Məhkəmə qərarları › İş №2(125)-3527/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3527/2025

14.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3527/2025 14.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 İsa oğlunun sədrliyi, Həsənov Ariz Arif oğlunun katibliyi, İddiaçı Şəmsəddin oğlunun və Cavabdeh iştirakları ilə, İddiaçı Şəmsəddin oğlunun Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Şəmsəddin oğlunun Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10.000 manat pulun və dövlət rüsumu kimi ödədiyi 120 manat pulun alınaraq onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı bir neçə il əvvəl Daşkəsəndən gələndə yolda cavabdehlə tanış olmuşdur. Daha sonra tanışlığları davam etdi. Cavabdeh ondan mütəmadi olaraq şəxsi məlumatlar soruşurdu, niyə evlənməməyi və sair barədə informasiyalar alırdı. O evi olmadığı üçün hələlik evlənmədiyini bildirdirmişdir. Bir müddət sonra o bildirdi ki, ipoteka ilə ev almaqda ona kömək edə bilər. O da evə ehtiyacı olduğu üçün cavabdehin köməkliyi ilə ipoteka ilə ev almağa razılaşdı. Bunun üçün bankdan 10.000 manat kredit götürdü və bu pulun xeyli hissəsini elə həmin gün bankın qarşısında cavabdehə verdi, az hissəsini saxladı. Cavabdeh həmin gün evin sənədini verəcəyini, sentyabrda isə evə köçə biləcəyini bildirmişdir. Cavabdeh pulu alıb getdi, gün ərzində hazırlayacağını, sənədini verəcəyini bildirmişdir. Lakin gün keçdi, axşam oldu, cavabdeh sənədi vermədi. Bir neçə gün cavabdeh onu yubatdı və sənədi almağı üçün 10.000 manatı tamamlamağını istədi və o da çarəsiz qalıb qalan pulu da verdi, beləliklə ona üst-üstə 10.000 manat pul vermiş oldu. Onunla daha sonra yenə də bir neçə dəfə əlaqə saxladı, cavabdeh, yenə də hər dəfə bir bəhanə edərək onu yubatdı. Nəhayət o başa düşdü ki, cavabdeh onu aldadırmış. Ona görə də polisə şikayət etdi və cavabdeh barəsində cinayət işi açıldı. Daşkəsən rayon Məhkəməsində o öz təqsirini etiraf etdi. Məhkəmə hökmü ilə o, 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edildi. Lakin cavabdeh ondan mənimsədiyi pulu hələ də ona qaytarmayıb. Məhkəmədə İddiaçı Şəmsəddin oğlu iddianı müdafiə edərək, cavabdehin ona 10000 manat puldan 2950 manat ödədiyini etiraf etmiş və həmin məbləğin ödənilməsi nəzərə alınmaqla, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmədə Cavabdeh iştirak etmiş və izahatında bildirmişdir ki, iddiaçıdan aldığı 10000 manat məbləğində pulun 2950 manat hissəsini iddiaçıya geri ödəmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Daşkəsən Rayon Məhkəməsinin 03 iyul 2024-cü il tarixli, 1(030)-5/2024 saylı hökmündən müəyyən edilir ki, Cavabdeh “zərərçəkmiş şəxs İddiaçı hissə hissə olmaqla, ümumilikdə 10000 (on min) manat məbləğində pul almış, bu əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmin hökmdə zərərçəkmiş şəxsə dəymiş ziyanla bağlı mülki qaydada məhkəmədə iddia qaldırmaq hüquqları hüquqları izah edilmişdir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edildi ki, Cavabdeh İddiaçı Şəmsəddin oğlundan 10.000 manat pul almış, həmin əməlinə görə Daşkəsən Rayon Məhkəməsinin 03 iyul 2024-cü il tarixli, 1(030)-5/2024 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Hazırda cavabdeh həmin məbləğin 2950 manatını iddiaçıya ödəmiş, 7050 manatı isə qaytarmamışdır. İşin bu halını tərəflər məhkəmədə verdikləri izahatlarla təsdiq etmişlər. İddiaçı ona dəymiş ziyan ödənilmədiyindən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsində də nəzərdə tutulmuşdur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə göstərir ki, cavabdehin iddiaçıya 10.000 manat məbləğində maddi ziyan vurmağı qanuni qüvvədə olan məhkəmə hökmü ilə təsdiq olunduğundan və cavabdeh də işin bu halını mübahisə etmədiyindən MPM-in sübutlarla bağlı tələblərinə görə, cavabdehin iddiaçıya 10.000 manat məbləğində maddi ziyan vurmağı işin faktiki halı kimi müəyyən olunur. Həmçinin, tərəflərin hər ikisinin izahatlarından müəyyən olunur ki, cavabdeh həmin məbləğin 2950 manatını iddiaçıya ödəmişdir. Məhkəmə hazırki mübahisə üzrə iddianın hüquqi əsası ilə bağlı mülki qanunvericiliyinin aşağıdakı müddəalarının nəzərdən keçirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuşşəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1113.1-ci maddəsinə əsasən, birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslər vurulmuş zərər üçün zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar. Göründüyü kimi, iddiaçı hazırki iddianı qaldırmaq üçün subyektiv hüquqa malikdir və irəli sürülən iddianın təmin olunması üçün qanuni əsaslar vardır. Odur ki, iddia qismən təmin edilməli, Cavabdeh 7050(yeddi min əlli) manat pul alınaraq İddiaçı Şəmsəddin oğluna ödənilməlidir. Bundan başqa iş materiallarından müəyyən olunur ki, iddiaçı hazırki iddianı qaldırmaq üçün 120 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 120 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 7050 (yeddi min əlli) manat məbləğində pul və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi kimi 120 (bir yüz iyirmi) manat məbləğində pul alınaraq, İddiaçı Şəmsəddin oğluna verilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar