Məhkəmə qərarları › İş №2(125)-3644/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3644/2023

30.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3644/2023 30.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlu, iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsinə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" KB ASC, xx.xx.2021-ci il tarixli əsas kredit və bank hesabı müqaviləsinə və xx.xx.2021-ci il tarixli əlavə kredit müqaviləsinə, eləcə də xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçının xeyrinə 3489,21 manat əsas borc, 49,25 manat faiz borcu, 8,35 manat cərimə olmaqla, cəmi 3546,81 manat pul vəsaitinin, 0,40 manat xidmət haqqının və 55,47 manat dövlət rüsumunun əvəzinin tutulması barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə, iddiaçı Bank ilə cavabdeh arasında bağlanmış xx.xx.2021ci il tarixli, 1713micGNDJ/21 nömrəli əsas kredit müqaviləsi üzrə 100000 manat məbləğində, 120 ay müddətinə kredit xətti ayrılmışdır. xx.xx.2021-ci il tarixli, 1713micGNDJ/21 nömrəli əlavə kredit müqaviləsinə və hesabdan çıxarışa əsasən Bank Cavabdeh1 (borcalan) xx.xx.2023-cü il tarixinədək 24 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə ödəmək şərtilə 5000 manat məbləğində kredit vermiş, cavabdeh müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə kredit məbləğini, habelə kreditdən istifadəyə görə hesablanmış faizləri Banka ödəməyi öz üzərinə götürmüşdür. Ödəniş cədvəlinə əsasən borcalan hər ay 265 manat, sonuncu ay 251,40 manat ödəməyi öz üzərinə götürmüşdür. Həmçinin iddiaçı Bank ilə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında xx.xx.2021-ci il tarixli Z2015/11 nömrəli zaminlik müqaviləsi bağlanmış və müqavilənin şərtlərinə əsasən zaminlər sözügedən kredit müqaviləsi üzrə Borcalanın öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında Borcalanla birlikdə cavabdehlik daşımağı öhdələrinə götürmüşlər. İddiaçı iddia ərizəsində göstərmişdir ki, kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirməmiş, onun xx.xx.2023-cü il tarixə Banka 3489,21 manat əsas borcu, 49,25 manat faiz borcu yaranmış, ona 8,35 manat cərimə hesablanmışdır. Cavabdehin cəmi borcu 3546,81 manat təşkil edir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Cavabdehlərin ünvanına yazılı məhkəmə bildirişi və prosessual hüquq və vəzifələr barədə qanundan çıxarış göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduqları qeyd edilmiş, bu barədə müvafiq reyestrdən çıxarış işə əlavə edilmişdir. Lakin, cavabdehlər 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsinin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Belə ki, Bankla borcalan arasında bağlanmış əlavə kredit müqaviləsinə əsasən borcalan müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə kredit məbləğini, habelə kreditdən istifadəyə görə hesablanmış faizləri kreditora ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinə əsasən Borcalan müvafiq olaraq krediti və onun faizlərinin ödənilməsi dövrlərini ən az 2 dəfə beş təqvim günündən çox pozduqda; Borcalanın maliyyə vəziyyəti əhəmiyyətli dərəcədə pisləşdikdə Borcverən müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu tələb etmək hüququna malikdir. Həmçinin, tərəflər arasında bağlanmış müqavilənin 4.3-cü bəndinə əsasən, “Borcalan” kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsini 1 (bir) təqvim günündən çox gecikdirdikdə həmin gündən başlayaraq “Bank” “Borcalan”a qarşı kredit üzrə əsas borcun ödənilməsinin gecikdirildiyi hər təqvim günü üçün ödənilməli olan əsas borc məbləğinin illik 40% miqdarında cərimə tətbiq edir. Həmçinin, zaminlik müqaviləsinin şərtlərinə əsasən zaminlər sözügedən kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borcalanla birlikdə cavabdehlik daşımağı öhdələrinə götürmüşlər. İş materiallarına əlavə edilmiş kredit hesabından çıxarışdan və maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2021-ci il tarixli kredit və əlavə kredit müqaviləsi üzrə Banka 3489,21 manat əsas borc, 49,25 manat faiz borcu, 8,35 manat cərimə olmaqla, cəmi 3546,81 manat borcu yaranmışdır. Müqavilə üzrə cavabdeh tərəfindən ödənişlər qismən aparılmışdır. Cavabdehin ünvanına xx.xx.2022-ci il tarixli bildiriş göndərilərək ona xx.xx.2021-ci il tarixli kredit və əlavə kredit müqaviləsi üzrə borcun (gecikmənin) olması, bununla əlaqədar ona cərimə hesablandığı barədə xəbərdarlıq edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (maddə 739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (maddə 739.2). Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir (maddə 743). Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir (maddə 462.1). Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (maddə 470.1). Borclu zaminliklə təmin edilmiş öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (maddə 472.1). Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər arasında qanuvericiliyə uyğun olaraq müvafiq kredit və zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirərək, müqavilə predmeti olan pul məbləğini borcalana vermişdir və sonuncu kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, borcalan kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Məhkəmə eyni zamanda digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, onlar sözügedən müqavilə üzrə müəyyən edilmiş kreditə görə zamin olduğundan, qeyd edilən əsas borcun, həmin məbləğə hesablanmış faiz borcunun və cərimənin ödənilməsi üçün məsuliyyət daşıyır. Beləliklə, iddiaçı müqavilə şərtlərinə istinad edərək cavabdehlərdən əsas borcun, ona hesablanmış faizlərin və cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 55,47 manat dövlət rüsumunun əvəzi və iddiaçının bank xidmət haqqını ödəməsi nəticəsində çəkdiyi 0,40 manat əlavə xərcin əvəzi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 3489,21 manat əsas borc, 49,25 manat faiz borcu və 8,35 manat cərimə olmaqla, cəmi 3546,81 (üç min beş yüz qırx altı manat, səksən bir qəpik) manat və ödənilmiş dövlət rüsumunun və bank xidmət haqqının əvəzi kimi 55,87 (əlli beş manat, səksən yeddi qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar