Məhkəmə qərarları › İş №2(125)-357/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-357/2023

20.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-357/2023 20.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X14 Tahir oğlunun sədrliyi, Arıxova Nigar Azər qızının katibliyi, İddiaçı, etibarnamə üzrə nümayəndəsi (vəkili) X3 və Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) X5 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ödənilmiş 5000 manat sığorta pulunun və qızıl-zinət əşyalarının qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 3700 (üç min yeddi yüz) manat pulun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa İddiaçı məhkəməyə ərizə təqdim edərək Cavabdeh ilə aralarında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə, qəza nəticəsində ödənilmiş 5000 manat sığorta pulunun və ona məxsus olan 3700 (üç min yeddi yüz) manat dəyərində qiymətləndirilmiş qızıl-zinət əşyalarının, onlar olmadıqda dəyəri olan 3700 manat pulun alınıb ona ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinə iddia həcminin artırılması kimi baxmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh avtomobil alınması üçün kredit götürmüşdür. Belə ki, X2 qeyd olunan avtomobili faktiki olaraq almış və avtomobil üzərində faktiki sahibliyi həyata keçirmiş və etibarnamə əsasında avtomobili adına rəsmiləşdirmişdir. Lombarddan kredit götürərəkən cavabdeh kredit verilməsi üçün avtomobili adına rəsmiləşdirməyi tələb etdiyindən avtomobili saxta alqı-satqı müqaviləsinə əsasən cavabdehin adına rəsmiləşdirmişdir. Aralarında uydurma alqı-satqı müqaviləsi bağlamış və müqavilə onun adından imzalanmışdır. Bundan sonra avtomobil qəzaya düşmüşdür və avtomobilə dair 5000 manat sığorta pulu ödənilmişdir. Qeyd olunan sığorta pulunu cavabdeh sığorta şirkətindən almış və ona verməmişdir. Aralarında olan razılaşmaya əsasən lombardda kredit müqaviləsi bağlanaraq avtomobili ona verməklə kasko sığorta olunması üçün onunla 3700 manatla bağlı müqavilə bağlasa da ona 3000 manat verdikdən sonra 700 manat pulu kasko sığortası üçün ondan almışdır. Cavabdeh adına 3700 manat kredit borcu qoymuşdur. Bu müddət ərzində ödəniş aparılmış lakin cavabdeh onu aldatdığına görə kredit borcunun ödənilməsi dayandırılmışdır. Həmçinin cavabdeh ona məxsus olan qızıl-zinət əşyalarını da girov götürsə də geri qaytarmır. Bu baxımdan cavabdehə qarşı aralarında bağlanmış uydurma alqı-satqı müqaviləsinin etibarsız hesab edilməklə, onu aldadaraq aldığı 5000 manat sığorta pulunun və ona məxsus olan qızıl-zinət əşyalarının geri qaytarılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdeh ondan aldığı qızıl əşyalarının və avtomobili almaqla və bu günkü gündə ona maddi zərərə saldığından əsassız olaraq varlanmışdır. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) X9 iddiaçı ilə eyni məzmunlu izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) X11 iddianı qəbul etməyərək izahatında göstərdi ki, realda hər hansı qızıl əşyası olmamış və girova qoyulmamışdır. Həmçinin iddia müddəti də ötürülmüşdür. İddianın əsassız olduğunu göstərərərək rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) X3 vəsatəti əsasında şahid qismində dindirilən X4 ifadəsində göstərdi ki, iddiaçı Ruzi xalası oğludur. Əhmədi isə Gəncə-Bakı istiqamətində sürücülük edərkən tanımışdır. Belə ki, uşağı xəstələnmiş və ona 2000 manat pul lazım olmuşdur. Bu məsələni Ruziyə bildirmişdir. Ruzi ilə birgə pul almaq üçün Əhmədin yanına gəlmişlər. Əhməd 3700 manat pul yazmış onlara 3000 manat pul vermişdir. Girov olaraq avtomobili qoymuşlar. Ancaq hər hansı qızıl-zinət əşyaları olmamışdır. Belə ki, avtomobil girovdan çıxdıqdan sonra Ruziyə geri qaytarılmalı idi. Avtomobili Ruzi idarə edərkən hadisə törətmişdir. Sığorta pulunu 5000 manatı Əhməd alaraq Ruziyə verməmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, X6 tərəfindən verilmiş etibarnamə üzrə onun adından İddiaçı ilə Cavabdeh arasında Toyota Corolla markalı 10TX186 qeydiyyat nömrə nişanlı, avtomobilə dair alqı satqı müqaviləsi baglanmışdır. xx.xx.2021-ci il tarixli, 7E-7700 reyestr nömrəli etibarnamədən görünür ki, X1 Corolla markalı 10TX186 qeydiyyat nömrə nişanlı avtomobili idarə etmək , bağışlamaq, ipoteka qoymaq, sərəncan vermək və digər hərəkətləri həyata keçirmək üçün İddiaçı etibar etmişdir. xx.xx.2021-ci il tarixli, 28102 nömrəli kredit müqaviləsi və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, İddiaçı Cavabdeh 12 ay müddətinə illik 53 faiz ödəmək şərti ilə 3700 manat məbləğində kredit götürmüşdür. XalqSığorta ASC tərəfindən göndərilən «sms məlumatı»ndan görünür ki, 10TX186 qeydiyyat nişanlı avtomobilə dəyən zərərə görə sığorta ödənişinin məbləği 5000 manat təşkil etmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh izahatında göstərmişdir ki, Ruzi əvvəllər müştərisi olan şəxs Şakirlə «Zəfər Kredo»ya gələrək ona müraciət etmişlər və kreditə pul götürmək istəliklərini demişlər. Onların sözünə görə kredit Ruzinin adına götürülərək pulu hər ikisi bölməli olmuşlar. Şakir əvvəlcə girov olaraq başqa avtomobil təklif etmiş, o isə razılaşmamışdır. Sonradan isə X10 avtomobilini girov olaraq götürməyə razılaşmışdır. Ruzi ondan 3700 manat pulu kreditə götürməyə razılaşmışdır. Razılaşmaya əsasən Ruzinin həmin avtomobili girov olaraq onun adına rəsmiləşmiş və Ruzi ondan kreditə aldığı 3700 manat pulu ödədikdən sonra o, avtomobili Ruzinin özünə qaytaracaqmış. Qeyd olunun qərardan görünür ki, İddiaçı izahatında krediti götürərkən girov qoymaq üçün qızıl-zinət əşyaları olmadığı üçün avtomobilini girov qoyduğunu göstərmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sübutlara hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM-nin) 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. MM-in 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. MM-nin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. MM-in 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Göründüyü kimi tərəflər arasında bağlanmış alqı satqı müqaviləsi başqa əqdi pərdələmək məqsədi ilə bağlanmış əqd olmaqla əhəmiyyətsiz əqd olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən heç bir müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir.Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli qərardadında qeyd olunmuşdur ki, əhəmiyyətsiz əqdlər forma və məzmun etibarilə məcburi hüquq qaydalarına zidd olduqları üçün hər hansı əlavə qayda və ya şərtlərdən, yəni müddətin keçməsindən, mübahisələndirilməsindən və ya məhkəmə qərarından asılı olmayaraq bağlandığı andan özü özlüyündə etibarsızdır. Yuxarıda qeyd olunan qanunvericilikdən və plenum qərarından görünür ki, əhəmiyyətsiz əqdlər üç halda şərtləndirilmişdir. Qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə nəzərdə tutulmuş forma tələblərinə riayət edilməməklə bağlanmış əqd, hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqd və başqa əqdi pərdələmək məqsədi ilə bağlanan yalan əqd bağlandığı andan etibarsızdır. (MM.mad 329.1,340.1,340.2) Bununla yanaşı məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə etibarsız olduğundan və cavabdehin icbari sıgorta üzrə iddiaçıya məxsus avtobobilə dəymiş zərərlə bağlı aldığı 5000 manat pulu cavabdeh əldə etməkdə haqlı olmamışdır. Belə ki, iddiaçıya məxsus avtomobilə dəymiş gərərə görə 5000 manat sığorta pulunun cavabdehə verilməsi iş materiallarında olan sübutlarla və cavabdehin nümayəndəsinin etirafı ilə öz təsdiqini tapır. Bu halda cavabdeh hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlanmış hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- MM) 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. MM-in 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. MM-in 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, Cavabdeh 5000 (beş min) manat pul alınaraq İddiaçı verilməlidir. İddia tələbinin qızıl-zinət əşyalarının və ya onların dəyərinin ödənilməsinə gəldikdə məhkəmə hesab edir ki, iddiaçı bununla bağlı hər hansı sübut təqdim etmədiyindən iddia əhmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı polis orqanında da verdiyi izahatında qızıl əşyaları olmadığı üçün avtomobili girov qoyduğunu qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. Cavabdeh 5000 (beş min) manat pul alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X16

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar