Məhkəmə qərarları › İş №2(125)-3542/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3542/2024

04.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3542/2024 04.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul tələbi və tələbin girov predmetinə yönəlidilməsi» barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı xx.xx.2013-cü il tarixli, 10-M-2-0-807-13 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 3.175 ABŞ dolları, hesablanmış və ödənilməmiş faiz borcu qismində 6.545 ABŞ dolları 41 sent, cərimə qismində 5.244 ABŞ dolları 95 sent, müqavilənin bitdiyi tarixdən –xx.xx.2015ci il tarixdən xx.xx.2024-cü il tarixədək əsas borca illik 5 faizi dərəcəsi ilə hesablanmış faiz borcunun əvəzi qismində 1.766 ABŞ dolları 25 sent, cəmi 16.731 ABŞ dolları 61 sent və ödənilmiş dövlət rüsmunun əvəzi qismində 175 manat 33 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması, borcunun əvəzinin xx.xx.2013-cü il tarixli girov müqaviləsi üzrə Cavabdeh1 mülkiyyətindəki 1 ədəd 20,5 qram çəkidə boyunbağı və 1 ədəd 15 qram çəkidə qolbaqdan ibarət qızıl-zinət əşyalarına yönəldilməsi və açıq hərracda satılaraq tələb olunan borcun ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə edərək göstərdi ki, Cavabdeh1 xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASCdən illik 28 faizlə 24 ay müddətinə 6.350 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq iddiaçı bankla Cavabdeh1 arasında xx.xx.2013-cü il tarixli girov müqaviləsi bağlayaraq mülkiyyətindəki 1 ədəd 20,5 qram çəkidə boyunbağı, 1 ədəd 15 qram çəkidə qolbaqdan ibarət qızıl-zinət əşyasını banka girov qoymuş, Cavabdeh2 ilə xx.xx.2013-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. xx.xx.2024-cü il tarixədək Cavabdeh1 iddiaçı banka xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə əsas borcun əvəzi qismində 3.175 ABŞ dolları, faiz borcu qismində 6.545 ABŞ dolları 41 sent, cərimə qismində 20.979 ABŞ dolları 78 sent, müqavilənin bitdiyi tarixdən – xx.xx.2015-ci il tarixdən xx.xx.2024-cü tarixədək əsas borca illik 5 faizi dərəcəsi ilə hesablanmış faiz borcunun əvəzi qismində 1.766 ABŞ dolları 25 sent, cəmi 32.466 ABŞ dolları 64 sent olmaqla borcu yaranmışdır. Cərimə məbləğinin 20.979 ABŞ dolları 78 sent təşkil etməsinə baxmayaraq, cərimə 5.244 ABŞ dolları 95 sent tələb olunur. X1 iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş ərizəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidməti Umbakı Penitensiar Müəssisəsində (Kompleksi) cəza çəkən məhkum Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə onun arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə tələbə dair iddia müddəti keçdiyindən, iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2013-cü il tarixli, 10-M-2-0-807-13 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" İKB ASC Cavabdeh1 kreditdən istifadəyə görə illik 28% borc faizləri ödəməsi şərtilə, 24 ay müddətinə 6.350 ABŞ dolları məbləğində kredit vermişdir. İşdə olan xx.xx.2013-cü il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh1 "xxxx" İKB ASC-dən xx.xx.2013-cü il tarixdə 6.350 ABŞ dolları məbləğində pul vəsaitini almışdır. İş materiallarında olan xx.xx.2013-cü tarixli, 10-M-1-0-530-13 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 Cavabdeh1 eyni tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin icrasına zaminliyi öz öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2013-cü il tarixli, 10-M-2-0-807-13 nömrəli girov müqaviləsinin və ona əlavə olunmuş 1983 nömrəli aktın surətindən görünür ki, Cavabdeh1 xx.xx.2013-cü il tarixli, 10-M-2-0-807-13 saylı kredit müqaviləsinin təminat üsulu kimi özünə məxsus olan 1 ədəd 20,5 qram çəkidə boyunbağı və 1 ədəd 15 qram çəkidə qolbağı "xxxx" İKB Açıq Səhmdar Cəmiyyətində girov qoymuşdur. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı ASC-yə borcu əsas borcun əvəzi qismində 3.175 ABŞ dolları, hesablanmış və ödənilməmiş faiz borcu qismində 6.545 ABŞ dolları 41 sent, cərimə qismində 5.244 ABŞ dolları 95 sent, müqavilənin bitdiyi tarixdən –xx.xx.2015-ci il tarixdən xx.xx.2024-cü il tarixədək əsas borca illik 5 faizi dərəcəsi ilə hesablanmış faiz borcunun əvəzi qismində 1.766 ABŞ dolları 25 sent, cəmi 16.731 ABŞ dolları 61 sent təşkil edir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü tarixli, 10-M-1-0-530-13 saylı kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC tərəfindən Cavabdeh1 kreditdən istifadəyə görə illik 28% borc faizləri ödəməsi şərtilə, 24 ay müddətinə 6.350 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmçinin eyni tarixli və eyni nömrəli zaminlik müqaviləsi üzrə Cavabdeh2 xx.xx.2013-cü tarixli, 10-M-1-0-530-13 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasına zaminliyi öz öhdəsinə götürmüşdür. Bununla da Cavabdeh1 kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Bu səbəbdən iddiaçı müqavilə şərtlərinə istinad edərək cavabdehlərdən müqavilə üzrə yaranmış borcun ödənilməsini tələb etmişdir. Lakin mülki işin məhkəmə tədqiq zamanı Cavabdeh1 məhkəməyə ərizə ünvanlayaraq mülki iş üzrə iddiaçı ilə arasında olan mübahisəyə iddia müddətinin tətbiq olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 739.1 və 739.2-ci maddələrinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında göstərilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Həmçinin həmin qərarda göstərilmişdir ki, müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında göstərilir ki, kredit müqavilələrinin müddətli xarakter daşıdığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələri tətbiq olunarkən nəzərə alınmalıdır ki, iddia müddəti kreditin icra müddəti bitdiyi gündən hesablanır. «Viktor Ozerovun şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 aprel 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki amilin mövcudluğu, habelə onların heç də həmişə üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm faktordur. Avropa İnsan Hüquqları Məhkəməsi «Stanyo Belçikaya qarşı» işi üzrə 07 iyul 2009cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunmuş iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 382-ci maddəsinə görə iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər. Həmin Məcəllənin 380.1-ci maddəsinə görə müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. «C.Əzimovun şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 noyabr 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, müddətin kəsilməsi tərəflərin iradəvi xarakterli hərəkəti ilə bağlı olur. Göründüyü kimi, mülki qanunvericilik iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutur: müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi; borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına: borcun qismən ödənilməsi; əsas borc üzrə faizin köçürülməsi; kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi; öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər. Mülki işin məhkəmə iclasında tədqiq olunmaqla müəyyən edilmiş hallarından görünür ki, "xxxx" İKB Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 10-M-2-0-807-13 saylı kredit müqaviləsi üzrə kreditin icra müddəti xx.xx.2015-ci il tarixdə bitmiş və iddia ərizəsi ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət olunmuşdur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə iddia müddətinin axımı kredit müqaviləsi üzrə kreditin icra müddətinin bitdiyi vaxtdan, yəni hazırki halda xx.xx.2015-ci il tarixdən hesablanmalıdır. Beləliklə, xx.xx.2015-ci il tarixdən kredit müqaviləsi üzrə sonuncu ödənişin edildiyi xx.xx.2019-cu il tarixə qədər 3 il 10 ay 16 gün, xx.xx.2019-cu il tarixdən məhkəməyə iddia ərizəsi ilə müraciət edildiyi xx.xx.2024-cü il tarixə qədər 3 il 10 ay 16 gün müddət keçmiş, bununla da iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Lakin İddiaçı ASC xx.xx.2013-cü il tarixli, 10-M-2-0-807-13 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 qarşı «pul» tələbinə dair iddia tələbi üzrə iddia müddətini buraxmasına dair məhkəməyə heç bir üzrlü səbəb və ya həmin səbəblərin üzrlü olmasına dair heç bir mötəbər dəlil təqdim etməmişdir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia müddətinin keçməsinə görə İddiaçı ASC-nin hazırki iddiası Cavabdeh1 qarşı hissədə təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ASC zaminə qarşı qanunla müəyyən edilmiş müddət ərzində iddia qaldırmaq hüququna malik olduğu halda, yəni müqavilə müddətinin başa çatdığı xx.xx.2015-ci il tarixdən ən geci bir il ərzində iddia irəli sürməli olduğu halda, bu hüququndan istifadə etməmiş və bu müddətdə zaminə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi üçün qanunla müəyyən edilmiş müddət ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminliyə xitam verilir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də onun tətbiqi üçün tərəfin ərizəsi verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hazırki iddiası üzrə zaminliyə xitamla əlaqədar kəsici müddətin başa çatmasına və buna bağlı subyektiv hüququn aradan qalxmasına görə həmin iddia Cavabdeh2 qarşı hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 376-cı maddəsinə görə əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkikdə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 376-cı maddəsinə əsasən, həmin Məcəllənin 375.2-ci maddəsinin tətbiqi nəticəsində əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçmiş hesab edilir. Məhkəmə əsas tələb üzrə iddia müddətinin keçməsini nəzərə alaraq, hesab edir ki, əlavə tələblər üzrə də iddia müddəti keçmişdir və iddia həmin hissələrdə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarda qeyd edilmiş hallarını nəzərə alaraq, hesab edir ki, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul tələbi və tələbin girov predmetinə yönəlidilməsi» barədə iddiası təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia rədd edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 175 manat 33 qəpik məbləğində pul vəsaiti iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul tələbi və tələbin girov predmetinə yönəldilməsi» barədə iddiası təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar