Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3290/2023 26.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Tahir oğlunun sədrliyi, Abuzərova Nərmin Allahverdi qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc pulun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada borclu olduqları 500 (beş yüz) ABŞ dolları məbləğinin və ödədiyi 30 (otuz) manat dövlət rüsumunun ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, 3-cü mikrorayonda yaşayan cavabdehlərlə əvvəlcədən tanış olmuşdur. Eyni mikrorayonda yaşadıqlarına görə tez-tez rastlaşmışlar. Aralarında səmimi münasibət yaranmışdır. Müxtəlif vaxtlarda cavabdeh onu özlərinin yaşadığı mənzilə çay içmək üçün dəvət etmişdir. Cavabdehlər eyni ünvanda yaşamaqla ər-arvaddırlar. Cavabdeh1 səmimi münasibət zəminində onu çay içmək üçün öz mənzilinə dəvət etmişdir. 2022-ci ilin iyul ayında cavabdehlərin mənzilində olarkən onlar övladlarının işsiz olmasından narahatlıq keçirdiklərini bildirmişdirlər. Ancaq Rusiya Federasiyasında yaşayan tanışlarının dəvəti ilə oğlanlarına iş təklifi olmasını, ancaq Cavabdeh2 ana kimi oğlunun gələcək taleyindən narahat olduğunu bildirmişdir. Eyni zamanda sərfəli şərtlə iş üçün şans yaranmasına baxmayaraq heç olmasa minimum həddə oğlu üçün yol xərci və ilk günlər getdiyi yerdə dolanmasına lazım olan maddi vəsaitin olmadığından gileylənmişdir. Sonra ona müraciət edərək bu istiqamətdə onlara borc olaraq pul verməyini xahiş etmişdir. Onlara elə bir imkanlı adam olmadığını demiş, ancaq Cavabdeh2, oğlunun taleyi üçün mənəvi əzab çəkməsi ona pis təsir etmişdir. Ona görə də onlara borc verməyə razı olmuşdur. Özünə də pul lazım olduğunu bildirmiş və tezliklə aldıqları borcu qaytarmalarını demişdir. 500 (beş yüz) ABŞ dolları məbləğində cavabdehlərə təqdim etmişdir. Cavabdehlər ən uzağı bir ay müddətinə aldıqları borcu qaytaracaqlarına dair öhdəlik götürmüşdürlər. Eyni zamanda razılaşmışlar ki, borcu qaytardıqları gün manatın xarici valyutaya məzənnəsinə uyğun ödəyəcəklər. Cavabdehlər pulu geri qaytarmaq vaxtından xeyli keçməsinə baxmayaraq müxtəlif bəhanələrlə borclarını qaytarmaqdan imtina etmişdilər, hətta guya ondan həmin pulu faizlə aldıqlarını deyərək qeyri-səmimi söhbətlər danışmışlar. Cavabdehlərin bu hərəkətləri yaşlı adam kimi ona pis təsir göstərmişdir. Cavabdehlərlə ümumi tanışları olan şəxslərə də işə müdaxilə edərək cavabdehlərdən onun pulunu tələb etmələri barədə xahiş etmişdir. Hətta oğlu da bu işdən xəbər tutaraq cavabdehlərin mənzilinə gedərək öhdəliklərini yerinə yetirmələrini xahiş etmişdir. Onlar aldıqları borcu qaytaracaqlarını bildirsələr də, təəssüf ki, öhdəliklərini icra etməmişdirlər. Məcburiyyət qarşısında qalaraq 27 oktyabr 2022-ci il tarixdə Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə müraciət edərək cavabdehlərdən onlara verdiyi borc məbləğinin qaytarılmasında köməklik göstərilməsini xahiş etmişmişdir. Gəncə şəhər Baş Polis İdarəsi, 2-ci Polis Şöbəsinin rəisi cənab Nəvai Qasımovun 10 noyabr 2022-ci il tarixli № 122-41779 M 3222 saylı cavab məktubunda mübahisənin həlli üçün məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Buna görə məcbur olub məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 göstərdi ki, digər cavabdeh olan həyat yoldaşı Cavabdeh2 ilə birlikdə İddiaçı 500 ABŞ dolları məbləğində borc almışlar və həmin borcun hissə-hissə ödənilməsinə etirazları yoxdur. Cavabdeh bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Cavabdeh2 məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında borc müqaviləsi olmuş, cavabdehlər iddiaçıdan 500 ABŞ dolları məbləğində borc pul almışdır. Cavabdehlər iddiaçıdan aldıqları pulu qaytarmadıqları üçün iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üçün əhəmiyyətli olan halları araşdırıb, belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunaraq 500 ABŞ dolları məbləğində borc ödəniş gününə olan məzənnə ilə Azərbaycan manatı ilə cavabdehlərdən müştərək qaydada alınıb iddiaçının xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 500 ABŞ dolları məbləğində borc ödəniş gününə olan məzənnə ilə Azərbaycan manatı ilə və 30 (otuz) manat dövlət rüsumu alınıb İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-3290/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3290/2023
26.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver