Məhkəmə qərarları › İş №2(125)-3285/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3285/2023

12.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3285/2023 12.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X6, İddiaçı cavabdehlər Cavabdeh1 qızı və X3 qarşı “pul” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 qızı və X3 qarşı “pul” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 qızı və əri X1 müştərək olaraq onlara verdiyi elektrik məişət əşyasının qalıq dəyəri kimi 401 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğin – cəmi 431 manatın alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yaşayan Cavabdeh1 qızı və əri X4 ona məxsus H.Əliyev 20 ünvanında yerləşən “Elektron” elektrik məişət malları mağazasından, dəyərini 6 aya hissə-hissə ödəmək şərti ilə xx.xx.2019-cu il tarixində ümumi dəyəri 451 manat olan 1 ədəd “Samsung SM A205” telefon almış, ilkin olaraq 50 manat ödəmiş, bundan sonra 401 manat borcu yaranmışdır. Dəfələrlə müraciət etməsinə və malın alınmasından üç ildən çox vaxt keçməsinə baxmayaraq, Cavabdeh1 qızı və əri X4 müxtəlif bəhanələrlə borclu olduqları 401 manat məbləği ödəmirlər. Ona görə də məhkəmə qaydası ilə cavabdehlərdən onlara verdiyi əşyanın qalıq dəyəri kimi 401 manat pul cavabdehlərdən alınaraq ona verilməlidir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284–1–ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284–5.1–ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş və həmin tarixdə məhkəmə cavabdehlərə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə göndərilməklə, ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: xx.xx.2019-cu il tarixli “Elektron” mağazasının direktoru-satıcı İddiaçı ilə Cavabdeh1 qızı arasında bağlanmış alqı-satqı müqaviləsindən görünür ki, müqaviləyə əsasən “Satıcı” “Alıcı”ya növü, çeşidi və xarakterik xüsusiyyətləri Əlavə cədvəldə razılaşma ilə müəyyən olunmuş “Mal” satır, “Alıcı” isə həmin Malı qəbul edir və Müqavilə ilə razılaşmış qaydada Malın dəyərini “Satıcı”ya ödəyir. Malın qiyməti, aylar üzrə faiz artımı miqdarı, müqavilənin ümumi dəyəri, ilkin ödənişin miqdarı, malın dəyərinin ödənilməsi ardıcıllığı, aylıq ödənişin miqdarı, aylar üzrə bölgüsü Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə cədvəldə razılaşma yolu ilə müəyyənləşdirilir. xx.xx.2019-cu il tarixli alqı-satqı Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Əlavə cədvəldən görünür ki, Cavabdeh1 qızı dəyərini 6 aya hissə-hissə ödəmək şərti ilə ümumi dəyəri 451 manat olan 1 ədəd “Samsung SM A205” telefon almış, ilkin olaraq 50 manat ödəmiş, bundan sonra 401 manat borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh1 qızına borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. İddia tələbinin qanuni əsası kimi məhkəmə aşağıdakı maddi hüquq normalarına istinad etməyi əsaslı hesab edir. Belə ki, öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 44-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı ilə Cavabdeh1 qızı arasında mal satışına dair nisyə alqı-satqı müqaviləsi bağlanmış, satıcı öz üzərinə düşən öhdəliyini yerinə yetirmiş və elektrik avadanlığını cavabdehin sahibliyinə vermiş, cavabdeh isə öz üzərinə düşən öhdəliklərini yerinə yetirməyərək, ödəniş cədvəlində göstərilən müddətdə və məbləğdə pulu satıcıya ödəməmişdir. Həmçinin, məhkəmə qeyd edir ki, müddətli (nisyə) alqı-satqı müqaviləsi İddiaçı ilə Cavabdeh1 qızı arasında bağlanmışdır. Malın iddiaçı tərəfindən cavabdeh X3 verilməsi və aralarında razılaşma, eləcə də sonuncunun iş üzrə digər cavabdeh olan Cavabdeh1 qızının aldığı mala dair zamin durması sübut olunmamışdır. Buna görə də müqavilə üzrə cavabdeh X2 vəzifələri (öhdəlikləri) müəyyən olunmadığından ona qarşı iddia təmin edilə bilməz. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun da cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 qızından 401 (dörd yüz bir) manat borc və məhkəmə xərci qismində 30 (otuz) manat dövlət rüsumu olmaqla, ümumilikdə 431 (dörd yüz otuz bir) manat pul tutularaq, İddiaçı ödənilsin. İddia tələbi digər cavabdeh X3 münasibətdə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar