Məhkəmə qərarları › İş №2(125)-3454/2024

Gəncə Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(125)-3454/2024

12.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3454/2024 12.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddia ərizəsində qeyd etdiyi tarixlərdə, yəni xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək ondan ümumilikdə aldığı 81798 manat pul borcunun, əlavə 335 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o cavabdeh ilə 2010-cu ildə tanış olub ailə qurmuşlar. Bir müddət Gəncə şəhərində kirayədə yaşamışlar. 30 sentyabr 2011-ci ildə faktiki birgə nikahından Aysu adlı qızları doğulmuşdur. Nikahlarının rəsmiləşdirilməsi cavabdehin sənədlərinin qaydasında olmaması səbəbindən mümkün olmamışdır. Bir neçə il bir yerdə yaşamışlar. Sonradan cavabdehlə aralarında narazılıqlar yaranmış və ayrılmışlar. Bundan sonra o, məhkəməyə müraciət edərək uşağın atalığını müəyyən etdirərək aliment kəsdirmişdir. Bu barədə məhkəmənin 29 may 2019-cu il tarixli qətnaməsi vardır. 2022-ci ildə cavabdehin barəsində istintaqda və məhkəmədə 4 nəfər şəxsdən pul alıb qaytarmaması ilə bağlı cinayət işi olmuş, həmin ilin iyul ayının axırlarında o, Kəpəz Rayon Məhkəməsində həbslə əlaqədar olmayan, azadlığın məhdudlaşdırılması cəzası alaraq həbsdən buraxılmışdır. Bundan sonra cavabdeh, öz atası evində o, isə öz anasının evində yaşamaqla faktiki olaraq barışmışlar. Görünür ki, cəzaçəkmə müəssisəsindən çıxan cavabdehin maddi dəstəyə ehtiyacı olduğu üçün onunla münasibətlərini bərpa etmişdir. Eyni zamanda o cavabdehin aliment vermək imkanının olmadığını nəzərə alıb, xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsinə ərizə ilə müracət edərək cavabdehdən aliment tutulmasının dayandırılmasını, icra işi üzrə ocraata xitam verilməsini xahiş etmişdir. Onun ərizəsi əsasında 26 oktyabr 2022-ci il tarixdə həmin iş üzrə icra sənədi məhkəməyə geri qaytarılmışdır. 2022-ci ilin iyul ayının axırlarından başlayaraq 2023-cü ilin iyun ayının əvvəllərinədək cavabdeh ondan şəxsi problemlərinin həlli, cinayət üzrə zərərçəkmişlərə pul ödənilməsi, yüksək qazanc gətirəcək iş yerinin qurulması adı ilə, sonradan qaytaracağı vədi ilə xeyli miqdarda borc pul almışdır. 2023-cü ilin iyun ayının əvvəllərində cavabdeh onunla əlaqəni kəsmiş və gizlənməkdə davam edir. Nemətin valideyinləri də, onun harada olması barədə ona məlumat verməkdən imtina etmişlər. Ona görə də, o cavabdehin ondan aldığı və qaytarmadığı pulların ödənilməsi tələbi ilə məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. 2022-ci ilin iyul ayının axırlarından başlayaraq 2023-cü ilin iyun ayının əvvəlinədək cavabdeh ondan ayrı-ayrı vaxtlarda, müxtəlif adlarla sonradan qaytaracağı vədi ilə aşağıda sadaladığı pulları almışqaytarmamışdır: 1. xx.xx.2022-ci ildə ondan 2000 manat almışdır. 2. xx.xx.2022-ci ildə 500 manat almışdır (zərərçəkmiş qazilərə vermək adı ilə). 3. xx.xx.2022-ci ildə 450 manat (borcunu qaytarmaq adı ilə). 4. xx.xx.2022-ci ildə 500 manat, xx.xx.2022-ci ildə 750 manat, xx.xx.2022-ci ildə 2000 manat, xx.xx.2022-ci ildə 1000 manat pulları ondan cinayət işi üzrə borclu qaldığı zərərçəkmişlərə verəcəyi adı ilə almışdır. 5.xx.xx.2022-ci ildə 500 manat, xx.xx.2022-ci ildə 1000 manat pulu guya moykaya yuyucu aparat almaq adı ilə almışdır. 6. Bundan sonra cavabdeh ondan xahiş etmişdir ki, cavabdehə taksi fəaliyyəti ilə məşğul olmaq üçün maşın alsın. O oktyabr ayında “Bank of Baku” dan 10000 manat götürüb maşın almışdır. Maşını öz adına alıb etibarnamə əsasında istifadə etmək üçün cavabdehə vermişdir. 7. xx.xx.2022-ci ildə 2000 manat, xx.xx.2022-ci ildə 3600 manat, xx.xx.2022-ci ildə 1000 manat, xx.xx.2022-ci ildə 4000 manat, xx.xx.2023-cü ildə 1300 manat pulu Gömrükdə işi gücləndirmək adı ilə ondan almışdır. 8. 2023-cü ilin fevral ayında cavabdeh ona bildirmişdir ki, gömrük işinə əlavə pul lazımdır ki, o cavabdehin maşını satmasına icazə versin. Cavabdeh onu inandırmışdır ki, orada gördüyü iş guya bir müddətdən sonra yüksək gəlir gətirəcəkdir. Bundan sonra o, həmin vəsaitdən qızlarına, yəni onlara ev alacaqdır. Həmin maşını 13000 manata sataraq guya yuxarıda qeyd etdiyi məqsədə xərclədiyini bildirmişdir. 9.xx.xx.2023-cü ildə cavabdeh ona bildirmişdir ki, guya kimsə öz dəyərindən xeyli aşağı, 2800 manata qızıl satır. Bu adla həmin pulu ondan aldı, lakin sonradan ala bilmədiyini, pulu isə başqa yerə xərclədiyini bildirib qaytaracağına söz vermişdi. 10. xx.xx.2023-cü ildə 3000 manat, xx.xx.2023-cü ildə 3000 manat olmaqla maşın yuma sexi açacağı adı ilə ondan həmin pulları almışdır. 11. Yenə həmin ərəfədə 1000 manat alaraq maşın yuma sexinə aid sənədlərin hazırlanmasına lazım olduğunu və sənədlərin onun adına alındığını bildirərək Daşınmaz Əmlaka gedib, imza atıb, sənədləri götürəcəklərini demişdir. 12. Sonradan əvvəl 250 manat, sonra 1500 manat pulu, açacağı maşın sexinə pulu çatmamağını bildirərək ondan almışdır. Bundan sonra cavabdeh ona yenə demişdir ki, 2500 manat Daşınmaz əmlaka borcu qalıb, ona görə həmin pulu ödəməklə onun adına olan çıxarışı götürəcəkdir. O həmin pulu cavabdehə verməmişdir.

13. Daha sonra 15 mart 2023-cü ildə guya qurduğu Gömrük işinin gücləndirilməsi adı ilə ondan 10000 manat istəmişdir, o “Bank of Baku” dan özünün adına 20000 manat kredit götürüb həmin puldan 10000 manat bankın borcunu bağlamış, qalan 10000 manatı isə cavabdehə vermişdir. Aylıq bank ödəmələrini öz üzərinə götürsə də, ödəmədiyi üçün, məcbur olub o ödəyir. 14. Bu arada cavabdeh ona bildirmişdir ki, Emin və Etibar adlı şərikləri ilə birlikdə iş açdığı üçün ona pul lazımdır. xx.xx.2023-cü ildə o qızıllarını girov qoyaraq 4200 manat götürüb cavabdehə vermişdir. 15. xx.xx.2023-cü ildə cavabdeh ona demişdir ki, dostu Ramoşun atasına 5000 manat pul lazımdır. Ramoşgilin “obyekti” olduğunu ona bildirərək, Ramoşun atasının həmin “obyekti” satıb, onun 5000 manat pulunu qaytaracağını bildirmidşir. O həmin ərəfədə lotereya oynayırdı və loterayanın pulunu götürüb cavabdehə vermişdir. 16. Bir neçə gündən sonra cavabdeh gəlib ona dostunun anasının əməliyyat olduğunu, pulunun çatmadığını, 5000 manat köməklik edəcəyini bildirmiş və 10 günə həmin pulu qaytaracağını demişdir. 17. Sonradan cavabdeh ona pul lazım olduğunu, dostu Elsevərin gəldiyini bildirərək ondan 3000 manat pul istəmişdir. Elədiyi alış-veriş pulundan o həmin pulu Elsevərin vasitəsi ilə cavabdehə vermişdir. 18. Sonra xx.xx.2023-cü ildə cavabdeh ona tutulduğunu, 3500 manat pul lazım olduğunu bildirmişdir. O həmin pulu cavabdehə vermişdir. Cavabdeh xx.xx.2023-cü ildə A.Aynur adlı şəxsin kart hesabını ataraq (Elsevərin anasının kartıdır) həmin karta 1500 manat atmasını bildirmişdir. O da, karta həmin pulu göndərmişdir. Yenə həmin günü zəng edərək, yenidən pul istəmiş, o isə xx.xx.2023-cü il tarixdə yenə 2500 manat pul tapıb vermişdir. Cavabdeh yenə xx.xx.2023-cü il tarixdə 300 manat pul lazım olduğunu bildirmiş, o yenə həmin 300 manat pulu da cavabdehin dediyi karta atmışdır. Həmin günü axşam cavabdeh evə gələrək yenə 900 manat pul istəmiş və o satdığı malların pulundan ona həmin pulu vermişdir. 19. Cavabdeh yenə xx.xx.2023-cü ildə ona Malik Məhərrəmov adlı şəxsi rəis təqdim edərək şübhəli şəxslər siyahısından çıxarılması üçün onun kartına 398 manat pul vurmalı olduğunu bildirmişdir. 20. Sonra ona xx.xx.2023-cü ildə Eminin də tutulduğunu bildirərək 1500 manat pul lazım olduğunu demişdir. Həmçinin bildirmişdir ki, Eminin ona borcu var və onu tutsalar cavabdehə olan borcu batacaq. O cavabdehdən soruşanda ki, Eminin sənə nə qədər borcu var, cavabdeh demişdir ki, 20000 manat borcu var və o, tutulsa o ziyana qalacaq. Ona görə də, Eminin tutulmağını istəmir. O cavabdehdən soruşanda ki, sənin işini kim qurtaracaq, ona bildirmişdir ki, dostu Rüstəmin dayısı ona köməklik edəcək. Bundan sonra, telefonunu keçirib yoxa çıxmışdır. Xeyli müddət onunla əlaqə yarada bilmədiyinə görə xx.xx.2023-cü ildə o, anası ilə birlikdə qayınatası Mirşöhrətin yanına getmiş və bildirmişdir ki, Nemət onun başına oyun açmışdır, ona görə banklara borclu qalmışdır. Qayınatası Mirşöhrət isə ona demişdir ki, xəbəri var və ona köməklik edəcək. Həmçinin onun kart hesabını alaraq demişdir ki, “əgər məni deyib gəlibsənsə, polisə verib, Neməti tutdurma, mən sənin pulunu verəcəm”. Bir müddət sonra o anası ilə yenə qayınatasıgilə getmiş və qayınatasına borcunun çox olduğunu, ona köməklik etməsini bildirmişdir. Qayınatası ona köməklik edə bilməyəcəyini, bu söhbətlərin qurtarması üçün 3-4 ayın keçməsini gözləməyi və cavabdehin ortaya çıxıb onun pulunu verəcəyini bildirmişdir. Beləliklə də, cavabdeh ondan xx.xx.2022-ci və xx.xx.2023-cü illərdə ümumilikdə 81798 manat borc pulu aldatmaq yolu ilə alaraq onun pulunu qaytarmamışdır. Yuxarıda qeyd etdiklərini təsdiq edən şəkillər və səs yazmaları, yazılmış diski iddia ərizəsinə əlavə etmişdir. Cavabdehə verdiyi pulların mənbəyi ilə əlaqədar bildirmişdir ki, o, Gəncə şəhərində yaşayır və xırda ticarətlə, yəni geyim şeylərinin alqı-satqısı ilə məşğul olur. Uzun müddət etibarlı işləməyi ilə əlaqədar, onunla mal götürdüyü şəxslər arasında etibarlılıq yaranmışdır. Yəni o, xeyli miqdarda malları əvvəlcədən pulu ödənilmədən götürməklə satışdan sonra pulları ödədiyinə görə həmişə əlində müəyyən məbləğdə pul olmuş, bundan da cavabdeh istifadə etmişdir. O, aralarındakı yaxın münasibətdən istifadə edərək müxtəlif ciddi problemləri ilə bağlı onu inandıraraq sonradan qaytaracağı şərti ilə yuxarıda sadaladığı tarixlərdə ondan həmin məbləğlərdə pullar almış və qaytarmamışdır. Bundan əlavə onun özünün evi olmadığına görə bir necə il ərzində ev almaq məqsədi ilə 30000 manatdan artıq pul toplayıb ehtiyatda saxlamışdır. Həmin puldan lazım gələndə bəzi hallarda alınan malların nəğd ödənilməsinə xərcləyib, sonra qaytarıb yerinə qoymuşdur. Həmin pulu da, yuxarıda qeyd etdiyi vaxtlarda hissə-hissə Nemətə vermişdir. Bundan əlavə o bir necə yaxın qohumda olan borc pullarını da alıb Nemətə vermişdir. Bunlardan rəsmi adı Hidayət olan “İbiş” çağrılan şəxsdən 5000 manat borcunu, bazarda onunla bir yerdə işləyən adı Şahbuz olan şəxsdəm 5000 manat borcunu, digər ticarət yoldaşı Vüsalda olan 7000 manat borcunu alıb Nemətə vermişdir. Bundan başqa, iş yoldaşları arasında oynalınan lotereyadan 6000 manat bir dəfə, 3400 manat isə ikinci dəfə alıb Nemətə vermişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və cavabdehin iştirakı olmadan mülki işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməyərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, iddiaçının anasıdır, iddiaçı və o özlərinə ev almaq üçün 30000 manat məbləğində pul yığmışlar. Cavabdeh iş qurmaq adı ilə iddiaçıdan ayrı-ayrı vaxtlarda pul istəmişdir, iddiaçı da bütün yığdıqları pulu cavabdehə vermişdir. Həmçinin cavabdeh iddiaçıya ev almaq adı ilə pul lazım olduğunu bildirmişdir. İddiaçı isə onun özünə pul lazım olduğunu bildirərək ondan kreditə zamin durmağı xahiş etmişdir. İddiaçı bankdan 20000 manat məbləğində kredit götürmüş, o isə iddiaçıya zamin olmuşdur. İddiaçı həmin pulu elə bankın qabağında cavabdehin özünə təqdim etmişdir. Bundan başqa, iddiaçının 10000 manat məbləğində kredit götürərək cavabdehə maşın almasından xəbərdar olmamış, pulunu tələb etmək üçün cavabdehin atasının yanına getdikdə ona məlum olmuşdur ki, cavabdehin maşınını da məhz qızı, yəni iddiaçı almışdır. Cavabdeh isə sonradan həmin maşını satıb, pulu özünə götürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirdi ki, iddiaçının iş yoldaşıdır, təxminən 2008-2009-cu ildən birgə yanaşı mağazalarda işləyirlər. İddiaçıdan hissə-hissə olmaqla, 7000 manat məbləğində pulu borca götürmüşdür. 2022-ci ilin axırı 2023-cü ilin əvvəllərində iddiaçı ona ev alması üçün pulunun çatışmadığını bildirərək borcunu qaytarmasını xahiş etmişdir. O isə borcunu qaytarmışdır. Sonradan ev almamasının səbəbini soruşduqda iddiaçı həmin pulu həyat yoldaşına, yəni cavabdehə verdiyini bildirmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyindən, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 238.1-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının və onun nümayəndəsi və vəkilinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Belə ki, iddiaçı öz iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübut qismində özünün istifadəsində olan +**********42 nömrəsi ilə cavabdehin istifadəsində olan +**********53; +**********05 və +**********95 nömrələri arasında telefon danışığını əks etdirən, həmçinin +**********0; +**********9 və +**********91 nömrələri arasında “Whatsapp” sosial şəbəkə platformasında yazışmalarını göstərən bir neçə fotoşəkildən ibarət 1 ədəd “CD” disk təqdim etmişdir İş materiallarına əlavə edilmiş Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)- 1761/2019 nömrəli, 29 may 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı atalığın müəyyən edilməsi və aliment tələbinin qismən təmin edilməsi, Cavabdeh 30 sentyabr 2011-ci il tarixli X7 (Neymət) qızının atası kimi tanınması, Cavabdeh 30 sentyabr 2011-ci il tarixli X7 (Neymət) qızının yetkinlik yaşına çatanadək saxlanması üçün 19 aprel 2019-cu il tarixdən başlayaraq, hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş 15 mart 2023-cü il tarixli, MK/68464/90/29 nömrəli kredit müqaviləsinə 1 nömrəli əlavə olan ödəniş cədvəlindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə 36 ay müddətində illik 20,5 faiz dərəcəsi ilə 20000 manat məbləğində kredit verilmiş, kredit müqaviləsi üzrə xx.xx.2026-cı il tarixinədək hər ay 748,38 manat (sonuncu ay 757,77 manat olmaqla) ödənilməli idi. İş materiallarına əlavə edilmiş 16 mart 2023-cü il tarixli, MK/69317/90/29 nömrəli kredit müqaviləsinə 1 nömrəli əlavə olan ödəniş cədvəlindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə 12 ay müddətində illik 26 faiz dərəcəsi ilə 4200 manat məbləğində kredit verilmiş, kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinədək hər ay 401,23 manat (sonuncu ay 403,75 manat olmaqla) ödənilməli idi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göstərilən müddəalarda öhdəliyin yaranması əsasları və ümumi şəkildə dairəsi müəyyən edilmişdir. Adı çəkilən müddəaların məzmunundan göründüyü kimi, öhdəliyin yaranması üçün ilk növbədə onun iştirakçıları (tərəfləri) arasında hüquq münasibətləri yaranmalı və bu münasibətlər qanunla müəyyən edilmiş qeyd edilən əsaslara söykənməlidir. Yaranma formasına görə öhdəliklər müqavilədən əmələ gələn, müqavilədən kənar öhdəliklər (deliktlər) və qanundan əmələ gələn öhdəliklərə (özgə işlərini tapşırıqsız aparma və əsassız varlanma) bölünür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından borc müqaviləsi üzrə pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. İddiaçı, 2022-2023-cü illərdə ayrı-ayrı vaxtlarda 81798 manat məbləğində pulun cavabdehə verilməsini təsdiq edən sübutu, yəni aralarında telefon danışığını əks etdirən, həmçinin “Whatsapp” sosial şəbəkə platformasında yazışmalarını göstərən bir neçə fotoşəkildən ibarət 1 ədəd “CD” diskini məhkəməyə təqdim etmişdir. Məhkəmə xüsusən vurğulayır ki, təqdim edilmiş səsyazmada cavabdeh iddiaçıdan pul almasını etiraf edir və borcunu qaytaracağını bildirir. İddiaçı hazırkı tələbində cavabdehin ona verməli olduğu həmin pul məbləğinin 81798 manat olduğunu bildirir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak edib həmin səsyazmadakı cavabdehə qaytarmaq istədiyi pul vəsaitinin hansı pul vəsaiti olduğuna aydınlıq gətirməmiş, iddiaçının tələb etdiyi sözügedən pul vəsaitini qaytardığını və borcunun olmamasını sübuta yetirməmişdir. Halbuki, iddiaçıdan aldığı pul vəsaitini qaytarmağı sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür (MPM-in 77.1-ci maddəsi). Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, 2022-2023-cü illərdə ayrı-ayrı vaxtlarda 81798 manat məbləğində pul iddiaçı tərəfindən cavabdehə verilmişdir. Qeyd olunan xüsusatlar mülki işin məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən halları ilə yanaşı, eləcə də iddiaçının təqdim etdiyi şahid ifadələri ilə təsbit edilmişdir. Belə ki, şahidlər ifadələrində tərəflər arasında borc münasibətlərinin yarandığını bildirmişlər. Lakin, cavabdeh borc kimi aldığı pulu iddiaçıya qaytarmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsində qeyd olunur ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan ayrı-ayrı vaxtlarda şifahi borc müqaviləsi əsasında borc kimi aldığı pulu ona qaytarmalı olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh pul vəsaitlərini iddiaçıya ödəməli olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Bundan başqa, Mülki Məcəllənin 740.2-ci maddəsinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 329.1-ci maddəsinə görə əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Mülki Məcəllənin 337.5-ci maddəsinə görə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qanunvericilinin qeyd olunan normalarının tələbindən göründüyü kimi qanunla müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır və borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa, yazılı formada bağlanmalıdır. Hazırki halda isə tərəflər arasında ayrı-ayrı vaxtlarda bir neçə, predmetinin məbləği 3.000 manatdan çox olan borc müqaviləsi bağlansa da, həmin müqavilələr qanunla müəyyən olunmuş qaydada yazılı formada bağlanmamışdır. Buna görə də tərəflər arasında bağlanmış predmetinin məbləği 3.000 manatdan çox olan həmin borc müqavilələri etibarsızdır və cavabdeh həmin əqdlər üzrə aldıqlarını iddiaçıya qaytarmalıdır. Beləlikə, məhkəmə iddia tələbinin həddini də nəzərə almaqla hesab edir ki, iddiaçı mövcud tələblə məhkəməyə müraciət etməkdə haqlıdır və iddia təmin edilməli, ümumilikdə 81798 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə bu qənaətə gələrkən xüsusən nəzərə alır ki, iddiaçının dəlilləri, onun izahatı və təqdim etdiyi sübutları iddia tələbinin qiyabi qətnamə ilə təmin edilməsi üçün yetərlidir. Bu baxımdan məhkəmə göstərilən sübutların tədqiqi ilə kifayətlənərək, həmin sübutları nəzərə almaqla iddianın təmin edilməsinə dair qiyabi qətnamə qəbul edir. MPM-nin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, MPM-in 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 335 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qətetdi:

İddia təmin edilsin. Cavabdeh 81798 (səksən bir min yeddi yüz doxsan səkkiz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 335 (üç yüz otuz beş) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. Qiyabi qətnamənin rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə, Gəncə Şəhər Məhkəməsinə qətnamənin ləğvi üçün ərizə verilə bilər. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən:Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar