Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3595/2023 02.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1300 manat borcun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Gəncə şəhəri, N.Nərimanov prospektində yerləşən 188-190 saylı binada ticarət avadanlıqları mağazasında satıcı işləyir. Mağazada müxtəlif növ ticarət avadanlıqları, mallar, elektrik avadanlıqları və müxtəlif tipli soyuducular satılır. Gəncə şəhəri, Kərpic Zavod qəsəbəsi, ev 4, mənzil 7-də yaşayan cavabdeh onun işlədiyi mağazaya gəlib özünün ticarətlə məşğul olduğunu və şəxsi mağazası üçün müxtəlif növ soyuducular almaq istədiyini bildirmişdir. xx.xx.2022-ci ildə onun işlədiyi mağazaya gəlmişdir. Cavabdeh dəyəri 1700 manat olan 1 ədəd ət şkafı almışdır. Belə razılaşmışlar ki, götürəcəyi malın pulunu 3 ay müddətinə hissə-hissə versin. Cavabdeh ilkin olaraq 300 manat pul verərək ət şkafını aparmışdır. Sonra xx.xx.2022-ci il tarixdə 100 manat vermişdir. Ümumilikdə cəmi 400 manat ödəmişdir. Göründüyü kimi cavabdeh nisyə götürdüyü qiyməti 1700 manat dəyərində olan ət şkafının pulunu 3 ay müddətində hissəhissə ödəməsinə söz versə də, verdiyi sözə əməl etməmiş, cəmi 400 manat ödəmişdir. Bundan sonra iddiaçı ona dəfələrlə zəng etsə də, hər dəfə müxtəlif bəhanələr gətirərək 1300 manat pulu bu günə qədər verməyib və onun telefon zənglərinə də cavab vermir. Cavabdeh xx.xx.2022-ci il tarixdə qiyməti 1700 manat olan ət şkafını şahidlərin - X1 və X2 yanında götürmüşdür. O, məcburi köçkündür, mağazada satıcı işləməklə ailəsini çətinliklə dolandırır, cavabdehin onu aldatması, borcunu qaytarmaması onun işsiz qalmağına səbəb ola bilər. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddiasını müdafiə edərək onun məzmununa uyğun izahat verdi və cavabdehin iştirakı olmadan mülki işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməyərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi, eyni zamanda əlavə etdi ki, o, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyindən, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 238.1-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin baxış iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, sürücüdür, tərəfləri tanıyır, ət alqı-satqısı ilə məşğuldur, keçən ilin may ayında mağazada olan zaman cavabdehin nisyə alqı-satqı müqaviləsi bağlayaraq dəyəri 1700 manat olan ət şkafını götürüb ilkin olaraq 300 manat, sonra 100 manat ödədiyini görmüşdür. Həmçinin, cavabdeh aylıq ödəniş ödəyəcəyini də bildirmişdir. Şahid X3 ifadəsində bildirdi ki, cavabdehi tanımır, mağazada görmüşdür, 2022-ci ilin may ayında iddiaçının mağazasında olarkən cavabdehin 1700 manatlıq ət şkafı götürdüyünü görmüşdür. Məhkəmə, iddiaçının izahatını və şahidlərin ifadələrini dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Məhkəmə ilk öncə qeyd edir ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri müəyyən edilmədən və işin müəyyən edilmiş hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmadan mübahisənin mahiyyəti üzrə həlli maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz. Hazırki iş üzrə tərəflər arasında “nisyə alğı-satqı müqaviləsi” adlanan xx.xx.2022-ci il tarixli şifahi müqavilənin bağlanması işin müəyyən edilmiş halıdır. Belə ki, bu hal iş üzrə şahidlərin ifadələri ilə təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (maddə 567). Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (maddə 600.1). Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir (maddə 601.2). Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (maddə 600.4). Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir (maddə 529.1). Beləliklə, iddiaçının izahatına və şahid ifadələrinə əsasən məhkəmə hesab edir ki, xx.xx.2022-ci ildə tərəflər arasında ət şkafının alqı-satqısına dair şifahi alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin razılaşmaya əsasən iddiaçı qeyd edilən əşyanı 1700 manat müqabilində cavabdehə satmış, cavabdeh 300 manat ilkin ödəniş, sonradan isə 100 manat ödəniş etmişdir. Göründüyü kimi, iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, nisyə alqı-satqı müqaviləsi üzrə əşyanı cavabdehə vermiş, cavabdeh isə nisyə alqı-satqı müqaviləsi əsasında iddiaçıdan əşyanı almasına dair hüququndan istifadə etmiş, əşyanın dəyərini ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Hazırda iddiaçı cavabdehdən nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış borcun 1300 manat hissəsini tələb edir. Odur ki, məhkəmə hesab edir ki, nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 1300 manat borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır Həmçinin, məhkəmə qeyd edir ki, iddiaçının təqdim etdiyi sübutlar borcun olduğunu təsdiq edir, cavabdeh tərəf isə məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlı olsa da məhkəməyə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, 1300 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 1300 (bir min üç yüz) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. Qiyabi qətnamənin rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə, Gəncə Şəhər Məhkəməsinə qətnamənin ləğvi üçün ərizə verilə bilər. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-3595/2023
Gəncə Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(125)-3595/2023
02.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver