Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3315/2023 25.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Şəmsi oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4190 manat pul, cavabdehin onu aldatması nəticəsində ona dəymiş zərərə görə 3000 manat məbləğində pul və ödənilmiş 92 manat dövlət rüsumu olmaqla, cəmi 7282 manat məbləğində pulun alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə təxminən 2022-ci mart ayında tanış olmuşlar. Bir müddət sonra Cavabdeh onda saz vəziyyətdə “Mersedes E” markalı avtomobilin olduğunu və həmin avtomobili 2500 manata satdığını bildirmişdir. Həmin vaxt mənə avtomobil lazım olduğundan Samirə əgər satdığı avtomobil yaxşı vəziyyətdədirsə həmin avtomobilə baxmaq istədiyini və xoşuna gəlsə almaq istədiyini bildirmişdir. Cavabdeh buna etiraz etməmiş və bir müddət sonra Cavabdehla “Azərittifaq” deyilən ərazidə görüşmüş və sonuncu beh olaraq ondan 600 manat və etibarnaməyə görə isə 40 manat pul istəmişdir. O da cavabdehə bir tanınmış aktyor kimi, həmçinin, xalq artisti mərhum Ələddin Abbasovun nəvəsi olduğu üçün onun səmimiliyinə inanmış və ona 640 manat pulu vermişdir. Bundan sonra Cavabdeh hər gün avtomobilin gələcəyini deyə-deyə onu aldadaraq Gəncə şəhərində 1 ay gözlətmişdir. Bir ay keçdikdən sonra cavabdeh ona birlikdə Mingəçevir şəhərinə gedib avtomobili gətirməyi təklif etmiş, o da cavabdehlə razılaşmışdır. Gəncə şəhərində “Dram Teatr” adlanan yerdə Cavabdehla görüşüb onun avtomobili ilə Mingəçevir şəhərinə yola düşmüş, Mingəçevir şəhərinə çatmağa az qalmış cavabdeh ondan avtomobili rəngləməsi, mühərriki yenidən təmir etdirməsi və s. təmir işləri gördürməsi barədə soruşmuş, o da Samirin sualına cavab olaraq həmin işləri gördürəcəyini bildirmişdir. Samir də həmin işlərin görüldüyünü, 1500 manat əlavə edərək 4000 manat verməsini təklif etmiş, o da avtomobilə baxdıqdan sonra həmin pulu verə biləcəyini bildirmişdir. Samir ona avtomobilə baxmağa ehtiyac olmadığını və avtomobilin əla vəziyyətdə olduğunu bildirmiş və daha sonra ona avtomobilin şəkillərini göstərmişdir. Həmin şəkillərdə avtomobil yaxşı vəziyyətdə görünmüşdür. Ona görə də cavabdehin səmimiliyinə inanmış və razılıq vermişdir. Cavabdeh Mingəçevir şəhərinə çatdıqdan sonra digər şəxslərin avtomobili ona verməsindən xəbərdar olmamaları üçün pulu indi verməsini xahiş etmiş, o da həmin vaxt cavabdehə 3400 manat da pul vermişdir. Daha sonra Samir ona yanacaqdoldurma məntəqəsinin yanında gözləməsini və onun avtomobili götürüb gəlməsini bildirmişdir. O da öz avtomobili ilə yanacaqdoldurma məntəqəsinin yanına gedib Cavabdeh gözləməyə başlamış, bir müddət sonra Samir avtomobili sürüb yanına gəlmişdir. O, həmin avtomobilə baxmış və avtomobilin nasaz vəziyyətdə olduğunu görüb Samirə avtomobili almaq istəmədiyini bildirmiş və pulunu geri tələb etmişdir. Samir də ona avtomobili aparıb Gəncə şəhərində satıb pulunu qaytaracağını bildirmişdir. Gəncə şəhərinə çatdıqdan sonra Samir avtomobili saxlamağa yeri olmadığını, Samirə köməklik məqsədi ilə avtomobili onların həyətində saxlaya biləcəyini bildirmiş və avtomobili gətirib onların həyətinə salmışlar. Avtomobil 10 gün onların həyətində qalmış, Samirin dediyinə görə müştəri gətirib avtomobili satıb onun pulunu verməli idi. Avtomobil nasaz vəziyyətdə olduğundan və mühərrik işə salınmadığından evakuatorla avtomobili ustaya aparıb düzəltdirmiş və 150 manat da xərc çəkmişdir. Ümumilikdə, Cavabdeh ona 4190 manat borcu var. Bundan əlavə Cavabdeh onu 2-3 aydır ki, aldadır. O Bakı-Gəncə yollarında qalmışdır. O, Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olmuşdur, həmin işi də Samirin onu aldatması səbəbindən əldən çıxmışdır. O, cavabdehdən pulunu qaytarmağını tələb etsə də cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək borcunu ödəməkdən boyun qaçırmışdır. Həmçinin, o, cavabdehdən pulunu almaq məqsədilə dəfələrlə Bakı şəhərindən Gəncə şəhərinə, Gəncə şəhərindən Bakı şəhərinə gediş-gəliş xərcləri üçün 1000 manat pul xərcləmiş, cavabdehin onu aldatması nəticəsində ailəsini dolandırmaq məqsədi ilə Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul ola bilməməsi nəticəsində də ona 2000 manat zərər dəymişdir. Göründüyü kimi Cavabdeh onu aldatması nəticəsində ona ümumilikdə 3000 manat zərər dəymişdir. Göstərilən səbəblərdən çox ağır maddi vəziyyətə düşmüş, pulunu cavabdehdən məhkəmədənkənar ala bilmədiyinə görə məcbur olub hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qismən etiraf edərək bildirdi ki, iddianı avtomobilə görə ona verilmiş 4000 manat və avtomobilin təmiri üçün çəkilmiş xərc qismində 190 manat məbləğində pulun ondan alının iddiaçıya verilməsi hissəsində qəbul edir, lakin o, iddiaçıya heç bir zərər vurmamışdır. Təxminən 2022-ci ilin mart ayında iddiaçı tanışı vasitəsilə ona müraciət edərək “Mersedes-Benz E class” markalı avtomobilini almaq istədiyini bildirmişdir. O da avtomobili Mingəçevir şəhərində başqa şəxsə satdığını, lakin həmin şəxs onun pulunu tam vermədiyi üçün avtomobili geri qaytarmaq istədiyini bildirərək, avtomobili geri qaytararsa ona sata biləcəyini demişdir. İddiaçı da onunla razılaşmış, bundan təxminən bir ay sonra iddiaçı ilə əlaqə saxlayıb avtomobili götürmək üçün Mingəçevirə gedə biləcəklərini demişdir. İddiaçı ilə görüşmüş, bu zaman iddiaçıya demişdir ki, avtomobili alan şəxs həmin avtomobilə əlavə xərc qoyub, mühərrikini yığdırıb və rənglədib, indi avtomobili qaytarmaq üçün ona 4000 manat vermək lazımdır, əgər razıdırsa gedib avtomobili götürə bilərlər. İddiaçı avtomobili 4000 manata almağa razılaşmış, birlikdə Mingəçevir şəhərinə getmişlər. Yolda olarkən iddiaçı ona 4000 manat pulu vermiş, o, avtomobili satdığı şəxslə görüşərkən iddiaçıdan bir az kənarda gözləməsini xahiş etmişdir. Avtomobili qaytardıqdan sonra iddiaçı ilə birlikdə Gəncə şəhərinə gəlmiş, burada iddiaçı avtomobili tanıdığı ustaya aparıb baxdıracağını demişdir. Birlikdə ustanın yanına getmişlər, usta avtomobilə baxdıqdan sonra iddiaçı avtomobili almaq istəmədiyini bildirmişdir. O da iddiaçıya pulu onun yanında Mingəçevirdən olan şəxsə verdiyini deyib, avtomobili satıb onun pulunu verəcəyini bildirmişdir. Bundan sonra başqa narazılıq olmaması üçün avtomobili aparıb iddiaçının həyətinə qoymuşlar. Bu müddətdə iddiaçı avtomobilin şamlarını dəyişdirmiş və müəyyən işlər gördürmüşdür. Bir müddət sonra hər dəfə müştərini iddiaçının həyətinə aparmamaq üçün iddiaçının razılığı ilə avtomobili onun həyətindən götürüb Gəncə şəhərində xalası oğlunun həyətinə qoymuşdur. Daha sonra isə avtomobil Gəncə şəhərində satılmadığından avtomobili satmaq üçün Bakı şəhərinə aparmışdır. Hazırda da avtomobil oradadır və satılmamışdır. Avtomobilin mülkiyyətçisi deyildir, lakin avtomobilə dair etibarnaməsi vardır. İddiaçı onunla görüşmək üçün Gəncə şəhərinə gəlib-getməmişdir. Aralarında telefon danışıqları olmuş, o da indi dediyi kimi hər dəfə avtomobil satıldıqdan sonra iddiaçının pulunu verəcəyini demişdir. İddiaçıya heç bir ziyan vurmamışdır. Odur ki, iddianın qismən təmin edilməsini xahiş edir. Cavabdeh iddianı qismən etiraf etməsi barədə məhkəməyə yazılı ərizə təqdim edərək iddianı 4190 manat pul tələbinə dair hissədə qəbul etdiyini göstərmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 11 aprel tarixli 564 nömrəli Fərmanı ilə təsdiq edilmiş Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan inzibati orqanların Siyahısının 2-ci bəndində hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kubsantimetr və daha çox, konstruktiv maksimal surəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı, modelli mexaniki nəqliyyat vasitələri, onların qoşquları və yarımqoşquların rəsmi reyestrinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən aparıldığı göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir; 650-ci maddəsinə əsasən rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarında göstərilir ki, Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulmuş qayda (restitusiya qaydası) və Mülki Məcəllənin 354.1-ci maddəsində əhəmiyyətsiz əqdin etibarsızlığının nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddət Mülki Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. İşin mübahisəsiz halı kimi müəyyən edilir ki, tərəflər arasında cavabdehin sahibliyində olan Mercedes-Benz markalı avtomobilin alğı-satqısına dair şifahi razılaşma olmuş, buna görə iddiaçı cavabdehə 4000 manat pul ödəmiş, cavabdeh isə həmin avtomobili iddiaçıya vermişdir. Avtomobil iddiaçıda olduğu dövrdə iddiaçı avtomobilə 190 manat xərc çəkmişdir. Sonradan avtomobil cavabdehə qaytarılmışdır və hazırda cavabdehin sahibliyindədir. Məhkəmə qeyd edir ki, tərəflər arasında rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşya - avtomobillə bağlı qanunvericiliyin tələblərinə riayət edilməklə alğı-satqı müqaviləsi bağlanmadığından tərəflərin bu barədə şifahi razılaşması əhəmiyyətsiz əqddir. Əhəmiyyətsiz əqd hər hansı hüquqi nəticə yaratmadığından bu əqd əsasında iddiaçının avtomobilə görə cavabdehə verdiyi pul, eləcə də avtomobilə iddiaçı tərəfindən çəkilmiş xərc – ümumilikdə 4190 manat pul əsassız varlanma qaydalarına uyğun olaraq cavabdehdən alınıb iddiaçıya verilməlidir. İddiaçı cavabdehin onun pulu qaytarmaqdan imtina etməsinə görə Gəncə şəhərinə gəlib-getmək üçün sərf etdiyi yol xərci üçün 1000 manat, həmin müddətlərdə işdən kənar qalıb qazanc əldə edə bilmədiyi üçün mənəvi zərərə görə 2000 manat pul tələb etmişdir. Məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 396-cı maddəsinə əsasən öhdəliyin xarakterindən ayrı hal irəli gəlmirsə, müqavilə öhdəlikləri barədə qaydalar digər qeyri-müqavilə öhdəliklərinə də tətbiq edilir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Cavabdehin iddiaçı qarşısında əsassız varlanmadan irəli gələn pul qaytarmaq öhdəliyi olmuşdur. İddiaçı bu öhdəliyin icra edilməməsi nəticəsində ona zərər vurulduğunu iddia edir. Həmin zərəri iddiaçı Bakı şəhərindən Gəncə şəhərinə gəlib-getməyə çəkdiyi xərclər şəkində real zərər kimi 1000 manat və həmin müddətdə işləyə bilməməsi nəticəsində adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi (əldən çıxmış fayda) pul olaraq 2000 manat qiymətləndirir. Lakin iddiaçı məhz həmin öhdəliyin icrası ilə bağlı Gəncə şəhərinə gəlib-getməsi, eləcə də buna görə hər hansı miqdarda xərc çəkməsi barədə hər hansı sübut təqdim etməmişdir. Eləcə də iddiaçı rəsmi olaraq taksi sürücüsü kimi fəaliyyət göstərməsi, cavabdehin ardınca gəlib-getdiyi günlərdə işləməməsi və həmin günlərdə işləsə idi nə qədər qazanc əldə edə biləcəyi barədə sübutlar (işlədiyi günlərdə əldə etdiyi qazanc barədə məlumat) təqdim etməmişdir. Bu baxımdan məhkəmə iddiaçının öhdəliyin icrası nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi hissəsində iddianı əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, iş üzrə məhkəmə xərci iddiaçı tərəfindən ödənilmiş 92 manat dövlət rüsumundan ibarətdir. İddiaçının iddia tələbi qismən təmin edilmişdir. İddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu qismində ödənilmiş pulun 53,40 manat hissəsi cavabdehdən alınaraq iddiaçıya verilməli, dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 4190 (dörd min yüz doxsan) manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət rüsumunun əvəzi qismində 53,40 manat (əlli üç manat qırx qəpik) pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №2(125)-3315/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3315/2023
25.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver