Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3445/2025 14.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının iştirakı ilə, İddiaçı Cavabdeh Muzadil oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh Muzadil oğluna qarşı “maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 480 manat inzibati xətaya görə yazılmış cərimənin, 120 manat texniki baxış üçün verdiyi, 250 manat borca verdiyi, 1150 manat avtomobilə vurduğu ziyana görə və 40 manat dövlət rüsumuna görə ödədiyi pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mülkiyyətində "Kia-Rio" markalı, ** HL *** dövlət qeydiyyat nişanlı minik avtomobili var. Qeyd olunan avtomobil atasından ona miras qalıb. Cavabdehin həyat yoldaşı ilə yaxın rəfiqə olmuşlar, cavabdehi də ona görə tanımışdır. Cavabdeh bunu bildiyindən ondan xahiş etmişdir ki, taksi fəaliyyəti ilə məşğul olmaq istəyir, ona görə də qeyd olunan avtomobili ona versin. Onunla razılaşmışlar ki, avtomobili ona versin, o da gündəlik iddiaçıya 20 manat versin. Bundan sonra o, qeyd olunan avtomobilin idarə olunması ilə bağlı cavabdehə etibarnamə vermiş və avtomobili də ona vermişdir. Cavabdeh ona məxsus avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuş və əvvəllər hər gün ona 20 manat ödəmişdir. Sonradan ödəmə etmədiyi üçün avtomobili almış və ona məlum olmuşdur ki, cavabdeh avtomobillə inzibati xəta törətmiş və avtomobilə 480 manat cərimə yazılmış, eyni zamanda cavabdeh ondan 120 manat texniki baxış üçün pul almışdır. Cavabdeh ondan texniki baxış üçün pul alsa da, avtomobili texniki baxışdan keçirməyib. Həmçinin o, avtomobili cavabdehdən aldıqdan sonra ona məlum olmuşdur ki, cavabdeh avtomobilə 1150 manat məbləğində ziyan vurub. Bundan başqa, cavabdeh ondan 250 manat borc pul almış və söz vermişdir ki, gündəlik 20 manatla yanaşı borc aldığı 250 manatı da qaytaracaq. Hazırda cavabdeh ona 2000 manat pul verməlidir. O, dəfələrlə cavabdehlə və valideynləri ilə əlaqə saxlamışdır, onlar hər dəfə ödəyəcəklərinə söz versələr də, lakin heç bir ödəniş edilməmişdir. Cavabdeh məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, iddia tələbini qismən qəbul edir, belə ki, "Kia-Rio" markalı, ** HL *** dövlət qeydiyyat nişanlı minik avtomobilini etibarnamə ilə idarə edir, cərimələr ona aiddir. Həmçinin baqaj hissəsini də o vurmuşdur. İddiaçıdan 150 manat borc götürmüşdür, texniki baxışa görə iddiaçıdan aldığı 120 manat pulu ödəməmişdir. Dövlət orqanına 480 manat cəriməni ödəyəcək, texniki baxışa görə iddiaçıdan aldığı 120 manat pulu və 150 manat borcunu iddiaçıya qaytaracaq. İddiaçının tələb etdiyi 1150 manatla bağlı qeyd edir ki, etiraz edir, həmin zərəri o vurmamışdır, lakin avtomobilin arxa baqaj hissəsinin vurulan nahiyəsini özü düzəltdirəcək. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi – iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək göstərmişdir ki, cavabdeh inzibati xətaya görə yazılmış 480 manat cəriməni və texniki baxış üçün verdiyi 120 manat pulu ödəmiş, borc verdiyi 250 manat puldan 150 manatını qaytarmış, həmin borcdan 100 manat borcu qalmışdır. Avtomobilə vurduğu 1150 manat ziyandan 700 manat ödəmiş, 450 manat borcu qalmışdır. Odur ki, cavabdeh tərəfindən 100 manat borca verdiyi və 450 manat avtomobilə vurduğu ziyana görə ödədiyi pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin və iddia tələbinin dəqiqləşdirilməsi – iddia tələbinin həcminin azaldılması barədə ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi, həmçinin əlavə etdi ki, cavabdeh sadəcə məhkəmə iclasında avtomobilin vurduğunu etiraf etdiyi hissəni – arxa baqaj hissəsini təmir etdirmiş, qalan hissələri təmir etdirməkdən boyun qaçırtmışdır. Həmçinin cavabdeh avtomobilin ehtiyat təkərini götürmüşdür. Cavabdeh mesajlaşmalarda və səsyazmalarda zərəri özünün vurmadığını, amma zərərin əvəzini ödəyəcəyini bildirmişdir. Avtomobilin hazırda “karobkasının” təmiri üçün 300 manat pul tələb olunur, 150 manat avtomobilin ehtiyat təkərinin puludur, qalan 100 manat isə 2025-ci ilin əvvəllərində cavabdehə verdiyi borcdan qalmışdır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh təqdim etdiyi ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin qismən təmin edilməsini xahiş etmişdir. Həmçinin əlavə etmişdir ki, avtomobilə dəymiş ziyanın məbləği ilə razılaşmır, iddiaçı qohumu vasitəsi ilə avtomobili ondan təhvil aldırmışdır. Həmin ziyan iddiaçı avtomobili ondan təhvil aldıqdan sonra, yəni bu ilin mart ayının 3-dən sonra yaranmışdır. Ziyanla bağlı qeyd etmişdir ki, Gəncə şəhəri ərazisində yol kənarında dayanarkən avtomobilin baqaj hissəsi "xxxx" MMC-yə məxsus avtomobil tərəfindən vurulmuşdur, sığorta şirkəti tərəfindən ona 95 manat pul vəsaiti ödənilmişdir. Bu hadisə nəticəsində avtomobilə təxminən 150 manat ziyan dəymişdir. Bundan başqa, iddiaçı ona cəmi 150 manat borc vermişdir. Məhkəmə iddiaçını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «Kia Rio» minik markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçı olmuşdur. İş materiallarına sözügedən avtomobillə cavabdeh tərəfindən törədilmiş inzibati xətalarla bağlı AYN0803758 nömrəli, xx.xx.2024-cü il tarixli, EQ24689028 nömrəli, xx.xx.2024-cü il tarixli, EQ24793961 nömrəli, xx.xx.2024-cü il tarixli, EQ25140341 nömrəli, xx.xx.2024-cü il tarixli, AYN0938997 nömrəli, xx.xx.2024-cü il tarixli, EQ25262450 nömrəli, xx.xx.2024-cü il tarixli, EQ25450465 nömrəli, xx.xx.2025-ci il tarixli, EQ25652672 nömrəli, xx.xx.2025-ci il tarixli, EQ26003849 nömrəli, xx.xx.2025-ci il tarixli və EQ26380231 nömrəli, xx.xx.2025-ci il tarixli protokollara dair elektron portaldan alınmış çıxarışlar əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə avtomotoservis və ticarət müəssisəsi 9 saylı TXE tərəfindən verilmiş 24 mart 2025-ci il tarixli qüsur aktından görünür ki, “Kia Rio” markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobilə ehtiyat hissələri üçün 650 manat və xidmət üçün 500 manat olmala, 1150 manat məbləğində ziyan dəymişdir. İddiaçı öz iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübut qismində özü ilə cavabdehin arasında olan telefon danışıqlarını əks etdirən 1 ədəd “CD” disk təqdim etmişdir. Disk məhkəmə iclasında tədqiq edilmişdir. İş materiallarında olan “Whatsapp” yazışmasından görünür ki, Cavabdeh Muzadil oğlu ona məxsus və ya istifadəsində olan “Whatsapp” mesajlaşma mübadilə sistemində +994 *** ** ** 63 mobil nömrə vasitəsilə qeydiyyatdan keçərək həmin profildən istifadə etməklə iddiaçı ilə avtomobilə dəymiş zərərlə bağlı yazışmalar aparmışdır. İddiaçının mülkiyyətində "Kia-Rio" markalı, ** HL *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin olduğu, həmin avtomobilin müəyyən müddət ərzində cavabdehin müvəqqəti istifadəsində olduğu, avtomobil iddiaçıya qaytarılarkən müəyyən qüsurlarla və üzərində maddi yüklülüklə qaytarıldığı, həmin qüsurların bir qisminin, eləcə də maddi yüklülüyün cavabdeh tərəfindən məhkəmə gedişində aradan qaldırıldığı işin mübahisəsiz halıdır. Hazırda iddiaçı cavabdehdən ümumilikdə 450 manat tələb edir və qeyd edir ki, avtomobilin “karobkasının” təmiri üçün 300 manat pul tələb olunur, 150 manat avtomobilin ehtiyat təkərinin puludur, qalan 100 manat isə cavabdehə verdiyi borcdan qalmışdır. Məhkəmə qeyd edir ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Eyni zamanda, MPM-in 217 və 220-ci maddələrinə əsasən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd edilən müddəların mənasından aydın olur ki, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərər vuran şəxsin təqsirli (qəsd və ya ehtiyyatsızlığı) olması, zərərçəkənə ziyan və zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması əməlin mülki hüquq pozuntusu olmasını şərtləndirən əsaslardır. Yalnız bu halda, şəxs törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıyır. İddiaçı öz iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübut qismində özü ilə cavabdehin arasında olan telefon danışıqlarını əks etdirən 1 ədəd “CD” disk təqdim etmişdir. Disk məhkəmə iclasında tədqiq edilmişdir. Həmin diskdə olan səsyazmalarda cavabdeh avtomobilə sözügedən 300 manat zərərin vurulduğunu etiraf etsə də, hazırda onu birdəfəlik ödəməyə maddi imkanının olmadığını, lakin hissə-hissə maksimum 200 manatını ödəyə biləcəyini, eləcə də avtomobilin arxa və kənar hissəsinin vurulması ilə razılaşdığını bildirmişdir. İşin şərh edilən hallarından da göründüyü kimi, iddiaçıya məxsus avtomobilə hazırda aradan qaldırılmayan, 300 manat zərər dəyməsi iş materiallarına əlavə edilmiş, tərəflər arasında olması mübahisələndirilməyən “CD” diskdə əks olunmuş telefon danışılqarı ilə təsdiq olunur. İddiaçı həmin zərəri məhz avtomobilin “karobkasının” təmiri ilə əlaqələndirir. Göstərilənlər, baş vermiş deliktə görə cavabdehin təqsirli olması barədə nəticəyə gəlməyə əsas verir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər arasında avtomobillə bağlı yaranmış mübahisəli hüquq münasibətinin hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsi təşkil edir. Bununla bağlı, cavabdehin təqsirli olaraq törətdiyi hüquqa zidd əməl, yəni mülki hüquq pozuntusu nəticəsində iddiaçının avtomobilinə təmir-bərpa üçün hazırkı vəziyyətdə 300 manat məbləğində zərər vurulması faktı mötəbər sübutlarla, faktın etirafı barədə cavabdehin mövqeyi ilə təsdiq olunduğundan, vurulmuş zərərin əvəzi kimi 300 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. İddiaçı avtomobilin ehtiyat təkərinin cavabdeh tərəfindən qaytarılmadığı, bununla bağlı ona 150 manat zərər vurulduğunu təsdiq edən hər hansı mötəbər sübutunu məhkəməyə təqdim edə bilməmişdir, iddia bu hissədə əsassızdır. Sübutlar işin məhkəmədə hərtəfli araşdırılması və məhkəmənin düzgün nəticəyə gəlməsi üçün xüsusi əhəmiyyət kəsb edir. Məhkəmədə mülki işin başlaması üçün fiziki və yaxud hüquqi şəxsin öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etməsi kifayətdir (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 5.1-ci maddəsi). Lakin mülki işin məhkəmədə hərtəfli araşdırılması və məhkəmənin düzgün nəticəyə gəlməsi sübutlarsız mümkün deyil. İddianı irəli sürən, yaxud iddiaya qarşı etiraz edən edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur (MPM-in 77.1-ci maddəsi). Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının təqdim etdiyi sübutlar cavabdehin iddiaçının əmlakına hazırda cəmi 300 manat məbləğdə ziyan vurduğunu təsdiq edir, cavabdeh məhkəməyə iddia tələbini təkzib edəcək, vurulan ziyanın məbləğinin düzgün hesablanmadığını təsdiq edəcək heç bir sübut təqdim etməmişdir. Bundan başqa, hazırki iş üzrə tərəflər arasında 2025-ci ilin əvvəllərində şifahi borc müqaviləsinin bağlanması işin mübahisəsiz halıdır. Belə ki, iddiaçı cavabdehə 250 manat borc verdiyini, onun 150 manatının cavabdeh tərəfindən məhkəmə gedişində qaytarıldığını iddia edir və hazırda cavabdehdən cəmi 100 manat tələb edir. Cavabdeh tələb edilən borc hissədə iddianı qismən qəbul edərək bu barədə məhkəməyə təqdim etdiyi ərizəsində iddiaçı ilə aralarında iddiaçıdan 150 manat məbləğində borc alması barədə müqavilənin olmasını etiraf etmiş və borcunu iddiaçıya qaytaracağını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Sübutetmə vəzifəsinin bölgüsü baxımından borc müqaviləsi üzrə öhdəliyin yaranmasını sübuta yetirmək vəzifəsini iddiaçı, öhdəliyin icra edilməsini və ya öhdəliyə digər əsasla xitam verilməsini sübuta yetirmək vəzifəsi isə cavabdehin üzərinə düşür. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı cavabdehlə aralarında şifahi borc müqaviləsi ilə öhdəliyin yaranmasını sübuta yetirmişdir. Cavabdeh tələb edilən 100 manat məbləğində iddianı aradan qaldıran hər hansı sübut təqdim etməmiş, əksinə iddiaçıdan 150 manat borc aldığını etiraf etmişdir. Bununla belə, məhkəmə cavabdehin borcundan 150 manat qaytarması barədə iddiaçının izahatını nəzərə alaraq hesab edir ki, iddiaçı cavabdehdən sözügedən müqavilə üzrə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır və iddia borc tələbi hissədə təmin edilməli, 100 manat pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə, həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, MPM-in 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 30 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan hissə iddiaçının özünə aid edilməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh Muzadil oğlundan vurulmuş maddi ziyana görə 300 manat, borca görə 100 manat və ödənilmiş dövlət rüsumunun əvəzində 30 manat olmaqla, cəmi 430 (dörd yüz otuz) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-3445/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3445/2025
14.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver