Məhkəmə qərarları › İş №2(125)-3781/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3781/2025

22.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3781/2025 22.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 İsa oğlunun sədrliyi, Həsənov Ariz Arif oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12700 manat borcunun (11500 manat əsas borc və 1200 manat əmək haqqı kartından aylıq ödəniş kimi çıxılmış) pulun və ödənilmiş 128 manat dövlət rüsumunun (cəmi 12828 manat məbləğində pulun) tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2024-cü ilin may-iyun aylarında tanışı olan Cavabdeh ondan 11500 manat borc pul istəmişdir.. Oda cavabdehə pulunun olmadığını bildirib. Cavabdehdə ona hərbi qulluqçu olduğu üçün bankdan kredit götürüb ona verməyini, bank faiz dərəcəsini də onun özü ödəyəcəyini, bankdan kreditə pul götürüb ona verməyini xahiş etdi. Həmçinin qısa müddət ərzində borcunu qaytaracağını ona bildirmişdir. Cavabdehə inanıb 07 iyun 2024-cü il tarixində Azərbaycan Beynəlxalq Bankından 17,9 % illik faiz dərəcəsi ilə 11500 manat pul götürüb tanışı Cavabdeh borc vermişdir. Lakin cavabdeh ona razılaşdıqları vaxtda pulu ödəmədi və bir müddət yəni, xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixinədək cavabdeh hər ay 300 manat pulu ona vermiş, o bankdan götürüb cavabdehə verdiyi 11500 manat pulun faizi olaraq banka ödədi. Lakin xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixinədək cavabdeh ona ödəniş etmədi və hər ay 300 manat pul onun əmək haqqı kartından tutuldu. Cavabdehdən ona olan borcunu tam olaraq ödəməsəni tələb etsə də, cavabdeh yenə də borcunu qısa müddət ərzində qaytaracağını bildirdi və bu öhdəliyi barədə ona öz əlyazması ilə xx.xx.2025-ci il tarixli qəbz də verdi. Həmçinin, cavabdehin borcunu qısa müddət ərzində qaytaracağı barədə aralarında olan telefon səs yazıları da var. Ancaq razılaşdırılmış müddət bitməsinə baxmayaraq, cavabdeh borcunu qaytarmır. Cavabdehə dəfələrlə bu barədə bildirsədə, onu aldadaraq hər dəfə borcunu yaxın müddətdə qaytaracağını, müxtəlif bəhanələr gətirərək pulu qaytarmır, öhdəliyini icra etmir. O pulunu cavabdehdən məhkəmədənkənar ala bilmədiyinə görə məcbur olub hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən onun vəzifəsinin icrasını tələb etmək hüququ var. Borcunun olmasını məhkəmə prosesinə gəldikdə cavabdeh özü də etiraf edəcəkdir. Məhkəmədə İddiaçı iştirak etmiş, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh iştirak etmiş, ona qarşı irəli sürülən iddianı etiraf etmiş, iddiaçının iddia etdiyi məbləğdə borcunun olduğunu təsdiq etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib hesab edir ki, irəli sürülən iddia qanuni əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Doğrudur ki, MPM-in 76.2-ci maddəsi tərəflərin izahatlarını işdə sübut növləri kimi nəzərdə tutur. Məhkəmə bununla yanaşı qeyd edir ki, tərəflər işin nəticəsində maraqlı olduqlarından, MPM-in 106.1-ci maddəsinin tələblərinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan əlyazma sənəddən görünür ki, 15 yanvar 2025-ci il tarixdə Əliyeva X1 Telman Teyfur oğlundan hər ay 300 manat qaytarmaq şərti ilə 11500 manat məbləğində borc pul almışdır. Məhkəmədə iştirak edən Cavabdeh ona qarşı irəli sürülən iddianı etiraf etmiş, iddiaçının iddia etdiyi məbləğdə borcunun olduğunu özü də təsdiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin sübutlarla bağlı tələblərinə əsasən belə halda cavabdehin iddiaçıdan 15 yanvar 2025-ci il tarixdə 11500 manat məbləğində borc pul alması və hazırda ödənılməli olan faizlərlə birlikə onun iddiaçıya 12700 manat məbləğində borcunun olması işin faktiki halı kimi təsdiq olunur. Beləliklə, məhkəmədə tədqiq olunmuş mötəbər sübutlarla müəyyən edildi ki, tərəflər arasında 15 yanvar 2025-ci il tarixdə borc müqaviləsi bağlanmış, cavabdeh həmin vaxt iddiaçıdan 11500 manat məbləğində borc almış, lakin həmin sənəd üzrə üzərinə götürdüyü öhdəliklərini icra etməmiş və aldığı borcu ödəməmişdir. Məhkəmə işin müəyyən edilən faktiki hallarına tətbiq edilməli olan maddi hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan xüsusatlara və qanunvericilik normalarına əsasən məhkəmə sübutlara hüquqi qiymət verərək hesab edir ki, yazılı sənəd üzrə borc alan Cavabdeh yazılı sənəd üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyindən iddiaçının cavabdehdən borcun tutulmasını tələb etmək hüququ vardır. Beləliklə də məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 12700 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Bundan başqa, iş materiallarından müəyyən edilir ki, iddiaçı hazırki iddianı qaldırmaq üçün 128 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsaslanan məhkəmə hesab edir ki, iddia 12700 manat tələbi hissədə təmin edildiyindən, ödənilmiş 128 manat dövlət rüsumu Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 357, 360 və 362-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 12700 (on iki min yeddi yüz) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində pul alınıb, İddiaçı verilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar