Məhkəmə qərarları › İş №2(125)-375/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-375/2023

30.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-375/2023 30.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı ödənilməmiş əsas borcun əvəzi qismində 15.000 manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 135 manat, cəmi 15.135 manat manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 2019-cu ildə iddiaçıya müraciət edərək borc pul istəmişdir. Tərəflər arasındakı münasibətlər yaxşı olduğundan İddiaçı cavabdehə etimad göstərmiş və onunla 27 oktyabr 2019-cu il tarixdə borc müqaviləsi bağlayaraq, Cavabdeh 15.000 manat məbləğində pul vəsaiti vermişdir. Həmin müqaviləni Cavabdeh öz xətti ilə yazıb imzalamışdır və borcunu 2 ay müddətinə qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə üzrə 15.000 manat məbləğində pul vəsaitini hazırki tarixədək ödəməmiş və öz öhdəliklərini icra etməmişdir. O, dəfələrlə cavabdehdən borcunu qaytarmağını tələb etsə də, sonuncu yalan vədlər verərək, borcunu ödəməkdən yayınmışdır. Buna görə də o hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda İddiaçı iddianın təmin edilməsi, ödənilməmiş əsas borcun əvəzi qismində 15.000 manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 135 manat, cəmi 15.135 manat manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. 27 yanvar 2023-cü il tarixdə məhkəməyə daxil olmuş teleqramında İddiaçı səhhəti ilə əlaqədar məhkəməyə gələ bilməyəciyini bildirmiş və buna görə də məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Lakin 12 oktyabr 2022-ci il tarixdə məhkəməyə daxil olmuş teleqramında Cavabdeh iddia tələbini qəbul edərək bildirmişdir ki, o ehtiyacı olduğu üçün tanıdığı Ağcabədi rayon sakini İddiaçı 15.000 manat məbləğində borc almışdır. O, borc müqaviləsini şəxsən özü imzalamışdır və borcunu inkar etmir. Maddi vəziyyəti yaxşı olmadığına görə iddiaçıya borcundan heç bir ödəniş edə bilməmişdir. Lakin borcunu hissə-hissə ödəyəcəyinə söz verir. O, iddia tələbinin təmin edilməsimə etiraz etmir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan, 27 oktyabr 2019-cu il tarixli borc müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 15.000 manat məbləğində pul vəsaitini borc vermiş, Cavabdeh isə həmin borcu 2 ay müddətində qaytarmağı öhdəsinə götürmüşdür. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında bağlanmış 27 oktyabr 2019-cu il tarixli borc müqaviləsinə əsasən İddiaçı Cavabdeh 2 ay müddətində qaytarmaq şərtilə 15.000 manat məbləğində pul vəsaitini borc vermişdir. Cavabdeh hazırki tarixədək həmin kredit müqaviləsi üzrə heç bir ödəniş etməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529.3-cü maddəsinə görə əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki, ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh 27 oktyabr 2019-cu il tarixli borc müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə ödənilməmiş əsas borcun əvəzi qismində 15.000 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tam təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 135 manat vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. Cavabdeh 27 oktyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 15.000 (on beş min) manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 135 (bir yüz otuz beş) manat, cəmi 15.135 manat (on beş min yüz otuz beş) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar