Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3509/2023 09.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 Tahir oğlunun sədrliyi, Arıxova Nigar Azər qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2008-ci il tarixdə anadan olmuş X2 və xx.xx.2010-cu il tarixdə anadan olmuş X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün təyin olunmuş alimentin məbləğinin artırılaraq hər ay hər uşağa görə 220 manat olmaqla cəmi 440 manat məbləğində təyin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa İddiaçı məhkəməyə iddia həcminin artırılmasına dair ərizə ünvanlayaraq Cavabdeh ilə birgə nikahlarından xx.xx.2008-ci il tarixdə anadan olmuş X2 və xx.xx.2010-cu il tarixdə anadan olmuş X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün sabit pul məbləğində hər ay hər uşaq üçün 350 manat cəmi 700 manat aliment, birgə nikahdan anadan olmuş Əziz Məhərrəmovun səhhəti ilə əlaqədar xərclənmiş 3645 manat məbləğində pulun və hər ay hər uşağın təhsili üçün ödəniləcək 180 manat cəmi 360 manat məbləğində əlavə xərclər kimi pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq məhkəmə prosesinin iştirakı olmadan keçirilməsini və iddianın tam təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)- 1589/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2020-ci il tarixdən başlayaraq borclu Cavabdeh xx.xx.2008-ci il tarixdə anadan olmuş X2 və xx.xx.2010-cu il tarixdə anadan olmuş X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 150 (yüz əlli) manat olmaqla cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Uşağın bütün qayğısını, ehtiyacını tamamilə o çəkir. Böyüdükcə uşaqlarda atasına qarşı ehtiyac və tələbat artsa da, cavabdeh onlara qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlimtərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəməkdə tək qadın olaraq çox çətinlik çəkir. Bu günkü günün tələblərini və maddi imkanının aşağı olmasını nəzərə almaqla 300 (üç yüz) manat məbləği çox azdır. Əlavə olaraq qeyd etmişdir ki, uşaqların hər ikisi orta məktəbdə oxuyurlar. Məhkəməyə müraciət etdikdən sonra ona məlum olmuşdur ki, övladları üçün əlavə çəkdiyi xərcləri də tələb etmək hüququ vardır. Övladları üçün hər ay 360 manat hazırlıq kurslarına ödəyir və bundan başqa oğlu Əzizin xroniki çənə diş deformasiyasına görə dişlərə brekert yerləşdirilməsi üçün 3645 manat pul ödəmişdir. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına cəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İİ 126890 və AZ-İİ 393949 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2008-ci il tarixdə Əziz və xx.xx.2010-cu ildə Cəsur adlı uşaqları anadan olmuşdur. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(044)-1589/2020 nömrəli qətnaməsindən görünür ki, xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh tutulan alimentin miqdarı artırılaraq, bir uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Lovely Dent MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 00/002 nömrəli arayışdan görünür ki, X3 xx.xx.2021-ci il tarixindən etibarən Lovely Dent klinikasında ortodontik müalicə alır və bu müalicəyə görə 3645 manat ödəniş etmişdir. Müalicəsi hal hazırda davam etdirilir. xx.xx.2023-cü il tarixli, MŞG/1-01054 saylı ilkin mediyasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə saat 10:30-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sesiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 55 (əlli beş) manat məbləğində xərci tam ödəmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)- 1589/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh tutulan alimentin miqdarı artırılaraq, hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində müəyyən edilərək İddiaçı verilməsi qət edilmişdir. Təyin olunmuş aliment uşaqların saxlanılması üçün yetərli olmadığından və cavabdeh 300 manat alimentdən başqa uşaqların saxlanılmasına görə çəkilən xərclərdə iştirak etmədiyi üçün iddiaçı məhkəməyə müraciət edərək alimentin miqdarının artırılmasını uşaqları Əzizin səhhəti ilə əlaqədar xərclənmiş 3645 manat məbləğində pulun və uşaqların təhsili üçün ödənilməli olan 360 manat məbləğində pulun ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 17-cı maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra - AM) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. AM-in 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Ailə Məcəlləsinin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Ailə Məcəlləsinin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. AM-in 112.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 12 noyabr 1989-cu ildə qəbul olunmuş «Uşaq Hüquqları Haqqında» BMT Konvensiyasının 3-cü maddəsinə əsasən, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Göründüyü kimi adı çəkilən Konvensiya və daxili Qanunvericiliklə, uşaqların fiziki və əqli cəhətdən sağlam inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi vurğulanmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməklə Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(044)- 1589/2020 nömrəli qətnaməsi əsasında xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh tutulan alimentin məbləği artırılaraq, hər ay hər uşağa görə 180 manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində müəyyən edilməli və tərəflərin birgə nikahlarından anadan olmuş Əziz Məhərrəmovun müalicəsi üçün çəkilən əlavə xərcə görə 3645 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Göründüyü kimi iddiaçı aliment təyin olunandan sonra uşaqların böyüyərək tələbatının artmasını əsas gətirərək cavabdehin uşaqların saxlanılmasında çəkilən xərclərə cəlb olunmasını tələb etmişdir. X4» Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 (iki yüz iyirmi ) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iddiaçı tərəfindən cavabdehin gəlirləri barədə sübut təqdim etməməsini, ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun 220 manat müəyyən edilməsini və valideynlərin hər ikisinin hüquqları bərabər olmaqla, onların hər ikisinin uşaqlara qayğı göstərmək borcu olduğunu, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq, uşaqlara qulluq, onların sağlamlıq, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsini nəzərə alaraq cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay 180 (bir yüz səksən) manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Bununla yanaşı işdə olan arayışdan görünür ki, tərəflərin nikahlarından olan X8 klinikasında müalicəsi ilə əlaqədar iddiaçı 3645 manat ödəmiş və müalicəsi hal-hazırda davam etdirilir. İddia tələbinin uşaqların təhsili üçün 360 manatın ödənilməsinə dair məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasında təhsil ödənişsiz olduğundan iddia tələbi həmin hissədə təmin edilməməlidir. Bundan başqa Dövlət rüsumu haqqında Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Belə olan halda məhkəmə hesab edir ki, MPM-in 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiymətinin bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilməli olduğu halda, hazırki iş üzrə ödənilməmiş 66,45 manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Tərəflərin birgə nikahlarından xx.xx.2008-ci ildə anadan olmuş X2 və xx.xx.2010-cu ildə anadan olmuş X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(044)-1589/2020 nömrəli qətnaməsi əsasında tutulan alimentin məbləği artırılaraq, hər ay hər uşaq üçün 180 (bir yüz səksən) manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində müəyyən edilsin və X2 müalicəsi üçün çəkilən əlavə xərcə görə 3645 (üç min altı yüz qırx beş) manat pul qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilsin. İş üzrə ödənilməmiş 66,45 manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-3509/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3509/2023
09.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver