Məhkəmə qərarları › İş №2(125)-3770/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3770/2024

02.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3770/2024 02.08.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 235 manat alimentin Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə nikahlarını xx.xx.2017-ci il tarixdə Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsində rəsmiləşdirməklə ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2018-ci il tarixdə Ümid adlı uşaqları anadan olmuşdur. Uşaqları onun himayəsində olmaqla cavabdehlə artıq xeyli vaxtdır ki, ayrı yaşayırlar. Cavabdeh isə uşaq ilə maraqlanmamış və onun saxlanması üçün maddi cəhətdən heç bir köməklik göstərməmişdir. Hazırlıq xərclərini və digər ehtiyaclarını qarşılamaqda çətinlik çəkdiyindən cavabdehdən aliment tutulması üçün məhkəməyə müraciət etmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan işə baxmağı mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: AZ-İİ 216352 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, tərəflərin nikahları xx.xx.2017-ci ildə Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsində 172 nömrə ilə qeydiyyata alınmışdır. AZ-İV 174967 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, tərəflərin xx.xx.2018-ci ildə Ümid adlı uşaqları anadan olmuşdur. xx.xx.2024-cü il tarixli, MŞG/1MT007/2024-01027 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə, saat 17:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İlkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 55 (əlli beş) manat məbləğində mediasiya xərci İddiaçı tərəfindən tam ödənilmişdir. xx.xx.2023-cü il tarixli, **********9 nömrəli və xx.xx.2023-cü il tarixli, **********9 nömrəli mədaxil qəbzlərindən görünür ki, İddiaçı tərəfindən “Montessori” Təhsil Mərkəzinin hesabına hər dəfə 200 manat olmaqla, cəmi 400 (dörd yüz) manat ödəniş edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-cı maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra- Ailə Məcəlləsi) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Göründüyü kimi cavabdeh uşağın saxlanmasında maddi cəhətdən köməklik etmədiyi üçün iddiaçı məhkəməyə müraciət edərək cavabdehdən aliment tutulmasını tələb etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra- MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «X2» Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə cavabdehin gəlirləri barədə iddiaçı tərəfindən sübut təqdim etməməsini, ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun 235 manat müəyyən edilməsini, cavabdehin uşağa qayğı göstərmək borcu olduğunu, uşağın maddi təminatının mümkün qədər maksimal saxlanmasını əsas tutaraq hesab edir ki, cavabdehdən xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Dövlət rüsumu haqqında Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Belə olan halda məhkəmə hesab edir ki, MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiymətinin bir il ərzində ödəmənin məcmusu ilə müəyyən etməli olduğu halda, hazırki iş üzrə Cavabdeh dövlət rüsumu hesabına 46,40 manat alınaraq dövlət büdcəsinə ödənilməlidir. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2018-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat məbləğində aliment tutularaq İddiaçı ödənilsin . Cavabdeh dövlət rüsumu hesabına 46,40 (qırx altı manat 40 qəpik) manat alınaraq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar