Məhkəmə qərarları › İş №2(125)-3591/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3591/2023

12.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3591/2023 12.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Mülki işin mübahisəsiz halları bundan ibarətdir ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 19 fevral 2015-ci il tarixli 2(044)-510/2015 saylı qətnaməsi ilə Cavabdeh 19 yanvar 2015-ci il tarixdən başlayaraq 21 may 2010-cu il təvəllüdlü X2 və 07 iyul 2012-ci il tarixdə X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 90 (doxsan) manat olmaqla, cəmi 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment alınaraq ona verilməsi qət edilmişdir. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(044)-3684/2019 saylı qətnaməsi ilə xx.xx.2010-cu ildə anadan olmuş X2 və xx.xx.2012-ci ildə anadan olmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh tutulan alimentin miqdarının artırılaraq, hər ay bir uşaq üçün 142 manat, cəmi 284 manat miqdarında müəyyən edilməsi, xx.xx.2010-cu ildə anadan olmuş X2 və xx.xx.2012-ci ildə anadan olmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşaq üçün 142 manat, cəmi 284 manat miqdarında alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və ona əlavə ilə məhkəməyə müraciət edərək, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(044)-3684/2019 saylı qətnaməsi ilə tutulan alimentin artırılaraq cavabdehdən xx.xx.2010-cu ildə anadan olmuş X2 və xx.xx.2012-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay əmək haqqının (başqa gəlirlərin) üçdə bir hissəsinin tutulub ona verilməsinə və ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 50 manatın tutulub ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı uşağın saxlanılmasında maddi çətinlik çəkir. Hazırki dövrdə uşaqların saxlanması üçün 180 manat çox azdır. Məhkəmə iclasında iddiaçı tələbi müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçı tərəfi dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 76.1.2-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay iki uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur. Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Qanunvericiliyin göstərilən müddəalarını işin faktiki hallarına tətbiq etməklə məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdehin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşaqlarının hal-hazırda iddiaçının (analarının) himayəsində olması, onların saxlanılması üçün vəsait tələb olunduğu, uşaqların mənafeləri və cavabdehin müntəzəm qazancının olması nəzərə alınaraq, cavabdehdən hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutulmalıdır. Məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 76-cı maddəsinə əsasən uşaqların saxlanılması üçün valideynlərdən tutulan aliment onların qazancının və başqa gəlirlərinin hissəsi ilə müəyyən edilir. Bu qaydada kənara çıxmağa yalnız Ailə Məcəlləsinin 78.1-ci maddəsində nəzərdə tutulmuş hallar olduqda və alimentin sabit pul məbləği ilə tutulmasına dair tələb edən şəxsin xahişi olduqda yol verilir. Beləliklə qanunvericilikdə alimentin sabit pul məbləği ilə tutulmasının əsası kimi tələb edən şəxsin xahişinin olması mütləqdir. Hazırda iddiaçı alimentin cavabdehin qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında tutulmasını istədiyi üçün cavabdehdən tutulan alimentin miqdarı dəyişdirilməli və tərəflərin birgə yaşayışlarından doğulmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, alimentin tutulma müddəti mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd edilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən deyil, hazırki məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Bundan başqa, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan mediasiya prosesində çəkilən xərc tərəflərə bərabər şəkildə aid edilməli, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərcinin yarısı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(044)-3684/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş 21 may 2010-cu il təvəllüdlü X2 və 07 iyul 2012-ci il tarixdə X1 üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilsin. 21 may 2010-cu il təvəllüdlü X2 və 07 iyul 2012-ci il tarixdə X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay qazancın (başqa gəlirlərin) 1/3 hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh mediasiya xərcinin əvəzi kimi 25 (iyirmi beş) manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar