Məhkəmə qərarları › İş №2(125)-331/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-331/2024

28.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması - Ailə münasibətləri üzrə mübahisələr - Uşaqla ünsiyyətdə olmaq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-331/2024 28.03.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilkin iddia üzrə cavabdeh qarşlıqlı iddia üzrə iddiaçının nümayəndəsi X6 iştirakı ilə, İddiaçı X11 qarşı «uşaqla ünsiyyət qaydalarının müəyyən edilməsi» tələbi barədə iddiasına, X9 İddiaçı qarşı «uşaqla ünsiyyət qaydalarının mərhələli şəkildə müəyyən edilməsi» tələbi barədə qarşılıqlı iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X11 qarşı xx.xx.2019-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 100 manat məbləğində alimentin ondan tutularaq X11 verilməsi, xx.xx.2019-cu il təvəllüdlü X7 onunla hər gün ünsiyyətdə olmaq və yanında qalmaq hüququnun müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı İddiaçı məhkəməyə iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, xx.xx.2019-cu il təvəllüdlü X7 onunla həftə içi hər gün saat 17:00-dan 20:00-dək və həftə sonları şənbə günü saat 11:00-dan bazar günü saat 20:00-dək yanında qalması və ünsiyyətdə olmasına dair qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Həmçinin X1 Elnur Nurəddin oğluna qarşı xx.xx.2019-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün X2 220 manat sabit pul məbləğində alimentin tutularaq X11 ödənilməsi, İddiaçı uşağı ilə görüşün, alimenti vaxtı-vaxtında ödəməklə və heç bir gecikmə olmadığı halda mərhələli şəkildə, uzun müddət təmaslarının olmaması səbəbindən, uşağın psixologiyasına təsir etmədən, Gəncə şəhəri üzrə İcra İdarəsinin və Gəncə şəhər İcra Hakimiyyətinin aidiyyatı şöbələrinin əməkdaşlarının birgə tərtib etdiyi mərhələli qrafik üzrə təşkili tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı ilkin iddia üzrə cavabdeh, qarşlıqlı iddia üzrə iddiaçının nümayəndəsi X13 məhkəməyə qarşılıqlı iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, xx.xx.2019-cu il təvəllüdlü X7 atası İddiaçı ilə görüşünün iddiaçının iştirakı ilə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli qərarına əsasən ünsiyyətdə olmaq hüququnun mərhələli şəkildə həyata keçirilməsinə dair qətnamə qəbul qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddianı müdafiə edərək, qarşılıqlı iddianı qəbul etməyərək izahatında göstərdi ki, X16 ilə aralarında olan nikah Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(044)-1935/2021 nömrəli qətnaməsinə əsasən pozulmuş, birgə nikahdan anadan olmuş xx.xx.2019-cu il təvəllüdlü X10 anası X9 yanında qalması və uşağın saxlanması üçün ondan 160 manat sabit pul məbləğində alimentin tutularaq, X11 verilməsi qət edilmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-1153/2023 nömrəli qətnaməsinə əsasən həmin alimentin məbləği artırılaraq 205 manat həddində müəyyən edilmişdir. Belə ki, o bir ata kimi vəzifəsini və məsuliyyətini dərk edir və uşağın saxlanması üçün nəzərdə tutulan alimenti maddi imkanı aşağı olmasına baxmayaraq vaxtı-vaxtında ödəyir. Lakin qarşı tərəf onun azyaşlı uşağı ilə görüşməsinə və ünsiyyətdə olmasına maneçilik törədir. O uşağının sağlam bir fərd olaraq böyüməsini və formalaşmasını istəyir. Bununla yanaşı o, uşaqda hər hansı mənfi psixoloji halın yaranmasını istəmir. Buna görə də o, daimi olaraq azyaşlı övladı ilə ünsiyyətdə olmaq və daimi olaraq onun qeydinə qalmaq arzusundadır. Qeyd olunan səbəblərdən də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda İddiaçı ilkin iddianın təmin olunmasını, qarşılıqlı iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdehin, qarşlıqlı iddia üzrə iddiaçının nümayəndəsi X13 ilkin iddianı qəbul etməyərək və qarşılıqlı iddianı müdafiə edərək izahatında göstərdi ki, X16 və İddiaçı arasında olan nikah xx.xx.2021-ci il tarixdə pozulmuş, birgə nikahdan xx.xx.2019-cu il tarixdə anadan olmuş X14 anasının yanında saxlanmışdır. Belə ki, İddiaçı artıq 3 ilə yaxındır ki, uşağını görümür və azyaşlı uşaq atasını tanımır. Bununla yanaşı İddiaçı daimi yaşadığı yer onlara məlum deyildir. Belə ki, o atasına məsus olan evdə qeydiyyatda olsa da faktiki olaraq harada yaşaması bilinmir. O, qeyri-rəsmi ailə münasibətində olduğu qadınla və həmin qadının uşağı ilə birgə kirayədə yaşayır. Yuxarıda qeyd etdiyi kimi, uşaq atasını tanımadığından və uşaq azyaşlı olduğu üçün görüş Gəncə şəhər şəhər İcra Hakimiyyətinin nümayəndələrinin və ya uşağın anasının iştirakı ilə həftənin ya şənbə günü və ya bazar günü 1 saat olmaqla 6 ay ərzində mərhələli şəkildə keçirilməlidir. Çünki uşaq azyaşlıdır və atasını tanımır. Sözügedən müddət ərzində uşaq daha normal şəkildə vəziyyətə adaptasiya olar və psixologiyasına hər hansı mənfi təsir yaranmaz. Bununla yanaşı İddiaçı daimi yaşayış yeri olmadığından, kiminlə birgə yaşaması dəqiq məlum olmadığından azyaşlı Əlinin gecə onunla qalması düzgün deyildir. X4 ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, ilkin iddia üzrə iddiaçını (qarşılıqlı iddia üzrə cavabdehi) və ilkin iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin və qarşılıqlı iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İV seriyalı 391773 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2019-cu il tarixdə anadan olmuşdur. Həmin uşağın atası İddiaçı, anası Ələkbərova (Hüseynli) Sara Vəli qızıdır. İşdə olan AZ-İ seriyalı, 405553 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və Ələkbərova (Hüseynli) Sara Vəli qızı arasında olan nikah Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(044)-1935/2021 nömrəli qətnaməsinə əsasən xx.xx.2022-ci il tarixdə pozulmuşdur. İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)- 1153/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(044)-1201/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin miqdarının artırılması və xx.xx.2019-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı hər ay 205 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh xeyrinə verilməsi qət edilmişdir. İşdə olan Gəncə şəhər İcra Hakimiyyəti başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 5-1/2-03/134/2024 nömrəli rəydən görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X7 atası İddiaçı ilə hər həftənin şənbə və bazar günləri saat 14:00-dan 19:00-dək, uzunmüddətli bayram günlərinin (2 gündən artıq davam edən) 1 günü saat 12:00-dan 17:00-dək sərbəst qaydada görüşüb ünsiyyətdə olmaları məqsədəmüvafiqdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 61.2-ci maddəsinə görə uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Həmin Məcəllənin 61.3-cü maddəsinə uyğun olaraq, uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. Həmin Məcəllənin 60.1-ci maddəsinə görə isə valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə görə dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Qanunun 6-cı maddəsinin 2-ci hissəsinə görə nikahda və ya nikahdankənar doğulmasından asılı olmayaraq uşaqların valideynləri barəsində eyni hüquqları vardır. Həmin Qanunun 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafеlərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu «Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 28 oktyabr 2011-ci il tarixli qərarının 1-ci bəndinin 2ci hissəsində məhkəmələrə tövsiyyə etmişdir ki, uşaqlardan ayrı yaşayan valideynlərə uşaqlarla ünsiyyət üçün elə vaxt və müddət müəyyən edilməlidir ki, o, qanunla nəzərdə tutulan validenlik hüquqlarını real və maneəsiz həyat keçirə bilsin. Məhkəmələr nəzərə almalıdırlar ki, uşaqla ünsiyyətdə olmaq istəyən valideynin iddiasının formal təmin edilməsi, uşaqla ünsiyyət üçün simvolik və əlverişsiz müddət müəyyən edilməsi yolverilməzdir. Həmin Qərarın 2.5-ci bəndində göstərilmişdir ki, Məhkəmələr nəzərə almalıdır ki, ünsiyyət qaydasının müəyyən edilməsi zamanı işin əhəmiyyətli halları (ünsiyyət tələb edən valideynin yaşayış yerinin şəraiti və uşağın yaşayış yerindən uzaqlığı, uşağın yaşı, sağlamlığı, təhsil rejimi və digər diqqətəlayiq hallar) nəzərə alınmaqla, gecə qalmaqla ünsiyyətin qaydasının müəyyən edilməsinə dair iddia tələblərinin təmin edilməsi imkanı da istisna edilmir. Həmin Qərarın 2.7-ci bəndində göstərilmişdir ki, Məhkəmələrə izah edilsin ki, uşaqların öz valideynləri ilə ünsiyyətdə olma qaydasını müəyyən edərkən, həmin valideynlə uşaq arasında uzun müddət ərzində ünsiyyətin olmaması nəticəsində yaranan və buna görə də gələcəkdə qətnamənin icrasını çətinləşdirə biləcək dərəcədə bağlılığın zəiflədiyini, münasibətlərin soyuduğunu müəyyən etdiyi halda uşağın mənafeyi baxımından Mülki Prosessual Məcəllənin 220.6-cı maddəsinə uyğun olaraq qətnamənin nəticə hissəsində icranın mərhələli şəkildə həyata keçirilməsini ehtiva edən icra qaydası və müddətini göstərməlidirlər. Həmin Qərarın 11-ci bəndində göstərilmişdir ki, valideynlərin və digər qohumların uşaqlarla ünsiyyətdə olmaq hüquqları ilə bağlı işlərə baxılarkən məhkəmə qəyyumluq və himayə orqanından uşaqlarla ünsiyyətdə olmaq istəyən şəxsin (şəxslərin) həyat şəraitinin müayinə edilməsinə dair aktı və mübahisəyə dair həmin akta əsaslanmış rəyi tələb etməlidir. Nəzərə alınmalıdır ki, qəyyumluq və himayə orqanının rəyində təklif edilən ünsiyyət qaydası Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmələr üçün məcburi olmayıb, iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.6-cı maddəsinə görə məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. Məhkəmə qanunvericiliyin, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeni təhlil edərək, qeyd etməyi zəruri hesab edir ki, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Belə ki, onlar uşağın sağlam böyüməsi, tərbiyə edilməsi, inkişaf etməsi, maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin müdafiəsi ilə bağlı eyni vəzifələr daşıyır, həmçinin uşaqla ünsiyyətdə olmaq və onların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdirlər. Valideynin ondan ayrı yaşayan uşaqla ünsiyyətdə olma hüququ onların arasında bir-birinə mənəvi bağlılığın qorunmasına və daha da güclənməsinə xidmət etməklə yanaşı, bu ünsiyyət uşağa mənəvi dayaq olmaqla onun fiziki və əqli inkişafına, tərbiyəsi və əxlaqına təsir edən mühüm amillərdən biridir. Buna görə uşaqla ünsiyyətdə olmaq üçün yetərli bir vaxtın müəyyən edilməsi uşaqdan ayrı yaşayan valideynin uşaqla ünsiyyətdə olmaqla bağlı pozulmuş hüququnun bərpa edilməsi ilə yanaşı, ünsiyyətdə olan uşağın da üstün maraqlarının qorunmasına xidmət edir Bundan başqa, həftənin digər günləri öz övladı ilə ünsiyyətdə olmayan və həftədə yalnız bir gün ünsiyyət hüququnu həyata keçirən valideynin qətnamənin icrası məqsədi ilə uşağı digər valideyndən qəbul etməsi, müəyyən məsafə qət edərək öz yaşadığı ünvana, yaxud hər hansı digər əraziyə (əyləncə mərkəzi, restoran, park, teatr, kino və s.) çatması, sonra isə yenidən uşağın təhvil verilməsi üçün geri qayıtması, eləcə də həftənin digər günlərində mövcud olmamış valideyn-uşaq münasibətlərinin ilk andan uğurlu alınmaması, ünsiyyətin formal xarakter daşımaması və s. nəzərə alınmaqla, ünsiyyət qaydaları müəyyən olunmalıdır. Lakin müəyyən edilmiş ünsiyyət qaydaları uşağın gündəlik dərslərinin, hobbilərinin, fərdi inkişafı üçün digər işlərin və s. icrasına mane olmamamaqla, onun mənafeyinə uyğun olmalıdır. Hazırki halda X7 atası İddiaçı ilə həftə içi hər gün saat 17:00-dan 20:00-dək və həftə sonları şənbə günü saat 11:00-dan bazar günü saat 20:00dək ünsiyyətdə olması ağlabatan deyildir. Buna görə də ilkin iddia qismən təmin olunmalı, İddiaçı xx.xx.2019-cu il tarixdə anadan olmuş X14 ilə hər həftənin şənbə günü saat 11:00dan gecə qalmaqla bazar günü saat 11:00-dək ünsiyyət hüququ təmin edilməlidir. Lakin mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(044)-1935/2021 nömrəli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş və tərəflərin birgə nikahından doğulmuş X7 nikahın pozulmasından sonra anası X8 yanında qalması müəyyən edilmişdir. Yəni tərəflər arasındakı nikah pozularkən onların birgə nikahından doğulmuş Ə.İddiaçı təxminən 2 yaşı olmuş, həmin vaxtdan ötən 2 il müddətində Ə.İddiaçı atası İddiaçı ilə arzu olunan valideyn-uşaq ünsiyyəti olmamışdır. Buna görə də Ə.İddiaçı özünün də dərk etmədiyi şəraitdə gözlənilmədən atası İddiaçı ilə ünsiyyətinin təmin edilməsi Ə.İddiaçı nəinki mənafeyinə zidd ola, hətta onun psixoloji vəziyyətinə mənfi təsir göstərə və bununla yanaşı qətnamənin icrasını mümkünsüz edə bilər. Belə ki, Ə.İddiaçı atası İddiaçı ilə ünsiyyətinin 2 yaşında olarkən kəsilməsinə görə, hətta öz atasını xatırlamaya və qeyd olunan səbəbdən də anası X9 iştirakı olmadan İddiaçı ilə birlikdə olarkən, özünü yad mühitdə, kənar insanların əhatəsində hiss edə bilər. Bu isə Ə.İddiaçı psixoloji vəziyyətində bərpası mümkün olmayan nəticələrin yaranmasına səbəb ola bilər. Buna görə də məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, İddiaçı xx.xx.2019-cu il tarixdə anadan olmuş X14 ilə qətnamənin qanuni qüvvəyə mindiyi və icraya yönəldiyi tarixdən sonra 5 ay müddətində X9 iştirakı ilə hər həftənin şənbə günü saat 11:00-dan 15:00-dək ünsiyyət hüququnun təmin edilməsi və İddiaçı xx.xx.2019-cu il tarixdə anadan olmuş X14 ilə qətnamənin qanuni qüvvəyə mindiyi və icraya yönəldiyi tarixdən sonra 5 ay sonra sərbəst qaydada hər həftənin şənbə günü saat 11:00-dan gecə qalmaqla bazar günü saat 11:00-dək ünsiyyət hüququnun müəyyən edilməsi, ilkin və qarşılıqlı iddianın digər hissələrdə təmin edilməməsi uşağın psixi və fiziki inkişafına, eləcə də digər mənafelərinə uyğundur. Həmçinin məhkəmə hesab edir ki, tərəflərə izah edilməlidir ki, uşaqla ünsiyyət hüququ ilə bağlı münasibətlər davam edən xarakter daşıdığı üçün qətnamə qanuni qüvvəyə mindikdən sonra eyni məsələ ilə bağlı gələcəkdə yenidən iddia qaldırmaq hüququ istisna edilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ilkin və X9 qarşılıqlı iddiası qismən təmin edilsin. İddiaçı xx.xx.2019-cu il tarixdə anadan olmuş X14 ilə qətnamənin qanuni qüvvəyə mindiyi və icraya yönəldiyi tarixdən sonra 5 (beş) ay müddətində X9 iştirakı ilə hər həftənin şənbə günü saat 11:00-dan 15:00-dək ünsiyyət hüququ təmin edilsin. İddiaçı xx.xx.2019-cu il tarixdə anadan olmuş X14 ilə qətnamənin qanuni qüvvəyə mindiyi və icraya yönəldiyi tarixdən 5 (beş) ay sonra sərbəst qaydada hər həftənin şənbə günü saat 11:00-dan gecə qalmaqla bazar günü saat 11:00-dək ünsiyyət hüququ təmin edilsin. İddiaçı ilkin iddiası və X9 qarşılıqlı iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar