Məhkəmə qərarları › İş №2(125)-349/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-349/2023

06.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-349/2023 06.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X10 Şakir oğlunun sədrliyi, X3 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Mirzəyeva Hicran Həsən qızından ona vurulmuş 3000 manat məbləğində ziyanın ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 saylı binanın 12 nömrəli mənzili şəxsi mülkiyyət hüququ əsasında ona məxsusdur. Qonşuluqda yerləşən Gəncə şəhəri, Ə.Cəmil küçəsi, 89 saylı binanın 9 nömrəli mənzili isə cavabdeh Mirzəyeva Hicran Həsən qızına məxsusdur. Cavabdeh Hicran Mirzəyeva qanunsuz olaraq onun mənzilinin üstündə binanın damında su çəni quraşdırmışdır. Dəfələrlə həmin ona məxsus su çəni daşmış, onun mənzilinə tökülmüş, nəticədə mənzili yaşayış üçün yararsız hala düşmüşdür. O, müxtəlif bəhanələrlə onun mənzilini təmir etmək istəmir. Onun təqsiri ucbatından ona 3000 manat ziyan vurulmuşdur. Mənzildən əlavə bir sıra əşyalarına da ziyan dəymişdir. (şfoner, yataq döşəyi, yataq çarpayısının taxtası) Bundan başqa kiflənmiş bəzi əşyalar atılmışdır. Belə olan halda hesab edir ki, cavabdeh tərəfindən ona vurulmuş zərər tam həcmdə ödənilməlidir. İddiaçının razılığı ilə məhkəmənin 17 oktyabr 2022-ci il tarixində keçirilən hazırlıq iclasında cavabdeh Mirzəyeva Hicran Həsən qızı əsl Cavabdeh ilə əvəz edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək əlavə olaraq bildirdi ki, Cavabdeh ona məxsus olan ünvan 1 ünvanına vurulmuş zərərlə bağlı heç bir ödəniş etməmiş və zərərin aradan qaldırılması ilə bağlı hər hansı addım atmamışdır. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/1739 nömrəli, 17 iyul 2023-cü il tarixli rəyi ilə müəyyən edilmiş zərər məbləği ilə razıdır. Odur ki, iddianın rəyə uyğun təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən etiraf edərək izahatında bildirdi ki, İddiaçı məxsus ünvan 1 ünvanına vurulmuş zərərlə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/1739 nömrəli, 17 iyul 2023-cü il tarixli rəyi ilə müəyyən edilmiş məbləğlə razıdır. Belə ki, ekspert rəyinə əsasən 1471 manatın ondan alınıb iddiaçıya ödənilməsinə etiraz etmir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçını və cavabdehi dinləyərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş; Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Gəncə Ərazi İdarəsi Daşınmaz Əmlakın Texniki Pasportunun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanı İddiaçı məxsusdur. 12 sentyabr 2022-ci il tarixli Azərbaycan Respublikası Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat birliyi 8 saylı xidmət sahəsinin texniki X5, işçiləri X1, X6 tərəfindən tərtib edilərək imzalanmış aktdan görünür ki, Əhməd Cəmil küçəsi 89 saylı binanın 12 saylı mənzili İddiaçı adınadır, göstərilən mənzilə 9 saylı Mirzəyeva Hicrana məxsus olan mənzilin binanın çardağında qoyulmuş bakın suyu 12 saylı mənzilin təmirini sıradan çıxarmışdır, mənzil xoşa gəlməyən haldadır. Azərbaycan Respublikası Gəncə Dövlət Tikinti və Arxitektura Komitəsi Döclət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi 11522 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Əhməd Cəmil küçəsi, bina 89, mənzil 9 16,1 kvm 1(bir) yaşayış otağından ibarət yaşayış evi 1 (tikilisi, bir hissəsi) Cavabdeh adına mülkiyyət hüquqi əsasında 10 oktyabr 2003-cü ildə qeydə alınmışdır. 19 nömrəli reyestr kitabına yazılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/1739 nömrəli, 17 iyul 2023-cü il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən o cümlədən tədqiq olunan 12 saylı mənzilin tikililərin konstruktiv elementlərində (tavan, divar və s.) qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu, həmçinin qərardadda əlavə edilmiş məlumatları nəzərə alaraq, Gəncə şəhəri, Əhməd Cəmil küçəsində yerləşən 89 saylı evin 12 saylı mənzilinə binanın dam örtüyündə quraşdırılmış və 12 saylı mənzilin üzərində yerləşən su çənindən suyun daşması nəticəsində su axdığı, nəticədə 12 saylı mənzilin tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. Qeyd olunmuşdur ki, binanın dam örtüyündə quraşdırılmış və 12 saylı mənzilin üzərində yerləşən su çənlərinə baxış keçirilən zaman su çənlərində və su çənlərinə birləşdirilmiş boru xətlərinin üzərində hər hansı bir qüsurun olmadığı müəyyən edilmişdir. Lakin su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq 12 saylı mənzilə su sızması binanın dam örtüyündə quraşdırılmış və 12 saylı mənzilin üzərində yerləşən su çəninin boru xətlərində qəza yaranması və ya su çəninin məxsus mənzillərin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. Gəncə şəhəri, Əhməd Cəmil küçəsində yerləşən 89 saylı evin 12 saylı mənzilində su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 1471,0 manat məbləğində müəyyən olunmuşdur. Aparılmış təhqiqatın dəyəri 50 (əlli) manat təşkil edir. Məhkəmə cavabdehin iddianı qismən etiraf etməsi ilə bağlı aşağıdakı hüquq normalarını qeyd etməyi lazım bilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, cavabdehin iddianı qismən etiraf etməsi qanuna zidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul olunmalı və tələb qismən təmin edilməlidir. Qeyd olunanlarla yanaşı məhkəmə hazırkı iddia tələbinin düzgün həlli, yəni iddia tələbinin hüquqi əsası kimi aşağıdakı hüquq normalarını qeyd etməyi lazım bilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin məcəllənin 21-ci maddəsində zərərin ödənilməsi nəzərdə tutulmuşdur. Maddənin məzmununa görə, hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində müəyyən edilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin, qanunla və ya müqavilədə daha az miqdarda ödənilməsi nəzərdə tutulmadıqda, tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsinin idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.3-cü maddəsinin tələblərinə görə, yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları bundan ibarətdir ki, İddiaçı yaşadığı və ona məxsus olan ünvan 1 ünvanına Cavabdeh adına olan ünvan 2 saylı binanın 9 nömrəli mənzilindən su axıdılmış, nəticədə iddiaçıya məxsus mənzilə maddi ziyan dəymişdir. Bu barədə Azərbaycan Respublikası Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat birliyi 8 saylı xidmət sahəsinin əməkdaşları tərəfindən akt tərtib olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/1739 nömrəli, 17 iyul 2023-cü il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyində ünvan 1 ünvanına su axıdılması nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 1471,0 manat məbləğində olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/1739 nömrəli, 17 iyul 2023-cü il tarixli rəyi ilə müəyyən edilmiş zərər məbləği ilə razı olduğunu və iddianın rəyə uyğun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh isə iddia tələbini qismən etiraf etmişdir. Məhkəmə hesab edir ki, iddianın vurulmuş maddi zərərlə bağlı hissəsi qismən təmin edilməlidir. Belə ki, iddiaçı tərəfindən onun evinə dəymiş maddi ziyanın məbləğini 3000 manat olmasını göstərməsinə baxmayaraq, zərərin məbləği ekspert tərəfindən 1471 manat müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, vurulan ziyanın məbləği ekspert rəyində müəyyən olunan həddə qiymətləndirilməlidir. Eyni zamanda Cavabdeh iddia tələbini qismən etiraf etmiş, ekspert rəyinə əsasən 1471 manatın ondan alınıb iddiaçıya ödənilməsinə etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9.1-ci və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, İddiaçı məhkəmə də iddia qaldırmaq üçün ödənilmiş 50 (əlli) manat məbləği tələb etmədiyindən həmin məbləğ onun özünə aid edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manatın 25 (iyirmi beş) manatı İddiaçı qalan 25 (iyirmi beş) manatı isə Cavabdeh tutularaq, X2 Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZO********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34 CTRE********************) köçürülməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyana görə 1471 (bir min dörd yüz yetmiş bir) manat pul tutularaq, İddiaçı ödənilsin. Məhkəmədə iddia qaldırmaq məqsədilə ödənilmiş 50 (əlli) manat dövlət rüsumu İddiaçı aid edilsin. Məhkəmə ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manatın 25 (iyirmi beş) manatı İddiaçı qalan 25 (iyirmi beş) manatı isə Cavabdeh tutularaq, X2 Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZO********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34 CTRE********************) köçürülsün. İddia tələbi qalan hissəsində təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar