Məhkəmə qərarları › İş №2(125)-3432/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3432/2025

02.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3432/2025 02.09.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Qasımov Zakir Zaur oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Mülki işin mübahisəsiz halları ondan ibarətdir ki, Gəncə Şəhər Məhkəməsinin 1(125)- 64/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikasının CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 03 il müddətinə azadlığın məhrum etmə cəzası təyin edilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs Cavabdeh barəsində zərərçəkmiş şəxs İddiaçı onu və arvadını işə düzəltmək adı ilə aldadıb 40.000 manat pul almadığını, həmin faktla bağlı Rəşadın ona şər atdığını göstərsə də, məhkəmə istintaqı zamanı toplanmış sübutların məcmusu o, cümlədən zərərçəkmiş şəxs, şahid ifadələri, “üzləşdirmədə dindirmə” protokolları, telefon məlumatlarına dair səs yazıları, Whatsapp yazışmalarına dair çıxarışlarla və digər mötəbər və təkzibedilməz sübutlarla həmin fakt öz təsdiqini tapmışdır. Ona görədə məhkəmə həmin hissədə təqsirləndirilən şəxs Cavabdeh ifadəsini özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirib və sübut kimi qəbul etməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(104)-91/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarına əsasən zərərçəkmiş şəxs İddiaçı və məhkum Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 40000 manat pulun alınıb ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh onu və həyat yoldaşını işə düzəltmək adı ilə dələduzluq və aldatma yolu ilə 40000 manat pulumu ələ keçirmiş və öz şəxsi məqsədləri üçün xərcləmişdir. Ona vurulmuş ziyan nə ibtidai, nə də məhkəmə istintaqında ödənilməmişdir. Gəncə şəhər Məhkəməsinn xx.xx.2024-cü il tarixli, 1 (125)-64/2024 saylı qanuni qüvvəsini almış məhkəmə hökmü ilə öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən, cinayət nəticəsində ona vurulmuş 40000 manat pulun cavabdehdən alınaraq ona ödənilməsini iddia edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaya etiraz edərək, tələbin əsassız olduğunu bildirdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, iddiaçı məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasın onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə cavabdehin təmsilçisini dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 1093.2. Aşağıdakı hallarda qaytarma tələbi istisna edilir: 1093.2.1. əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə; 1093.2.2. əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa. Hazırkı iş üzrə iddiaçı işə qəbul olunmaq üçün verdiyi və bu barədə hüquqi əsas olmadığına görə əsassız varlanan cavabdehdən 40000 manat pulun tutulmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli hökmünə əsasən, cavabdehin iddiaçıdan tələb edilən məbləğdə pul aldığı müəyyən olunmuşdur. Çəkişmə prinsipinin təmin olunmasına baxmayaraq, məhrum olan iddiaçının əsassız varlanmış cavabdehdən qaytarma tələbini istisna edən hər hansı sübut təqdim olunmamışdır. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia təmin edilərək, cavabdehdən 40000 manat pul iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Bundan başqa, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu əvəzi olaraq 210 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227,238, 240, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 40000 (qırx min) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 210 (iki yüz on) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar