Məhkəmə qərarları › İş №2(125)-3606/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3606/2025

14.11.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3606/2025 14.11.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 İsa oğlunun sədrliyi, Xudaverdiyeva Nilgün Elbrus qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmədə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Samux Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ona vurduğu maddi zərərin əvəzi olaraq 9425 (doqquz min dörd yüz iyirmi beş) manat məbləğində pulun tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Samux rayonunun Sərkar kəndində yaşayır və fərdi təsərrüfatla məşğul olur. İribuynuzlu mal-qara saxladığı üçün xx.xx.2019-cu il tarixdə Samux rayon Notariat ofisində 4Ə-299 nömrəli alqı-satqı müqaviləsi əsasında 1,0894 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini almışdır. Həmin sənədlər əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsindən xx.xx.2019-cu il tarixdə 1,0894 ha kənd təsərrüfatı təyinatlı torpağın xüsusi mülkiyyətinə verilməsinə dair ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarış almışdır. Xüsusi mülkiyyətində olan 1,0894 ha torpaq sahəsinin məkan üzrə yerləşməsinə dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsindən xx.xx.2019-cu il tarixdə A №345243 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü“ sənədini almış və həmin idarənin mütəxəssisləri tərəfindən xüsusi mülkiyyətdə olan torpaq sahəsi məkan göstəriciləri üzrə ölçülüb ona təhvil verilmişdir. Xüsusi mülkiyyətdə olan torpaq sahəsindən istifadəyə cavabdeh maneçilik törətmişdir. Cavabdehin zəbt etdiyi xüsusi mülkiyyətində olan torpaq sahəsindən dəfələrlə çıxmasını tələb etmişdir. Lakin cavabdeh yersiz mübahisə edərək, münaqişə yaratmışdır və zəbt etdiyi sahədən çıxmamışdır. Zəbtlə əlaqədar cavabdehlə Samux Rayon Sərkar kənd icra nümayəndəliyi tərəfindən aparılan söhbətlər heç bir əməli nəticə verməmişdir. Cavabdehə qarşı xüsusi mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt etdiyi hissəsindən çıxarılması və cavabdehin həmin sahədə əkdiyi ağaçları öz vəsaiti hesabına çıxarılması tələbi ilə Samux Rayon Məhkəməsinə iddia ərizəsi vermişdir. Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(058)-59/2024 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Belə ki, qətnamədə cavabdehin onun xüsusi mülkiyyətində olan 1,0894 ha torpaq sahəsinin özbaşına zəbt etdiyi 0,72 ha sahədən çıxarılması qət edilmişdir. Cavabdeh iddiaçıya məxsus 1,0894 ha sahənin 0,72 ha sahəsini 2021-ci ilin dekabr ayından özbaşına zəbt etmişdir. Zəbt etdiyi torpaq sahəsi ona 2024-cü ilin oktyabr ayında qaytarılmışdır. Cavabdeh tərəfindən zəbt olunmuş torpaq sahəsini əkib becərmiş, yoncası biçilib cavabdeh tərəfindən götürülmüşdür. Bununla da ona maddi ziyan vurmuşdur. Belə ki, həmin müddətdə əkdiyi yonca sahəsindən əldə olunan gəliri cavabdeh mənimsəmişdir. O isə məcburiyyət qarşısında qalıb bəslədiyi mal-qaranı saxlamaq üçün yonca bağını Gəncə mal-qara bazarından almışdır. Cavabdehin zəbt etdiyi sahədən hər il 650 ədəd yonca bağı tədarük etmək mümkündür. Real olaraq cavabdeh 2022-ci il üzrə 650 ədəd, 2023-cü il üzrə 650 ədəd və 2024-cü il üzrə 650 ədəd yonca otunun bağı dəyərində maddi ziyan vurmuşdur. Ümumilikdə cavabdeh ona 2022-ci il üzrə 2925 manat (650 x 4,5 =2925), 2023-cü il üzrə 3250 manat (650 x 5 = 3250) və 2024-cü il üzrə 3250 manat (650 x 5 = 3250) manat maddi ziyan vurmuşdur. Ümumilikdə cavabdeh zəbt etdiyi torpaq sahəsinə görə ona 9425 manat maddi ziyan vurmuşdur. Dəfələrlə cavabdehdən ona vurduğu maddi ziyanı tələb etsə də, heç bir nəticəsi olmamışdır və ödəməkdən imtina etmişdir. Bu səbəbdən ona cavabdeh tərəfindən vurulmuş 9425 manat maddi zərərin ödənilməsi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Samux Rayon Məhkəməsinin 2(058)-409/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyindən, baxılması üçün ərazi aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmədə İddiaçı iştirak etmiş və izahatında bildirmişdir ki, cavabdehin zəbt etdiyi həmin torpaq sahəsini 2019-cu ildə əldə etmişdir. Həmin torpaq sahəsində yonca bitkisi əkilmişdir. Cavabdeh sonradan həmin torpaq sahəsində yoncanın yerini əkmiş və orada meyvə ağacları əkmişdir. Təxminən 2023-cü ilin yaz aylarında belə qənaətə gəlmişdir ki, cavabdehin ağac əkdiyi həmin torpaq sahəsi onun mülkiyyətində olduğu torpaq sahəsidir. Həmin vaxtadək o, cavabdehin istifadə etdiyi torpaq sahəsinin onun mülkiyyətində olduğu barədə cavabdehə heç bir söz deməmiş, həmin torpaq sahəsi ilə bağlı cavabdehə heç bir irad bildirməmişdir. 2023-cü ildə mütəxəssis dəvət edərək, aldığı torpaq sahəsinin hüdudlarını dəqiqləşdirmiş və yəqin etmişdir ki, cavabdehin ağac əkdiyi həmin torpaq sahəsi onun mülkiyyətində olan torpaq sahəsidir. Bundan sonra cavabdehə bu barədə bildirmiş və təklif etmişdir ki, cavabdeh ağac əkdiyi torpaq sahəsinin əvəzində özünün (cavabdehin) mülkiyyətində olan eyni həcmdə torpaq sahəsini ona versin, yəni, torpaq sahələrini əvəzləşdirsinlər. Cavabdeh isə həmin ərazinin onun mülkiyyətində olan torpaq sahəsi olduğunu bildirmiş və ona bildirmişdir ki, mübahisə məhkəmə vasitəsilə həll edilsin. Bundan sonra, məhkəmədə iddia qaldırmış və məhkəmənin qətnaməsi ilə cavabdehin onun xüsusi mülkiyyətində olan 1,0894 ha torpaq sahəsinin özbaşına zəbt etdiyi 0,72 ha sahədən çıxarılması qət edilmişdir. Məhkəmənin qətnaməsindən sonra cavabdeh həmin torpaq sahəsini ona qaytarmışdır. Daha sonra cavabdehdən ona vurduğu maddi ziyana görə 6000 manat pul tələb etmiş, cavabdeh razılaşmadığından hazırki iddianı qaldırmışdır. Sonda iddiaçı irəli sürdüyü iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə İddiaçı vəkili Vəkil iştirak etmiş və bildirmişdir ki, iddiaçının tələbi ona mülkiyyətində olan torpaq sahəsindən son üç il ərzində istifadə edə bilməməsi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi tələbidir. Belə ki, cavabdeh tərəfindən iddiaçıya məxsus xüsusi mülkiyyətdə olan torpaq sahəsi qeyri-qanuni olaraq zəbt edilmişdir. Bununla əlaqədar iddiaçı cavabdehə qarşı xüsusi mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt etdiyi hissəsindən çıxarılması və cavabdehin həmin sahədə əkdiyi ağaçları öz vəsaiti hesabına çıxarılması tələbi ilə Samux Rayon Məhkəməsində iddia qaldırmış, məhkəmə qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdehin iddiaçının xüsusi mülkiyyətində olan 1,0894 ha torpaq sahəsinin özbaşına zəbt etdiyi 0,72 ha sahəsindən çıxarılması qət edilmişdir. Lakin, iddiaçıya həmin üç il müddətində zərər dəymişdir. Ona görə də iddianı əsaslı sayır və təmin edilməsini xahiş edir. Məhkəmədə Cavabdeh iştirak etmiş və ona qarşı irəli sürülən iddiaya etiraz edərək, izahatında bildirmişdir ki, 2019-cu ildə alqı satqı əqdi əsasında Mahir adlı şəxsdən Samux rayonu, Sərkar kəndi ərazisindən 1,03 ha torpaq sahəsi əldə etmişdir. Həmin torpaq sahəsi Samux rayon DƏDRX-nin mütəxəssisləri tərəfindən yerində ölçülərək ona təhvil verilmişdir. Həmin vaxt həmin torpaq sahəsi barədə heç bir mübahisə olmamışdır. Ancaq, həmin torpaq sahəsi üzərində yonca əkmiş şəxs ondan xahiş etmişdir ki, bir müddət əkdiyi yoncanı biçməyə ona icazə versin. Heç bir təmənnası olmadan buna icazə vermiş və 2022-ci iln dekabr ayınadək həmin torpaq sahəsindən istifadə etməmişdir. 2022-ci iln dekabr ayında həmin torpaq sahəsi üzərində ağaclar əkmiş və buna xeyli xərc çəkmişdir. Yalnız bundan sonra, 2023-cü ildə iddiaçı ona bildirmişdir ki, onun ağac əkdiyi torpaq sahəsi iddiaçıya məxsusudur. Həmin torpaq sahəsi Samux rayon DƏDRX-nin mütəxəssisləri tərəfindən yerində ölçülərək ona təhvil verildiyindən iddiaçı ilə razılaşmamış və mübahisənin məhkəmə vasitəsilə həll edilməli olduğunu iddiaçıya bildirmişdir. İddiaçının müraciətinə əsasən, Samux Rayon Məhkəməsi işə baxmış və 2024-cü ildə onun 0,72 ha torpaq sahəsindən çıxarılması qət edilmişdir. Bundan sonra həmin torpaq sahəsini iddiaçının sahibliyinə təhvil vermişdir. Sonda cavabdeh ona qarşı irəli sürülən iddianın əsassız olduğundan təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını və iddiaçının vəkilini dinləyib, iş üzrə toplanmış sübutları məcmu halında tam, hərtərəfli və obyektiv araşdırıb, hesab edir ki, iddia əsaslı olmadığından təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli **********09 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Samux rayonu, Sərkar kəndində yerləşən 1,0894 ha torpaq sahəsi İddiaçı adına mülk kimi qeydiyyata alınmışdır. İddiaçı xx.xx.2019-cu ildə alqı satqı əqdi əsasında əldə etdiyi Samux rayonunun Sərkar kəndində yerləşən 1,0894 ha torpaq sahəsinin 0,72 ha hissəsindən 2024-cü ilədək olan müddət ərzində, cavabdehin həmin torpaq sahəsindən istifadə etməsi səbəbindən bəhər (gəlir) əldə edə bilmədiyini iddia etmiş və hazırki iddianı qaldırmışdır. Qeyd edilən sənədə istinad etməklə məhkəmə göstərir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ olmuşdur. İş materiallarından müəyyən edilir ki, İddiaçı xx.xx.2019-cu ildə alqı satqı əqdi əsasında Samux rayonunun Sərkar kəndində yerləşən 1,0894 ha torpaq sahəsi əldə etmişdir. İş materiallarından həmçinin müəyyən edilir ki, Cavabdeh da 2020-ci ildə Samux rayonu, Sərkar kəndi ərazisindən 1,03 ha torpaq sahəsi əldə etmişdir. Məhkəmədə tərəflərin verdiyi izahatlardan işin faktiki halı kimi müəyyən edilir ki, tərəflərin əldə etdikləri torpaq sahələri qonşu torpaq sahələridir. Məhkəmə hesab edir ki, baxılan işdə əvvəlcə müəyyən edilməli olan məsələ iddiaçının öz əmlakından bəhər (gəlir) əldə edə bilməməsində cavabdehin təqsirli olub olmamasının müəyyən edilməsidir ki, bu hal məhkəmədə tədqiq edilmiş sübutlarla təsdiq edilmir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Doğrudur ki, MPM-in 76.2-ci maddəsi tərəflərin izahatlarını işdə sübut növləri kimi nəzərdə tutur. Məhkəmə bununla yanaşı qeyd edir ki, tərəflər işin nəticəsində maraqlı olduqlarından, MPM-in 106.1-ci maddəsinin tələblərinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə göstərir ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Beləliklə, sübutların düzgün qiymətləndirilməsi, iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılması qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. İddianın mahiyyətindən müəyyən edildiyi kimi, tərəflər arasında yaranan mübahisə iddiaçının 2019-cu ildə alqı satqı əqdi əsasında əldə etdiyi torpaq sahəsinin 0,72 ha hissəsindən 2024-cü ilədək olan müddət bəhər (gəlir) əldə edə bilməməsindən yaranan mübahisədir və iddiaçı bu zərərin həmin müddət ərzində cavabdehin həmin torpaq sahəsindən istifadə etməsi səbəbindən yarandığını iddia edir. Məhkəmə hesab edir ki, həmin mübahisə mülki qanunvericiliyin zərərin əvəzinin ödənilməsini tənzimləyən normaları əsasında həll edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi başqa şəxsə zərər vurulması nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 16-cı maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin mülki hüquq pozuntuları (deliktlər) anlayışından bəhs edən 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında ifadə etdiyi hüquqi mövqeyinə görə, hüquqi dövlətdə mülki dövriyyə sahəsində hüquq münasibətlərinin tənzimlənməsi hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi, mülkiyyətin toxunulmazlığı və müqavilə azadlığı, bu münasibətlərin subyektlərinin hüquqi statusu müəyyənləşdirilərkən ictimai və xüsusi maraqların tarazlığı, onların hüquqlarının həyata keçirilməsi və mümkün məhdudlaşdırma şərtlərinin müəyyənləşdirilməsi zamanı mütənasiblik və tarazlıq meyarlarının gözlənilməsi prinsiplərinə əsaslanmalıdır (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 14 iyul tarixli Qərar). Artıq yuxarıda qeyd edildiyi kimi, iddiaçının özü məhkəmədə verdiyi izahatında göstərmişdir ki, 2023-cü ilin yaz aylarınadək cavabdehin istifadə etdiyi torpaq sahəsinin onun mülkiyyətində olduğu barədə cavabdehə heç bir söz deməmiş, həmin torpaq sahəsi ilə bağlı cavabdehə heç bir irad bildirməmişdir. Yalnız 2023-cü ildə mütəxəssis dəvət edərək, aldığı torpaq sahəsinin hüdudlarını dəqiqləşdirmiş və yəqin etmişdir ki, cavabdehin ağac əkdiyi həmin torpaq sahəsi onun mülkiyyətində olan torpaq sahəsidir. Bundan sonra cavabdehə bu barədə bildirmişdir. Öz növbəsində cavabdeh də izahatında qeyd etmişdir ki, 2019-cu ildə alqı satqı əqdi əsasında Samux rayonu, Sərkar kəndi ərazisindən 1,03 ha torpaq sahəsi əldə etmişdir. Həmin torpaq sahəsi Samux rayon DƏDRX-nin mütəxəssisləri tərəfindən yerində ölçülərək ona təhvil verilmişdir. Həmin vaxt həmin torpaq sahəsi barədə heç bir mübahisə olmamışdır. Ancaq, həmin torpaq sahəsi üzərində yonca əkmiş şəxs ondan xahiş etmişdir ki, bir müddət əkdiyi yoncanı biçməyə ona icazə versin. Heç bir təmənnası olmadan buna icazə vermiş və 2022-ci iln dekabr ayınadək həmin torpaq sahəsindən istifadə etməmişdir. 2022-ci iln dekabr ayında həmin torpaq sahəsi üzərində ağaclar əkmiş və buna xeyli xərc çəkmişdir. Yalnız bundan sonra, 2023-cü ildə iddiaçı ona bildirmişdir ki, onun ağac əkdiyi torpaq sahəsi iddiaçıya məxsusudur. Həmin torpaq sahəsi Samux rayon DƏDRX-nin mütəxəssisləri tərəfindən yerində ölçülərək ona təhvil verildiyindən, iddiaçı ilə razılaşmamış və mübahisənin məhkəmə vasitəsilə həll edilməli olduğunu iddiaçıya bildirmişdir. Beləliklə, məhkəmədə hər iki tərərfin verdiyi izahatlardan işin faktiki halı kimi təsdiq olunur ki, ən azı 2023-cü ilin yaz aylarınadək həmin 0,72 ha torpaq səhəsi ilə bağlı tərəflər arasında heç bir mübahisə olmamışdır. Yalnız bundan sonra iddiaçı cavabdehə bu barədə bildirmişdir. Cavabdeh məhkəmədə verdiyi izahatında göstərmişdir ki, həmin torpaq sahəsi Samux rayon DƏDRX-nin mütəxəssisləri tərəfindən yerində ölçülərək ona təhvil verilmişdir.Tərəflər hər biri həmin torpaq sahəsinin onun mülkiyyəti olduğunu hesab etdiklərindən mübahisə məhkəmə yolu ilə həll edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İş materiallarında olan Samux Rayon Məhkəməsinin 2(058)-59/2024 nömrəli, xx.xx.2024cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “ona məxsus torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilmiş hissəsindən cavabdehin çıxarılması və cavabdehin həmin sahədə əkdiyi ağacların cavabdehin vəsaiti hesabına çıxarılması” tələbinə dair iddiasının təmin edilməsi, Cavabdeh Samux rayonu, Sərkar kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidməti Hüquların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestirindən **********09 reyster nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 1.0894 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin istifadə etdiyi 0.72 ha hissəsindən çıxarılması və həmin hissədə cavabdeh tərəfindən əkilmiş ağaclar cavabdehin vəsaiti hesabına çıxarılması qət edilmişdir. Məhkəmənin həmin qətnaməsindən müəyyən edilir ki, işə baxarkən məhkəmə ekspertiza təyin etmiş və gəldiyi nəticəni də digər sübutlarla yanaşı həm də alınmış ekspert rəyi ilə əsaslandırmışdır. Məhkəmədə tərəflərin hər ikisinin verdiyi məlimatlara görə məhkəmə qətnaməsindən sonra cavabdeh həmin torpaq sahəsini iddiaçıya qaytarmışdır. İş materiallarından müəyyən edildiyi kimi, İddiaçı mülkiyyətində olan 1.0894 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin cavabdehin istifadə etdiyi 0.72 ha hissəsi ilə bağlı 2023-cü ilin yaz aylarınadək tərəflər arasında heç bir mübahisə olmamışdır. Cavabdeh məhkəmədə verdiyi izahatında göstərmişdir ki, 2022-ci ilin dekabr ayınadək həmin torpaq sahəsindən istifadə etməmiş, həmin sahədənhansısa gəlir əldə etməmiş, yalnız 2022-ci ilin dekabr ayında həmin torpaq sahəsində ağac əkmişdir. Belə halda, cavabdehin həmin torpaq sahəsi barəsində 2022-ci ilin dekabr ayınadək və bundan sonra-2022-ci ilin dekabr ayında ağac əkməklə mülki hüquq pozuntusu törətməsindən söhbət gedə bilməz. Məhkəmə iş materiallarına istinad etməklə hesab edir ki, bundan sonrakı müddət üçün də cavabdeh mülki məsuliyyətə cəlb olunmamalıdır. Cünki, cavabdeh tərəf də həmin torpaq sahəsinin onun mülkiyyətində olduğunu hesab etmişdir və mübahisə məhkəmə vasitəsilə həll edilmişdir. Beləliklə, məhkəmə araşdırmaları nəticəsində işin halları kimi müəyyən edilir ki, cavabdeh iddiaçının mülkiyyətində olan Samux rayonu, Sərkar kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə qonşu olan torpaq sahəsinin mülkiyyətçisi olmuş, mübahisəli 0,72 ha torpaq sahəsi 2019-2020-ci illərdə Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin mütəxəssisləri tərəfindən yerində ölçülərək, cavabdehə təhvil verilmiş, yəni, cavabdeh həmin torpaq sahəsini özbaşına zəbt etməmiş və məhkəmə qətnaməsindən sonra cavabdeh mübahisəni davam etdirmədən həmin torpaq sahəsini iddiaçıya qaytarmışdır. Məhkəmənin iş üzrə gəldiyi nəticə ondan ibarətdir ki, cavabdehin həmin torpaq sahəsi ilə bağlı mülki hüquq pozuntusu törətməsi barədə güvənli nəticəyə gəlmək olmur və belə halda onun delikt törətmiş şəxs kimi mülki hüquq məsuliyyətinə cəlb edilməsi mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələbləri baxımından yolverilməzdir. Məhkəmə həmçinin hesab edir ki, cavabdehin həmin torpaq sahəsi ilə bağlı mülki hüquq pozuntusu törətməsi öz təsdiqini tapmadığından, iş üzrə sonrakı araşdırmaların, yəni iddiaçının düşdüyü maddi zərərin miqdarinin müəyyən edilməsi ilə bağlı araşdırmaların aparılmasına zərurət qalmır, çünki, bunun iş üçün heç bir əhəmiyyəti olmayacaqdır. Bu baxımdan məhkəmə hesab edir ki, iddia tələbi əsassız sayılmalı və təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, işə baxılarkən məhkəmə tərəfindən ekspertiza təyin edilmiş və iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin 09 sentyabr 2025-ci il tarixli rəyi alınmışdır. Həmin ekspert rəyinə əlavə edilən ekspertiza xərcinə dair bildirişdən müəyyən edilir ki, aparılmış tədqiqatın dəyəri 70 manat məbləğini təşkil edir. İddia əsassız sayıldığından məhkəmə göstərir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməli və aparılmış ekspertiza tədqiqatının dəyəri olan 70 manat məbləğində pul iddiaçıdan tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia əsassız olduğundan təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 70 (yetmiş) manat məbləğində pul İddiaçı alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar