Məhkəmə qərarları › İş №2(125)-350/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-350/2024

22.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-350/2024 22.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1 dəst yataq və 1 dəst mətbəx mebelinin hazırlanması üçün verdiyi 2800 manat pulun və iddianın verilməsi üçün ödədiyi 48 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, cavabdehi əvvəldən tanıyır, o qızının rəfiqəsinin həyat yoldaşıdır. Cavabdehin müxtəlif növ mebel istehsalı ilə məşğul olduğu barədə məlumatı olmuşdur. Ona görə də, qızının mənzilində təmir işləri icra olunarkən mənzildə yeni yataq və mətbəx mebel dəstlərinin hazırlanması üçün cavabdehin Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən mebel təmiri və istehsalı sexinə getmişdir. Cavabdehə vəziyyəti izah etmiş, yataq və mətbəx mebel dəstlərini sifariş etmək istədiyini bildirmişdir. Mebel dəstləri üçün cavabdehlə 3600 manata razılaşmışlar. İlkin olaraq özü cavabdehə 2000 manat pulu şəxsən təqdim etmişdir. Həmin məbləği ona ciddi iş adamı kimi, həmçinin çalışdığı sexdə xeyli materiallarının olduğunu gördüyü üçün inanaraq vermişdir. 2000 manatı aldıqdan sonra cavabdeh materiallar almaq üçün vəsait lazım olduğunu ona telefonla bildirərək yenidən ona pul verməyini xahiş etmişdir. O, Bakı şəhərində olduğundan qızı vasitəsilə 500 manat məbləğində pulu cavabdehə çatdırmışdır. Qısa müddətdən sonra cavabdeh yenə pul lazım olduğunu bildirdikdə isə nəvəsi Hamletin vasitəsi ilə 300 manat pulu çatdırmışdır. Cavabdehə ümumilikdə 2800 manat məbləğində pulu yataq və mətbəx mebel dəstlərinin hazırlanması üçün təqdim etmişdir. Müəyyən müddətdən sonra cavabdehə zəng edərək öhdəliyinin icrası barədə soruşduqda o, narahat olmamağı, mebel dəstini vaxtında hazırlayacağını iddiaçıya bildirmişdir. Sonrakı vaxtlarda cavabdehlə görüşərək mənzildə təmir işlərinin başa çatdığını və mebelləri quraşdırmaq zamanı gəldiyini bildirdikdə, o hələ mebellərin hazır olmadığı barədə müxtəlif bəhanələr gətirməyə başlamış, müəyyən müddətə mebelləri təhvil verəcəyi barədə möhlət istəmişdir. Bir müddət keçdikdən sonra cavabdehin onu aldatdığını hiss etmişdir. Pulları aldıqdan xeyli müddət keçməsinə baxmayaraq cavabdeh nə pulunu qaytarmış, nə də mebelləri hazırlamış, öhdəliyini icra etməkdən qəsdən imtina etmişdir. Cavabdeh hətta iddiaçının telefon zənglərinə belə cavab verməmişdir. Başqa bir telefon nömrəsi ilə cavabdehə zəng etdikdə isə cavabdeh telefonda ona bildirmişdir ki, yaxın zamanda aldığı 2800 manat pulu geri qaytaracaqdır. Təəssüf ki, cavabdeh xeyli müddət keçməsinə baxmayaraq mebelləri hazırlamaq barədə öhdəliyini yerinə yetirməmiş və eyni zamanda ondan aldığı 2800 manat pulu ona qaytarmaqdan qəsdən imtina etmişdir. Mebel üçün nəzərdə tutduğu məbləğin xeyli hissəsini cavabdehə verdiyinə görə qızının mənzili üçün lazım olan mebel dəsti almaq imkanı cavabdehin təqsiri ucbatından məhdudlaşmışdır. Ona görə də pulunun qaytarılması üçün ərizəsi əsasında polis idarəsində araşdırma aparılmış, lakin işin mülki xarakterli olması nəzərə alınaraq mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi ona tövsiyyə olunmuşdur. Bu barədə Gəncə BPİ-nin İstintaq və Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis baş leytenantı X1 07 iyun 2023-cü il tarixli, HK- 1/787 saylı cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarı mövcuddur. Araşdırma zamanı cavabdeh izahatında mebel dəstlərinin hazırlanması məqsədi ilə 2700 manat məbləğində pul aldığını və bunun müqabilində mebelləri vaxtında təhvil verəcəyini söz verdiyini göstərmişdir. İzahatında ondan 2700 manat aldığını qeyd etmişdir. Bu tamamilə yalandır. Çünki, 2000 manat nağd pulu aldığını etiraf edir, qalan pulun hissəhissə, yəni 700 manat aldığını və kimdən aldığını qeyd etməmişdir. Cavabdehin ona verməli olduğu məbləğ dəqiq 2800 manat təşkil edir. Hesab edir ki, cavabdeh onu aldadaraq öhdəliyini yerinə yetirmədiyinə görə 2800 manat məbləğində pul ona qaytarılmalıdır. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində bildirdi ki, iddiaçının qızıdır, cavabdeh isə onun rəfiqəsinin əridir, atası, yəni iddiaçı onun mənzilində təmir işləri icra olunarkən mənzildə yeni yataq və mətbəx mebel dəstlərinin hazırlanması üçün cavabdehə 2000 manat pulu şəxsən təqdim etmişdir, cavabdeh bir neçə gündən sonra yenə pul istəyərkən atası Bakı şəhərində olduğundan o, özü 500 manat məbləğində pulu cavabdehə çatdırmışdır. Şahid qismində dindirilən Şahid2 ifadəsində bildirdi ki, iddiaçı onun babasıdır, babası yeni yataq və mətbəx mebel dəstlərinin hazırlanması üçün cavabdehə 2000 manat pulu şəxsən təqdim edərkən orada olmuşdur, babası Bakı şəhərində olduğundan o, 300 manat məbləğində pulu “Əminə” marketin qarşısında cavabdehin yolladığı taksiyə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində bildirdi ki, iddiaçı onun qaynatasıdır, iddiaçı cavabdehlə yeni yataq və mətbəx mebel dəstlərinin hazırlanması üçün razılığa gələrək, 2000 manat pulu cavabdehə şəxsən təqdim etmişdir, cavabdeh bir neçə gündən sonra yenə pul istəyərkən qaynatası Bakı şəhərində olduğundan arvadı Ləmanla birlikdə 500 manat məbləğində pulu cavabdehə vermiş, oğlu Atin isə 300 manat məbləğində pulu “Əminə” marketin qarşısında cavabdehin yolladığı taksiyə vermişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat göndərilsə də, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 147 və 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını və şahid ifadələrini dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin hazırki iş üzrə iddiaçının cavabdehin dələduzluq cinayəti törətməsi barədə müraciəti əsasında toplanmış HK-1/787 nömrəli rədd materialına əlavə edilmiş xx.xx.2023-cü il tarixli qərardan görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin iş üzrə araşdırma zamanı cavabdeh izahatında bildirmişdir ki, iddiaçının barəsində yazdığı şikayət ərizəsi ilə tanış olmuşdur. Rəsmi olaraq heç bir yerdə işləmir. Emil adlı şəxsi uzun müddətdir ki, tanıyır. Emil 2022-ci ilin yaz aylarında onun sexinə yaxınlaşaraq qızının evinin təmir olunduğunu və təmir bitdikdən sonra evin içərisini mebellərlə doldurmaq istədiyini bildirmişdir. Onlar evin mebellərini hesabladıqdan sonra nəticə olaraq 2700 manat qarşılığında razılaşmış və Emil sexə gələrək 2700 manatı onun işlədiyi sexdə ona vermişdir. Bu zaman Emilə bildirmişdir ki, əlavə nə olarsa, özü həll edib pul almayacaqdır. O həmin pulu aldıqdan bir müddət sonra işlədiyi sex bağlanmış və o iflas olmuşdur. Buna görə də, o həmin şəxsin mebellərini düzəldə bilməmiş və ondan aldığı pulu geri qaytara bilməmişdir. Sonradan ona məlum olmuşdur ki, Emil onun barəsində polis orqanına şikayət etmişdir. Emil ona ilkin olaraq 2000 manat daha sonra hissə-hissə 700 manat pul vermişdir. Ümumilikdə, Emilin ona verdiyi məbləğ 2700 manat təşkil edir. O, iflas olduğundan onun verdiyi pulla bağlı mebelləri düzəldə bilməmiş, nə də ki, aldığı məbləği geri qaytara bilməmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Eyni zamanda, MPM-in 217 və 220-ci maddələrinə əsasən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri müəyyən edilmədən və işin müəyyən edilmiş hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmadan mübahisənin mahiyyəti üzrə həlli maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında şifahi podrat müqaviləsi bağlanmış, iddiaçı 2022-ci ilin yaz aylarında cavabdehin sexinə yaxınlaşaraq qızının evində 1 dəst yataq və 1 dəst mətbəx mebelinin hazırlanmasını cavabdehə sifariş etmiş, onlar evin mebellərini hesabladıqdan sonra nəticə olaraq 2700 manat qarşılığında razılaşmışlar. İddiaçı cavabdehə ilkin olaraq 2000 manat, daha sonra hissə-hissə 700 manat pul vermişdir. Cavabdeh həmin pulu aldıqdan bir müddət sonra işlədiyi sex bağlanmış və o iflas olmuşdur. Buna görə də, cavabdeh iddiaçının mebellərini düzəldə bilməmiş və ondan aldığı pulu geri qaytara bilməmişdir. Bu hal həm məhkəmə iclasında iddiaçının izahatı, şahidlərin ifadələri, həm də iddiaçının “cavabdehin dələduzluq cinayəti törətməsi barədə” müraciəti əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində toplanmış HK-1/787 nömrəli material üzrə araşdırma zamanı cavabdehin verdiyi izahatı ilə öz təsdiqini tapır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1 və 447.1-ci maddələri təşkil edir. Belə ki, Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Həmin Məcəllənin 759.1-ci maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Məcəllənin 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Göstərilən müddəalardan da göründüyü kimi, podrat müqaviləsi konsensual müqavilədir və tərəflər müqavilədə göstərilən şərtlər (gəstəriləcək xidmət və muzd) barədə razılaşdıqda müqavilə bağlanmış sayılır. İşin yuxarıda qeyd edilən hallarından müəyyən olunur ki, tərəflər arasında iddiaçının sifarişi ilə cavabdehin ona yataq və mətbəx mebeli hazırlanması xidmətinin göstərilməsi barədə şifahi razılaşma olmuş, iddiaçı razılaşdırılmış xidmətin göstərilməsini sifariş vermiş, cavabdeh həmin sifarişi qəbul etmiş və tərəflər görüləcək işlə bağlı muzd və göstəriləcək xidmətin müddəti barədə razılığa gəlmişlər. Həmin şifahi podrat müqaviləsinə uyğun olaraq iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirərək razılaşdırılmış muzdu – 2700 manat pulu ödəsə də, cavabdeh öhdəliyini yerinə yetirməyərək müqavilə üzrə nəzərdə tutulmuş işi icra etməmişdir. Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Həmin Məcəllənin 447.7-ci maddəsinə əsasən müqavilədən çıxarkən kreditor müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilər. Əgər müqavilədən çıxmaq üçün əsas borclunun təqsiri üzündən yaranmamışsa, bu qayda tətbiq edilmir. Məcəllənin 459.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Göründüyü kimi, cavabdeh podrat müqaviləsi ilə nəzərdə tutulan vaxt və qaydada mebellərin hazırlanmasını yekunlaşdırmağı öhdəsinə götürsə də öhdəliyi yerinə yetirməmiş, bununla da müqavilə şərtlərini pozmuşdur. Cavabdeh müqaviləni pozduğu və bu pozuntu nəticəsində iddiaçının müqavilənin icrasına marağı qalmadığı üçün iddiaçı podrat müqaviləsinin ləğv edilməsini tələb etməyə haqlıdır və iddiaçının muzd qismində cavabdehə ödədiyi məbləğin geri qaytarılmasını tələb etməsi əsaslıdır. Ona görə də, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış podrat müqaviləsindən iddiaçının imtinası qəbul edilərək yerinə yetirilməyən sifarişə görə ödənilmiş pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Lakin məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olsa da, iddia edilən pul məbləği qismən, 2700 manat hissədə təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış podrat müqaviləsi üzrə 2700 manat muzdun ödənilməsi cavabdehin polis orqanında verdiyi izahatında əks olunmuşdur. İddiaçı cavabdehə ümumilikdə 2800 manat pul verdiyini bildirsə də, bu dəlili ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Məhkəmə pulun məbləğinin 2800 manat olması hissədə başqa mötəbər sübut olmadığına əsaslanıb iddiaçının izahatına və onun yaxın qohumları olan şahid ifadələrinə tənqidi yanaşır. Belə ki, MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləlilklə, məhkəmə hesab edir ki, iddia tələbi yuxarıda göstərilən qaydada qismən təmin edilməlidir. İş üzrə məhkəmə xərci iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumundan ibarətdir. İddia qismən təmin olunduğundan, MPM-in 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehdən həmin iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 2700 (iki min yeddi yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə xərcinə görə 47 (qırx yeddi) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar