Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3782/2023 26.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 və cavabdehin iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən sadə elektron qolbağı və mobil nəzarət qurğusunu yararsız vəziyyətə saldığına görə ondan dəyəri 2277,40 manat məbləğində pul vəsaitinin alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Gəncə Şəhər Məhkəməsinin 1(125)-185/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cəzanın icrası ilə bağlı xx.xx.2022-ci il tarixdə cavabdehin ayağına “Attenti” markalı sadə elektron qolbaq bağlanılmışdır. Bununla yanaşı, ona bir ədəd mobil nəzarət qurğusu və onun adapteri təhvil verilmişdir. Həmin vasitələri itirəcəyi və ya zədələyəcəyi yaxud digər üsulla yararsız vəziyyətə salacağı halda dəyərinin ondan tutulacağı cavabdehə elan edilmiş və bu barədə protokol tərtib edilmişdir. xx.xx.2023-cü il tarixdə cavabdeh şöbəyə müraciət edərək mobil nəzarət qurğusunun enerji yığmadığını bildirmişdir. Bu zaman mobil nəzarət qurğusuna baxış keçirilmiş və qurğu enerji yığmağa qoyulmasına baxmayaraq enerji yığmamışdır. xx.xx.2023-cü il tarixdə həmin mobil nəzarət qurğusu məhkumdan təhvil alınaraq yenisi ilə əvəz edilmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin mühəndisi tərəfindən xx.xx.2023-cü il tarixdə məhkumdan təhvil alınmış mobil nəzarət qurğusuna texniki baxış keçirilmiş və nəticədə ana platada korroziya müşahidə olunduğu, təmiri mümkün olmadığı və istifadəyə tam yararsız olduğu müəyyən edilmişdir. Bununla bağlı olaraq xx.xx.2023-cü il tarixdə məhkum şöbəyə çağırılaraq izahatı alınmış, bu zaman o, mobil nəzarət qurğusunu yararsız vəziyyətə saldığını qəbul etməyərək izahatı imzalamaqdan imtina etmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin məktubuna görə “Attenti” markalı sadə elektron qolbağın dəyəri 1930 manat, ƏDV 347,40 manat, cəmi 2277,40 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddianın təmin edilməsini xahiş etdi, eyni zamanda bildirdi ki, mobil nəzarət qurğusu istifadəyə tam yararsız olduğundan və təmiri qeyri-mümkün olduğundan onun dəyəri mülki qaydada tələb olunur. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, əvvəllər heç bir problem yaşamadığı elektron qolbağı enerji yığmadığı üçün işlək vəziyyətdə fevral-mart aylarında iddiaçıya təhvil vermişdir, qolbağın yararsız vəziyyətə düşməsində onun heç bir təqsiri yoxdur, mobil nəzarət qurğusunu qablaşdırmadan açanda görüblər ki, enerji yığmır. Əvəz edilmiş yeni elektron qolbaq isə 3- 4 aydır ki, qaydasında işləyir. Məhkəmə, iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə ilk olaraq qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsində ifadə edilmiş məhkəmə icraatının həqiqətin müəyyən edilməsi vəzifəsi mütləq həqiqətin deyil, baxılan iş üzrə tərəflərin təqdim etdikləri və məhkəmə tərəfindən araşdırılan sübutlardan irəli gələn hüquqi həqiqətin müəyyən olunmasını nəzərdə tutur. Həmin normanın şərh edilməsi ilə bağlı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə görə mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və MPM-in tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. İş materiallarına əlavə edilmiş Gəncə Şəhər Məhkəməsinin 1(125)-185/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və 27 iyun 2022-ci il tarixdən 29 iyun 2022ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın 1 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər tutularaq cəmi 4 (dörd) gün müddət təyin edilmiş cəzadan çıxılmış və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanmışdır. Həmin hökmlə cavabdehin üzərinə ünvan 1 ünvanında yerləşən yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. Hökmün və ya məhkəmənin digər yekun qərarının icra edilməsi haqqında Göstərişə əsasən Gəncə Şəhər Məhkəməsinin 1(125)-185/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü xx.xx.2022-ci il tarixdə qanuni qüvvəsini almış, icraya yönəldilmişdir. İş materiallarına əlavə edilmiş, cavabdeh tərəfindən İddiaçındə verilmiş xx.xx.2022-ci il tarixli izahatdan görünür ki, cavabdehə Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsin yerinə yetirməli olduğu vəzifələri izah edilmişdir. xx.xx.2022-ci il tarixli protokoldan məlum olur ki, cavabdehin ayağına sadə elektron qolbaq bağlanmış, 1 ədəd 35628508 nömrəli mobil nəzarət qurğusu və adapter məhkuma təhvil verilmişdir. Həmin elektron nəzarət vasitələrini itirəcəyi və ya zədələyəcəyi, yaxud digər üsulla yararsız vəziyyətə salacağı halda dəyərinin ondan tutulacağı izah edilmiş və yaddaş kitabçası verilmişdir. xx.xx.2022-ci il tarixli digər protokoldan məlum olur ki, cavabdehə elektron nəzarət vasitələrinin dəyəri elan edilmiş, sadə elektron qolbağ və mobil nəzarət qurğusu (stasionar və mobil enerji qida mənbəyini dəstəkləyən cihazla) birlikdə dəyəri 2277,4 manat qeyd edilmişdir. Həmçinin həmin elektron nəzarət vasitələrini itirəcəyi və ya zədələyəcəyi, yaxud digər üsulla yararsız vəziyyətə salacağı halda dəyərinin ondan tutulacağı cavabdehə elan edilmişdir. xx.xx.2023-cü il tarixli elektron nəzarət vasitələrinin texniki vəziyyətinin yoxlanılması barədə protokoldan məlum olur ki, cavabdehə tətbiq edilmiş elektron nəzarət vasitələrinə baxış keçirilmiş, mobil nəzarət qurğusunun enerji yığmağa qoyulmasına baxmayaraq enerji yığmadığı müəyyən edilmiş, mobil nəzarət qurğusunun dəyişdirilməsinə ehtiyac yaranmışdır. xx.xx.2023-cü il tarixli elektron nəzarət vasitəsinin təhvil alınması barədə protokoldan məlum olur ki, cavabdehə tətbiq edilmiş 35628508 nömrəli “ATTENTİ” markalı mobil qurğunun enerji qəbul edicisində yaranan nasazlıqla bağlı olaraq təhvil alınmış və yeni 35630844 nömrəli “ATTENTİ” markalı mobil qurğu ilə əvəz edilmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin mühəndisinin elektron nəzarət vasitəsinin vəziyyəti haqqında texniki rəydən məlum olur ki, cavabdehə tətbiq edilmiş 35628508 nömrəli, “Attenti V6” mobil qurğusunun xx.xx.2023-cü il tarixdə texniki vəziyyətinin yoxlanılması zamanı müəyyən edilmişdir ki, ana platada korroziya müşahidə olunmuşdur, təmiri mümkün deyildir və istifadəyə tam yararsızdır. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2021-ci il tarixli məktubundan məlum olur ki, mobil nəzarət qurğusunun xüsusi proqram təminatı ilə birlikdə dəyəri 1930 manat, ƏDV 347,40 manat olmaqla, ümumilikdə 2277,40 manat təşkil edir. Cavabdeh xx.xx.2023-cü il tarixdə İddiaçınə ünvanlanmış izahatında qeyd etmişdir ki, mobil nəzarət qurğusu işlək vəziyyətdə olduğu halda enerji yığmırdı, adapter qoşulan hissədə boşluq olduğundan enerji yığmadığını düşünür və "xxxx" QSC-nin texniki rəyi ilə razılaşmır, həm rəylə razılaşmadığı, həm də ümumiyyətlə maddi imkanı olmadığından onun dəyərini ödəməyəcək. Cavabdeh izahatı imzalamaqdan imtina etmişdir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15-2.1-ci maddəsinə əsasən ictimai işlər və azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 15-2.4-cü maddəsinə əsasən şəxsin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulduqda, elektron nəzarət vasitəsi onun istifadəsinə verilir və ya üzərinə bağlanılır və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin, habelə elektron nəzarət vasitəsi şəxsin üzərinə bağlandıqda cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin bu əməllərin hüquqi nəticələri izah edilir və bu barədə protokol tərtib edilir. Həmin Məcəllənin 15-2.5-ci maddəsinə əsasən elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd edilən müddəaların mənasından aydın olur ki, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərər vuran şəxsin təqsirli (qəsd və ya ehtiyyatsızlığı) olması, zərərçəkənə ziyan və zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması əməlin mülki hüquq pozuntusu olmasını şərtləndirən əsaslardır. Yalnız bu halda, şəxs törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıyır. Buna görə də, cavabdehin mülki hüquq pozuntusu törədib-tərətməməsinə, törətdiyi halda onun təqsirli olmasına iş materiallarında olan sübutlarla əlaqəli şəkildə araşdırılaraq qiymət verilməlidir. İş materillarından müəyyən edilir ki, tətbiq edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icarsı məqəsədilə cavabdehin ayağına sadə elektron qolbaq bağlanmış, 1 ədəd 35628508 nömrəli mobil nəzarət qurğusu və adapter məhkuma təhvil verilmiş, həmin nəzarət avadanlıqlarına xidmət etmək, zədələməmək, onu üzərində saxlamaq, nəzarət avadanlıqlarını zədələdikdə dəymiş maddi zərərin ondan tutulması barədə xəbərdarlıq edilmiş, həmçinin bu barədə cavabdehə yaddaş kitabçası verilmişdir. Sonradan cavabdehə tətbiq edilmiş elektron nəzarət vasitələrinə baxış keçirilmiş, mobil nəzarət qurğusunun enerji yığmağa qoyulmasına baxmayaraq enerji yığmadığı müəyyən edilmiş, mobil nəzarət qurğusunun dəyişdirilməsinə ehtiyac yaranmışdır. Cavabdehə tətbiq edilmiş 35628508 nömrəli “ATTENTİ” markalı mobil qurğu, enerji qəbul edicisində yaranan nasazlıqla bağlı olaraq təhvil alınmış və yeni 35630844 nömrəli “ATTENTİ” markalı mobil qurğu ilə əvəz edilmişdir. İddiaçı, iddia edir ki, cavabdeh, məhkum olunduğu azadlığın məhdudlaşdırılması növündə cəzanın icrasının təmin edilməsi üçün təhkim edilmiş nəzarət avadanlıqlarının salamatlığına əməl etməyə borclu olduğu halda bunu etməməklə (qanunazidd əməl), ona verilmiş mobil qurğusunu yararsız vəziyyətə salması (təqsirli hərəkət) nəticəsində Azərbaycan Respublikası Ədliyyə Nazirlinə maddi zərər dəyməsinə səbəb olan (səbəbli əlaqə) mülki hüquq pozuntusu törətmişdir. İddiaçı bunu təsdiq edən sübut qismində "xxxx" QSC-nin mühəndisinin elektron nəzarət vasitəsinin vəziyyəti haqqında texniki rəyini məhkəməyə təqdim edərək cavabdehə tətbiq edilmiş 35628508 nömrəli, “Attenti V6” mobil qurğusunun ana platasında korroziya müşahidə olunduğunu, təmirinin mümkün olmadığını və istifadəyə tam yararsız olduğunu bildirmişdir. Cavabdeh isə izahatında qeyd etmişdir ki, mobil nəzarət qurğusu işlək vəziyyətdə olduğu halda enerji yığmırdı, adapter qoşulan hissədə boşluq olduğundan enerji yığmadığını düşünür və "xxxx" QSC-nin texniki rəyi ilə razılaşmır, həm rəylə razılaşmadığı, həm də ümumiyyətlə maddi imkanı olmadığından onun dəyərini ödəməyəcək. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçıya sözügedən zərərin vurulmasında cavabdehin təqsirli olması və zərərin məhz cavabdeh tərəfindən vurulması iş materiallarında olan sübutlarla öz təsdiqini tapmadığından iddia təmin edilə bilməz. Belə ki, tələbinin təmin edilməsi üçün iddiaçının təqdim etdiyi yeganə sübut olan texniki rəydə göstərilmişdir ki, mobil qurğunun yararsız vəziyyətə düşməsinə səbəb onun ana platasında korroziyanın müşahidə olunmasıdır. Qeyd edilməlidir ki, korroziya - “corrosio” metalların və onların ərintilərinin ətraf mühitin təsirindən dağılmasıdır. Başqa sözlə, korroziya metalların və s.-nin səthinin müxtəlif fiziki-kimyəvi və bioloji amillərin təsiri nəticəsində dağılması, habelə bu prosesin özü deməkdir. Korroziyanın müxtəlif növləri mövcuddur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mobil qurğunun ana platasında müşahidə olunan korroziya cavabdehin təsirindən kənar, yəni aşınma nəticəsində, yaxud başqa müxtəlif səbəblərdən də baş verə bilərdi. İddiaçı isə ümumiyyətlə həmin korroziyanın nədən ibarət olması, eləcə də cavabdehin hansı təqsirli hərəkəti (hərəkətsizliyi) nəticəsində korroziyanın baş verməsi barədə hər hansı dəlilə istinad etməmiş, sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-3782/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3782/2023
26.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver