Məhkəmə qərarları › İş №2(125)-344/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-344/2025

18.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-344/2025 18.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən müştərək qaydada 2650 manat pulun və 46 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə normal münasibətləri olmuş. O, ona müraciət edərək, pul lazım olduğunu və kömək etməyini xahiş etmişdir. O, Cavabdeh 2022-ci ildə və 2023-cü ilin fevral və may aylarında hissə-hissə olmaqla ümumilikdə 3700 manat məbləğində pul vermişdir və Cavabdeh həmin məbləğdən 1100 manatını qaytarmışdır. Sözügedən pul məbləğini Gəncə şəhərinin müxtəlif ərazilərində yerləşən, əsasən də öz yaşadığı ərazidə olan “Million” ödəniş məntəqələrindən və digər terminallardan Cavabdeh və onun xahişi ilə dediyi şəxslərin hesablarına göndərmişdir. Bunları sübut edən qəbzləri iddia ərizəsinə əlavə etmişdir. Cavabdeh isə pulunun olmamasını bildirərək borcu qaytarmaqdan imtina etmişdir. Hazırda da cavabdehdən ona olan borclarını ödəməsini tələb etsə də, o, pulu ödəməkdən boyun qaçırır, müxtəlif bəhanələr gətirir. Ona görə də, Cavabdeh qarşı pul tələbinə dair məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “WhatsApp” platformasında aparılan yazışmanın çıxarışından görünür ki, “Seymur Haciyev” adlı şəxs xx.xx.2023-cü ildə 2350 manat borcu olduğunu bildirmişdir. İş materiallarında olan “eManat” ödəniş vasitəsi tərəfindən verilmiş qəbzlərdən görünür ki, H***** S***** V***** oğlu adlı şəxsə məxsus bank kartı hesabına xx.xx.2022-ci ildə 350 manat, xx.xx.2023-cü ildə 400 manat və xx.xx.2022-ci ildə 300 manat; D***** A***** R***** oğlu adlı şəxsə məxsus bank kartı hesabına xx.xx.2022-ci ildə 200 manat, xx.xx.2022-ci ildə 200 manat; Z***** M***** G***** oğlu adlı şəxsə məxsus bank kartı hesabına xx.xx.2022-ci ildə 250 manat, xx.xx.2022-ci ildə 150 manat; B***** H***** M***** oğlu adlı şəxsə məxsus bank kartı hesabına xx.xx.2022-ci ildə 50 manat, xx.xx.2022-ci ildə 200 manat, xx.xx.2022-ci ildə 100 manat, xx.xx.2022-ci ildə 200 manat; M***** F***** R***** oğlu adlı şəxsə məxsus bank kartı hesabına xx.xx.2022-ci ildə 300 manat; M***** E***** F***** oğlu adlı şəxsə məxsus bank kartı hesabına xx.xx.2022-ci ildə 200 manat; C***** R***** M***** oğlu adlı şəxsə məxsus bank kartı hesabına xx.xx.2022-ci ildə 600 manat; H***** R***** F***** oğlu adlı şəxsə məxsus bank kartı hesabına xx.xx.2023-ci ildə 200 manat ödənilmişdir. İş materiallarında olan Gəncə Hərbi Prokurorluğu tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Cavabdeh borcunu qaytarmaması barədə xx.xx.2024-cü il tarixli müraciət xx.xx.2024-cü il tarixdə Gəncə hərbi prokurorluğuna daxil olmuş, 3-3/1-A-4782/1-11/2024 nömrə ilə qeydiyyata alınaraq baxılmış və müəyyən edilmişdir ki, müraciət qeyd etdilən xüsusatlar mülki xarakterli mübahisənin predmetidir və ümumi məhkəmə icraatı qaydasında həll edilir. “Elektron məhkəmə” informasiya sisteminə verilmiş sorğu nəticəsində əldə edilmiş məlumata əsasən, “508374910, 512536288, 512797248, 515402213, 554310229, 554882687, 557808845, 703853033, 706350551, 776350551” mobil telefon nömrələri Cavabdeh adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Hazırkı iş üzrə iddiaçı cavabdehin borc olaraq aldığını bildirdiyi 2650 manat pulun tutulmasını xahiş etmişdir. İddiaçı tələbini mobil nömrə ilə aparılan yazışma zamanı cavabdehin 2350 borcunu etiraf etməsi ilə və 300 manat ödənilməsinə dair xx.xx.2022-ci il tarixli qəbzlə əsaslandırmışdır. Məhkəmə araşdırması zamanı iddiaçıya məxsus mobil telefona baxış keçirilən zaman cavabdehin adına qeydiyyata alınmış mobil nömrə ilə aparılmış yazışmalar zamanı xx.xx.2023-cü ildə iddiaçıya 2350 manat borcun qaldığına dair etiraf müəyyən edilmişdir. Çəkişmə prinsipinin təmin olunmasına baxmayaraq, cavabdeh iddianın sübutu kimi irəli sürülmüş bu halı təkzib edən hər hansı dəlil təqdim etməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, xx.xx.2023-cü ildən sonra tərəflərdən birinin digərinə hər hansı ödəniş etməsi müəyyən olunmur. Belə ki, cavabdehin iddiaçıya xx.xx.2023-cü ildə 300 manat və xx.xx.2023-cü ildə 1100 manat ödəniş etmiş etməsi müəyyən olunur. Bundan başqa, iddiaçı tərəfindən H***** S***** V***** oğlu adlı şəxsə məxsus bank kartı hesabına xx.xx.2022-ci ildə 350 manat, xx.xx.2023-cü ildə 400 manat və xx.xx.2022-ci ildə 300 manat ödəniş edilməsi, cavabdehə qeyd edilən məbləğlərin verilməsini təsdiq etməməklə yanaşı, cavabdeh tərəfindən borcun etiraf edildiyi xx.xx.2023-cü ildən əvvəlki dövrə aiddir. Digər tərəfdən, iddiaçı tərəfindən təqdim edilmiş, digər şəxslərə ödəniş edilməsi barədə qəbzlərlə və səs yazılarıyla hazırkı iş üzrə cavabdehə başqa pul məbləğ(lər)inin verilməsi müəyyən olunmur. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia qismən təmin edilərək, cavabdehdən 2350 manat pul tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, çəkişmə prinsipinin təmin olunmasına baxmayaraq, cavabdeh daha az borcun qalmasını və (ya) daha çox ödəniş etməsini təsdiqləyən hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Bundan başqa, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddianın qismən təmin edilmiş hissəsinə mütənasib olaraq, 43.5 manat pul ödənilmiş dövlət rüsumu əvəzi qismində cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227,238, 240, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 2350 (iki min üç yüz əlli) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 43 (qırx üç) manat 50 (əlli) qəpik pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar