Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3743/2023 08.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı, Cavabdeh, cavabdehin vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılması tələbi» barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 25 fevral 2016cı il tarixli, 2(043)-823/2016 nömrəli qətnaməsi ilə uşağın saxlanması üçün tutulması müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, 21 may 2013-cü tarixdə anadan olmuş X3 və 21 iyun 2014-cü il tarixdə anadan olmuş X1 üçün hər ay hər uşağa görə 220 manat, cəmi 440 sabit pul məbləğində alimentin və ödənilməmiş 10.056 manat məbləğində aliment borcunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 25 fevral 2016-cı il tarixli, 2(043)-823/2016 nömrəli qətnaməsi ilə Cavabdeh 21 may 2013-cü tarixdə anadan olmuş X3 və 21 iyun 2014-cü il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 90 manat, cəmi 180 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi qət edilmişdir. Alimentin tutulması 25 yanvar 2016-cı il tarixdən hesablanmışdır. Hazırda məhkəmə tərəfindən müəyyən edilmiş cəmi 180 manat aliment məbləği iki uşağın tələbatlarını ödəməyə kifayət etmir. Cavabdeh 180 manat sabit pul məbləğində aliment ödəməli olduğu halda, yalnız 100 manat ödəmiş və beləliklə də cavabdehin bu günə qədər 10.056 manat məbləğində aliment borcu yaranmışdır. Cavabdeh uşaqları ilə maraqlanmır, onların dolanışığını təmin etmir. Q.M.Məmmədov bu günədək onun cehiz əşyalarının satışından əldə etdiyi pul vəsaiti hesabına aliment ödəmişdir. Hazırda onun cehiz əşyaları bitmişdir və buna görə də cavabdeh aliment ödəməyəcəyini bildirir. O, uşaqlarla birlikdə öz valideynlərinin yanında yaşayır. O, heç bir yerdə işləmir, heç yerdən gəlir əldə etmir və uşaqlarının maddi təminatını yalnız valideylərinin maddi yardımı hesabına ödəyir. Buna görə də cavabdehlə birgə nikahlarından anadan olmuş iki uşağın maddi xərclərini çətinliklə ödəyir. Qeyd olunan səbəbdən də məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasına zərurət yaranmışdır. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Q.M.Məmmədov iddianı qəbul etməyərək bildirdi ki, o, heç yerdə işləmir və buna görə də, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 25 fevral 2016-cı il tarixli, 2(043)-823/2016 nömrəli qətnaməsi ilə tutulması müəyyən edilmiş alimenti çətinliklə ödəyir. Onun maddi vəziyyəti yaxşı deyil və aliment məbləği artırılsa belə, onun həmin məbəği ödəməyə imkanı çatmayacaqdır. Sonda Q.M.Məmmədov iddianın rədd olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X.M.Əkbərov cavabdehin izahatını müdafiə edərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri və cavabdehin vəkilini dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 25 fevral 2016-cı il tarixli, 2(043)-823/2016 nömrəli qətnaməsinin surətindən görünür ki, 21 may 2013-cü tarixdə anadan olmuş X3 və 21 iyun 2014-cü il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 90 manat, cəmi 180 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Bundan başqa, həmin Məcəllənin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşaqların Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. Həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2023-cü il tarixli sərəncamının 1-ci bəndinə görə minimum aylıq əmək haqqının məbləği 01 yanvar 2022-ci il tarixdən 345 manat müəyyən edilmişdir. «Azərbaycan Respublikasında 2016-cı ildə yaşayış minimumu haqqında» 20 oktyabr 2015-ci il tarixli Azərbaycan Respublikası Qanununa görə 2016-ci il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 117 manat məbləğində müəyyən edilmişdir. «Azərbaycan Respublikasında 2023-cü ildə yaşayış minimumu haqqında» 9 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikası Qanununa görə 2023-cü ildə ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.3-cü bəndinə görə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Bununla əlaqədar məhkəmə tərəflərin maddi vəziyyətini, tərəflərin birgə nikahlarından doğulmuş uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması zərurətini, həmin uşaqların mənafeyini və aliment qət edildikdən sonra ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun artmasını nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin olunmalı, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 25 fevral 2016-cı il tarixli, 2(043)-823/2016 nömrəli qətnaməsi ilə tutulması qət edilmiş alimentin miqdarı dəyişdirilərək, cavabdehdən iddiaçının xeyrinə yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün hər ay hər uşağa görə 130 manat, cəmi 260 manat sabit pul məbləğində aliment tutulmalıdır. Həmçinin İddiaçı iddia tələbində ödənilməmiş 10.056 manat məbləğində aliment borcunun cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. Lakin qeyd olunan xüsusat məhkəmənin səlahiyyətlərinə aid olmadığına və icra mərhələsində öz həllini tapmalı olduğuna görə, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Bununla əlaqədar məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş vəsaitin əvəzi qismində 50 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 25 fevral 2016-cı il tarixli, 2(043)- 823/2016 nömrəli qətnaməsi ilə uşaqların saxlanması üçün tutulması qət edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh 21 may 2013-cü tarixdə anadan olmuş X3 və 21 iyun 2014-cü il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 130 (bir yüz otuz) manat, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş vəsaitin əvəzi qismində 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-3743/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3743/2023
08.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver