Məhkəmə qərarları › İş №2(125)-346/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-346/2024

13.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-346/2024 13.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən cəmi 14100 (on dörd min yüz) manat pulun və ödədiyi 133 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, Füzuli şəhəri, Xanlar küçəsi, ev 11-də yaşayır. Cavabdehi maşın alverçisi kimi tanımışdır. xx.xx.2023-cü il tarixdə cavabdeh adlı şəxsdən “Kia Ceed” minik markalı, istehsal ili: 2009, mühərrik 92159798 nömrəli, U5YHC816AAL136523 ban nömrəli avtomaşını almaq üçün ona 14100 manat pul ödəmişdir. Bununla bağlı Gəncə ASAN xidmət mərkəzində notariat ofisi vasitəsi iə avtomaşının mülkiyyətçisi olan X3 adlı şəxsin adından ona etibarnamə verilmişdir. O avtomaşını alarkən 14100 manat pulu Cavabdeh şəxsən vermişdir. Ona görə ki, avtomaşını ona cavabdeh satmışdır. Qeyd olunan avtomaşını etibarnamə ilə aldıqdan bir neçə gündən sonra adına rəsmiləşdirmək istəyərkən məlum olmuşdur ki, avtomaşının mülkiyyətçisi X3 tərəfindən etibarnamə ləğv edilmişdir. Buna səbəb isə Əlvan Rafiqdən maşını alarkən dəyərini ödəməməsidir. Bu məsələnin isə ona heç bir aidiyyəti yoxdur. O avtomaşını cavabdehdən təhvil almışdır və 14100 manat pulu da Əlvana şəxsən vermişdir, buna görə də pulunu cavabdehdən tələb edir. Bundan sonra cavabdehdən sözügedən avtomaşına görə ödədiyi 14100 manat pulu geri tələb etsə də, cavabdeh pulu qaytarmaq istəmir. Dəfələrlə cavavbdehə avtomaşına dair ödədiyi 14100 manat pulun ona qaytarmasına dair müraciət etsə də, cavabdeh buna heç bir məhəl qoymayaraq pulu qaytarmaqdan yayınır. Ona görə də, cavabdehdən cəmi 14100 manat pulun alınıb ona verilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh məhkəməyə etiraz ünvanlayaraq ərizəsində qeyd etmişdir ki, o iddiaçıya qanunla müəyyən olunmuş qaydada satdığı “Kia Ceed” minik markalı avtomobili Gəncə şəhərində maşın alveri ilə məşğul olan Rzayev İlkin adlı şəxsin vasitəçiliyi ilə 13800 manat ödəməklə almışdır. Cavabdeh, İlkin Rzayevə 25 avqust 2023-cü il tarixdə maşının pulunu tam ödədikdən sonra o, sahibi X2 whatsapp vasitəsi ilə danışaraq bildirmişdir ki, maşının pulunu almışdır, onu sənədləşdirmək lazımdır. Avtomobilin sahibi X3 işi ilə əlaqədar olaraq Gəncə şəhərinə gələ bilməyəcəyini bildirmişdir. Ondan xahiş etmişdir ki, “şəxsiyyət vəsiqənin mənə şəklini at, mən “Mobil notariat” tətbiqi vasitəsi ilə sənə baş etibarnamə göndərim.” Avtomobilin sahibi X3 25 avqust 2023-cü il tarixdə “Mobil notariat” tətbiqi vasitəsi ilə ona elektron qaydada rəsmləşdirilmiş baş etibarnamə göndərmişdir. Həmin etibarnamə ilə 01 sentyabr 2023-cü il tarixdə “Kia Ceed” minik markalı avtomobili İddiaçı 14100 (on dörd min yüz) manat pul qarşılığında satmışdır. Satan gün o, İddiaçı şəxsən bir neçə dəfə də, telefon vasitəsi ilə bildirmişdir ki, “maşının sahibini yaxından tanımıram, bilmirəm kimdir, gedən kimi maşını keçirt öz adına.” Etirazında cavabdeh iddianı qəbul etməyərək əsassız olduğu üçün rədd edilməsini xahiş etmiş, qeyd etmişdir ki, o maşının sahibi tərəfindən etibarnamənin ləğv edilməsini iddiaçının şikayəti əsasında Polis bölməsinə dəvət olunan zaman bilmişdir. Bu məsələ ilə əlaqədar olaraq bu ilin sentyabr ayında “Kia Ceed” minik markalı avtomobilin sahibi Rafiq Əlizadədən və vasitəçilik edən İlkin Rzayevdən şikayətçi olmuşdur. Sözügedən avtomobilin mülkiyyətçisi X3 iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclaslarında iştirak edən iddiaçı iddianın təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, o pulu cavabdehə verdiyindən pulunu da ondan tələb edir, avtomobilin mülkiyyətçisi ilə cavabdeh arasında olanlar onun üçün əhəmiyyət kəsb etmir. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi və əlavə etdi ki, tərəflər arasında avtomobilin alqı-satqısı olmuşdur, iddiaçı avtomobilin mülkiyyətçisini tanımamışdır, pulu cavabdehə verdiyi üçün ondan da tələb edir. Məhkəmə iclaslarında iştirak edən cavabdeh etiraz ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmamasını xahiş etdi və əlavə etdi ki, mülkiyyətçi olan Rafiqin özü şəxsən avtomobili satması üçün ona baş etibarnamə vermişdir, o da avtomobili iddiaçıya vermiş, iddiaçı isə onun əvəzində 14100 manat pul vermişdir. iddiaçıdan avtomobilin əvəzində aldığı pulu mülkiyyətçiyə verməsi üçün İlkinə vermişdir, İlkin isə mülkiyyətçiyə pulu vermədiyindən mülkiyyətçi həm ona, həm də iddiaçıya verdiyi etibarnamələri ləğv etmişdir, o, vicdanlı alıcıdır. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi və vəkili etiraz ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmamasını xahiş etdi və əlavə etdi ki, cavabdeh avtomobil alqı-satqısı ilə məşğul olur, sözügedən avtomobilin etibarnamə ilə alqı-satqısı olub, cavabdeh iddiaçıya avtomobili, iddiaçı isə cavabdehə pulu vermişdir, cavabdeh isə aldığı pulu mülkiyyətçi olan Rafiqə çatdırması üçün İlkinə versə də, mülkiyyətçi həmin pulu əldə etmədiyinə görə 1 həftə sonra DİN-in 102 xidmətinə müraciət edərək sözügedən avtomobilin alqı-satqısı üçün iddiaçıya verdiyi etibarnaməni ləğv etmişdir. İlkin barəsində cinayət işi başlanılıb, hazırda axtarışdadır. Məhkəmənin əvvəlki baxış iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 izahatında bildirmişdi ki, İlkinlə xeyli vaxtdır ki, tanışdır, avtomobilini sata bilmədiyi üçün İlkinin vasitəçiliyi ilə cavabdehi tanımışdır, bundan sonra avtomobili satması üçün cavabdehə baş etibarnamə vermişdir, avtomobil satılsa da, pulu ona çatmadığı üçün 2-3 gün gözlədikdən sonra polisə müraciət etmişdir, İlkindən soruşduqda isə, o Gürcüstanda olduğunu, 2 gündən sonra Bakıya gələrək pulu ona verəcəyini bildirsə də, ondan heç bir xəbər çıxmadığı üçün şikayət vermişdir, axırıncı dəfə demişdilər ki, İlkin Türkiyədədir. Məhkəmə, izahatları dinləyib, mülki işin materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, X1 adına xx.xx.2023-cü il tarixdə, 2009-cu il buraxılışlı, tünd boz metallik rəngli, Kia Ceed minik markalı, **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobil (mübahisəli avtomobil) qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, X3 tərəfindən Cavabdeh həmin nəqliyyat vasitəsinə sərəncam verilməsi barədə müvafiq etibarnamələr verilmişdir. İş materiallarında olan, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin təhqiqatçısı, polis kapitanı Hüseyn Quliyev tərəfindən qəbul edilmiş xx.xx.2023cü il tarixli “materialın ərazi aidiyyəti üzrə göndərilməsi haqqında qərardan” görünür ki, X1 müraciəti əsasında toplanmış HK1-2818 sayla qeydiyyata alınmış material, araşdırmanın davam etdirilməsi üçün Gəncə ŞBPİ-nə göndərilməsi qərara alınmışdır. Gəncə Şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin TB-nin təhqiqatçısı, polis kapitanı Cavidan Həsənov tərəfindən qəbul edilmiş “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qərarda qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Binəqədi rayonunda yaşayan İddiaçı Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinə ərizə ilə müraciət edərək bildrmişdir ki, Əlvan adlı şəxsdən təxminən 1 həftə bundan əvvəl Kia markalı avtomobil almış, avtomobilin sənədlərində problem olduğu üçün avtomobili Əlvana qaytarmaq istəyən zaman onunla mübahisə edib onu hədələmişdir, onun barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Həmin müraciət xx.xx.2023-cü il tarixdə 2-ci Polis Şöbəsində HK-1/3417 sayla qeydə alınaraq icraata daxil edilmişdir. Material üzrə araşdırma zamanı izahatı alınmış vətəndaş İddiaçı öz izahatında ərizəsində göstərdikləri xüsusatları təsdiq edərək, Əlvan adlı şəxsdən təxminən 1 həftə bundan əvvəl Kia markalı avtomobil almış, avtomobilin sənədlərində problem olduğu üçün avtomobili Əlvana qaytarmaq istəyən zaman onunla mübahisə edib onu hədələdiyini qeyd etmişdir. Material üzrə araşdırma zamanı izahatı alınmış vətəndaş Cavabdeh öz izahatında bildirmişdir ki, avtomobil alqı-satqısı ilə məşğul olur. Təxminən 1 həftə əvvəl Kia markalı maşını Şayin adlı şəxsə satmışdır. Lakin xx.xx.2023-cü il tarixdə Şayin ona avtomobilin sənədlərinin qaydasında olmadığını, etibarnaməni ləğv etdirib başqa avtomobil almaq istədiyini demişdir. Daha sona ondan pulunu istədikdə o, pulu xərclədiyini, başqa avtomobil almasını demişdir. Bu səbəbdən onlar arasında sözlə mübahisələri yaransa da, lakin o, Şayini hədələməmişdir. Beləliklə aparılmış araşdırma zamanı məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Binəqədi rayonunda yaşayan İddiaçı Gəncə şəhərində Cavabdeh tərəfindən hədələnməsi faktında hədənin icra ediləcəyi real əsaslar olmadığından hədə faktı öz təsdiqini tapmamışdır. Məhkəmə ilk öncə qeyd edir ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Eyni zamanda, MPM-in 217 və 220-ci maddələrinə əsasən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. İddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri müəyyən edilmədən və işin müəyyən edilmiş hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmadan mübahisənin mahiyyəti üzrə həlli maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur (maddə 144.1, 144.2). Mülki Məcəlləyə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (567). Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğısatqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir (646). Daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir (648.1). Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir (maddə 650). Azərbaycan Respublikası Prezidentinin 564 saylı, xx.xx.2007-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan icra hakimiyyəti orqanlarının Siyahısı”na əsasən, hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kub santimetr və daha çox, konstruktiv maksimal surəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı, modelli mexaniki nəqliyyat vasitələri, onların qoşquları və yarımqoşquları Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən aparılan daşınar əmlakın rəsmi reyestrində qeydiyyata alınmalıdır. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli, 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnaməyə əsasən bütün fiziki və hüquqi şəxslər mühərrikinin işçi həcmi 50 kub. santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində Dövlət qeydiyyatından keçirməlidirlər (bənd 1.2). Nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar (dövlət yol polisi) nəqliyyat vasitələrinin dövlət qeydiyyatı üzrə uçota alınması işi ilə bağlı, həmçinin nəqliyyat vasitələrinin qeydiyyatını, özgəninkiləşdirilməsinin sənədləşdirilməsini həyata keçirirlər (bənd 1.6). Qeyd olunan qərarla nəqliyyat vasitələrinin dövlət yol polisi orqanında alqısatqısı və dəyişdirilməsi müqavilələrinin forması təsdiq edilmişdir. Hal-hazırda Azərbaycan Respublikasında yuxarıda qeyd olunan nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin istinad olunan qərarına müvafiq olaraq dövlət yol polisi orqanında həyata keçirilir. Mülki Məcəlləyə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (337.1). Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir (337.2). Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (337.3). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (337.4). Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (337.5). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir. Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks etdirilən hüquqi mövqelərə uyğun olaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsində müəyyən edilmiş restitusiya və 354.1-ci maddəsində göstərilən bir illik müddət həmin Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Həmin Qərarda göstərilmişdir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Həmin Qərarda göstərilmişdir ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir. Hazırkı iş üzrə iddiaçı mübahisəli avtomobilin alğı-satqısı üzrə cavabdehə ödədiyi 14100 manat pulun tutulmasını xahiş etmişdir. Lakin mübahisəli avtomobilin mülkiyyət hüququnun iddiaçıya keçməsi və (ya) həmin avtomobilin alğı-satqısının dövlət qeydiyyatına alınması məhkəmə tədqiqatı zamanı müəyyən edilməmişdir. Belə ki, avtomobil qanunvericiliyə əsasən rəsmi reyestrdə qeydə alınması tələb edilən daşınar əşyadır və onun alqı-satqısına daşınmaz əmlakın alqı-satqısına dair qaydalar tətbiq edildiyindən mülkiyyət hüququnun keçirilməsi qanunvericiliklə müəyyən edilmiş müqavilə qaydasında təsdiqlənməli və dövlət qeydiyyatına alınmalı idi. Beləliklə, tərəflər arasında mübahisəli avtomobilə dair müqavilə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlandığından etibarsızdır. Bu səbəbdən, əqd etibarsız olduğundan və Mülki Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığından, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalıdır. Yəni mübahisəli avtomobil və onun dəyərinə görə ödənilmiş pul əvvəlki vəziyyətinə qayıtmalıdır. Lakin hazırkı halda cavabdeh avtomobilin mülkiyyətçisi deyil, ona görə də avtomobilin qaytarılması barədə mülkiyyətçi iddia qaldıra bilər. Bununla yanaşı, qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış müqavilə etibarsız olduğundan cavabdeh sözügedən avtomobilin müqabilində 14100 manat pulu əldə etməkdə haqlı olmamışdır. Belə ki, cavabdehin etibarnamə əsasında mülkiyyətçi X2 məxsus avtomobili iddiaçıya verməsi, iddiaçının həmin avtomobilə görə 14100 manat məbləğində pulu cavabdehə verməsi iş materiallarında olan sübutlarla və cavabdehin, onun nümayəndəsinin və vəkilinin etirafı ilə öz təsdiqini tapır. Bu halda cavabdeh hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlanmış hesab olunur. Məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 1091.2-ci maddəsi təşkil edir. Belə ki, Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. MPM-in 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmənin qənaətinə görə, cavabdeh heç bir qanuni əsas və ya müqavilə əsası olmadan, ümumiyyətlə özünə məxsus olmayan avtomobilə görə iddiaçı tərəfindən ona verilən 14100 manat pul hesabına əsassız varlanmışdır. MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilən xüsusatlara əsasən, məhkəmə hesab edir ki, cavabdeh heç bir əsas olmadan iddiaçının hesabına əsassız varlandığından, iddia tələbi təmin edilməlidir. İş üzrə məhkəmə xərci iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumundan ibarətdir. İddia təmin olunduğundan, MPM-in 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 14100 (on dörd min bir yüz) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. Məhkəmə xərcinə görə 132,30 (bir yüz otuz iki manat otuz qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar