Məhkəmə qərarları › İş №2(125)-3383/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3383/2023

05.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3383/2023 05.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı, Cavabdeh, cavabdehin vəkili, Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılması tələbi» barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı Gəncə Apellyasiya Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(104)-1192/2021 nömrəli qətnaməsi ilə uşağın saxlanması üçün tutulması müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, 30 dekabr 2005-ci il tarixdə anadan olmuş X1 üçün hər ay 220 manat sabit pul məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, onunla cavabdehin birgə nikahından 30 dekabr 2005-ci il tarixdə X5 anadan olmuşdur. Lakin cavabdeh ailəsi ilə maraqlanmadığı üçün o, nikahın pozulması və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bundan sonra onunla Cavabdeh arasında olan nikah pozulmuş, birgə nikahdan anadan olmuş Ə.V.Tağızadənin onun yanında qalması müəyyən edilmiş və həmin uşağın saxlanması üçün Cavabdeh hər ay 20 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli 2(104)-1192/2021 nömrəli qətnaməsi ilə həmin alimentin məbləği dəyişdirilmiş və həmin uşağın saxlanması üçün Cavabdeh hər ay 170 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 17 mart 2021-ci il tarixli 2(104)-1192/2021 nömrəli qətnaməsi ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli 2(104)-1192/2021 nömrəli qətnaməsi ləğv edilmiş, Cavabdeh tutulan alimentin miqdarı 150 manat məbləğində müəyyən edilmişdir. Lakin hazırda birgə nikahdan doğulmuş uşaq daha da böyümüş və buna görə də onun xərcləri artmışdır. Məhkəmə tərəfindən müəyyən edilmiş aliment məbləği uşaqların tələbatlarını ödəməyə kifayət etmir. Buna görə də, aliment məbləğinin artırılmasında zərurət yaranmışdır. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, bildirdi ki, hazırda o, «DOST iş mərkəzi» məhdud məsuliyyətli cəmiyyətində ictimai əsaslarla sosial işçi olaraq işləyir və aylıq 345 manat əmək haqqı alır. Həmin əmək haqqının 20-25 manat məbləğində hissəsi əmək haqqından tutmalara sərf olunur və bununla da o, hər ay 320- 325 manat gəlir əldə edir. Hazırda o, ikinci dəfə nikaha daxil olmuş və həmin nikahdan bir nəfər uşaq doğulmuşdur. Buna görə də o, nəinki məhkəmə qətnaməsi ilə təyin edilmiş alimenti ödəyə, həmçinin özünün və ailəsinin maddi təminatlarını təmin edə bilmir. Qeyd olunan səbəbdən də məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentin məbləğinin istənilən məbləğdə dəyişdirilməsi onun ağır olan maddi vəziyyətini daha da ağırlaşdıra bilər. Sonda Cavabdeh iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin vəkili N.X.Hümbətov cavabdehin izahatını müdafiə edərək, iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri və cavabdehin vəkilini dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİ seriyalı 060500 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 30 dekabr 2005-ci ildə anadan olmuşdur. Həmin uşağı atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin 17 mart 2021-ci il tarixli 2(104)- 1192/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli 2(044)-2438/2020 nömrəli qətnaməsi ləğv edilmiş və yeni qətnamə ləğv olunmuş, 30 dekabr 2005-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh tutulan alimentin miqdarı artırılaraq hər ay 150 manat miqdarında aliment tutularaq, İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan «Elektron Məhkəmə» informasiya sistemindən çıxarışlardan görünür ki, Cavabdeh «DOST iş mərkəzi» məhdud məsuliyyətli cəmiyyətində ictimai əsaslarla sosial işçi olaraq işləyir və aylıq əmək haqqı 345 manat, Ömərova X4- Regional Təhsil İdarəsində tərbiyəçi işləyir və aylıq əmək haqqı 543 manat 90 qəpikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Həmin Məcəllənin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşaqların Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. Həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2023-cü il tarixli sərəncamının 1-ci bəndinə görə minimum aylıq əmək haqqının məbləği 01 yanvar 2022-ci il tarixdən 345 manat müəyyən edilmişdir. «Azərbaycan Respublikasında 2023-cü ildə yaşayış minimumu haqqında» 9 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikası Qanununa görə 2023-cü ildə ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.3-cü bəndinə görə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Bununla əlaqədar məhkəmə tərəflərin maddi vəziyyətini, tərəflərin birgə nikahlarından doğulmuş uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması zərurətini, həmin uşağın mənafeyini və aliment qət edildikdən sonra ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun artmasını nəzərə alaraq, habelə tərəflərin maddi vəziyyətini müqayisəli tədqiq edərək, hesab edir ki, iddia qismən təmin olunmalı, Gəncə Apellyasiya Məhkəməsinin 17 mart 2021-ci il tarixli 2(104)-1192/2021 nömrəli qətnaməsi ilə tutulması qət edilmiş alimentin miqdarı dəyişdirilərək, cavabdehdən iddiaçının xeyrinə yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün hər ay 160 manat sabit pul məbləğində aliment tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin 17 mart 2021-ci il tarixli 2(104)-1192/2021 nömrəli qətnaməsi ilə uşağın saxlanması üçün tutulması qət edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh 30 dekabr 2005-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Miqdarı dəyişdirilmiş alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar