Məhkəmə qərarları › İş №2(125)-3619/2023

Gəncə Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(125)-3619/2023

13.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3619/2023 13.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X8 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə, qiyabi icraat qaydasında məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1560 AZN məbləğində pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Gəncə şəhəri, N.Nərimanov prospektində yerləşən 188-190 saylı binada ticarət avadanlıqları mağazasında satıcı işləyir. Mağazada müxtəlif növ ticarət avadanlıqları, mallar, elektrik avadanlıqları və müxtəlif tipli soyuducular satılır. ünvan 1 ünvanında yaşayan Cavabdeh onun işlədiyi mağazaya gələrək özünün ticarətlə məşğul olduğunu və şəxsi mağazası üçün müxtəlif növ soyudular almaq istədiyini bildirmişdir. xx.xx.2022-ci ildə onun işlədiyi ticarət avadanlıqları, soyudular mağazasına gəlmişdir. Onun yanında bir nəfər də var idi. Həmin şəxs ona bildirmişdir ki, keçmiş polis işçisi olmuşdur. Onunla gələn şəxsin yanında onlar razılaşmışlar ki, götürəcəyi malın pulunu 4 ay müddətinə hissə-hissə versin. O, dəyəri 2200 AZN olan 1 ədəd ət şkafı almışdır. Cavabdeh ilkin olaraq 400 manat pul vermişdir və ət şkafını aparmışdır. Sonra xx.xx.2022-ci il tarixdə 40 AZN, xx.xx.2022-ci il tarixdə 40 AZN, xx.xx.2022-ci il tarixdə 60 AZN, xx.xx.2022-ci il tarixdə 50 AZN, xx.xx.2022-ci il tarixdə 50 AZN pul ödəmişdir. Ümumilikdə cəmi 640 manat ödəmişdir. Göründüyü kimi Cavabdeh nisyə götürdüyü qiyməti 2200 AZN dəyərində olan ət şkafının pulunu 4 ay müddətində hissə-hissə ödəməsinə söz versə də verdiyi sözə tam əməl etməmiş, cəmi 640 AZN ödəmişdir. Bundan sonra o, dəfələrlə zəng etsə də, hər dəfə müxtəlif bəhanələr gətirərək 1560 AZN pulu bu günə qədər ödəməmiş və onun telefon zənglərinə cavab verməmişdir. Cavabdeh xx.xx.2022 tarixdə qiyməti 2200 AZN olan ət şkafını X2 və X1 yanında götürmüşdür. O, Kəlbəcər rayonundan məcburi köçkündür. Mağazada satıcı işləməklə ailəsini çətinliklə dolandırır. Cavabdehin onu aldatması, borcunu qaytarmaması, onun işsiz qalmasına səbəb ola bilər. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, mülki işə qiyabi icraat qaydasında baxıb iddianın təmin edilməsi barədə qiyabi qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclaslarında heç bir üzrlü səbəb göstərmədən iştirak etməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. İddiaçı məhkəmə iclasında ərizə verərək, Cavabdeh məhkəmə iclaslarına gəlmədiyi üçün iddia ərizəsi üzrə mülki işə qiyabi icraat qaydasında baxılmasını məhkəmədən xahiş etmişdir. Həmçinin məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən məhkəmə iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyinə görə, iddiaçı isə buna etiraz etmədiyi üçün işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında bildirdi ki, İddiaçılə əmioğludur. X3 İdarəsində sahə nəzarətçisi vəzifəsində işləyir. Cavabdeh iddiaçıya məxsus mağazadan nisyə mal alan zaman görmüşdür. Belə ki, o, İddiaçı məxsus mağazada olarkən Cavabdeh iddiaçıdan 2200 AZN dəyərində ət şkafını nisyə olaraq almış və onun yanında avtomaşına yüklədib aparmışdır. Bildiyinə görə cavabdeh iddiaçıya olan borcun az qismini qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında bildirdi ki, İddiaçı dostudur. Cavabdeh mağazada görmüşdür. Cavabdehi mağazada görməsindən təxminən 1 ildən çox vaxt keçmişdir. O, iddiaçıya məxsus mağazada olarkən Cavabdeh mağazaya gələrək 2200 AZN məbləğində ət şkafını nisyə olaraq almışdır. Bildiyinə görə cavabdeh iddiaçıya olan borcunun az qismini qaytarmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; Azərbaycan Respublikası Kəlbəcər Rayon İcra Hakimiyyəti Başçısının Kəlbəcər Şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 479/1 nömrəli, 15 mart 2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı Kəlbəcər şəhər sakini olmaqla, məcburi köçkündür. Hazırda məcburi köçkün kimi ünvan 3 ünvanında müvəqqəti məskunlaşmışdır. Ödəniş cədvəlindən görünür ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh ət şkafına görə ilkin olaraq 400 manat vermiş, xx.xx.2022-ci il tarixdə 40 manat, xx.xx.2022-ci il tarixdə 40 manat, xx.xx.2022-ci il tarixdə 60 manat, xx.xx.2022-ci il tarixdə 50 manat və xx.xx.2022-ci il tarixdə 50 manat ödəniş etmişdir. Fiziki şəxsin sahibkarlıq uçotu haqqında ********** qeydiyyat nömrəli şəhadətnamənin surətindən görünür ki, İddiaçı fərdi sahibkar kimi xx.xx.2012-ci il tarixdə Kəlbəcər rayonu Vergilər Şöbəsi tərəfindən qeydiyyata alınmışdır. AA seriyalı, 409485 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı Kəlbəcər rayon köçkünüdür. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olub gündəlik məişət əşyalarının satışını həyata keçirir. Cavabdeh 06 iyun 2022-ci il tarixdə iddiaçıdan 2200 manat dəyərində ət şkafını nisyə qaydada almışdır. Həmin məbləğdən cavabdeh müxtəlif vaxtlarda hissə-hissə olmaqla iddiaçıya olan borcundan 640 manat ödəsə də, qalan 1560 manatı ödəməmişdir. Belə olan halda iddia cavabdehə qarşı mövcud tələblə məhkəmədə iddia qaldırmışdır. Məhkəmə hazırkı iddia tələbinin düzgün həlli, yəni iddia tələbinin hüquqi əsası kimi aşağıdakı hüquq normalarını qeyd etməyi lazım bilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 329.2–ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 385.1–ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1–ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. 448.2–ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 406.1–ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 44-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin müəyyən olunmuş hallarına görə tərəflər arasında öhdəlik hüquq münasibətlərinin yaranmasına əsas olmuş şifahi formada nisyə alqı–satqı müqaviləsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Hazırkı mübahisə üzrə iddiaçı cəmi 2200 manat dəyərində ət şkafını cavabdehin mülkiyyətinə vermiş, cavabdeh isə razılaşdırılmış məbləği ödəməyi öhdəsinə götürmüş və həmin məbləğdən 640 manat ödəniş etsə də, yerdə qalan 1560 manat pulu iddiaçıya ödəməmişdir. Odur ki, iddiaçı mövcud tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də iddia təmin edilməli, 1560 (bir min beş yüz altmış) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, iddiaçının dəlilləri, onun izahatı, şahid ifadələri və təqdim etdiyi sübutları iddia tələbinin qiyabi qətnamə ilə təmin edilməsi üçün yetərlidir. Buna görə də göstərilən sübutların tədqiqi ilə kifayətlənərək, həmin sübutlar nəzərə alınmaqla iddianın təmin edilməsinə dair qiyabi qətnamə qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1560 (bir min beş yüz altmış) manat pul alınaraq İddiaçı ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Gəncə Şəhər Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra, 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar