Məhkəmə qərarları › İş №2(125)-3456/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3456/2024

10.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3456/2024 10.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5500 manat borcun, pulu əsassız saxladığı üçün 550 manat ziyanın, cəmi 6050 manat pulun alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh əvvəllər tanımamışdır, dostu Nicat vasitəsi ilə cavabdehin oğlu ilə tanış olmuşdur. Sonradan münasibətləri yaxşı olmuşdur. Dostu ona bildirmişdir ki, Cavabdeh borca pul lazımdır, imkan varsa ona kömək et. Sonra isə Cavabdeh 2022-ci ilin dekabr ayında ona müraciət edərək 5500 manat borc pul istəmişdir. O, dostuna görə onunla razılaşmışdır. Cavabdeh, pulu Milliön elektron ödədmə sistemi vasitəsi ilə onun adına olan “Leobank” kartına göndərməyini xahiş etmişdir. O, xx.xx.2022-ci il tarixdə Milliön elektron ödədmə sistemi vasitəsi ilə Cavabdeh adına olan “Leobank” kartına əvvəlcə 4000 min manat, sonra isə 1500 manat pul göndərmişdir. Cavabdeh pulu alıb və minnətdarlığını bildirərək aldığı borcu tezliklə qaytaracağına söz vermişdir. Cavabdeh aldığı borcu etiraf etsə də, hər dəfə bir bəhanə gətirərək bu günə kimi həmin pulu qaytarmamışdır. Cavabdehin pulu vaxtında qaytarmadığına görə ona maddi zərər dəymişdir. Əgər həmin pul onda olsa idi o, xeyli gəlir əldə edəcəkdi. Cavabdeh onun pulunu əsassız olaraq 2 ildən artıq müddətdir ki, saxlayıb faydalandığına görə ona gecikdirilmiş hər ilə görə illik 5 (beş) faizlə hesablanmış 550 (275+275=550) manat pulu ödəməlidir. Bu səbəbdən də, məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tələbini müdafiə edərək, həmçinin bildirdi ki, xx.xx.2022-ci il tarixdə verdiyi pul məbləğlərini cavabdeh 10-15 gün müddətinə qaytarmalı idi, lakin ödəniş etmədi. İddiaçı tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan Milliön elektron ödəmə sistemindən çıxarılmış qəbzin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh adına olan “Leobank” kartına 4000 manat köçürülmüşdür. İş materiallarında olan Milliön elektron ödəmə sistemindən çıxarılmış qəbzin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh adına olan “Leobank” kartına 1500 manat köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Hazırkı iş üzrə iddiaçı cavabdehə borc qismində verdiyini bildirdiyi 5500 manat pulun tutulmasını xahiş etmiş və tələbini məhkəmə iclasında əslinə baxış keçirilmiş ödəniş qəbzləriylə əsaslandırmışdır. Tərəflər arasında borc müqaviləsi predmetinin məbləği üç min manatdan çox olsa da, borc müqaviləsi yazılı formada bağlanmamışdır. Beləliklə, borc müqaviləsi Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlər pozulmaqla bağlandığından tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalıdır. Belə olan halda, cavabdehdən 5500 manat pul alınaraq iddiaçıya qaytarılmalıdır. Bundan başqa, iddiaçı 2022-ci ilin dekabr ayının sonuna qaytarılmalı olduğunu bildirdiyi 5500 manat pulun ödənilməsi gecikdirildiyindən gecikdirilmiş vaxt üçün illik beş faiz dərəcəsi ilə hesablanmaqla 550 manat ödənilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının bildirdiyi üzrə borcun verildiyi xx.xx.2022-ci il tarixdən onun ödənilməli olduğu 10-15 gün sonrası olan 19-xx.xx.2022-ci il tarixdən qətnamənin çıxarıldığı tarixədək təxmini 1 il 8 ay vaxt keçmişdir. Belə olan halda, 5500 manat pulun bir illik 5 faiz dərəcəsi ilə (5500:100=55, 55x5=275) hesablanmaqla 275 manat, 8 aylıq vaxt üçün isə (275:12=22.9, 22.9x8=183.2) hesablanmaqla 183.2 manat pul, cəmi (275+183.2=458.2) hesablanmaqla 458.2 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1 və 106.2-ci maddələrinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227,238, 240, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 5500 (beş min beş yüz) manat pul və 458 (dörd yüz əlli səkkiz) manat 20 (iyirmi) qəpik pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar