Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3312/2024 29.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona məxsus 5850 manat məbləğində pulun alınıb ona qaytarılmasına, vəkil xidmətinə görə ödənilmiş 40 manat və 80 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, oğlu İlkin Əliyev 2021-ci ilin mart ayında Yevlax-Ağdam yolunda avtoqəza törədərək iki nəfərin ölümünə səbəb olmuşdur. Cinayət işinin istintaqı yekunlaşandan sonra cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Cavabdeh ilə oğlu onun işlətdiyi çay evində tanış olmuşlar. İlkin başına gələnləri ona danışmışdır. Gülnar ona demişdir ki, həmin məhkəmədə işləyən vəzifəli şəxslərdən tanıdıqları vardır, onların vasitəsilə məhkəmənin ona şərti məhkum etmə cəzası verməsinə və ya aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsinə köməklik göstərə bilər. Bu söhbətdən sonra oğlu ona olanları danışıb bildirmişdir ki, 7000 manat pul müqabilində Gülnar ona köməklik edə bilər. O, İlkinə əvvəlcə 1000 manat pul vermişdir ki, Gülnara versin. Bundan bir müddət sonra Gülnar demişdir ki, pulun qalanını təcili çatdırmaq lazımdır. O, 25 noyabr 2021-ci il tarixdə 6000 borc pul tapıb Gülnara çatdırmaq üçün İlkinə vermişdir. İlkin pulun iki dəfəyə olmaqla 4850 manatını Gülnara vermişdir. Onun hərəkətlərindən şübhələndiyi üçün pulun 1150 manatını saxlanması üçün həyat yoldaşına vermişdir. Beləliklə, Gülnara cəmi 5850 manat pul vermişdirlər. 30 noyabr 2021-ci ildə oğlunun məhkəmə prosesi olmuş, ona 6 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Onlar başa düşmüşdürlər ki, Gülnar aldatma yolu ilə dələduzluqla pullarını ələ keçirmişdir. Bundan sonra onlar Gülnardan pullarını geri qaytarmasını tələb etmişdirlər. Lakin o, hər dəfə müxtəlif bəhanələrlə pulu qaytarmaqdan imtina etmişdir. Sonradan öyrənmişdirlər ki, o, başqa adamları da dələduzluqla aldatmışdır. Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(100)-32/2024 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 29.178.2.2 və 29.179.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, ona cəzalar qismən toplamaq yolu ilə qəti olaraq 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkəmənin hökmündə göstərilmişdir ki, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etməsi və aldatma və etibardan sui-istifadə yolu ilə özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etməsi ilə bağlı cinayət hadisəsini törədərkən onun niyyəti zərərçəkmiş şəxslərin əmlakını ələ keçirərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə yönəlmiş və o, vədinə əməl etmək niyyətində olmadan dələduzluq cinayət əməllərini törətmişdir. Məhkəmə nəticəsində bütünlüklə sübuta yetirilmişdir ki, cavabdeh dələduzluq yolu ilə ona 5850 manat maddi ziyan vurmuşdur. O, dəfələrlə cavabdehdən pulunu tələb etsə də, cavabdeh pulu qaytarmaqdan imtina etmişdir. Məhkəmə onu zərərçəkmiş şəxs kimi tanımışdır. Məhkəmənin hökmündə qeyd edilmişdir ki, iş üzrə zərərçəkmiş şəxslər vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəmədə mülki iddia qaldıra bilər. Cavabdeh pulunu qaytarmadığı üçün məcbur olub ona qarşı pul tələbinə dair iddia qaldırmışdır. Beləliklə, cavabdehdən dələduzluq yolu ilə aldığı 5850 manat məbləğində pulu tələb etmişdir. Məhkəmə iclasında İddiaçı idda ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri İstintaq Təcridxanasında cəza çəkdiyindən iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti ona təqdim edilməsi üçün Bakı şəhəri İstintaq Təcridxanasına göndərilmiş, lakin cavabdeh iddia tələbinə qarşı öz münasibətini ğildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(100)-32/2024 nömrəli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 29,178.2.2, 29,178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törəməkdə təqsirli bilinərək 2 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmdə qeyd olunmuşdur ki, Cavabdeh Gəncə şəhərində yerləşən müxtəlif bankomatlarda həmin müddətdə istifadə edərək nağdlaşdırma yolu ilə cəmi 5850 manat pul vəsaitini əldə edərək şəxsi ehtiyaclarına xərcləməklə, aldatma və etibardan suiistifadə etmə yolu ilə X1 atası İddiaçı məxsus cəmi 5850 manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. xx.xx.2024-cü il tarixli, 13941 nömrəli, ödəniş qəbzindən görünür ki, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 40 manat ödəniş edilmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, iddiaçının izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-in 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh təqsirli hərəkətləri nəticəsində iddiaçıya vurduğu zərəri ödəməyə borclu olduğu üçün iddia təmin olunmalı cavabdehdən 5850 manat maddi ziyan və hüquqi yardıma görə ödənilmiş 40 manat alınaraq iddiaçının xeyrinə ödənilməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən ödənilmiş 80 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh 5850 (beş min səkkiz yüz əlli) manat maddi ziyan, hüquqi yardıma görə ödənilmiş 40 manat və 80 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-3312/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3312/2024
29.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver