Məhkəmə qərarları › İş №2(125)-3439/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3439/2023

14.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3439/2023 14.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı ASC, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 iddiaçının xeyrinə müştərək qaydada əsas borc üzrə 5562,58 manat, faiz borcu üzrə 614,06 manat, cərimə üzrə 99,76 manat olmaqla, cəmi 6276,40 manat pul vəsaitinin, dövlət rüsumuna görə 82,76 manat pul vəsaitinin tutulması və kredit müqaviləsinin ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə, İddiaçı ASC (Bank) ilə Cavabdeh1 (cavabdeh və ya borcalan) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 10-MGZ2-1-0-212-21 nömrəli “kredit limitinin ayrılmasına dair” müqaviləyə əsasən Bank borcalana 120 ay müddətinə illik 30 faiz dərəcəsi ilə 25000 manat məbləğində kredit limiti ayırmışdır. Bank ilə borcalan arasında bağlanmış 10-MGZ2-1-0-212-21/2 nömrəli, xx.xx.2021-ci il tarixli “bank xidmətlərinin göstərilməsi üzrə standart şərtlərə əlavə №5” razılaşmaya, kassa məxaric orderinə və hesabdan çıxarışa əsasən Bank borcalana 24 ay müddətinə illik 23 faiz dərəcəsi ilə ödəmək şərtilə 8000 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsinə əsasən Bank Müştəriyə məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə və faizlər ödənilmək əsasında kredit verməyi, Müştəri isə həmin Müqavilədə, Razılaşmada və hazırki Standart Şərtlərdə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməyi, habelə krediti, kreditə hesablanmış faizləri, komisyon haqqı və digər ödənişləri Banka ödəməyi öhdəsinə götürür. Ödəniş cədvəlinə əsasən borcalan hər ay 418,99 manat, sonuncu ay 418,87 manat ödəməyi öz üzərinə götürmüşdür. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasını təmin etmək məqsədilə İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 10-MGZ2-1-0-212- 21 (Z1) nömrəli zaminlik müqaviləsinə əsasən kreditor qarşısında zamin və borclunun birgə məsuliyyəti müəyyən edilmişdir. Bundan əlavə, İddiaçı ASC ilə Cavabdeh2 arasında sözügedən kredit müqaviləsi üzrə kreditor qarşısında zamin və borclunun birgə məsuliyyətini müəyyən edən xx.xx.2021-ci il tarixli Z/13954/21 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı iddia ərizəsində göstərmişdir ki, cavabdeh öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirməmiş və cavabdehin xx.xx.2023-cü il tarixə Banka 5562,58 manat əsas, 614,06 manat faiz borcu, 199,52 manat cərimə olmaqla, 6376,16 manat borcu hesablanmışdır. Cavabdehin xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 199,52 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50 faizi miqdarında olmaqla, yəni 99,76 manat məbləğində tələb olunmuşdur. Bank tərəfindən xəbərdarlıq olunmasına baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə etdi ki, cavabdeh tərəfindən sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 330 manat ödəniş edilmiş, həmin vaxtdan bugünədək heç bir ödəniş edilməmişdir. Odur ki, nümayəndə, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1, bank tərəfindən hesablanan borc məbləğinin düzgün olduğunu qəbul etdi, 2022-ci ilin oktyabr ayına kimi borcunu vaxtlıvaxtında ödədiyini, sonradan maddi cəhətdən çətinlik yarandığı üçün borcunu ödəyə bilmədiyini qeyd etdi və əlavə etdi ki, sonuncu dəfə ödədiyi 330 manat bank tərəfindən cərimə borcuna görə çıxılmışdır. İş üzrə digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməyinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək həmin cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, iddiaçının nümayəndəsinin və məhkəmə iclasında iştirak edən cavabdehin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış müqavilələrə əsasən borcalan müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə kreditdən istifadə etməyi, habelə krediti, kreditə hesablanmış faizləri, komisyon haqqı və digər ödənişləri Banka ödəməyi, zaminlər isə bu müqavilə üzrə borcalanın Bank qarşısında öhdəliyinin tamamilə icra edilməsi üçün birgə məsuliyyəti öz üzərinə götürmüşlər. Belə ki, işin mübahisəsiz halları ilə tərəflər arasında sözügedən müqavilələrin və 1 saylı əlavənin bağlanmasını təkzib edən əsaslar iş materiallarında mövcud deyil. Həmin müqaviləyə, kassa məxaric orderinə, hesabdan çıxarışa görə Bank borcalana 24 ay müddətinə illik 23 faiz dərəcəsi ilə ödəmək şərtilə 8000 manat məbləğində kredit vermişdir. xx.xx.2021-ci il tarixli “bank xidmətlərinin göstərilməsi üzrə standart şərtlərə” əlavə 5 nömrəli razılaşmaya (kredit verilməsinə dair) əsasən “Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsi üzrə standart şərtlər” (https://www.yelo.az/site/assets/files/3760/terms-1.pdf) bu razılaşmanın tərkib hissəsidir. Həmin standart şərtlərə əsasən müştəri və ya onun xeyrinə üçüncü şəxs tərəfindən ödənilən pul vəsaiti ilk növbədə Bankın xərclərinin, komisyon haqqın və ona dəyən zərərin, ikinci növbədə ödəniş tarixinə olan hesablanmış cərimə (aylar üzrə ardıcıllıqla), gecikdirilmiş faiz (aylar üzrə ardıcıllıqla), gecikdirilmiş əsas borc üzrə hesablanmış faiz (aylar üzrə ardıcıllıqla), gecikdirilmiş əsas borc (aylar üzrə ardıcıllıqla), ödənilmə tarixindən etibarən əsas borca hesablanmış faiz, qalıq əsas borc məbləğinin ödənilməsinə yönəldilir, belə ki, bank borcalandan müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə əlaqədar krediti hesablanmış faizlər, cərimə və Müqaviləyə əsasən ödənilməsi nəzərdə tutulan digər məbləğlər ilə birlikdə qaytarılmasını, dəymiş zərərin, o cümlədən əldən çıxmış faydanın ödənilməsini tələb edə bilər. Həmin standar şərtlərə əsasən aşağıdakı hallardan hər hansı biri mövcud olarsa, Bank Müqavilə üzrə Borcalana kredit verməkdən imtina edə, həmçinin kredit xəttinin istifadə edilməmiş hissəsindən istifadə edilməsini məhdudlaşdıra/ləğv edə bilər, habelə verilmiş krediti vaxtından əvvəl tələb edə bilər: Müştəri tərəfindən kreditlə əlaqədar Bankı aldatmağa yönəlmiş və ya qanunvericiliyə zidd hər hansı bir hərəkətin edilməsi və ya yanlış məlumatın və ya sənədlərin təqdim edilməsi barədə Bankda ciddi şübhələr və ya məlumat olduqda və s. Tərəflər arasında olan 1 saylı əlavədə (ödəniş cədvəli) nəzərdə tutulmuşdur ki, ödənişin vaxtında aparılmamasına görə ödənilməyən məbləğə gündəlik 0,2 faiz cərimə hesablanıb tutulacaqdır. İş materiallarında olan, xx.xx.2023-cü il tarixli maliyyə arayışından və kredit hesabından çıxarışdan görünür ki, sözügedən kredit müqaviləsi üzrə borcalan tərəfindən Banka əsas borca görə cəmi 2437,42 manat, faiz borcuna görə cəmi 1216,21 manat ödəniş edilmiş, borcalanın Banka 5562,58 manat əsas, 614,06 manat faiz borcu, 199,52 manat cərimə olmaqla, cəmi 6376,16 manat kredit borcu yaranmışdır. İddiaçı bank hesablanmış cərimə borcunun yarısını (99,76 manat) tələb etmişdir. Beləliklə, müqavilə üzrə cavabeh tərəfindən ödənişlər qismən aparılmışdır. xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehlərə sözügedən kredit müqaviləsi üzrə borcun (gecikmənin) olması barədə xəbərdarlıq edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə müvafiq iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (maddə 739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (maddə 739.2). Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir (maddə 462.1). Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (maddə 470.1). Borclu zaminliklə təmin edilmiş öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (maddə 472.1). Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq kredit müqavilələri bağlanmış, iddiaçı öhdəliyini icra etmiş, borcalan isə müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməmiş, əsas və faiz borcunu vaxtında ödəməmiş və öhdəliyini pozmuşdur. Müqaviləyə uyğun olaraq bankın müqaviləyə birtərəfli qaydada xitam vermək və borcun vaxtından əvvəl qaytarılmasını tələb etmək hüququ yaranmışdır. Borcalan əsas və faiz borcunu vaxtında ödəmədiyindən iddiaçının gecikdirilmiş məbləğə görə müqavilənin şərtlərinə uyğun olaraq dəbbə pulu tələb etmək hüququ da yaranmışdır. Məhkəmə eyni zamanda digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, onlar sözügedən müqavilə üzrə alınmış kreditə görə zamin olduqlarından, qeyd edilən məbləğin və həmin məbləğə hesablanmış faiz borcunun, hesablanmış cərimənin ödənilməsi üçün məsuliyyət daşıyırlar. Həmçinin, iddiaçının təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, borcalan məhkəmə iclasında iştirak etsə də, eyni zamanda digər cavabdehlər hazırki iş üzrə məhkəmə iclası barədə məlumatlı olsalar da, məhkəməyə iddia tələbini təkzib edəcək, borcun düzgün hesablanmadığını təsdiq edəcək heç bir sübut təqdim etməmişdir. Beləliklə, məhkəmə hesablanmış dəbbə pulunun məbləğini də nəzərə alaraq hesab edir ki, iddiaçı müqavilə şərtlərinə istinad edərək cavabdehlərdən əsas borcun, ona hesablanmış faizlərin və cərimənin ödənilməsini, eləcə də xx.xx.2021-ci il tarixli müqavilənin ləğvini tələb etməkdə haqlıdır. Həmçinin, MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia əsaslı olduğundan, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 82,76 manat dövlət rüsumunun əvəzi və iddiaçının bank xidmət haqqını ödəməsi nəticəsində çəkdiyi 0,40 manat əlavə xərcin əvəzi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 10-MGZ2-1-0-212-21/2 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 5562,58 manat əsas borc, 614,06 manat faiz borcu və 99,76 manat cərimə olmaqla, cəmi 6276,40 (altı min iki yüz yetmiş altı manat, qırx qəpik) manat və ödənilmiş dövlət rüsumunun, bank xidmət haqqının əvəzi kimi 83,16 (səksən üç manat, on altı qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar