borclu olması ilə bağlı ümumi danışıq əks olunmuş, konkret tarix və məbləğlə bağlı hər hansı danışıq qeydə alınmamışdır. Məhkəmə iclasında cavabdeh tərəf həmin səs yazısında qeyd edilənlərin iddiaçıdan 2019-cu il tarixdə aldığı borcla bağlı olduğunu bildirmişdir. Bundan başqa, məhkəmə qeyd edir ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halların təsdiqi ilə bağlı şahid ifadələrinə istinad edir. Lakin məhkəmə, iddiaçının təqdim etdiyi və məhkəmənin iclasında dindirilmiş şahidlərin ifadələrinə tənqidi yanaşaraq onları mötəbər sübut kimi qəbul etmir. Məhkəmə bununla bağlı nəzərə alır ki, MPM-in 76.2-ci maddəsinə əsasən şahid ifadələri ilə müəyyən edilən məlumatlar mülki prosesdə əsas sübut növlərindən biridir. Digər sübutlar kimi şahid ifadələrinin də məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Lakin MPM-in 88-ci maddəsinə əsasən əgər məhkəmə şahid ifadələrini mötəbər sübut kimi qəbul etmirsə bununla bağlı mövqeyini əsaslandırmalıdır. Çünki konkret işin hallarından asılı olaraq tərəf işin müəyyən hallarını yalnız ona yaxın şəxslərin şahid ifadələri əsasında sübut etmək imkanına malik ola, yaxud ona yaxın insanlar da işin halları ilə bağlı mötəbər məlumatlar verə bilərlər. Həmçinin, nəzərə alınmalıdır ki, tərəflərdən birinin yaxını və ya qohumu olsa da, məhkəmə iclasında şahid qismində ifadə verməyə razılıq vermiş şəxslər də MPM-in 194.1-ci maddəsinə əsasən digər şahidlər kimi bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdar edilirlər və onlardan bu barədə iltizam alınır. Bu baxımdan iş üzrə şahidlərin xeyrinə ifadə verdiyi tərəflə yaxın münasibətləri, o cümlədən, qohumluğu onların ifadəsinin mötəbər olmadığı barədə qənaətə gəlmək üçün yeganə əsas kimi çıxış edə bilməz. Hakim şahid ifadəsinə tənqidi yanaşmaqla bağlı mövqeyini, həmçinin digər hallarla: şahid ifadələrinin qeyri-səmimiliyi, dolğun olmaması, işə aid olmaması, işdə olan digər sübutlarla zidiyyət təşkil etməsi və sair hallarla əsaslandırmalıdır. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı). Bütün bu göstərilənləri nəzərə alaraq məhkəmə qeyd edir ki, Şahid1 və Şahid2 məhkəmə iclasında şahid qismində dindirilərkən sözügedən pul məbləğlərinin iddiaçıya verilməsini ifadələrində bildirsələr də, həmin ifadələrə tənqidi yanaşılmalıdır, çünki şahidlər tələb edilən müvafiq pul məbləğlərinin onlara məxsus olduğunu bildirirlər və bu səbəbdən şahidlərin cavabdehin ziyanına, lakin iddiaçının mövqeyinə uyğun ifadə vermələri anlaşılandır. Məhkəmə, yuxarıda qeyd edilən maddi və prosessual hüquq normalarının məzmununa istinadla qeyd etməyi zəruri hesab edir ki, qanunverici sübutetmə vəzifəsini iddiaçı və cavabdeh üçün bərabər şəkildə müəyyən etmişdir. Hazırkı mübahisə üzrə sübut etmə yükü bilavasitə iddiaçının üzərindədir və iddiaçı irəli sürdüyü hüquqi mövqeyini müdafiə etməsi üçün əsaslandığı dəlillərini sübut etməyə borcludur. Lakin iş materiallarından da göründüyü kimi, cavabdehə məhz 2022-ci ilin qış aylarında – yəni noyabr ayında 9100 manat və 2400 manat, dekabr ayında isə 4000 manat olmaqla, cəmi 15500 manat məbləğində pul vəsaitini borc verməsi faktını sübuta yetirmək vəzifəsi üzərinə düşən iddiaçı qeyd edilən halı təsdiq edə biləcək etibarlı sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, işin şərh edilən hallarından da göründüyü kimi, tələb edilən dövrdə tərəflər arasında borc müqaviləsi bağlanmamış, cavabdeh iddiaçı qarşısında hər hansı borc predmetinin (pul və ya əvəz edilə bilən digər əşya) qaytarılması barədə öhdəlik götürməmiş, iddiaçı cavabdehlə aralarında 2022-ci ilin noyabr və dekabr aylarında borc müqaviləsinin bağlanmasını sübuta yetirə bilməmişdir. Həmçinin, MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə məhkəmə xərci iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumundan ibarətdir. İddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-328/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-328/2025
16.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver