Məhkəmə qərarları › İş №2(125)-374/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-374/2023

23.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-374/2023 23.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Şəmsi oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pulun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ondan borc aldığı 30000 manat pulun və hüquqi xidmət üçün ödədiyi 100 manat pulun alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, müharibə veteranıdır. Cavabdeh onun tanışıdır. Belə ki, o, N saylı hərbi hissədə taqım sürücüsü kimi xidmətdə olarkən cavabdehlə tanış olmuşdur. Cavabdeh 01 yanvar 2021-ci ildə onun etibarından sui-istifadə edərək təxminən 1(bir) il müddətinə, yəni 01 yanvar 2022-ci ilədək qaytarmaq şərti ilə ondan 30000 (otuz min) manat miqdarında borc pul almışdır. Bu faktı təsdiq edən yazılı qəbzi iddia ərizəsinə əlavə edir. Göstərilən müddət tamam olanda o, Cavabdeh pulun qaytarmasını tələb etməyə başlamış, lakin cavabdeh ona verdiyi borc pulunu qaytarmaqdan imtina etmişdir. Buna görə də məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə göndərərək onun iştirakı olmadan mülki işə baxılıb qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, o, iddiaçını bir tanışı vasitəsilə tanımışdır. Ona təcili borc pul lazım olmuş, lakin başqa şəxslərdən və bankdan borc ala bilmədiyi üçün tanışının tövsiyəsi ilə iddiaçıya müraciət etmişdir. O, əslində iddiaçıdan 2250 manat məbləğində borc pul almış, iddiaçı ona həmin pulu sələmə, yəni faiz ödəmək şərtilə vermişdir. İddiaçı ona borcu o şərtlə vermişdir ki, qəbzdə 30 000 manat aldığını yazsın. O da məcburiyyət qarşısında, pula ehtiyacı olduğu üçün həmin məzmunda qəbz yazmışdır. İddia tələbi əsassızdır, təmin edilməməsini xahiş edir. Məhkəmə cavabdehin izahatını dinləyib iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş əlyazma qəbzdən görünür ki, cavabdeh öz əli ilə “İddiaçı xx.xx.2021-ci il tarixdə 01 il müddətinə qaytarmaq şərtilə 30000 (otuz min) manat borc pul aldım” yazaraq iddiaçıya təqdim etmişdir. İş materiallarına əlavə edilmiş 26 sentyabr 2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən "xxxx" MMC-yə xidmət haqqı olaraq 100 manat məbləğində pul ödənilmişdir. Tərəflər öz aralarında borc müqaviləsi bağlasalar da borc müqaviləsi üçün qanunvericilikdə nəzərdə tutulmuş forma şərtinə riayət etməmişlər. Belə ki, cavabdehin yazdığı əlyazma qəbz birtərəfli iradə ifadəsi olmaqla müqavilə üçün nəzərdə tutulmuş formada tərtib edilməmiş, həmin əlyazma sənəddə yalnız cavabdehin iradə ifasəi əks olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 740-cı maddəsinə əsasən, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Qeyd olunan normalardan göründüyü kimi cavbadehin yazdığı əlyazma qəbz yazılı müqavilə hesab oluna bilməz. Buna baxmayaraq həmin qəbz tərəflərin arasında şifahi olaraq borc verilməsi və qaytarılması barədə razılaşmanın olduğunu göstərir. Lakin borc verilmiş məbləğ 3000 manatdan artıq olduğu üçün belə borc müqaviləsi yalnız yazılı formada bağlanmalı idi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Tərəflər arasında şifahi olaraq bağlanmış 30 000 manat pulun borc verilməsi və bir il müddətinə qaytarılması barədə borc müqaviləsi Mülki Məcəllənin 740-cı maddəsi ilə müəyyənləşdirilmiş şərti pozmaqla bağlandığı üçün etibarsızdır. Buna baxmayaraq iddiaçı tərəfindən təqdim edilmiş, cavabdehin yazdığı əlyazma qəbzdə cavabdeh iddiaçıdan 30 000 manat pul aldığını göstərmişdir. Bu isə cavabdehin etibarlı müqavilə olmadan, yəni heç bir hüquqi əsasa söykənmədən iddiaçıya məxsus olan pulu əldə etdiyini təsdiq etdiyi üçün hazırkı mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsi və əsassız varlanmaya dair müddəalar tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə cavabdehin iddiaçıdan aldığı pulun məbləğinin 30 000 manat deyil, 2250 manat olması ilə bağlı verdiyi izahata tənqidi yanaşır. Belə ki, qəbzdən göründüyü kimi cavabdeh öz əl yazısı ilə rəqəmlə və yazı ilə otuz min manat aldığını açıq şəkildə bəyan etmişdir. Cavabdeh həmin əlyazmasının həqiqətə və onun iradə ifadəsinə uyğun olmamasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh isə öz etirazının əsası kimi istinad etdiyi bu halı sübuta yetirə bilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh hər hansı hüquqi əsas olmadan İddiaçı 30 000 manat pul alaraq onun hesabına əsassız olaraq varlanmışdır. Buna görə də iddia təmin edilməli və Cavabdeh 30 000 manat pul alınaraq iddiaçıya ödənilməlidir. İddia tələbinin hüquqi yardım üçün ödənilmiş 100 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş ödəniş qəbzində iddiaçı tərəfindən "xxxx" MMC-yə 100 manat məbləğində pul ödənildiyi göstərilsə də həmin qəbzdən məhz hazırki iddia tələbi ilə bağlı hüquqi xidmətin göstərildiyi anlaşılmır və ümumiyyətlə iddiaçıya məhkəmədə nümayəndə və ya vəkil tərəfindən heç bir hüquqi xidmət göstərilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı ona hazırkı mülki iş üzrə hüquqi yardım göstərilməsi üçün xərc çəkməsini sübuta yetirə bilmədiyindən iddia tələbi həmin hissədə təmin edilə bilməz. İş üzrə məhkəmə xərci ödənilməli olan dövlət rüsumundan ibarətdir. İddiaçı müharibə veteranı olduğu üçün Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 9.1.20-ci maddəsinə əsasən dövlət rüsumu ödəməkdən azad edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Qeyd olunan normaya əsasən iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 180 manat dövlət rüsumu cavabdehdən tutulub dövlət büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 30 000 (otuz min) manat pul tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 180 (yüz səksən) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar