Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-342/2025 14.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı «istehlakçı hüquqlarının pozulması ilə əlaqədar əşyanın dəyişdirilməsi, bu mümkün olmadıqda həmin əşyanın dəyəri qismində pul» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-yə qarşı iddiaçının cavabdehdən aldığı 4 ədəd qüsurlu stulun yenisi ilə əvəz edilməsi, bu mümkün olmadıqda 4 ədəd stulun dəyərinin əvəzi qismində 712 manat, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat və iddia ərizəsinin hazırlanması üçün ödənilmiş 50 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə mebel almaq məqsədi ilə həyat yoldaşı ilə birlikdə Gəncə şəhəri, Ş.İ.Xətai prospekti 8, ünvanında yerləşən "xxxx" mebel mağazasına getmişdir. Həmin mağazada bir ədədinin qiyməti 184 manat olan 6 ədəd stul mebel bəyənmişdir. Mağazanın satış nümayəndəsinə həmin stullardan 10 ədəd almaq istədiyini bildirmiş, satış nümayəndəsi isə 6 ədəd stulun mağazada, 4 ədəd stulun isə digər mağazada olduğunu bildirərək, 1 ədəd stulun qiymətinin endirim ilə 178 manat olduğunu bildirmişdir. Bundan sonra o, "xxxx" MMC mebel mağazasının kassasına 10 ədəd stulun dəyərinin əvəzi qismində 1.780 manat məbləğində pul vəsaiti ödəmişdir. Daha sonra xx.xx.2024-cü il tarixdə "xxxx" MMC mebel mağazasının Kənan adlı nümayəndəsi aldığı 10 ədəd stulu gətirib ona təhvil vermişdir və zəmanət talonuna imza etdirmişdir. O, ailə üzvləri ilə birlikdə mebellərin üzərində olan örtük kağızlarını çıxaran zaman başqa mağazadan gətirilən 4 ədəd stulun rənginin digər 6 ədəd stuldan fərqləndiyini görmüş və 4 ədəd stulun parça örtüyü günəşin altında çox qaldığından qızarmışdır. Bu barədə "xxxx" MMC mebel mağazasının Kənan adlı nümayəndəsinə iradını bildirmişdir. Daha sonra mebel mağazasına yaxınlaşaraq şikayətini bildirmiş, 4 ədəd stulun rənginin digərlərindən fərqləndiyindən həmin stulları başqa stullarla əvəz edilməsini, bu mümkün olmadıqda isə 4 ədəd stul üçün ödədiyi 712 manat məbləğində pul vəsaitini geri qaytarılmasını tələb etsə də müraciətindən imtina edilmişdir. Buna görə də məcbur olub məhkəməyə müraciət etmişdir. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh "xxxx" MMC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmədə nümayəndəsinin iştirak etməməsinin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan SA00-009222 nömrəli sifariş qaiməsinin surətindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə sifariş edərək xx.xx.2024-cü il tarixdə çatdırılma şərti ilə "xxxx" MMC mebel mağazasından 10 ədəd «Bugatti Stul, Nubuck213-04/cehiz ayaq» stuluna almaq üçün cəmi 1.780 manat məbləğində ödəniş etmişdir. İş materiallarında olan SA00-009222 nömrəli zəmanət talonunun surətindən görünür ki, İddiaçı 10 ədəd «Bugatti Stul, Nubuck213-04/cehiz ayaq» stulu xx.xx.2024-cü il tarixdə çatdırılmışdır. Bundan başqa, müştəri mebelin sifarişi zamanı onun ölçüsü, modeli və dizayn seçimində yanlışlığa yol verərəsə "xxxx" MMC mebelin qaytarılmasından və ya dəyişdirilməsindən imtina etmək hüququna malikdir. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunun 15-ci maddəsinə görə «istehlakçı tərəfindən əldə edilmiş lazımi keyfiyyətli mal istifadə olunmayıbsa (quraşdırılmayıbsa) və onun əmtəə görünüşü, istehlak xassələri, plombu,həmçinin mal və yaxud kassa qəbzi və ya ona mal ilə birlikdə verilmiş digər sənədləri saxlanılıbsa, bu hallarda o (14 gün ərzində) qaytarıla və ya dəyişdirilə bilər. İşdə olan xx.xx.2024-cü il tarixli, 493 nömrəli çekin surətindən görünür ki, , İddiaçı 10 ədəd Bugaatti stulun dəyəri qismində cəmi 1.780 manat məbləğində pul vəsaitini "xxxx" MMC-nin hesabına ödəmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, İddiaçı "xxxx" məqsədi ilə Gəncə Hüquq Şirkəti MMC-yə 50 manat ödəniş etmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, İddiaçı "xxxx" MMC-nə aldığı qüsurlu mal hesab edilən 4 ədəd stulun yenisi ilə əvəz edilməsi, bu mümkün olmadıqda isə həmin stulların dəyərinin ödənilməsinə dair pretenziya ilə müraciət etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli yerində baxış keçirilməsi barədə protokoldan görünür ki, məhkəmə tərəfindən xx.xx.2025-ci il tarixdə Gəncə şəhəri, Difahi küçəsində (3 bulaq qəsəbəsi) yerləşən 10 nömrəli fərdi yaşayış evində tərəflər arasındakı alğı-satqı müqaviləsinin predmeti olan 10 ədəd «Bugatti Stul, Nubuck213-04/cehiz ayaq» stula baxış keçirilmiş və həmin stullardan 3 ədədinin rənginin digərlərindən fərqləndiyi, həmin stulların parça örtüyünün rənginin daha açıq rəngli olduğu aşkar edilmişdir. Fotoşəkillər çəkilmiş və videoqeydlər aparılmış, həmin fotoşəkillər və videoqeydlər protokola əlavə olunmuşdur. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən olunmuş hallarından görünür ki, İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2024-cü il tarixdə şifahi alğı-satqı müqaviləsi olmuş və həmin müqaviləyə əsasən "xxxx" MMC 10 ədəd «Bugatti Stul, Nubuck213-04/cehiz ayaq» stulu cəmi 1.780 manat məbləğinə İddiaçı satmış, İddiaçı stulların dəyərini "xxxx" MMC-yə ödəmişdir. İddiaçı həmin stulları yaşadığı ünvanda təhvil alarkən onlarda qüsurlar aşkar etmişdir. Bundan sonra İddiaçı lazımi keyfiyyətli olmayan malın dəyişdirilməsini və ya ödənilmiş pulun geri qaytarılmasını "xxxx" MMC-dən tələb etmiş, lakin "xxxx" MMC malın və ödənilmiş pulun geri qaytarılmasından imtina etmişdir. Bununla əlaqədar İddiaçı "xxxx" MMC-yə qarşı iddiaçının cavabdehdən aldığı 4 ədəd qüsurlu stulun yenisi ilə əvəz edilməsi, bu mümkün olmadıqda 4 ədəd stulun dəyərinin əvəzi qismində 712 manat, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat və iddia ərizəsinin hazırlanması üçün ödənilmiş 50 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddianı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.9-cü maddəsinə uyğun olaraq, iddiaçının seçməsi əsası ilə müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə Gəncə Şəhər Məhkəməsinə vermişdir. Mülki işin məhkəmədə tədqiqi zamanı İddiaçı "xxxx" MMCdən aldığı 10 ədəd stula baxış keçirilmiş və baxış zamanı həmin stullardan 3 ədədinin örtük rənginin digərləri ilə müqayisədə fərqli olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 624.1.1-624.1.4-cü maddələrinə əsasən alıcıya lazımi keyfiyyətli olmayan mal satıldıqda, əgər malın qüsurları satıcı tərəfindən qabaqcadan bildirilməyibsə, alıcı öz seçimi ilə tələb edə bilər ki, keyfiyyətsiz mal lazımi keyfiyyətli malla əvəz edilsin; alış qiyməti mütənasib surətdə azaldılsın; malın qüsurları təxirə salınmadan əvəzsiz qaydada aradan qaldırılsın və malın qüsurlarının aradan qaldırılmasına çəkilmiş xərclərin əvəzi ödənilsin. Həmin Məcəllənin 624.3-cü maddəsinə görə malın xassələri onun aşkar edilmiş qüsurlarını aradan qaldırmağa imkan vermədikdə (ərzaq malları, məişət kimyası malları və i.a.) alıcı öz seçimi ilə həmin malın lazımi keyfiyyətli malla dəyişdirilməsini və ya alış qiymətinin mütənasib surətdə azaldılmasını tələb edə bilər. Həmin Məcəllənin 624.4-cü maddəsinə görə bu Məcəllənin 624.1 və 624.3-cü maddələrində göstərilmiş tələbləri irəli sürmək əvəzinə alıcı pərakəndə alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər və mal üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir: lazımi keyfiyyətli mala dəyişdirməyi; satış qiymətini uyğun məbləğdə azaltmağı, malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini; müqavilənin ləğv medilməsini və çəkdiyi zərərin ödənilməsini. Satıcı (icraçı) istehlakçıdan lazımi keyfiyyəti olmayan, malı geri götürməyə və bu maddənin birinci bəndində göstərilən istehlakçının tələblərindən birini yerinə yetirməyə borcludur. Həmin Qanunun 10-cu maddəsinə görə əgər satıcı, istehsalçı (onların funksiyalarını yerinə yetirən müəssisələr) malın qüsurlarının istehlakçı tərəfindən istifadə və ya saxlanma qaydalarının pozulması, üçüncü şəxslərin hərəkətləri və ya təbii fəlakət nəticəsində əmələ gəldiyini sübuta yetirərsə, istehlakçının bu maddədə nəzərdə tutulan tələbləri təmin olunmamalıdır. Həmin Qanunun 14-cü maddəsinə görə istehlakçı aldığı malların keyfiyyətini, komplektliyini, ölçüsünü, çəkisini və qiymətini yoxlamaq, malların düzgün və təhlükəsiz istifadəsini nümayiş etdirmək hüququna malikdir. Belə hallarda satıcı istehlakçının tələbi ilə ona nəzarət-ölçü cihazlarını, malın qiyməti haqqında sənədləri təqdim etməlidir. Zəmanət Müddətində malın keyfiyyətinin itməsi səbəblərini müəyyən etmək lazım gəldiyi halda satıcı istehlakçının yazılı ərizəsini aldıqdan sonra 3 gün ərzində bu malı ekspertizaya göndərməlidir. Ekspertiza satıcının hesabına aparılır. Qanunvericiliyin qeyd olunan normalarının tələbindən göründüyü kimi alıcıya lazımi keyfiyyətli olmayan mal satıldıqda satıcı lazımi keyfiyyətli olmayan malı lazımi kefiyyətli malla əvəz etməli, yaxud alıcının tələbi əsasında satıcı mal üçün ödənilmiş pulu geri qaytarmalıdır. Hazırki halda İddiaçı "xxxx" MMC-dən qüsurlu malın yenisi ilə əvəz edilməsini, bu mümkün olmadıqda isə qüsurlu mala görə vəsaitin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Mülki işin məhkəmədə tədqiqi zamanı "xxxx" MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmışdır. Lakin "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iddiaya münasibətini, eləcə də iddiaya etiraz etdiyi halda etirazının əsaslarını və onları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bununla da "xxxx" MMC iddiaya etirazı olduğu halda etirazının əsaslarını təşkil edən halları təsdiq edən sübutları məhkəməyə təqdim etmək imkanlarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsi ilə nəzərdə tutulmuş əsaslarla itirmişdir. İddiaçı isə öz iddia tələbinin əsasını təşkil edən halları təsdiq edən sübut kimi ödəniş qəbzlərini ("xxxx" MMC-nin kassa mədaxil orderini və satış çekini) və fotoşəkilləri məhkəməyə təqdim etmişdir. Bununla yanaşı məhkəmə tərəfindən xx.xx.2025-ci il tarixdə Gəncə şəhəri, Difahi küçəsində (3 bulaq qəsəbəsi) yerləşən 10 nömrəli fərdi yaşayış evində tərəflər arasındakı alğı-satqı müqaviləsinin predmeti olan 10 ədəd «Bugatti Stul, Nubuck213-04/cehiz ayaq» stula baxış keçirilmiş və həmin stullardan 3 ədədinin rənginin digərlərindən fərqləndiyi, həmin stulların parça örtüyünün rənginin daha açıq rəngli olduğu aşkar edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd edilmiş hallarını nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı və "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli alğı-satqı müqaviləsi əsasında satılmış 10 ədəd «Bugatti Stul, Nubuck213-04/cehiz ayaq» stulun 3 ədədi lazımi keffiyyətli stulla əvəz edilməli, İddiaçı və "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli alğı-satqı müqaviləsi əsasında satılmış 10 ədəd «Bugatti Stul, Nubuck213-04/cehiz ayaq» stulun 3 ədədinin lazımi keffiyyətli stulla əvəz edilməsi mümkün olmadıqda, həmin stulların əvəzi qismində hər stula görə 178 manat məbləğində pul vəsaiti "xxxx" MMC-dən X2 xeyrinə tutulmalı və dəyəri ödənilmiş stullar X1 alınıb, "xxxx" MMC-yə qaytarılmalı, qətnamə "xxxx" MMC tərəfindən stulların dəyərinin ödənilməsinə və X3 tərəfindən stulların qaytarılmasına dair hissədə eyni anda icra edilməli, İddiaçı iddiası qalan hissədə təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə görə vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi ilə əlaqədar hesab edir ki, İddiaçı "xxxx" məqsədi ilə Gəncə Hüquq Şirkəti MMC-yə 50 manat məbləğində ödəniş etdiyindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən hüquqi yardım məqsədi ilə ödənilmiş vəsaitin əvəzi qismində 50 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə və ödənilməmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti dövlət büdcəsi nəfinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 238-253, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. İddiaçı və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2024-cü il tarixli alğı-satqı müqaviləsi əsasında satılmış 10 ədəd «Bugatti Stul, Nubuck213-04/cehiz ayaq» stulun 3 ədədi lazımi keffiyyətli stulla əvəz edilsin. İddiaçı və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2024-cü il tarixli alğı-satqı müqaviləsi əsasında satılmış 10 ədəd «Bugatti Stul, Nubuck213-04/cehiz ayaq» stulun 3 ədədinin lazımi keffiyyətli stulla əvəz edilməsi mümkün olmadıqda, həmin stulların əvəzi qismində hər stula görə 178 (bir yüz yetmiş səkkiz) manat məbləğində pul vəsaiti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən X2 xeyrinə tutulsun və dəyəri ödənilmiş stullar X1 alınıb, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qaytarılsın. Qətnamə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən stulların dəyərinin ödənilməsi və X3 tərəfindən stulların qaytarılmasına dair hissədə eyni anda icra edilsin. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən hüquqi yardım məqsədi ilə ödənilmiş vəsaitin əvəzi qismində 50 (əlli) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə və ödənilməmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbləğində pul vəsaiti dövlət büdcəsi nəfinə tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-342/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-342/2025
14.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver