Məhkəmə qərarları › İş №2(125)-3547/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3547/2023

16.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3547/2023 16.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi ilə, «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı «pul tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyəti Cavabdeh qarşı 01 mart 2022-ci il tarixli, 241nkGNDJ/22 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 9.968 manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 1.552 manat 80 qəpik, cərimə qismində 73 manat 84 qəpik, cəmi 11.594 manat 64 qəpik və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 125 manat 19 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyəti iddia ərizəsində göstərmişdir ki, «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh arasında 01 mart 2022-ci il tarixdə bağlanmış 241nkGNDJ/22 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh 28 fevral 2027-ci il tarixədək, illik 20% ödəmək şərtilə 10.255 manat məbləğində kredit verilmişdir. Cavabdeh isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyətinə qaytarmağı öhdəsinə götürmüşdür. Kreditin məqsədli təyinatı 04 avqust 2021-ci il tarixli 1540nkGNDJ/21 nömrəli müqaviləsinin bağlanması olmuşdur. Həmin müqavilədə qalıq məbləğ 10.254 manat 04 qəpik təşkil etmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə iddiaçı Bank müqavilədə qeyd olunan müddətdə və faizlə krediti Cavabdeh mülkiyyətinə vermişdir və Cavabdeh isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi, müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyətinə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin Cavabdeh müqavilə şərtini pozaraq, dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə 13 mart 2023-cü il tarixə Cavabdeh «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyətinə 9.968 manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 1.552 manat 80 qəpik, cərimə qismində 73 manat 84 qəpik məbləğində borcu yaranmışdır. Sonda «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyəti iddianın təmin olunması barədə qətrnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. 16 may 2023-cü il tarixdə «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuş ərizəsində iddiaçının nümayəndəsi G.F.Hüseynova mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 01 mart 2022-ci il tarixli, 241nkGNDJ/22 saylı kredit müqaviləsinin surətindən görünür ki, «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyəti tərəfindən Cavabdeh 28 fevral 2027-ci il tarixədək illik 20% ödəmək şərtilə 10.255 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təyinatı 04 avqust 2021ci il tarixli 1540nkGNDJ/21 nömrəli müqaviləsinin bağlanması olmuşdur. İş materiallarında olan «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyətinin 13 mart 2023-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh ilə «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyəti arasında bağlanmış 01 mart 2022-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh borcu əsas borc qismində 9.968 manat, 13 mart 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 1.552 manat 80 qəpik, cərimə qismində 73 manat 84 qəpik, cəmi 11.594 manat 64 qəpik məbləğində təşkil edir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyəti ilə bağladığı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə kredit müqaviləsinin şərtlərinə uyğun olaraq iddiaçıya əsas borc qismində 9.968 manat, 13 mart 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 1.552 manat 80 qəpik məbləğində borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini, habelə kredit müqaviləsi üzrə faiz dərəcəsini nəzərə alaraq, 73 manat 84 qəpik təşkil edən cərimə məbləğinin 20 manat məbləğinə qədər azaldılmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarmalıdır. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh 01 mart 2022-ci il tarixli, 241nkGNDJ/22 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə ödənilməmiş əsas borcun əvəzi qismində 9.968 manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 1.552 manat 80 qəpik, cərimə qismində 20 manat, cəmi 11.540 manat 80 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia tam təmin edildiyinə görə məhkəməyə ərizə verilərkən dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 125 manat 19 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyətinin iddiası qismən təmin edilsin. Cavabdeh «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyətinin xeyrinə 01 mart 2022-ci il tarixli, 241nkGNDJ/22 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 9.968 (doqquz min doqquz yüz altmış səkkiz) manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 1.552 (bir min beş yüz əlli iki) manat 80 (səksən) qəpik, cərimə qismində 20 (iyirmi) manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 125 (bir yüz iyirmi beş) manat 19 (on doqquz) qəpik, cəmi 11.665 (on bir min altı yüz altmış beş) manat 99 (doxsan dörd) qəpik məbləğində pul vəsaiti tutulsun. «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyətinin iddiası qalan hissədə təmin edilməsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar