Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3682/2023 01.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Şəmsi oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən borc olaraq verdiyi 3000 manat pul, öhdəliyin gecikdirilməsinə görə 150 manat pul, zərərə görə 300 manat pul və ödənilmiş 54,5 manat dövlət rüsumu olmaqla, cəmi 3504,5 manat məbləğində pulun alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh onun övladlarının hazırlıq müəlliməsidir. Cavabdehlə münasibətləri normal olmuş, uşaqlarının müəllimi kimi ona hörmət bəsləmişdir. 2022-ci ilin may ayında Cavabdeh ondan ailə vəziyyəti ilə əlaqədar 3000 manat borc istəyərək, bir-iki ay müddətinə qaytaracağını bildirmişdir. O da uşaqlarının müəlliməsi olduğundan həmin pulu onun bank hesabına 17 may 2022-ci il tarixdə köçürmüşdür. O, pul köçürməsinə dair müvafiq qəbzi ərizəsinə əlavə etmişdir. Pulu verdikdən iki ay sonra cavabdeh pulu qaytarmaqdan yayınmağa, zənglərinə cavab verməməyə başlamış və telefonlarını dəyişərək onunla əlaqəni tamamilə kəsmişdir. O, dəfələrlə Sumqayıt şəhərinə onun yanına gedərək pulu tələb etsə də cavabdeh müxtəlif bəhanələrlə pulu qaytarmaqdan yayınmışdır. Sonuncu dəfə 2023-cü ilin yanvar-fevral aylarında cavabdeh borcunu ödəyəcəyini bildirsə də bu vədinə də əməl etməmişdir. Cavabdeh ondan aldığı 3000 manat puldan heç bir ödəniş etməmişdir. Borcun alınmasını və ödənilməməsini təsdiq edən cavabdehlə “Whatsapp” şəbəkəsi vasitəsi ilə yazışmalar və səs yazıları da mövcuddur. Buna görə də cavabdehdən 3000 manat pulun tutulmasına dair məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan başqa cavabdeh pul öhdəliyini gecikdirdiyindən ondan illik 5 faiz məbləğ də ödənilməsini tələb edir. Həmçinin, keçən təxminən 1 il ərzində təxminən 5-6 dəfə borca görə Şabran rayonundan Sumqayıt şəhərinə avtomobillə gedib-gələrkən təxminən 300 manat da əlavə xərc çəkmişdir. Buna görə də cavabdehdən 3000 manat borc, öhdəliyin icrasının gecikdirilməsinə görə 150 manat və zərərə görə 300 manat pulun tutulmasını əsaslı hesab edir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram göndərərək onun iştirakı olmadan mülki işə baxılıb iddianın təmin olunması barədə qətnamə çıxarıılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin faktiki hallarını araşdırıb təqdim olunmuş sübutları tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-yə məxsus Milliön elektron ödəmə sisteminin ********** nömrəli əməliyyat üzrə ödəniş qəbzindən görünür ki, xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-yə məxsus 52XXXXXXXX953611 nömrəli kart hesabına (hesab nömrəsi AZ96RBTA********************) Cavabdeh adına 3000 manat məbləğində pul köçürülmüşdür. İş materiallarına əlavə edilmiş USB yaddaş daşıyıcısında olan səs yazılarından və mesaj mətnlərindən görünür ki, cavabdeh iddiaçıya olan 3000 manat borcunu bir dəfəyə qaytara bilmədiyini, hər ay 500 manat olmaqla hissə-hissə ödəyəcəyini bildirmiş, ayrı-ayrı vaxtlarda isə iddiaçının ona borcunu qaytarması üçün vaxt verməsini dəfələrlə xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. 739.1-ci maddəsinin tələbinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. 740-cı maddəsinə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Cavabdeh ilə şifahi qaydada bağladığı borc müqaviləsinə əsasən sonuncuya 3000 manat borc pul vermişdir. Cavabdeh borcu iddiaçının tələbi ilə qaytarmalı olduğu halda müqavilə şərtlərini pozaraq borcu qaytarmamış, üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Öhdəliyin yaranmasını sübuta yetirmək vəzifəsini iddiaçı, öhdəliyin icra edilməsini və ya öhdəliyə digər əsasla xitam verilməsini sübuta yetirmək vəzifəsi isə cavabdehin üzərinə düşür. İddiaçı tərəflər arasında öhdəliyin yaranmasını sübuta yetirmişdir. Cavabdeh iddianı aradan qaldıran, o cümlədən öhdəliyin icra edildiyini və ya öhdəliyə xitam verildiyini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən şifahi borc müqaviləsi üzrə verdiyi 3000 manat pulun qaytarılmasını tələb etməkdə haqlıdır. İddiaçı borcun qaytarılması tələbi ilə yanaşı cavabdehdən həm də gecikdirilmiş borcun illik beş faizi olan 150 manat pulun tutulmasını tələb edilir. 3000 manat pulun qaytarılması öhdəliyinin icrasının bir ildən artıq gecikdirilməsi nəzərə alındıqda iddiaçının həmin tələbinin də əsaslı olması müəyyən edilir. İddiaçı cavabdehin öhdəliyini icra etməməsi nəticəsində ona zərər vurmasını iddia edir. Həmin zərəri iddiaçı Şabran şəhərindən Sumqayıt şəhərinə gəlib-getməyə çəkdiyi xərclər şəklində real zərər kimi 300 manat kimi qiymətləndirir. Lakin iddiaçı məhz həmin öhdəliyin icrası ilə bağlı Sumqayıt şəhərinə gəlib-getməsi, eləcə də buna görə hər hansı miqdarda xərc çəkməsi barədə sübut təqdim etməmişdir. Bu baxımdan məhkəmə öhdəliyin icra edilməməsi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi hissəsində iddianı əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, iş üzrə məhkəmə xərci iddiaçı tərəfindən ödənilmiş 54,50 manat dövlət rüsumundan ibarətdir. İddiaçının iddia tələbi qismən təmin edilmişdir. İddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu qismində ödənilmiş pulun 49,60 manat hissəsi cavabdehdən alınaraq iddiaçıya verilməli, dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh şifahi borc müqaviləsi üzrə 3000 (üç min) manat pul və öhdəliyin icrasının gecikdirilməsinə görə 150 (yüz əlli) manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət rüsumunun əvəzi qismində 49,60 manat (qırx doqquz manat, altmış qəpik) pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №2(125)-3682/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3682/2023
01.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver