Məhkəmə qərarları › İş №2(125)-3287/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3287/2024

06.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3287/2024 06.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 53522 manat (cavabdehlərdə olan 53000 manat, vəkilə ödənilən 322 manat, dövlətə ödənilən 260 manat) pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun oğlu Şahid1 oğulunun qayınatası və qayınanasıdır. Cavabdehlərlə o 2020-ci il tarixdə qohum olmuşdur. Belə ki, oğlu - Şahid1 cavabdehlərin qızı X6 ilə 2020-ci il tarixdə ailə qurmuşlar. Şahid1 və X6 ailə həyatı qurduqdan bir müddət sonra ona məxsus olan Gəncə şəhəri, Natavan qəsəbəsi, ev 1, mənzil 1-də yaşamışdırlar. Oğlu Şahid1 ev almaq və borclarının bir qismini qaytarmaq üçün onların yaşadığı Gəncə şəhəri, Natavan qəsəbəsindəki evini satmışdır. Evi satan dövrdə oğlu Elşən ona bildirmişdi ki, qaynatası Cavabdeh1 onunla danışmaq istəyir. O Adilin təklifi ilə Adilə məxsus evdə görüşmüşdür. Adil, söhbət əsnasında ona bildirmişdi ki, arvadı Cavabdeh2 adına ünvan 4-da olan 6 nömrəli ev vardır, həmin evi satdığını, istərsə 55000 manata ona satacağı barədə təklif etmişdi. O, evə baxmış, ev təmirsiz olmasına baxmayaraq xoşuna gəlmişdir. O, Adil və Şəhla ilə evin qiymətini 55000 manata razılaşmışlar. Razılaşmaya əsasən 55000 manatın 50000 manatını Adilin ailə üzvlərinin yanında ona vermişdir. Bir müddətdən sonra Adilə qalmış 5000 borcunun 3000 manat hissəsini Adilə vermişdir. Adil pulu alandan bir neçə gün sonra bildirmişdir ki, ona verilmiş pulun qarşılığında ev təmir olsun və oğlu Şahid1 adına keçirilsin. O, Adilin bu təklifi ilə də razılaşmışdır. Sonradan dəfələrlə evi oğlunun adına keçirtməyi bildirsə də, Adil evi oğlunun adına evin təmirindən sonra keçirdəcəyini bildirmişdir. Hazırda evin təmiri bitməsinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 evi oğlu Şahid1 adına keçirtməkdən yayınırlar. Cavabdehlərin hərəkətinə görə Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsindən ona yazılı qaydada bildirmişlər ki, iş mülki iş olduğundan məhkəməyə müraciət etməlidir. Mülki iş üzrə cavabdehlər ona məxsus əmlakı ələ keçirtməklə əsassız varlanmışlar. Cavabdehlər məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirmişlər ki, İddiaçı qızı qızları X3 qaynanasıdır. Belə ki, qızı 2020-ci ildə iddiaçının oğlu Şahid1lə ailə həyatı qurmuşdur. Bir övladları var. Onlar 2023-cü ilin mart ayınadək Şahid1 atasından qalma Gəncə şəhəri, Natavan qəsəbəsi ev 1, mənzil 1-də yaşamışlar. İddiaçı ərizəsində bildirmişdir ki, Natavan qəsəbəsindəki evini satan zaman onlara məxsus olan Azərbaycan bayrağı küçəsi, bina 6, ev 6 ünvanında yerləşən 3 otaqlı mənzili iddiaçıya 55000 manata satmağı təklif etmişlər. Hətta verilən pulun razılığında evi təmir etdirməli, oğlunun adına keçirməyi bildirmişlər. Halbuki, onlar heç vaxt ev satmaq fikrində olmamışlar və onunla bu barədə heç bir razılaşmaları olmamışdır. İddiaçının isə evi satma səbəbi odur ki, 2022-ci ildə iddiaçı evi öz adına sənədləşdirdikdən sonra (ev sənədsiz idi) oğlu Şahid1 bildirmişdir ki, onlarla yaşamaq istəmir, evi satışa çıxarır. Oğlu Şahid1 buna etiraz etmişdir. Çünki iddiaçı, Elşənin anası İddiaçı bundan əvvəl atasından övladına verilən 3 otaqlı bina evini və torpaq sahəsini satmışdır. İddiaçı irəli sürdüyü iddialardan biri də 53000 manatın cavabdehlərə verilməsidir. Halbuki, bu iddia həqiqəti əks etdirmir. Belə ki, İddiaçı oğlu Şahid1 bildirmişdir ki, 73000 manata satdığı mənzilin pulu ilə özü üçün 1 otaqlı mənzil alacaq, 53000 manatı isə oğluna verəcək. Lakin 2 ay pulu verməkdən imtina etmiş və oğluna ev alacağını bildirmişdi. Lakin evlərin qiyməti çox bahalaşdığı üçün münasib yaşayış üçün əlverişli ev ala bilməmişdir. 2023-cü ilin may ayında gecə Şahid1 onlara zəng edərək bildirmişdir ki, anası İddiaçı ona vəd etdiyi pulu qaytarır. Şahid1 isə anası İddiaçı bildirir ki, pulu onların yaşadıqları ünvana versin. Çünki Şahid1 yaşadıqları ev ( Natavan qəs. ev 1, mən.1) satıldıqdan sonra ailəsi ilə birlikdə onlarla yaşamışlar. Elşən onlardan xahiş etmişdir ki, pulu götürsünlər. Çünki həmin gecə Şahid1 bazarda işləyirdi. Ertəsi gün gəlib pulu onlardan götürmüş və xahiş etmişdi ki, onlara məxsus olan Azərbaycan bayrağı küçəsi, bina 6, ev 6 ünvanında olan evi onlara versin, təmir edib yaşasınlar. Onlar da razılaşmışlar. Çünki onların yeganə varisi qızları Məmmədova Günaydır. Şahid1 evi təmir etdirmiş, özləri üçün lazım olan əşyaları almışlar. Hazırda ailəsi ilə birlikdə Azərbaycan bayrağı küçəsi, bina 6, ev 6 ünvanında yaşayırlar. Şahid1 məhkəməyə göndərdiyi ərizəsində bildirmişdir ki, o, 2020-ci il tarixdə X6 ilə ailə qurmuşdur. Bir övladları var. Həmin vaxtdan Gəncə şəhəri, Natavan qəsəbəsi ev 1, mənzil 1-də yaşamışlar. 2022-ci ildə anası İddiaçı evi öz adına sənədləşdirmiş, 2 ay sonra bildirmişdi ki, onlarla yaşamaq istəmir. Evi satıb iddiaçı özü üçün 1 otaqlı ev, onlara isə 50000 manat pul verəcəyini bildirmişdir. Ev 73000 manata satılmış, 50000 manatı onlara verməyi bildirsə də, 2 ay bundan imtina etmişdir. 2 aydan sonra ona bildirmişdir ki, pulu ondan götürsün. Həmin müddətdə o, ailəsi ilə birlikdə qayınatasıgildə yaşayırdı. Gecə bazarda işlədiyinə görə anasına bildirmişdir ki, pulu aparıb yaşadığı ünvana (qaynatasıgilə) versin. Belə də olmuşdu. Evlərin qiyməti çox bahalaşdığı üçün körpə uşaqla bərbad evlərdə yaşamaq istəməmişdir. Həyat yoldaşının (ailənin yeganə övladıdır) valideynlərindən xahiş etmişdir ki, onlara məxsus olan 3 otaqlı mənzillərini onlara versinlər, təmir elətdirib orada yaşasınlar. Onlar da razılaşmışdır. Anası İddiaçı ev alqısatqısı barədə və 53000 manat pulu qaynatasına verməsi barədə qaldırdığı iddianın heç bir əsası yoxdur. Pul onun razılığı əsasında evə göndərilib. Evi də o, təmir etdirib, evə əşya almışdır. Müəyyən borclarını vermişdir. Bu gün də o, sözügedən evdə ailəsi ilə birlikdə yaşayır. Anasının məqsədinin nə olduğu hələ də ona aydın deyil. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi, əlavə etdi ki, ev təmir olunarkən ustalarla heç bir əlaqəsi olmamışdır, cəmi bir dəfə ev təmir olunanda evə getmişdir. Şahid qismində oğlu Elşənin verdiyi ifadələrin hamısı yalandır. Əgər pulu oğlunun özünə verəsi olsaydı, cavabdehlərə yox, onun özünə təqdim edərdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi, əlavə etdi ki, işin halları ilə tam müəyyən olunur və sübuta yetir ki, iddiaçı mülkiyyətində olan özünəməxsus evi 73000 manat məbləğində satmışdır, cavabdehlərin və şahidlərin izahatlarından, həmçinin polis orqanında verilən izahatlardan da görünür ki, iddiaçı özünə iki ay ev axtarmışdır. Cavabdehlər aralarındakı sövdələşməyə riayət etməyərək evi iddiaçının oğlu Elşənin adına keçirtməmiş, öhdəliklərini icra etməmişdir. Cavabdehlər tərəfindən pulun evin təmirinə xərclənməsinə dair heç bir məlumat yoxdur. Tərəflər arasında sövdələşmə baş tutmamışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 etiraz ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, bir otaqlı evdə yaşayır, 37 ildir ki, müəllim işləyərək 2015-ci ildə ünvan 1, ev 6 ünvanında yerləşən 3 otaqlı mənzili almışlar. İddiaçının iddia ərizəsində qeyd etdikləri həqiqətə uyğun deyildir. Onlar heç vaxt ev satmaq fikrində olmamışlar və iddiaçı ilə bu barədə heç bir razılaşmaları olmamışdır. Əgər həmin evi satmaq niyyətləri olsaydı, onu 55000 manata yox, 75000 manata satardı. İddiaçının isə evi satma səbəbi odur ki, 2022-ci ildə iddiaçı atasından qalma sənədi olmayan evi öz adına sənədləşdirdikdən sonra 2023-cü ildə oğlu Şahid1 bildirmişdir ki, onlarla yaşamaq istəmir, evi satışa çıxarır. Bundan əvvəl iddiaçı keçmiş həyat yoldaşından ayrılarkən atasından övladı Elşənə verilən 3 otaqlı bina evini və torpaq sahəsini satmışdır. İddiaçı sonuncu dəfə ünvan 2 də satarkən oğlu Elşən buna narazılığını bildirmişdir, çünki həmin evdə ailəsi ilə birgə yaşayırdı, ev satıldığı təqdirdə ailəsi ilə qalmağa yeri olmayacaqdı. Buna görə də iddiaçı ilə oğlu arasında müəyyən narazılıqlar yaranmışdır. İddiaçı oğlu Elşənə bildirmişdir ki, həmin evi hansı məbləğə satırsa-satsın, varis kimi oğluna 50000 manat verəcək, həmin məbləğə oğlu istəyir ev alsın, istəyirsə də özünə xərcləsin, özünə qalan pulla isə 1 otaqlı ev alacaqdır. Belə ki, iddiaçı evi 73000 manata satmışdır. Evi 2023-cü ilin mart ayında satdıqdan sonra iddiaçı 2 ay pulu özündə saxlamış, pulu oğluna verməkdən imtina etmiş, oğluna ev alacağını bildirərək 2 ay müddətində ev axtarmağa başlamışdı. Lakin evlərin qiyməti çox bahalaşdığı üçün münasib, yaşayış üçün əlverişli ev ala bilməmişdir. Gəncə şəhəri, Natavan qəsəbəsi ev 1, mənzil 1-də yerləşən ev satıldığı üçün iddiaçının oğlu Elşən öz ailəsi ilə birlikdə onların evində yaşayırdı. 2023-cü ilin may ayında gecə Şahid1 onlara zəng edərək bildirmişdir ki, anası İddiaçı ona vəd etdiyi pulu qaytarır. Şahid1 isə həmin gün gecə bazarda işlədiyi üçün anası İddiaçı bildirmişdir ki, pulu onların yaşadıqları ünvana versin. Ertəsi gün iddiaçı ünvan 2 satdıqları adam ilə onların yaşadığı ünvana gələrək oğlu Şahid1 çatacaq 50000 manat məbləğində pulu onlara vermişdir. Səhəri gün Elşən həmin pulu gəlib götürmüş, həmçinin cavabdehlərə bildirmişdir ki, şəhərdə 50000 manata iki otaqlı evlər var, ancaq təmirsizdir, onun da kifayət qədər pulu yoxdur ki, həmin evi təmir etdirsin, uşaqlar həmin təmirsiz evdə tez-tez xəstələnəcəklər, odur ki, cavabdehlər ünvan 1, ev 6 ünvanında yerləşən 3 otaqlı mənzili onun ailəsinə versinlər, həmin 50000 manat vəsaiti evin təmirinə xərcləsinlər. Cavabdehlər də razılaşmışlar. Səhəri gün Elşən usta gətirmiş, evin təmirinə 2023-cü ilin may ayının axırında başlanılmışdır, 4 ay müddətində ev təmir olunmuşdur, ev ən bahalı materiallarla təmir olunubdur və hazırda Elşən ailəsi ilə birlikdə 1 ildir ki, həmin evdə yaşayır. Təmir müddətində iddiaçı daim ustalarla telefon vasitəsilə əlaqə saxlayaraq öz göstərişlərini vermişdir. Elşən və qızı Günay 50000 manatın təmirə xərclənən puldan qalığı ilə özlərinə ev əşyaları (kondisioner, paltaryuyan və s.) almışlar. İddiaçı oğlu Elşənə pulu verəndə məqsədi o olmamışdır ki, həmin pulla ev alsın, məqsəd Elşənə varis qismində düşən pulu onun özünə qaytarmaq olmuşdur. İddiaçının oğlu Elşən hazırda cavabdehlərə məxsus evdə qeydiyyatdadır. İddiaçı özünə götürdüyü 20000 manatı xərcləyib, indi də pulu bitdiyi üçün oğluna verdiyi pulu onlardan tələb edir. O, heç vaxt iddiaçıya söz verməmişdir ki, evi oğlu Elşənin adına keçirəcək. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 etiraz ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, ustadır, 2023-cü ilin aprel ayının axırlarında Elşən onlara anbardar kimi gəlmişdir. Elşənin yuxusuz olduğunu görüb ondan səbəbini soruşduqda Elşən evi satdığını, ev almaq istədiyini, bir neçə gündür, maşında yatdığını bildirmişdi. O da Elşənə Poçt qəsəbəsində kirayə tutduğu mənzildə yaşadığını, Elşənə də onunla birgə qalmasını təklif etmişdi. Elşən 2023-cü ilin aprel ayının axırlarından iyun ayının ortalarına kimi onun yanında kirayədə yaşamışdır. Ev təmir olunmamışdan qabaq, yəni pul Elşənə verilən ərəfədə Elşən gecə növbəsində işləməmişdir, saat 18-00-dan sonra evdə olmuşdur. İddiaçı ona zəng edərək oğlu Elşənlə birlikdə evlərə baxmağı xahiş etmişdir. Bir neçə evə baxsalar da, həmin evi bəyənməmişlər. Sonda Cavabdeh1 ona zəng edərək özlərinə məxsus ünvan 1, ev 6 ünvanında yerləşən 3 otaqlı mənzilin təmir olunaraq Elşənə verilməsinə, həmçinin evin təmir olunması üçün 8000 manat qiymətinə razılaşmışlar. İşin başlanğıcında Cavabdeh1 ona 3000 manat vermiş, həmçinin işin gedişində santexnik ustasına da 200 manat verilmişdir. Evə üzlük vurulanda Cavabdeh1 pulun qalanını istəsə də, o pulunun kartda olduğunu bəhanə edərək qalan 5000 manat pulu verməkdən imtina etmişdir. Həmçinin Cavabdeh2 ustaların gec işlədiyini, işə gec gəldiyini bəhanə etmişdir, buna görə də aralarında narazılıqlar yaranmışdır. Cavabdehlər onun yanında Elşənə demişlər ki, təxminən 50000-55000 manat məbləğində olan pulu Elşən onlara versin, onlar isə Elşənə evi təmir edib versinlər. Sövdələşmə şənlik evində onunla cavabdehlər arasında olmuşdur. Materialları cavabdehlər, onların qızı və Elşən ilə birlikdə gedib almışlar. Elşən vasitəçi olmuşdur. İddiaçı onlara heç bir pul vəsaiti verməmişdir. Evin təmiri yarımçıq qalmışdır, evin təmirinin 60-70 faizi görülmüşdür, ona təmir müqabilində cəmi 3200 manat pul verilmişdir. Evin tam təmiri üçün lazım olan maksimum məbləğ 18000-20000 manat olmuşdur. Belə bir söhbət olmuşdur ki, cavabdehlər evi Elşənin adına keçirəcəklər. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, iddiaçını və onun keçmiş həyat yoldaşını, həmçinin Elşəni tanıyır. Keçən ilin sentyabr ayında iddiaçı bir “ağsaqqal” kimi ona təklif etmişdir ki, cavabdehlərlə evlə bağlı mübahisə var, mübahisəni həll etmək, tövsiyyələrini vermək üçün onların evinə getsinlər. İddiaçı ilə birgə cavabdehlərin evinə getmişlər. Cavabdehlər təsdiq etmişdilər ki, iddiaçıdan həmin pulu almışlar, pulun bir hissəsi müqabilində evi təmir etmişlər, qalan hissəsinə isə ev əşyaları almışlar. Cavabdeh2 iddiaçıya bildirmişdir ki, onu aldadıb, həmin pulu almış, istifadə etmişdir, hara şikayət edir-etsin, pulu qaytarmayacaq. Digər Cavabdeh1 da onu təsdiq etmişdir. Mübahisə ona görə yaranmışdı ki, ev niyə Elşənin adına keçirilmir. Cavabdehlər evi Elşənin adına keçirəcəklərinə söz verdiklərini etiraf etmişlər. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, cavabdehlərlə qudadır, iddiaçının keçmiş həyat yoldaşıdır, 2023-cü ilin aprel ayında ev satılıb, pul cavabdehlərə verilib ki, ev alınsın, lakin ev Elşənin adına rəsmiləşdirilmir. Nə pulu, nə də evi cavabdehlərdən geri ala bilmirlər. Hazırda beş adamın – özü, həyat yoldaşı Sahilə, oğlu Elşən, gəlini Günay və nəvəsinin qalmağa yerləri yoxdur. Həmin evdə ailəvi olaraq yaşayacaqdılar. Ev satılana qədər həmin evdə yaşayırdı. Evin alqı-satqısı zamanı orada olmasa da, məsələdən xəbərdar olmuşdur. Sonda evin nəvəsinin adına keçirilməsini təklif etsə də, cavabdehlər buna da razı olmamışlar. Onlar hesab edirdilər ki, ev Elşənin adına rəsmiləşdirilərsə, Sahilə evi satacaqdır. Pulun verilməsində məqsəd ailəvi yaşamaq üçün evin alınması olmuşdur, məqsəd o olmamışdır ki, ev təmir olunsun, əşyalar alınsın. Sahilə cavabdehlərdən niyə onu aldatdıqlarını soruşduqda cavabdeh Şəhla bildirmişdi ki, əgər onu aldatmasaydı, pulu ondan ala bilməyəcəkdi. Həmin ilin iyulavqust aylarında “Sultan” marketin qarşısında oğlu Elşən və gəlini Günayla görüşmüşdür, gəlini Günaya şəxsən sual ünvanlamışdır ki, nəyə görə evi Elşənin adına rəsmiləşdirmirsiniz. Günay cavabında bildirmişdir ki, 10 günə evin təmiri bitir, ondan sonra evi Elşənin adına rəsmiləşdirəcəklər. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, iddiaçı anasıdır, cavabdehlər isə onun qayınatası və qayınanasıdır. Hazırkı iddianın niyə verildiyini bilmir. Aralarındakı razılığa əsasən anası evin satışından əldə olunan 73000 manat puldan 53000 manatı varis qismində ona vermişdir. 53000 manatı evin təmirinə və evin çatışmayan zəruri əşyalarına xərcləmişdir. Pul verilərkən gecə “Dubay” kafesində işdə olduğundan həmin pulun qayınatası Adilə verilməsini xahiş etmişdir. Səhərisi gün həmin pulu qayınatası Adilin özündən götürmüşdür. Gəncə şəhəri, Natavan qəsəbəsindəki ev satılandan sonra, həmçinin hazırda yaşadıqları ev təmir olunduğu ərəfələrdə həm qayınatasının, həm usta Asifin, həm də atasının yanında qalmışdır. Usta Asifə təmir zamanı pulu həm özü, həm də qayınatası Adil vermişdir, büdcələri bir olmuşdur. Evin onun adına keçirilməsi ilə bağlı söhbət olmayıb. Lakin anası Sahilə ilə qayınanası Şəhla arasında evin nə üçün onun adına keçirilməməsi ilə bağlı mübahisənin olmasından xəbərdardır. Həmçinin polisdə verdiyi izahat ona məxsus deyil. Cavabdeh1 məhkəmənin sonuncu baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının, onun nümayəndəsi və vəkilinin, eləcə də Cavabdeh2 izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iddiaçı öz iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübut qismində Gəncə şəhər 2-ci PŞ-nin TB-nin baş təhqiqatçısı, polis kapitanı X5 tərəfindən qəbul edilmiş “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarı təqdim etmişdir. Həmin qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qərarda qeyd edilmişdir ki, material üzrə araşdırma zamanı izahatı alınmış İddiaçı göstərmişdir ki, Bakı şəhərində yaşayır. Cavabdeh2 onun qudasıdır. Adil Şəhlanın əridir. 2020-ci il tarixdə oğlu X4 ailə qurmuşdur. O, Gəncə şəhəri Natəvan qəsəbəsində olan ona məxsus evi satmışdır ki, oğlu Elşənə təzə ev alsın. xx.xx.2023-cü il tarixdə qudası Adillə telefon danışığı zamanı onu yaşadığı evə dəvət etmişdir. O, Adilin yaşadığı evə getmişdir. Evdə söhbət zamanı Adil ona arvadı Şəhlanın adına olan Gəncə şəhəri 43 nömrəli məktəbin yaxınlığında binada yerləşən 3 otaqlı evi 55000 manata satmağı təklif etmişdir. Sonra o, həmin evə baxmış və Adillə razılaşmışdır. Sonra o, 53000 manat pulu Adilin yaşadığı evdə ailə üzvlərinin yanında Adilə vermişdir. Həmin vaxt evdə ailə üzvlərindən başqa onun Gəncə şəhəri, Natəvan qəsəbəsində yerləşən evini satdığı şəxs və arvadı olmuşdur. Qalan 2000 manatı isə sonra verəcəyini demiş və Adillə Şəhla onunla razılaşmışdır. Sonra oğlu Elşən və Günay həmin evə köçsələr də, ev sənəd üzərində qudası Şəhlanın adınadır. O, dəfələrlə Adil və Şəhlaya evi oğlu Elşənin adına sənədləşdirməsini desə də, ona müxtəlif bəhanələr gətirib evi oğlu Elşənin adına keçirmirlər və ona “get nə bilirsən elə” deyib hədə qorxu gəlirlər və pulunu geri qaytarmırlar. Material üzrə araşdırma zamanı izahatı alınmış Cavabdeh1 göstərmişdir ki, Gəncə şəhərində yaşayır. İddiaçı müraciəti ilə tanış olmuşdur. Sahilə onun qudasıdır. 2020-ci ildə qızı X2 ailə qurmuşdur. Günayla Elşən ailə qurduqdan sonra bir müdddət Sahiləyə məxsus Gəncə şəhəri, Natəvan qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşamışlar. Sonra Sahilə həmin evi satmış və almağa başqa ev axtarmışdır. Ona məxsus ünvan 1, ev 6 ünvanı var. Sahilə evi satan zaman evin 50000 manatının Elşən və Günayın olduğunu demiş, həmin məbləğə ya ev alınmasını ya da özlərinə götürmələrini demişdir. Sənra Elşən və qızı Günay Sahiləyə, arvadı Şəhlanın adına olan ünvan 1, ev 6 ünvanı olduğunu demişdir. Sonra Sahilə həmin evə baxmış və ev xoşuna gəlmişdir. Həmin vaxt Elşən və Günay evi təmir edib yaşaya biləcəklərini demişlər. 2023-cü ilin may ayında Elşən ona zəng edərək Sahilənin 50000 manat pul gətirdiyini və həmin pulu onun götürməyini və evi təmir etdirəcəyini bildirmişdir. Həmin vaxt Sahilə və Sahilənin Natəvan qəsəbəsində satdığı evi alan 2 nəfər şəxs yaşadığı evə gəlmişlər. Sahilə yaşadığı evdə olan zaman 50000 manat pulu ona vermiş və o, həmin pulu saymış və 50000 manat olduğunu görmüşdür. Sonra pulu səhərə kimi yaşadığı evdə saxlamış və Elşən gəlib evdən həmin pulu hissə-hissə götürmüşdür. Ev təmir olunan zaman təmir üçün olan materialların qiyməti baha olduğu üçün Günay və Elşən əlavə Sahilədən pul istəmişlər. Sahilə də əlavə 3000 manatı yaşadığı evə gətirmiş və pulu o, götürüb saymış və 3000 manatı olduğunu görmüşdür. Evi təmir etdikdən sonra Elşən və Günay həmin evdə yaşamağa başlamışlar. Evin təmiri qutardıqdan sonra Sahilə verdiyi 53000 manatı qaytarmağını istəyir. Sahilə onlara pul verməmiş, həmin pul varis kimi Elşənə düşən puldur. Elşən işdə gecə növbəsində olduğu üçün ona zəng edərək anası Sahilənin 50000 manat pul gətirdiyini və pulun evdə qalmasını, sabah götürəcəyini demişdir. O, Elşənin xahişinə görə yaşadığı evdə Sahilədən 50000 manat pulu ona vermişdir. O, pulu sayıb götürmüşdür ki, səhəri gün Elşənə versin. İddiaçı düzgün məlumat verməmiş, onların həmin evi satmaq fikirləri olmamışdır. Material üzrə araşdırma zamanı izahatı alınmış Şahid1 göstərmişdir ki, Gəncə şəhərində yaşayır. İddiaçı müraciəti ilə tanış olmuşdur. Sahilə onun anası, Adil qaynatası, Şəhla qaynanası, Günay arvadıdır. 2020-ci ildə o, Günayla ailə qurduqdan sonra anası Sahiləyə məxsus Gəncə şəhəri, Natəvan qəsəbəsində yerləşən fərdi yaşayış evində qalmışlar. Sonra anası Sahilə evi satmışdır. Onalr ev axtarmağa başlamışlar. Qaynatası Adillə söhbət zamanı Adil anası Sahilə ilə danışmaq istədiyini demişdir. Söhbət zamanı Adil anası Sahiləyə demişdir ki, 55000 manatı ver və qaynanası Şəhlanın adına olan ünvan 1, ev 6 ünvanını təmir edək və orda yaşasınlar. Sonra Adil anası Sahiləyə demişdir ki, həmin evi Elşənin adına keçirdərik. 2023-cü ilin may ayında o, Adilə zəng edərək anası Sahilənin 50000 manat pul gətirdiyini, həmin pulu sayıb götürməsini və evi təmir etməyi demişdir. Sonra anası Sahilə pulu Adilə vermişdir, həmin pulla evi təmir edib arvadı Günayla birlikdə yaşamışlar. Ev təmir olunan zaman anası Sahilə qaynanası Şəhla ya“evi nə üçün oğlum Elşənin adına keçirmirsiz” demişdir. Şəhla da anası Sahiləyə ev təmir olunduqdan sonra edərik demişdir. Lakin bu günə qədər ev Şəhlanın adınadır. Material üzrə araşdırma zamanı izahatı alınmış Cavabdeh2 oxşar izahat verərək əri Cavabdeh1 izahatında göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-13-57-2/2-19562/2024 nömrəli məhkəmə sorğusuna cavab məktubundan görünür ki, HK-1/4802 saylı material üzrə 2-ci PŞ-nin baş təhqiqatçısı X1 xx.xx.2024-cü il tarixli qərarı hazırda qüvvədədir. İlk növbədə nəzərə alınmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-in 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Eyni zamanda MPM-in 217 və 220ci maddələrinə əsasən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. İddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri müəyyən edilmədən və işin müəyyən edilmiş (mübahisəsiz və mübahisəli) hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmadan mübahisənin mahiyyəti üzrə həlli maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məcəllənin 181.4-cü maddəsinə əsasən mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alğı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Əgər şəxs beş il fasiləsiz daşınar əşyaya öz mülkiyyəti kimi sahiblik etmişdirsə, o həmin əşyaya mülkiyyət hüququ əldə edir (əldə etmə müddəti). Əgər əldə edən əşyaya vicdansız sahiblik edirdisə və ya sonradan əşyanın ona məxsus olmamasını bilmişdirsə, daşınar əşyanın əldə edilməsi yolverilməzdir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göstərilən müddəalarda öhdəliyin yaranması əsasları və ümumi şəkildə dairəsi müəyyən edilmişdir. Adı çəkilən müddəaların məzmunundan göründüyü kimi, öhdəliyin yaranması üçün ilk növbədə onun iştirakçıları (tərəfləri) arasında hüquq münasibətləri yaranmalı və bu münasibətlər qanunla müəyyən edilmiş qeyd edilən əsaslara söykənməlidir. Yaranma formasına görə öhdəliklər müqavilədən əmələ gələn, müqavilədən kənar öhdəliklər (deliktlər) və qanundan əmələ gələn öhdəliklərə (özgə işlərini tapşırıqsız aparma və əsassız varlanma) bölünür. Azərbaycan Respublikası Konstitusiyası hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququnun olduğunu (36-cı maddənin İ hissəsi), habelə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilməsini (60 maddənin İ hissəsi) müəyyən etmişdir. İddiaçının tələbinin əsası kimi istinad etdiyi hallara görə, iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun oğlu Şahid1 qayınatası və qayınanasıdır. Oğlu Şahid1 və X6 2020-ci ildə ailə həyatı qurduqdan bir müddət sonra ona məxsus olan Gəncə şəhəri, Natavan qəsəbəsi, ev 1, mənzil 1-də yaşamışdırlar. Oğlu Şahid1 ev almaq və borclarının bir qismini qaytarmaq üçün onların yaşadığı Gəncə şəhəri, Natavan qəsəbəsindəki evini satmışdır. Evi satan dövrdə oğlu Elşən ona bildirmişdi ki, qaynatası Cavabdeh1 onunla danışmaq istəyir. O, Adilin təklifi ilə Adilə məxsus evdə görüşmüş, Adil söhbət əsnasında ona arvadı Cavabdeh2 adına olan ünvan 4 ünvanda yerləşən 6 nömrəli evi satdığını bildirmiş, istərsə 55000 manata ona satacağını təklif etmiş, o, evə baxmış, ev təmirsiz olmasına baxmayaraq xoşuna gəlmişdir. O, Adil və Şəhla ilə evin qiymətini 55000 manata razılaşmışlar. Razılaşmaya əsasən 55000 manatın 50000 manatını Adilin ailə üzvlərinin yanında ona vermiş və bir müddət sonra Adilə qalmış 5000 manat borcunun 3000 manat hissəsini Adilə vermişdir. Adil pulu alandan bir neçə gün sonra bildirmişdir ki, ona verilmiş pulun qarşılığında ev təmir olsun və oğlu Şahid1 adına keçirilsin. O, Adilin bu təklifi ilə də razılaşmışdır. Sonradan dəfələrlə evi oğlunun adına keçirtməyi bildirsə də, Adil evi oğlunun adına evin təmirindən sonra keçirdəcəyini bildirmişdir. Hazırda evin təmiri bitməsinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 evi oğlu Şahid1 adına keçirtməkdən yayınırlar. İddiaçının bildirdikləri özü-özlüyündə əsaslı olduğu halda onunla Cavabdeh1 arasında yaranmış münasibətlər tapşırıq müqaviləsinin dispozisiya şərtlərinə uyğun gəlir. Belə ki, Mülki Məcəllənin tapşırıq hüquq münasibətlərini tənzimləyən 777.1 və 779.1-ci maddələrinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Eyni zamanda əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçı ilə Cavabdeh1 arasında tapşırıq müqaviləsinin bağlandığı müəyyən edildiyi halda həmin şəxslər arasında bu hallardan yaranmış mübahisəyə əsassız varlanma ilə bağlı normaların tətbiqi istisna edilir. Çünki Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən mübahisə tərəfləri arasında etibarlı müqavilə münasibətinin yaranması əsassız varlanmanı istisna edir və tərəflərin biribirilərinə qarşı müqavilənin icra edilməməsi və ya lazımınca icra edilməməsindən irəli gələn zərər tələbini irəli sürmək hüququ yaranır. Bu baxımdan hazırkı iş üzrə mübahisənin həlli üçün məhkəmənin ilkin vəzifəsi işin mübahisəsiz halları və ya iddiaçının təqdim etdiyi sübutlar əsasında şifahi tapşırıq müqaviləsinin bağlanıb-bağlanmadığını müəyyən etməkdir. Cavabdeh1, eləcə də digər cavabdehin məhkəmə iclasında verdikləri izahatlarından, habelə işin digər materiallarından müəyyən edilir ki, Cavabdeh1 2023-cü ilin may ayında kürəkəni Şahid1 xahişi ilə iddiaçının hissə-hissə ona verdiyi 53000 manat məbləğində pulu Şahid1 çatdırmışdır. Şahid1 məhkəmə iclasında şahid qismində verdiyi ifadəsində də bu halları, yəni anasının (iddiaçının) ona verməli olduğu 53000 manat məbləğində pulun qaynatası Cavabdeh1 vasitəsi ilə ona çatdırıldığını təsdiq etmiş, həmin məbləğin bir hissəsinə sözügedən evi təmir etdirdiyini, bir hissəsinə ev üçün əşyalar aldığını bildirmişdir. Göründüyü kimi, Cavabdeh1 iddiaçının verdiyi pulu Şahid1 çatdırmaqla iddiaçının tapşırığını da icra etmişdir. Məhkəmə, MPM-in 77.1 və 14.2-ci maddələrinə istinadla qeyd etməyi zəruri hesab edir ki, sözügedən evin Şahid1 adına alqı-satqı edilməsini tapşırma faktını sübuta yetirmək vəzifəsi üzərinə düşən iddiaçı qeyd edilən halı təsdiq edə biləcək etibarlı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Başqa sözlə, iddiaçı Cavabdeh1 aralarında olan şifahi tapşırıq müqaviləsi üzrə sözügedən məbləğdə pulun müqabilində digər cavabdehin adına olan evi Şahid1 adına sənədləşdirməsi barədə hər hansı tapşırıq verdiyini mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Ümumiyyətlə, başqasının mülkiyyəti barədə belə tapşırığın olması özü-özlüyündə əhəmiyyətsizdir. Həmçinin, sözügedən evin mülkiyyətçisi olan, iş üzrə digər Cavabdeh2 ilə aralarında evin Şahid1 adına sənədləşməsi, ümumiyyətlə hər hansı tapşırıq, alqı-satqı və ya digər öhdəlik münasibətinin olması barədə mötəbər sübutlarını da iddiaçı məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halların təsdiqi ilə bağlı şahid ifadələrinə istinad edir. Lakin məhkəmə, iddiaçının təqdim etdiyi və məhkəmənin iclasında dindirilmiş şahidlərin bəzilərinin ifadələrinə tənqidi yanaşaraq onları mötəbər sübut kimi qəbul etmir. Məhkəmə bununla bağlı nəzərə alır ki, MPM-in 76.2-ci maddəsinə əsasən şahid ifadələri ilə müəyyən edilən məlumatlar mülki prosesdə əsas sübut növlərindən biridir. Digər sübutlar kimi şahid ifadələrinin də məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Lakin MPM-in 88-ci maddəsinə əsasən əgər məhkəmə şahid ifadələrini mötəbər sübut kimi qəbul etmirsə bununla bağlı mövqeyini əsaslandırmalıdır. Çünki konkret işin hallarından asılı olaraq tərəf işin müəyyən hallarını yalnız ona yaxın şəxslərin şahid ifadələri əsasında sübut etmək imkanına malik ola, yaxud ona yaxın insanlar da işin halları ilə bağlı mötəbər məlumatlar verə bilərlər. Həmçinin, nəzərə alınmalıdır ki, tərəflərdən birinin yaxını və ya qohumu olsa da, məhkəmə iclasında şahid qismində ifadə verməyə razılıq vermiş şəxslər də MPM-in 194.1-ci maddəsinə əsasən digər şahidlər kimi bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdar edilirlər və onlardan bu barədə iltizam alınır. Bu baxımdan iş üzrə şahidlərin xeyrinə ifadə verdiyi tərəflə yaxın münasibətləri, o cümlədən, qohumluğu onların ifadəsinin mötəbər olmadığı barədə qənaətə gəlmək üçün yeganə əsas kimi çıxış edə bilməz. Hakim şahid ifadəsinə tənqidi yanaşmaqla bağlı mövqeyini, həmçinin digər hallarla: şahid ifadələrinin qeyri-səmimiliyi, dolğun olmaması, işə aid olmaması, işdə olan digər sübutlarla zidiyyət təşkil etməsi və sair hallarla əsaslandırmalıdır. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı). Bütün bu göstərilənləri nəzərə alaraq məhkəmə qeyd edir ki, sözügedən evin təmirində usta işləmiş Şahid3 ifadəsinə ona görə tənqidi yanaşılmalıdır ki, o, ifadəsində evin təmirini cavabdehlərin yarıda saxladığını, onun işindən narazı qaldıqlarını bildirir, bu isə onun cavabdehlərə qarşı qərəzli olmasına əsas verir. Digər Şahid4 isə ifadəsində bildirmişdir ki, iddiaçını və onun keçmiş həyat yoldaşını, həmçinin Elşəni tanıyır. Keçən ilin sentyabr ayında iddiaçı bir “ağsaqqal” kimi ona təklif etmişdir ki, cavabdehlərlə evlə bağlı mübahisə var, mübahisəni həll etmək, tövsiyyələrini vermək üçün onların evinə getsinlər. Göründüyü kimi, həmin şahid hadisəni sonradan öyrənmişdir, yəni 2023-cü ilin may ayında, tərəflər arasında yaranan münasibətin birbaşa şahidi olmamışdır. Digər Şahid2 isə iddiaçının keçmiş əridir, iddiaçının keçmiş qohumu kimi onun xeyrinə hərəkət edə bilər və yalnız onun ifadəsi hazırkı iddia tələbinin təmin edilməsi qənaətinə gəlinmək üçün yetərli əsas deyil. Məhkəmə həmçinin, Mülki Məcəllənin 14.2.7, 386.1, 1091, 1092-ci maddələrinin tələblərindən çıxış edərək qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə iddiaçının bilavasitə Cavabdeh1 verdiyi pul vəsaitləri iddiaçının başqa şəxsə - oğlu Şahid1 hədiyyə etməsinə və ya hər hansı öhdəliyinə yönəldildiyi üçün iddiaçı və Cavabdeh2 arasında əsassız varlanmadan söhbət gedə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının cavabdehlərə qarşı pul tələbinə dair iddiası əsassızdır və təmin edilməməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (MPM-nin 77.1-ci maddəsi). MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İş üzrə məhkəmə xərci iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumundan ibarətdir. İddia təmin edilmədiyindən, MPM-in 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar