Məhkəmə qərarları › İş №2(125)-376/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-376/2025

14.01.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-376/2025 14.01.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X11 İsa oğlunun sədrliyi, Xudaverdiyeva Nilgün Elbrus qızının katibliyi, Qarşılıqlı iddia üzrə iddiaçı ilk iddia üzrə Cavabdeh nümayəndəsi, vəkili Vəkil2 iştirakları ilə, İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması” barədə ilk iddiası və Cavabdeh İddiaçı qarşı “mənzildən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi və mənzildən çıxarılma” tələbi barədə qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İlk İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun qız övladları ilə birlikdə ünvan 1 ünvanda yerləşən mənzildən istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək onun ünvan 1 ünvanda yerləşən mənzildən istifadə hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, o Cavabdeh ilə birgə 2003-cü il tarixdə rəsmi nikaha girib el adəti ilə ailə həyatı qurmuş, ailə həyatı qurduqdan sonra cehiz əşyaları ilə birlikdə hal-hazırda cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mənzilə gəlin köçmüşdür. Cavabdeh ilə birgə nikahlarından 14 fevral 2005-ci il tarixdə X1 və 23 sentyabr 2006-cı il tarixdə isə X2 anadan olmuşdur. O, iki qız övladı ilə birlikdə həmin ünvanda qeydiyyatda olmaqla yanaşı, mütəmadi olaraq bu günə kimi yaşamış və birgə ailə büdcələrinin hesabına uzun illərdir ki həmin mənzildə yenidən təmir və qurma işləri aparmışlar. O, cavabdehlə uzun illər bir ailə olaraq mehriban yaşasa da, sonradan onun ailəsinə qarşı olan münasibət dəyişmiş və dözülməz həddə çatmışdır. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-663/2024 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Hal-hazırda onun və iki qız övladının həmin mənzildə yaşamağına Cavabdeh öncədən düşünülmüş formada süni maneələr yaratmaqda davam edir. Cavabdeh X4 dəfələrlə onun və iki qız övladının mənzildən çıxmalarını tələb edir və hal-hazırda uzun illərdir yaşadıqları mənzili satmaq istədiyini bildirir. Onu da qeyd etmişdir ki, Cavabdeh xeyli müddətdir ki, onlarla birlikdə yaşamır. Tək olaraq heç bir yerdən gəlir mənbəyi olmadığından maddi durumu acınacaqlı vəziyyətdədir. Hal-hazırda onların yaşayış yerləri olmadığından ünvan 2 ünvanda yerləşən mənzildən istifadə hüququnun tanınması barədə xahişi qanunun müddəalarına müvafiqdir. İlk iddia üzrə Cavabdeh ilk idiaçı İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mənzildən İddiaçı yaşayış sahəsindən istifadə hüququna 9000 manat kompensasiya məbləği ödənilməklə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflərin arasında olan nikah məhkəmənin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən pozulmuş, onların ər-arvad münasibətlərinə xitam verilmiş, artıq onlar bir-birinə yad olan şəxslərdir. Onların artıq bir mənzildə yaşamaları mümkün deyildir və hər birinin yeni ailə qurmaq hüquqları vardır. Tərəflərin nikahları ləğv edilsə də, cavabdeh İddiaçı onun mülkiyyətində olan evdə yaşamaqda davam edir. Cavabdeh iddiaçının ailə üzvü sırasından çıxmasına baxmayaraq, onlar bir mənzildə birgə yaşamağa məcburdurlar. Buna görə də, iddiaçı Cavabdeh öz valideyinlərinin evində müvəqqəti yaşayır. Cavabdehin onun mənzilində qalıb yaşaması, onun mülkiyyət hüququnu pozur və onun mülkündən istifadə və sahiblik hüquqlarını məhdudlaşdırır. Ona görə də, hesab edirlər ki, cavabdehin həmin mənzilin yaşayış sahəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilməklə xitam verilməsi zəruridir. Tərəflər cavabdehin mənzildən köçməsi ilə bağlı öz aralarında razılığa gələ bilmirlər. Belə ki, iddiaçı tərəfindən cavabdehə müvafiq məbləğ təklif edilsə də, cavabdeh bundan imtina etmişdir. Ona görə də, iddiaçı məcbur olub ona kompensasiya ödənilməklə, yaşayış sahəsindən istifadəsinə xitam verilməsinə dair qarşılıqlı iddia qaldırmaq məcburiyyətindədir. Cavabdeh İddiaçının mülkiyyətində olan evin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün 9000 (doqquz min) manat pul təklif edilir. Hesab edir ki, təklif edilən həmin məbləğ onun xeyli müddət kirayədə yaşaması üçün yetərli məbləğdir. Qanunverici evdən köçürülən şəxsə kompensasiya pulu ödənilməsini, onun bir müddət, yəni təqribən 3-5 il ərzində müvəqqəti eyni şəraitli və uyğun ərazidə yerləşən evlərdə kirayədə yaşaması üçün ödənilən məbləğ kimi nəzərdə tutmuşdur. Gəncə şəhərində iddiaçının evinin yerləşdiyi ərazidə həmin şəraitli 1 otaqlı kirayə evlərinin məbləği təqribən 150-200 manat civarındadır. Bu hesabla onun təklif etdiyi 9000 (doqquz min) manat kompensasiya məbləği, cavabdehin 4 ildən artıq müddətdə kirayədə yaşaması üçün tam yetərlidir. Ona görə də, hesab edirlər ki, qarşılıqlı iddianın təmin edilməsi mümkündür. Qarşılıqlı iddia üzrə iddiaçı ilk iddia üzrə Cavabdeh nümayəndəsi Vəkil2 xx.xx.2025-ci il tarixdə məhkəməyə qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq göstərmişdir ki, məhkəmənin qərardadı ilə iş üzrə müvafiq qiymətləndirilmə aparılması üçün iş mütəxəssisə göndərilmiş və mütəxəssisin rəyində oxşar mənzillərin orta kirayə haqqı təxminən 350 manat müəyyən edilmişdir. Bu səbəbdən ünvan 1 ünvanda yerləşən mənzildən İddiaçı istifadə hüququna 14000 manat kompensasiya məbləği ödənilməklə xitam verilməsi və onun mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə-iddiaçı) Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirak etmiş, qarşılıqlı iddia ərizəsinin məzmununda izahat verərək, sonda Gəncə şəhəri, Gülüstan qəsəbəsi ev 36, 6 saylı mənzilindən cavabdeh İddiaçı istifadə hüququna 15000 manat kompensasiya verilməklə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclası zamanı İddiaçı ilə telefon vasitəsilə əlaqə saxlanılmış və izahatında bildirmişdir ki, ilkin iddia tələbini müdafiə edir və onun ünvan 3 mənzilindən istifadə hüququna 14000 manat kompensasiya verilməklə xitam verilməsinə etiraz edir. Belə ki, təklif edilən kompensasiya məbləği çox azdır və onların başqa yerdə yaşamaq üçün evləri yoxdur. Həmin məbləğ isə ev alınmasına kifayət etmir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, həm ilkin iddia, həm də qarşılıqlı iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan, xx.xx.2017-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ev 36, mənzil 6 ünvanı mənzil Daşınmaz əmlakın Dövlət reyestrində mülk kimi Cavabdeh adına qeydə alınmışdır. İş materiallarında olan Əmlakın qiymətləndirilməsi haqqında Barat Consulting MMC-nin xx.xx.2026-cı il tarixli rəyindən görünür ki, Cavabdeh məxsus Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ev 36 ünvanında yerləşən, ümumi sahəsi 89.3 kv.m olan, 6 nömrəli mənzilin 12 yanvar 2026-cı il tarixinə bazar dəyəri 82000 (səksən iki min) manat təşkil edir. İş materiallarında olan, Hüquq Torpaq məsələləri və Ekspertiza Mərkəzi MMC-nin xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, Cavabdeh məxsus Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ev 36 ünvanında yerləşən, ümumi sahəsi 89.3 kv.m olan, 6 nömrəli mənzil ilə eyni ölçüyə və şəraitə malik, yaxın coğrafi ərazidə yerləşəb mənzillərin bir aylıq kirayə qiyməti təqribən 356,4 manat təşkil edir. İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin 2(125)-663/2024 saylı xx.xx.2024cü il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 12 dekabr 2003-cü il tarixdə Gəncə şəhər Nikah evində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 458 nömrəsi ilə qeyd edilmiş nikahın pozulması qət edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 06 avqust 2025-ci il tarixli məktubundan görünür ki, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ev 36 ünvanında yerləşən 6 saylı mənzil Kirovabad şəhər XDS-nin 01 oktyabr 1986-cı il tarixli, 213 nömrəli Order, AR X7 filialının 18 may 2017-ci il tarixli, 140/4 nömrəli Arxiv arayışı, AR Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında 15 may 2017ci il tarixli, 769322 nömrəli FORMA2 arayışına (qeydiyyatda olanlar X5, X1, X2, X8. X6, X3, İddiaçı), qeydiyyatda olan 18 yaşı tamam olmuş şəxslərin razılıq ərizələrinə əsasən Cavabdeh adına qeydiyyata alınmışdır və ona 01 iyun 2017-ci il tarixli, **********54-05101- 093033 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.4. maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ilk növbədə iddianın hüquqi əsası ilə əlaqədar qeyd etməyi vacib hesab edir ki, ilk iddiaçının tələbi cavabdehin mülkiyyətində olan mənzildən istifadə hüququnun tanınması ilə bağlı olduğundan tərəflərin arasında yaranan münasibətlərə yaşayış sahəsindən istifadə ilə bağlı münasibətləri tənzimləyən normalar tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli Qərarına əsasən 2001-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Мənzil Мəcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdir. Bu məcəllənin 53-cü maddəsinə göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibuluğa çatmamış uşaqlarının köçürmək ixtiyarına malikdirlər, digər ailə üzvlərinin köçürülməsinə mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmçinin, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədarın ailə üzvləri, icarədarın arvadı(əri), onların uşaqları və valideynləri, həmçinin icarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsindən yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmçinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 54-cü maddəsinə əsasən icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Məhkəmə araşdırması zamanı işin faktiki halları kimi müəyyən olunmuşdur ki, İddiaçı 2003-cü il tarixdə cavabdehlə rəsmi nikaha daxil olmuşdur. iddiaçı iddia ərizəsində məhz həmin tarixdən ünvan 3 ünvanda yerləşən mənzilə gəlin köçdüyünü göstərmişdir. Cavabdeh də etirazında işin bu halını mübahisələndirməmişdir. Beləliklə məhkəmədə işin halları kimi müəyyən edilmişdir ki, tərəflər 12 dekabr 2003-cü il tarixdə nikahlarını bağlamışlar. xx.xx.2017-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ev 36, mənzil 6 ünvanı mənzil Daşınmaz əmlakın Dövlət reyestrində mülk kimi Cavabdeh adına qeydə alınmışdır. Gəncə Şəhər Məhkəməsinin 2(125)-663/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə İddiaçı arasında 12 dekabr 2003-cü il tarixdə rəsmiləşdirilmiş nikah pozulmuşdur. İlkin iddiaçı həmin fərdi yaşayış evində onun yaşamağına icazə verilmədiyini qeyd edərək, onun ünvan 1 ünvanda yerləşən mənzildən istifadə hüququnun tanınmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, ilk iddiaçının hazırki ilk iddianı qaldırmağa subyektiv hüquqları olmuşdur. Məhkəmə həmçinin, yuxarıda qeyd edilən madddi hüquq normalarının hazırki işin faktiki hallarına tətbiqindən belə qənaətə gəlir ki, ilk iddia əsaslı sayılmalı və təmin edilməlidir. Bununla yanaşı, qarşılıqlı iddia üzrə iddiaçı isə ünvan 1 ünvanda yerləşən mənzildən İddiaçı istifadə hüququna 14000 manat kompensasiya məbləği ödənilməklə xitam verilməsi və onun mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh yaşayış sahəsində istifadə hüququna xitam verilməsi müqabilində, İddiaçı 14000 manat kompensasiya təklif edir. Hesab edir ki, bu məbləğ İddiaçı ünvan 3 ünvanda yerləşən mənzilə olan tələbatının müəyyən müddət daxilində və davamlı olaraq təmin etmək baxımından yetərli məbləğdir. İddiaçı isə bildirmişdir ki, təklif olunan kompensasiya məbləği ilə razı deyildir. Məhkəmə qeyd edir ki, həm də qarşılıqlı iddiaçının hazırki qarşılıqlı iddianı qaldırmağa subyektiv hüquqları olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının mülki qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə hesab edir ki, yaşayış sahəsindən istifadə hüququ ilə bağlı mülkiyyətçi və belə hüquqa malik şəxs arasında yaranmış mübahisələrə də məhz bu prizmadan yanaşılmalıdır. Mülki Məcəllənin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirir. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə qarşı kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürmək hüququna malikdir və iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 228.2-ci maddəsi təşkil edir. Bundan başqa, cavabdehin mübahisəli yaşayış sahəsindən istifadə hüququnun saxlanılması mülkiyyətçi kimi iddiaçının Mülki Məcəllənin 152.5-ci maddəsi ilə nəzərdə tutulan əmlaka sərbəst surətdə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə hüquqlarının pozulmasına da gətirib çıxarır. İddia ərizəsində iddiaçı cavabdehin ona qarşı hətta fiziki zorakılıq etdiyini də qeyd etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə həmin Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Azərbaycan Respublikasının qanunvericiliyinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsaslanmaqla məhkəmə belə nəticəyə gəlir ki, mülkiyyətçinin (iddiaçının) iradəsinin ziddinə olaraq cavabdehin mübahisəli fərdi yaşayış evindən istifadə hüququnun saxlanılmasının davam etməsi iddiaçının həmin evə olan mülkiyyət hüququnu “şərti və qeyri-sabit” xarakterli edir. Məhkəmə istifadə hüququna xitam verilməsi üçün ödəniləcək kompensasiyanın miqdarını araşdıraraq hesab edir ki, iddianın təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır. Nəzərə alınmalıdır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu yaşayış sahəsinin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Belə ki, “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli Plenumunun qərarına əsasən, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Ümumiyyətlə isə istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. Məhkəmə qeyd edir ki, İddiaçı təklif olunan kompensasiya məbləği Cavabdeh ilə birlikdə davamlı surətdə və müəyyən müddət daxilində həmin yaşayış sahəsinə oxşar digər bir otaqlı yaşayış sahəsində yaşamağa imkan verməlidir. Məhkəmə iş üzrə İddiaçı istifadə hüququna xitam verilməsi üçün ödənilməli olan kompensasiyanın məbləğinin 15000 manat məbləğində müəyyən edilməsini uyğun məbləğ hesab etmiş, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi Vəkil2 bu məbləğlə razılaşmışdır. Məhkəmə, həmçinin nəzərə alır ki, tərəflər arasında mövcud olan münaqişəli vəziyyət bir tərəfdən tərəflərin yaşayış sahəsindən birgə istifadəsini qeyri-mümkün edir, digər tərəfdən mülkiyyətçinin öz əmlakından istədiyi kimi istifadə etmək hüquqlarını əsassız məhdudlaşdırır. Belə bir vəziyyətdə tərəflərin gələcəkdə eyni yaşayış sahəsində yaşaması onların arasındakı mübahisənin daha da dərinləşməsinə səbəb ola bilər. Qeyd edilənləri diqqətdə saxlayan məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə 15000 manat kompensasiya məbləği qarşılıqlı iddianın təmin edilməsi üçün yetərli məbləğdir. Yuxarıda sadalanan maddi hüquq normalarını və həmin normaların mahiyyətindən irəli gələn tələbləri işin müəyyən edilmiş hallarına tətbiq etməklə məhkəmə hesab edir ki, 15000 kompensasiyanın məbləği ağlabatan və ədalətli hesab edilməklə qarşılıqlı iddia da təmin edilməli, qarşılıqlı iddia üzrə iddiaçı ilk iddia üzrə Cavabdeh tərəfindən ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 15000 (on beş min) manat məbləğində kompensasiya verilməklə, İddiaçı ünvan 3 ünvanda yerləşən mənzildən istifadə hüququna xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İlkin və qarşılıqlı iddia təmin edilsin. İlk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh mülkiyyətində olan Gəncə şəhəri, Gülüstan qəsəbəsi, 36 saylı evin 6 saylı mənzilinə istifadə hüququ tanınsın. Qarşılıqlı iddia üzrə iddiaçı (ilk iddia üzrə cavabdeh) Cavabdeh tərəfindən qarşılıqlı iddia üzrə cavabdeh (ilk iddia üzrə iddiaçı) İddiaçı 15000 (on beş min) manat məbləğində kompensasiya verilməklə, İddiaçı Gəncə şəhəri, Gülüstan qəsəbəsi, 36 saylı evin 6 saylı mənzilinə olan istifadə hüququna xitam verilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar