Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-344/2023 19.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona verdiyi puldan və ona vurduğu ziyana görə verməli olduğu puldan ödənilməmiş, cəmi 1200 manat məbləğində pulun alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, o, birinci Qarabağ müharibəsi iştirakçısıdır. Lakin veteran adı və vəsiqəsini almadığı üçün buna görə təqaüd ala bilmir. Bununla əlaqədar Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. Həmin vaxt orada tanış olduğu məhkəmənin işçisi, hüquqşünas Cavabdeh ona bu işi düzəldə biləcəyini bildirmişdir. O, 2019-cu ilin təxminən may ayında Cavabdeh məhkəmənin yaxınlığında yerləşən iş otağına gedib onunla danışmışdır. Cavabdeh bu işi düzəltmək üçün ondan 500 manat pul və sənədlərini almış, ona söz vermişdir ki, on günə veteran adı alıb təqaüdünün düzəlməsinə köməklik edəcəkdir. O, Cavabdeh 500 manat pulu iddia ərizəsi hazırlayıb Gəncə İnzibati Məhkəməsinə verməsi üçün vermişdir. X4 Məhkəməsində baxılıb-baxılmamasından xəbəri yoxdur. Həmin vaxtdan indiyədək cavabdeh ona veteran adının və təqaüdünün verilməsini düzəldə bilməmişdir. Bu vaxtadək özü də veteran adının və təqaüdünün verilməsini düzəldə bilməmişdir. Hələ üstəlik sənədlərini də itirmişdir. O, dəfələrlə ondan pulunu tələb etmiş, onu aldatdığı və sənədlərini itirdiyinə görə xeyli ziyana düşdüyünü, bu barədə polisə müraciət edəcəyini bildirmişdir. 2022-ci ilin təxminən mart ayının əvvəllərində cavabdeh onun yaşadığı evə gələrək ona heç yerə şikayət etməməsini, verdiyi 500 manatı və ziyana düşdüyünə görə, yəni işinə məhkəmədə baxılmadığı dövrdə alacağı veteranlığa görə pensiya üçün əlavə olaraq 1500 manat pulu da verəcəyini demişdir. Bu söhbətdən təxminən bir həftə sonra cavabdeh ona 500 manat, bir qədər sonra isə 300 manat pul vermişdir. Lakin zərərə görə söz verdiyi pulun 1200 manatını hələ də verməmişdir. O, maddi cəhətdən ağır vəziyyətdədir, heç yerdə işləmir, nə də pensiya almır. Özü də, həyat yoldaşı da xəstədirlər. Ali məktəbə daxil olan oğlunun təhsil haqqını ödəyə bilmir. Cavabdeh ona verdiyi pulu və vurduğu ziyana görə söz verdiyi pulu tam ödəməlidir. Ona görə də iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında ərizə təqdim edərək, bildirmişdir ki, əvvələr o, İnzibati məhkəmədə məsləhətçi iclas katibi işləmişdir. 2019-cu il tarixdə Qurban adlı şəxslə tanış olmuşdur. Belə ki, Qurban adlı şəxs ona birinci Qarabağ müharibəsi əlili olmasına və həmin müharibədə iştirakına görə təqaüd verilməsi barədə İnzibati məhkəməyə ərizə verilməsinə kömək etməsi üçün müraciət etmişdir. O, da ərizə yazaraq məhkəməyə təqdim etmiş və ərizəni yazmağın müqabilində Qurbandan 500 manat pul almışdir. Lakin ərizənin təmin edilib-edilməməsi barədə məlumatı olmamışdır. Sonradan İddiaçı onun yanına gələrək işinin həll olunmadığını və ondan şikayət edəcəyini bildirmişdir. İddiaçı ondan polisə şikayət etməməsi üçün həmin vaxt ona verdiyi 500 manat puldan əlavə 1500 manat pul verəcəyinə dair söz vermişdir. O, iddiaçıdan aldığı 500 manat pulu qaytarmış və söz verdiyi kimi ziyana görə əlavə olaraq 300 manat pul da vermişdir. Buna baxmayaraq, iddiaçı ondan polisə şikayət etmişdir. O, ərizə yazmaq üçün iddiaçıdan aldığı 500 manatı və əlavə olaraq 300 manat qaytarmışdır. Hazırda iddiaçının ondan 1200 manat məbləğində pulu tələb etməsi əsassız olduğundan iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Gəncə Şəhər Baş Polis İdarəsinin 26 may 2022-ci il tarixli məktubu və 23 may 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı ərizəsi əsasında HK-1/1573 saylı material üzrə araşdırılma aparılmış, toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. - 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. - 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. - 779.2-ci maddəsinə əsasən vəkalət alanın məsuliyyət daşıdığı vicdanlılıq dərəcəsi aşağıdakılar nəzərə alınmaqla tapşırığın növü ilə müəyyənləşdirilir: - 779.2.1. peşə fəaliyyəti ilə bağlı risk və tapşırığın həyata keçirilməsi üçün zəruri olan xüsusi biliklər; - 779.2.2. vəkalət verənin bildiyi və ya bilməli olduğu, vəkalət alanın qabiliyyəti və keyfiyyətləri. - 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, İddiaçı Cavabdeh iddia ərizəsini yazmaq üçün 500 manat pul verdiyini, sonuncu isə şikayət etməməsi üçün həmin 500 manatı və ona vurulmuş ziyanın əvəzi kimi 1500 manat pulu qaytarmağı öhdəsinə götürsə də, cavabdehin aldığı 500 manatı və əlavə olaraq 300 manat olmaqla cəmi 800 manat ödəniş etdiyini qeyd edərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hazırlıq iclası zamanı sübutların təqdim edilməsi iddiaçının nəzərinə çatdırılsa da və bununla bağlı məhkəmə hazırlıq iclası bir neçə dəfə təxirə salınsa da, iddiaçı tərəfindən cavabdehə 1200 manat verməsini təsdiqləyəcək sübutlar işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər məhkəməyə təqdim edilməmişdir. İddiaçı iddia tələbinin əsası iddiaçının polis şöbəsində izahatında iddia ərizəsinin yazılması üçün aldığı 500 manatı və əlavə olaraq 1500 manat ona dəymiş ziyan kimi ödənilməsini öhdəsinə götürdüyünə istinad etsə də, cavabdeh məhkəmə iclasında iddianı etiraf etməmiş, tapşırıq müqaviləsi əsasında iddiaçıdan aldığı pulu və əlavə olaraq 300 manat iddiaçıya ödədiyini bildirərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İddia təmin edilmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləəsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakimi: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(125)-344/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-344/2023
19.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver